Əhməd Midhət
Əfəndi Azərbaycan əsilli idi?
İlk öncə qeyd edim ki, XIX əsrdə
Osmanlı imperatorluğunda Əhməd Midhət adı
daşıyan iki məşhur şəxsiyyət vardı:
birinci siyasətçi və dövlət xadimi,
islahatçı, 1876-cı ildə qəbul edilən ilk
Osmanlı konstitusiyasının ideya atası, sədrəzəm
Əhməd Şəfiq Midhət Paşa (1822-1883); ikinci isə
Tənzimat dövrünün tanınmış simalarında
biri, yazıçı-jurnalist, məşhur "Tərcümani-həqiqət"
qəzetinin qurucusu və baş redaktoru Əhməd Midhət
Əfəndi (1844-1912) idi. Əslində rəğbət və
etimad nişanəsi kimi gələcək qəzetçi
Əhməd bəyə öz soyadını verən də
Midhət Paşa olmuşdu. Dunay vilayətində rəhbərliyi
altında çalışan kiçik məmur Əhmədin
işgüzarlığı,
gözüaçıqlığı, elmə və biliklərə
həvəsi Paşanın o qədər xoşuna gəlmişdi
ki, onun da gələcəkdə Əhməd Midhət
adını daşımasına razılığını bildirmişdi.
Sonra onu özü ilə Osmanlı valisi təyin edildiyi
Bağdada aparmışdı. Jurnalist və
yazıçı kimi artıq bütün ölkə
miqyasında tanındığı dövrdə Əhməd
Midhət məşhur adaşı ilə qarışıq
salınmamaq üçün adının sonuna bir "Əfəndi"
kəlməsi əlavə etməyə zərurət
duymuşdu. 1881-ci ildə himayədarı Əhməd Midhət
Paşa sultan II Əbdülhəmidin gözündən
salınandan və həbs edilib Hicaz (Səudiyyə Ərəbistanı)
sürgününə göndəriləndən sonra
daşıdığı soyad yazıçı Əhməd
Midhətə uzun müddət müxtəlif problemlər
yaratmış, baş ağrısı gətirmişdi. Hətta
oğlunun yazdığına görə, bəzən məhz
bu soyada görə lütf, mənsəb və mükafatlardan
məhrum olunmuşdu. Lakin hər şeyə rəğmən,
heç vaxt ondan imtina etməmişdi.
Əhməd Midhət Əfəndi yeni dövr türk
ədəbiyyatı tarixində novator yazıçı və
mətbuat xadimlərindən idi. Peşəkar türk
jurnalistikasının banisi sayılırdı. Eyni zamanda
yalnız rəsmi və ədəbi dairələrdə deyil,
xalq arasında da böyük populyarlıq
qazanmışdı. Ədəbiyyatın sıravi
insanların həyatına nüfuz etməsində
mühüm rolu olmuşdu. Qeyri-adi işgüzarlığına
görə müasirləri zarafatla onu "qırx at
gücündə çap makinası"
adlandırırdılar. Təxminən yarım əsrə qədər
davam edən yazı və mətbuat həyatının yekunu
kimi özündən sonra 200-dən çox əsər -
roman, hekayə, ədəbi-tənqidi məqalə, səfər
qeydləri, tarixi və dini araşdırmalar, tərcümələr
qoyub getmişdi. İstanbulda Gülnar xanım kimi məşhurlaşan
rus türkoloqu Olqa Lebedova ilə yaradıcılıq əməkdaşlığı
sayəsində "Tərcümani-həqiqət" qəzetinin
səhifələrində türk oxucusunu Puşkin, Lermontov,
Jukovski, Lev Tolstoy kimi rus klassiklərinin
yaradıcılığı ilə tanış olmasında
mühüm xidmət göstərmişdi. Bir sıra əsərləri
indi də sənət həyatını davam etdirir, oxucu
marağının fokusunda dayanır.
Şübhəsiz, Əhməd Midhət Əfəndi
türk ədəbiyyatına və mədəniyyətinə
içdən bağlı insan idi. Babalarının
türk-müsəlman xalqların nicat qapısı kimi
tanıdıqları Osmanlıya haradan gəlməsindən
asılı olmayaraq özünü Anadolu
türklüyünün nümayəndəsi sayırdı. Fəaliyyəti
boyu digər məşhur adaşının - Əhməd
Ağaoğlunun həyat və yaradıcılıq prinsipini mənimsəyərək "türklüyü
bölünmək bilməyən
tam" kimi qəbul etmiş, ona "xidmətdən
şərəf və məmnunluq" duymuşdu.
