Qələmsiz
yazılanlar
status-esselər
Həddindən artıq mənasız informasiya, bəd
xəbər yaddaşsızlığa aparıb
çıxaracaq. İnsan beyni donacaq, tab gətirməyəcək.
Süni intellekt insanı üstələyəcək, sonda onu
idarə edəcək, yönləndirəcək. Bir sözlə,
dünya yaşamalı və zövq almalı yer olmayacaq.
lll
İnsanın gücü və
böyüklüyü həm də onun sərrast yumora
münasibəti ilə ölçülür. Yerində
söylənən iti bir yumora ürəkdən gülmək
və səmimi reaksiya özünəgüvənin göstəricisidir.
Səmimiyyətimiz itməsin,
gülüşümüz azalmasın!
lll
Nə qədər xatırlamağa
çalışsan da, unudulanlar, yaddan çıxanlar həmişə
olacaq.
lll
Dörd yanımızda cövlan edən hədsiz
informasiyaları yadda saxlamaq, həzm etmək
müşküldür. Xaosun başlanğıcıdır.
lll
Zamanı unutduran, insanı vəcdə gətirən,
qürurlandıran musiqimiz var. Həftənin beş
günü imkan olmasa da, şənbə günü vaxt
ayırıb dinləmək ən yaxşı dinclik və əvəzsiz
zövqdür!
lll
Günəşi qaynar, kölgəsi sərin...
lll
İnsan yaddaşı bu qədər informasiyanı
daşımağa qadir deyil...
lll
Ötən il MDB Humanitar Əməkdaşlıq
Şurasının qərarıyla Azərbaycanın Şərqi
Zəngəzur bölgəsinin Laçın şəhəri
MDB-nin mədəniyyət paytaxtı seçilib.
Laçın bu estafeti Özbəkistanın qədim Səmərqənd
şəhərindən təhvil alıb.
MDB-yə üzv ölkələrdən gələn rəsmilər,
incəsənət nümayəndələri, bədii
kollektivlər və media mənsubları "MDB-nin mədəniyyət
paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimində
iştirak etmək üçün təyyarəylə
Laçına yola düşür. Bir neçə gün
öncə Laçında möhtəşəm tədbirlərin
inanılmaz həyəcanından sonra belə bir səfərin
iştirakçısı olmaq qürurvericidir.
lll
Ekstremal situasiyada düzgün qərar qəbul etmək
liderlik keyfiyyətidir. Laçında Qala-konsert zamanı qəfil
işıqlar söndü. Mədəniyyət və İncəsənət
Universitetinin tələbəsi Ceyran Abbaslı və onun tələbə
dostları kreativ çıxış yolu tapdılar,
"Qarabağ" mahnısını ifa etməklə texniki
problemdən yaranan fasiləyə şux ovqat gətirdilər!
İstedad məğlubedilməzdir!
lll
Laçında düşmən gözü
çıxaran atəşfəşanlıq!
lll
Hörmətli Xalq artisti Əli Nurun mənə
ünvanladığı və Əməkdar artist hörmətli
Mehriban Xanlarovanın da feysbuk sosial şəbəkəsində
paylaşdığı Açıq məktubu oxudum.
Əvvəla, Mətbuat Şurasının hansısa
media subyektinin, yaxud jurnalistin yaradıcılıq
azadlığını məhdudlaşdırmaq kimi səlahiyyəti
yoxdur. İkincisi, mən özüm də bir il Akademik Milli
Dram Teatrının Bədii Şurasının üzvü
olmuşam. Teatrın aktyorları ilə gözəl təmaslarım,
hər birinə dərin hörmətim var. Sənət
adamları mənim üçün böyük dəyərdir.
Bu dəyər tərəfkeşlik kimi primitiv
saydığım əmələ qurban verilə bilməz.
Şəxsi mövqeyimə gəldikdə, mən sənət
cameəsindəki intriqaların ictimai müzakirələr
müstəvisinə çıxmasının tərəfdarı
deyiləm. Fikrimcə, cəmiyyətə örnək şəxslərin
adları yalnız onların yaradıcılıqları
müstəvisində gündəmə gəlməlidir.
Akademik Milli Dram Teatrı kollektivinin üzvləri də bu
kateqoriyadan olan şəxslərdirlər. Arzu edərdim ki,
onlar teatrın daxili problemlərinə, qəlizləşən
münasibətlərə teatrın özündə
müzakirələrlə aydınlıq gətirsinlər,
çıxış yolları tapsınlar. Belə yanaşma
daha optimaldır, ziyalı ampluasına xas
davranışdır, ən əsası daha etikdir.
Təəssüf edirəm ki, aktyorlar və teatr rəhbərliyi
arasında münasibətlər yaradıcılıq müstəvisindən
çıxıb, ictimaiyyətin də arzulamadığı
cılız intriqalara yönəlir. Belə xırda
intriqaların mətbuata çıxarılması isə ilk
növbədə ehtiram bəslədiyimiz sənət adamlarının
nüfuzuna xələl gətirir.
Mətbuat Şurasının fəaliyyət prinsiplərində
əsas olan medianın, habelə cəmiyyətin maraq və mənafelərinin
qorunmasıdır.
Biz daim buna əməl etməyə
çalışırıq.
Sonda bir daha kin və qəzəbin səmimi münasibətləri
üstələməyəcəyinə böyük
ümidimi, sənət adamlarımızın təmkininə
inam və ehtiramımı bildirirəm.
lll
Hansı dindən olur-olsun, günahsız insanların
qətliamına sevinmək naqis keyfiyyətdir. Heç bir səbəb
belə qəddarlığa bəraət qazandıra bilməz.
Gözümüzün önündə bir mülki insana da
toxunmayan Azərbaycan nümunəsi var.
İndi səmamız və torpağımız pənah
gətirən sərnişin təyyarələrinin və evlərinə
dönən insanların toxtadığı yerdir.
Allah Vətənimizi qorusun!
Mərhəmətimiz azalmasın!
lll
Uzun danışdısa, deməyə sözü
yoxdur.
lll
100 ildən çox keçib, amma Mirzə Ələkbər
Sabirin personajları əvvəlkindən də diridir. Təəssüf!..
lll
Jurnalistlər insan faciələrinin, qətl hadisəsinin
təfərrüat və detallarını yazarkən son dərəcə
həssas olmalıdırlar. Bəzən elə təəssürat
yaranır ki, jurnalist ayrı-ayrı faciəli olayları təqdim
edərkən, ona özünün daxilindəki natamamlıq
elementlərini, psixi sarsıntıların
qazandırdığı mənfi çalarları qatır,
tam gərəksiz yerə durumu tündləşdirir. Beləcə,
peşəkarlıq sadizmə qurban verilir.
lll
Arzular tükənməzdir, həddi-hüdudu yoxdur.
lll
Empati hissi heç kimi qınamağa imkan vermir.
lll
Çoxlu sitatların yer aldığı kitabları
oxuya bilmirəm. Mənə müəllifin öz fikirləri
maraqlıdır; bunlar səhv, ya düz, doğru, ya
yanlış ola bilər. Amma fərqli, təzə fikir daha
çox maraqlı gəlir.
lll
İran Prezidentinin təyyarəsi Füzuliyə endi!
lll
Hər bir xalqın özünə sevgisi, qürur
hissi təbiidir, müqəddəs duyğudur.
Bunu aşağılamaq, ironiya etmək qeyri-insani hərəkətdir.
Ucalıq, böyüklük, geniş ürəklilik bunu qəbul
etmək, dözümlü yanaşmaqdır. Qalibiyyət də
burdadır.
lll
Bir bəhanə tapıb ürəyini boşalda bilmək
də böyük xoşbəxtlikdir.
lll
Sabah elə bu gündür. Sabaha ümid bəsləmə.
lll
Rəşad müəllim, bacım sizə
Şuşa torpağından və Xarıbülbüldən
qələm düzəldib. Bu rəsmi də sizin
üçün çəkib. Taxta üzərində
yandırma üsulundadır. İnşallah, nə vaxt gəlsəniz,
xəbər edərsiniz.
(Şuşadan gənc dostum Məcid Məmmədov
yazıb. Özü də, bacısı da istedadlıdır.
Şuşada yaşayırlar. Minnətdaram! Çox təsirləndim!)
lll
Üç ölkədə oxuyub, universitetlər
bitirib, cahilliyi bir qətrə də azalmayıb.
lll
Göz-gözə yatan canavarlar...
lll
Suyu üfürməkdən dodaqları
şişmişdi...
lll
Darıxdırıcı, şablon adamlar...
lll
İddialı başlıqlar, boş söz
yığınından qurulmuş cümlələr...
lll
Caz festivalının icraçı direktoru, "Caz
dünyası" jurnalının baş redaktoru Leyla
xanım Əfəndiyevanın dərin narahatlıq içərisində
jurnalistlərə etdiyi müraciətini oxudum və bu barədə
bir neçə söz deməyi özümə borc bildim.
Məsələ bu günlərdə Leyla Əfəndiyevanın
sosial şəbəkədə azərbaycanlı müğənni,
"I am Jazzman" yarışmasının
finalçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhəddini
keçərkən faciəvi şəkildə
dünyasını dəyişməsi barədə sonradan təsdiqini
tapmayan başsağlığı tipli xəbər
yaymasından sonra başlayıb. Leyla xanımın sosial
şəbəkədəki bu paylaşımını görəndə
gənc müğənninin faciəli ölümündən
mən də dərin kədər hissi keçirmiş, bərk
təəssüflənmişdim. Xəbər
yayılar-yayılmaz bir sıra fəal sosial şəbəkə
istifadəçisi tez-tələsik öz hiddət və qəzəbini
bildirən status yazmışdı. Eyni zamanda bir sıra
tanınmış media subyekti də Leyla Əfəndiyevanın
bu xəbərini yaymış, məsələyə
münasibət bildirmişdi. Lakin çox keçmədən
aydın oldu ki, yayılan xəbər təsdiqini tapmır.