Amma təbii ki, belə yanaşma
yazıçının soy-kökünə, milli mənsubiyyətinə,
nəsil şəcərəsinə olan marağı da arxa
plana sıxışdırmayıb. Əhməd Midhət
Əfəndinin milli kimliyi, etnik mənsubiyyəti ilə
bağlı məsələ ilk dəfə 1944-cü ildə,
anadan olmasının 100-cü ildönümü ərəfəsində
ictimaiyyətin diqqət mərkəzinə gəlmişdi.
İstanbulda çıxan "Akşam" qəzeti həmin
il 12 iyul tarixli sayında redaksiya qeydi ilə Taksim liseyinin
fransız dili müəllimi Şerif Bilgehanın göndərdiyi
"Əhməd Midhət Əfəndinin mənşəyinə
dair məlumat" başlıqlı məktubunu çap
etmişdi. Məktubda yubileyi ərəfəsində
yazıçının milli mənsubluğunun dəqiq
müəyyən olunmasının vacibliyi
vurğulanırdı: "Əhməd Midhət Əfəndinin
doğumunun 1944-cü ildə 100-cü ildönümünə
ulaşdığını yazmış, mətbuatın və
kültür müəssisələrinin əlaqələnməsini
(maraqlanmasını) təmənni etmişdik. Onlardan əvvəl
xalqımız kəndisi üçün çalışan
Əhməd Midhətlə ilgiləniyor". Şərif Bilgəhanın
"xalqın səsi" kimi təqdim olunan xatirə
yazısı isə aşağıda tam şəkildə
verdiyimiz mətndən ibarət idi:
"1910 sənəsində bən İstanbul
darülmüəllimində oxuyarkən ara-sıra
Darülfünuna da gedir və oradakı dərslərə də
giriyordum. Bir gün Əhməd Midhət Əfəndinin
Tarixi-ədyan (Dinlər tarixi) dərsində idim. Dərs əsnasında
kəndindən bir sual sordum. Verdiyi cavaba etiraz etdiyimdən
aramızda bir neçə dəqiqəlik münaqişə
oldu. Şivəmin fərqinə vararaq haralı olduğumu
soruşmuşdu. O zaman Azəri və Azərbaycan təbirləri
yayılmadığı üçün
"Dağıstanlıyam" - demişdim. Dərsdən çıxınca dəhlizdə
məni yanına çağıraraq iltifat göstərmiş
və söhbət edə-edə özü ilə birlikdə
müəllimlər otağına aparmışdı.
Dağıstanın harasından olduğumu soruşdu.
"Şirvanlıyam" - dedim. "Ağdaş haqda
eşitmisən?" - deyə sual etdi. Bildiklərimi dedim. Gəncə
vilayətinin Şəki sancağına bağlı bir qəza
olduğunu və digər məlumatları anlatdım. "Mən
oralıyam, - dedi. - Atam oradan hicrət etmişdir. Orada əqrəbalarım
vardı. Bilmirəm, indi nə vəziyyətdədirlər?
Bir neçə il əvvəl onlardan biri gəlmişdi. Məkkəyə
gedirdi. Görüşdüm. Cavan olsaydım, bir kərə
gedib oraları görmək istərdim. Mənim evim Beyközdədir
(İstanbulun Asiya səmtində meşəlik ərazidə
yerləşən tarixi məhəllə - V.Q.). Ara-sıra gəlib
baş çəksən, məmnun olaram" - demiş və
o gün məni xeyli tərifləmişdi.
Beləcə, özünün mənə demiş
olduqlarını eynən sizə yazıram. Qafqazlardakı
Ağdaş Anadoludakı Konya və Sivas kimi xalis türk məmləkəti
olduğu üçün Əhməd Midhət Əfəndi
də xalis bir Türkdür deməkdir".
1939-1966-cı illərdə "Akşam" qəzetində
çalışmış türk şairi, əsərlərini
Va-Nu təxəllüsü ilə çap etdirən Vala Nurəddinin
(1901-1967) məlumatın altında belə bir kiçik qeydi
yer almışdı: "Bizə bildiriləcək bu qəbil
digər məlumatı Əhməd Midhət Əfəndinin
yüzüncü ildönümü münasibəti ilə dərc
edəcəyik".