Bundan sonra Leyla Əfəndiyeva da bu feyk xəbərin yayılmasından
ciddi narahatlığını bildirdi, məyusluq içərisində
öz təəssüfünü ifadə etdi.
Leyla Əfəndiyeva tanınmış şəxsdir,
bir media subyektinə rəhbərlik edir, jurnalistlərlə
mütəmadi təmasda olur. Onun müraciətindəki
narahatçılığı təbii ki, tamamilə anlayışla
qarşılayırıq. Amma eyni zamanda bir məqamı da
vurğulamaq lazım gəlir: baş verən bu hadisə bir
daha göstərir ki, müəyyən ictimai öhdəlikləri
olan tanınmış şəxsindən tutmuş ən
sıravi vətəndaşına qədər hər bir fərd
sosial şəbəkədə öz məsuliyyət hissini həmişə
gözləməlidir.
Leyla Əfəndiyevanın yazdıqlarının
doğruluğuna, dəqiqliyinə təbii ki, bizim jurnalistlər
də, media subyektləri də inanıblar və
daşıdığı ictimai status media təmsilçilərində
onun yaydığı xəbərin səhihliyinə əminlik
yaradıb. İndi Leyla Əfəndiyeva feyk olduğu ortaya
çıxandan sonra media subyektlərini bu xəbəri silmədikərinə,
onu öz səhifələrində saxlamaqla o ailəyə dərin
kədər bəxş etməkdə davam etdiklərinə
görə qınayır. Leyla xanım qınağında onu
da vurğulayır ki, media subyektləri nəyə görə
mədəniyyətlə bağlı paylaşımlara diqqət
ayırmırlar, amma belə bir bəd xəbəri yaymaqda fəallıq
göstərirlər? Qeyd edim ki, bu məqam neçə illərdir
bizim medianın ən ciddi problemlərindən biri olaraq
qalır. Hələ 2013-cü ildə cənab Prezidentin Azərbaycanın
media rəhbərləri ilə görüşü zamanı
çıxış edərkən mən də bu məsələyə
toxunmuş, bizim saytlardan birinin bir şairin ölümü
barədə yazdığı yalan xəbəri
xatırlatmış, o yalan xəbərin
yayılmasının üstündən iki il vaxt
keçdiyini, amma o şairin hələ də həyatda
olduğunu söyləmiş, həmkarlarıma bəd xəbərlər
yaymağa tələsməməyi tövsiyə etmişdim. O
vaxt dediklərim mediaya ünvanlanmış səmimi, təəssübkeş
bir çağırış idi.
Artıq sosial media istifadəçilərinin də xəbər
yayıcılarına çevrildiyi indiki vaxtda isə hər kəsin,
xüsusən də cəmiyyətdə tanınan, ictimai məsuliyyətli
şəxslərin hər hansı bir xəbər, məlumat
paylaşarkən daha çox diqqətli olması çox
vacibdir. Niyə məhz bu tipli xəbərlərin daha tez
yayılmasına gəlincə, qeyd etməliyik ki, bu gün
jurnalistikada, xüsusən də sosial mediada xəbər yayarkən
o xəbərin daşıdığı ictimai yükdən əvvəl,
onun yarada biləcəyi hay-küyə, sensasiyaya,
qışqırtıya daha çox önəm verilir. İstəsək
də-istəməsək də, media diqqəti cəlb etmək
üçün belə hay-küylü, belə
"qeyri-adi" xəbərlər yaymaqda həmişə
maraqlı olub. Bu mənada həm indi baş verən hadisənin
yaratdığı narahatlıq, həm də Leyla
xanımın bu narahatlıqdan doğan müraciəti saxta xəbərlərin
çoxaldığı indiki dövrdə hər kəsi
dediyi hər kəlmənin, yazdığı hər
sözün məsuliyyətini maksimum dərəcədə
anlamağa vadar edir.
Xatırlatmaq istərdim ki, "Media haqqında Azərbaycan
Respublikasının Qanunun"da ilk dəfə anlayış
verilmiş media savadlılığı kütləvi
informasiyanın məzmunu, onun ötürülməsi və
istehlakı üzrə biliyə sahib olmanı, tənqidi dəyərləndirməni
özündə ifadə edir. Hər yayılan xəbərin
doğruluğuna inanmamaq media savadlığının tələbidir.
Bu anlayış bütün tanınmış şəxslərdən,
sosial şəbəkə istifadəçilərindən də
böyük məsuliyyət tələb edir.
Bütün bunları xatırladaraq baş verən bu
son hadisəyə görə dərin təəssüfümüzü
bildirir, ilk növbədə medianın belə məsələlərdə
daha həssas olmasını arzulayırıq. Eyni zamanda, Leyla
xanım Əfəndiyevanın şəxsində bütün
sosial şəbəkə istifadəçilərini, o
cümlədən ictimaiyyətin tanıdığı,
sözünə inam bəslədiyi kəsimi belə xəbərlər
yayarkən tələsməməyə və təmkinli
olmağa dəvət edirik.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.9.