Təəssüf ki, "Akşam"ın sonrakı
saylarını izləmək imkanı olmadığından
Şərif Bilgəxanın iddiası ilə bağlı
özündə təsdiq, yaxud inkar ehtiva edən hər
hansı fikir və məlumatların qəzetə yol
tapıb-tapmadığından xəbərdar deyilik. Vikipediya
etibarlı mənbə sayılmasa da, bu elektron
ensiklopediyanın türk versiyasındakı "Ahmet Mithat
Efendi" məqaləsində yazıçının mənşəyindən
danışılarkən Şərif Bilgəxanın
versiyasına üstünlük verildiyini ("atası
Bezçi Suleyman Ağa Kafkasiyadakı Ağdaş şehrindən
Anadoluya hicret etmiştir") də ayrıca qeyd etməliyəm.
Əhməd Midhət Əfəndinin Azərbaycan
türkü olması iddiasını irəli sürən Məhəmmədşərif
Əfəndizadəni (1888, Şamaxı -1954, İstanbul;
Türkiyədə Şerif Bilgehan kimi tanınırdı -
V.Q.) mükəmməl Şərq
və Avropa təhsilinə baxmayaraq, tam ciddi, inanılır mənbə
kimi qəbul etmək bir qədər çətindir. Azərbaycan
Cümhuriyyəti qurulanda Osmanlıdan Bakıya qayıdıb
maarif sahəsində müəyyən fəaliyyət (dərsliklər
hazırlanması, Türkiyədən pedaqoji kadrlar dəvət
edilməsi və s.) göstərsə də, yeni milli dövlətin
dostları sırasında yer ala bilməmiş, yaxud bunu
prinsipial olaraq istəməmişdi. Türkiyədəki Azərbaycan
siyasi müxalifətindən də kənar gəzmiş, sadəcə
tənqid, bəzən hətta təhqir etməyi daha
üstün tutmuşdu.
Müasir türk alimi Mehmet Akif Erdoğrunun Ankara
Universiteti Türk İnqilab Tarixi İnstitutunun "Atatürk
Yolu" dərgisində (2020, sayı 67, s. 143-193) dərc
etdirdiyi "Azərbaycanlı Türkçü və
Egitimçi Efendizadə Mehmet Şerifin Not (qeyd - V.Q.) Defteri
ve Azerbaycan Hökumetini Kuranlar ile ilgili
görüşleri" adlı araşdırması
soydaşımızın Cümhuriyyət tarixinin hadisə və
şəxsiyyətlərinə münasibətdə ifrat
subyektivizm mövqeyindən çıxış etdiyini,
faktları istəyinə uyğun şəkildə dəyişdiyini,
siyasi liderlərə fərdi maraqları çərçivəsində
qiymət verdiyini göstərir. Azərbaycan ədəbiyyatının
dostu, professor Yavuz Akpınar bir dəfə söhbət
zamanı dərin təəssüf hissini bölüşərək
dedi: "Keşkə, Allah ağıl verəydi, Mehmet
Şerif bey bu eseri ("Azərbaycan və inqilabı"
qeydləri nəzərdə tutulur - V.Q.) yazmamış
olaydı. O yazmışdısa da, Mehmet Akif Erdoğru
yayınlatmamış olaydı".
Çoxunu gülüş və istehza hədəfinə
çevirdiyi, şəxsiyyət və fəaliyyətlərinə
qarşı əsassız ittihamlar irəli sürdüyü
Cümhuriyyət qurucularından fərqli olaraq Şərif
Bilgəxanın Əhməd Midhət Əfəndiyə
münasibəti bütünlükdə müsbətdir. Ondan
rəğbətlə söhbət açır, vətən
sevgisini yüksək qiymətləndirir. Osmanlıda
doğulsa da, əsl soy-kökünü heç zaman
unutmadığını xüsusi qeyd edir.
Tanınmış yazıçı, böyük
nüfuza malik qəzet maqnatı ilə onun mühazirələrinə
qulaq asmaq üçün azad dinləyici kimi universitetə gələn
gənc arasında belə söhbət mümkün idimi?
İlk dəfə gördüyü tələbə ilə
bölüşdüyü bu kədərli etiraf nədən
müəllifin əsərlərində özünə yer
tapmayıb? Əlbəttə, bir qafqazlı kimi Əhməd
Midhət Əfəndinin həmyerlisinə rəğbət və
diqqəti başa düşüləndir. Amma konkretlik
çatışmır, yəni "kiçik vətən"
olaraq təqdim edilən Ağdaşla bağlı iddia
inandırıcı fakt və dəlillərlə əsaslandırılmayıb,
sadəcə deklarativ səciyyə daşıyır.
Yazıçının varisi, "Oğlunun kalemindən
Ahmet Nidhat Efendi ve Dönemi" (İstanbul, 2020)
kitabının müəllifi doktor Kamil Yazğıç iri
həcmli əsərin yalnız bir yerində nəslinin tarixi
vətəni məsələsinə toxunur. Yazır ki, 15-16
yaşlarında olanda atası
günlərin birində onu İstanbulun Misir
Çarşısına gətirmiş, kiçik bir
dükanı nişan verib uşaq vaxtı burda əl
buyruqçusu işlədiyini demişdi. Sonra da əlavə
etmişdi:
"Bilirsən, sənin dədən (burada
"baba"n mənasında - V.Q.), nənən Qafqaz
mühacirlərindədir. Onların İstanbula gəlişindən
bir müddət sonra mən Lüləçilər
Sokağında kiçik, ahşab (taxta) bir evin basıq
tavanlı otağında doğulmuşam... Anam bekar (burada:
subay, ailəsi olmayan adam mənasında işlənib - V.Q.)
camaşırları (alt paltarı) tikər, atam da bu
camaşırları bazar yerlərində, camı
avlularında (həyətlərində) satardı.
Bütün gəlirimiz bundan ibarət idi".
Doktor Kamil Yazğıç adını çəkdiyim
kitabın əsasında dayanan
"Ahmet Midhat Efendi: Hayatı və Hatıraları" əsərini
1940-cı ildə tamamlamışdı. O, ixtisasca alitəhsilli
həkim idi. Kifayət qədər geniş
dünyagörüşü və mütaliə dairəsi
vardı. Dövrün ziyalı mühitində
böyümüş, müxtəlif dövlət vəzifələrində
çalışmışdı. Bütün bu amilləri nəzərə
aldıqda, görünür, ailə arxivində, yaxud öz əlində
hansısa səhih bir bəlgə, atasından eşitdiyi
dürüst bir məlumat olmadığından nəslinin
şəcərəsi və tarixi vətəni ilə
bağlı dərinə getməyə lüzum görməmişdi.
"Qafqaz" isə əksəriyyəti rus zülmündən
Osmanlı imperiyasında nicat tapan, burada icmalarla təmsil
olunan bir sıra xalqların ikinci vətəni idi. Ona görə
də "dədəsinin Qafqaz mühaciri" olması hələ
tam şəkildə "Azərbaycan türkü"
anlamına gələ bilməzdi. Digər tərəfdən,
1940-cı ildə Azərbaycan keçmiş Sovet
İttifaqının müttəfiq respublikalarından biri kimi
artıq Türkiyədə yaxşı tanınırdı.
Əgər ailəsi ata tərəfdən Azərbaycan əsilli
olsaydı, Kamil Yazqıç yəqin ki, hər hansı bir
kompleks hiss etmədən bu haqda açıq-aydın söz
açardı. Maraqlıdır ki, "Qafqaz mühaciri"
ailəsindən çıxmış anasından bəhs edərkən
onun çərkəz (adıgey) dilində təmiz
danışdığını xüsusi qeyd edir və
dolayı yolla çərkəz əslinə işarə
vurur. Atası haqda isə belə dəqiqləşdirici məlumat
vermir. Ümumiyyətlə onun Osmanlı imperiyasında dərin
kök salan, böyük nüfuz və əlaqələrə
malik olan çərkəz mühiti ilə əlaqələri
üzərindən tam sükutla keçir. Bu məqam iki cəhətdən
diqqəti çəkir. Əvvəla, Şərəf Bilgəxanın
versiyasına az da olsa haqq qazandırır (Yəni "Qafqaz
mühaciri" milli mənsubiyyət baxımından azərbaycanlı
da ola bilərdi). Digər tərəfdən isə, Əhməd
Midhət Əfəndinin atasının Anadolu türkü
olduğunu iddia edənlərin fikirlərinin əsassızlığını
ortaya çıxarır: yəni kökləri etibarı ilə
"Qafqaz mühaciri" olduğunu özü etiraf edirsə,
deməli, xalis Osmanlı türkü deyil, Qafqazdan gəlmədir.
Bu baxımdan Türkiyə Diyanət Vakfının nəşri
olan "İslam Ansiklopedisi"nin "Ahmet Midhat Efendi" məqaləsində
özünə yer almış aşağıdakı
hökmlə ziddiyyət təşkil edir: "Rus işgali
üzerine 1829'da Kafkasya'yı terke mecbur kalan bir anne ile,
Anadolu'dan gelip İstanbul'a yerleşmiş bir babanın
oğlu olarak Tophane semtinde dünyaya geldi".
Rusdilli qaynaqlarda ("Sovet ensiklopediyası",
"Rus ensiklopediyası", "Qısa ədəbiyyat
ensiklopediyası") Əhməd Midhət Əfəndi
"çərkəs əsilli türk jurnalisti,
yazıçı, tərcüməçi və
naşir" kimi təqdim edilir. Mənsub olduğu nəslin
tarixi vətənində Xaqur soyadı
daşıdığı bildirilir. Adıgey dilində virtual
ensiklopediya - vikipediya isə onu "adıgey ədəbiyyatında
realizmin nümayəndəsi" adlandırır. Təbii ki,
bu təqdimat bir qədər irreal xarakter daşıyır.
Çünki çərkəz (adıgey) yazılı ədəbiyyatının
ilk nümunələri yalnız 20-ci yüzilliyin əvvəllərində
meydana çıxmışdı.
Lakin Əhməd Midhət Əfəndinin Osmanlı
imperiyasında daha çox çərkəz kimi tanınan
Adıgey icması ilə əlaqələri üzərindən
tamamilə xətt çəkmək də düzgün
olmazdı. 1908-ci ilin noyabrında Əhməd Midhət Əfəndi
adıgey hərbi və ictimai xadimlərindən Əhməd
Cavid Therket Paşa, Abdullah Merted Paşa, Zəki Berzeq Paşa,
Nəzmi Pooh Paşa, İzzət Cunotuko Paşa, Qazi Məhəmməd
Fəzli Paşa, Osman Şaplı Paşa, Əhməd Həmdi
Loh Paşa, İsmail Berkok və professor Əziz Mekerlə
birlikdə Türkiyə çərkəsləri arasında
təhsil və mədəniyyətin yayılmasını hədəf
alan Çərkəs İttihad və Təavün Cəmiyyətinin,
üç il sonra isə bu qurumun yayın orqanı kimi meydana
çıxan ilk çərkəs qəzeti
"Ğuaze"nin ("Rəhbər") təşkilində
iştirak etmişdi. Adı cərkəslər
üçün latın əlifbası əsasında ilk
milli əlifbanın yaradıcıları sırasında
çəkilsə də, bu məlumat tarixi həqiqətə
uyğun gəlmir. Fikrimcə, yazıçının çərkəslərin
həyatından bəhs edən roman yazması da onun milli mənsubluğu
ilə bağlı mübahisədə qətiyyən həlledici
amil sayıla bilməz. Çünki onun əsrlər boyu
Osmanlı təbəəsi olan,
imperiyanın hərbi-siyasi və dövlətçilik
həyatında müəyyən izlər qoyan arnavutlar
(albanlar) haqqında da romanı var. Deməli, bu məntiqlə
çıxış etsək, yazıçının etnik
kimliyini həmin xalqla əlaqələndirmək də
mümkün olardı...
Əslinə baxanda, əcdadlarının Şimali
Qafqaz, Azərbaycan, yaxud Anadolu əsilli olmaları Əhməd
Midhət Əfəndinin həyatının ən
mühüm faktı sayıla bilməz. Mühüm olan onun
maarifçilik fəaliyyəti, zəngin yaradıcılıq
irsi, yarım əsrə yaxın türk ədəbi-ictimai
mühitində, türk mədəniyyəti tarixində
buraxdığı zəngin izlərdir. Qafqaz, Volqaboyu, Mərkəzi
Asiya, Şərqi Avropa, Balkanlar və s. bölgələrdən
çıxmış çoxsaylı həmkarı, sənət
və ədəbiyyat qardaşı kimi Əhməd Midhət
Əfəndi də ən qutsal vəzifəsini türklüyə
xidmətdə görmüşdü.
Sarayevo, iyun, 2025-ci il.
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.10;11.