Ürəklərdə bəslənirsən...
...Onun haqqında bir dəfə sovet dövründə
respublika mətbuatına yazı hazırlamışdım.
Lakin həmin məqaləni Bakıdan gələn jurnalist
qız öz imzası ilə vermişdi. Yazını sovet
dövrünün tələblərinə uyğun
hazırladığımdan ürəyimcə
alınmamışdı. Bu səbəbdən də məqaləmin
altında başqasının imzasını görəndə
o qədər də narahat olmadım. Əsas bu idi ki, yazı
dərc olunmuşdu...
Vəsilə Usubovanı redaksiyamıza qədəm
qoyduğu gündən tanıyırdım. O vaxtdan
bütün keşməkeşli ömrünün şahidi
olmuşdum. Özünəməxsus yaradıcılıq tərzi,
bənzərsiz xarakteri, uğursuz taleyi ilə heç kəslə
müqayisə edilməyəcək bir jurnalist idi.
Sabirabad rayonunda çıxan “Muğan” (indiki
“Muğanın səsi”) qəzetində ədəbi
işçi kimi işə başladığım 1976-cı
ilin isti yay günlərinin birində redaksiyamıza təyinatla
bir jurnalist qız gəldi. Sanki kollektivimizə xəfif bir meh
əsdi, ab-havası dəyişdi... Özü ilə
aramıza incəlik, təravət gətirdi... Analıq məzuniyyətinə
çıxmış məktublar şöbəsi
müdirinin yerinə işə götürüldü.
Yadımdadır, ilk dəfə redaksiyaya daxil olan məktublardan
yarım səhifə material hazırlamışdı. Oxuyan
kimi hiss edirdin ki, bunlar fərqli, özünəməxsus tərzi
olan bir qələm sahibinin əlindən çıxıb. Qəzetimizin
səhifələrinə təzə imza, təzə nəfəs
gəlmişdi...
Həmin günlər kollektivimizə ağır itki
üz verdi, məzuniyyətdə olan redaktor müavini Ərəstun
Əliyev vəfat etdi. O müavin ki, Vəsilə hələ
tələbə ikən qəzetə təcrübə
keçməyə gələndə onun ilk qələm məhsulunu
qiymətləndirərək demişdi: “Bu qız güclü
jurnalist olacaq”. Yeri gəlmişkən deyim ki, Vəsilə
Usubova “Muğan” qəzeti redaksiyasında 16 il işlədi.
O, görkəmi, duruşu ilə də Sabirabadda
sensasiya yaratmışdı. Oğlanlar ona vurulur, qadınlar,
qızlar qibtə edirdilər. Özü isə çox
şeyə biganə idi. Bütün fikrini-zikrini
yazı-pozuya vermişdi. Özünü tez tanıtdı.
Oxucular etiraf edirdilər ki, “Muğan” qəzetini əlimizə
alan kimi Vəsilənin adını axtarırıq...
Onu əhatə edən mühitdəki
nöqsanları görür, etiraz səsini ucaldırdı. Təbii
ki, bu, ona asan başa gəlmirdi. Çətinliklər həmişə
yol yoldaşı idi. Fikir despotları addımbaşı ona əngəl
olurdular. O isə həqiqəti deməkdən çəkinmir,
düşündüklərini, gördüklərini
yazmağı bacarırdı. Yazılarında mətləbləri
o dövrün tələblərinə uyğun olaraq sətiraltı
ifadələrlə verirdi...
...Bir otaqda otururduq. Çoxlarına laqeyd,
soyuqqanlı görünsə də, təpədən
dırnağadək həyat eşqi ilə dolu bir qız idi.
Bir də görürdüm, başını stolun
üstünə qoyub ağlayır. Bilirdim ki, Bakının,
tələbə dostlarının xiffətini eləyir. Bu
halı tez də keçib gedirdi. Yenə də danışıb-gülür,
ordan-burdan söhbət edirdi...
Onunla rayonun tarlalarını, zəmilərini,
fermalarını çox gəzmişik. Hər
addımbaşı jurnalist ləyaqətinin, qadınlıq məlahətinin,
əsl-nəcabətliyinin şahidi olmuşam. Sağ
ayağını maşının pilləkəninə qoyub
dizinin üstündə bloknota qeydlər edən
şalvarlı, xurmayı saçlı jurnalist qız... Vəsilə
mənim yaddaşıma elə beləcə də həkk
olunub. O, anadan xanım-xatın doğulmuşdu və
bütün ömrü boyu hər addımbaşı bunu
sübut etdi.
Bir məsələni xüsusi qeyd etmək istəyirəm.
İndi qız-gəlinlərimizin çoxunun şalvar geyinməsi
adi hal alıb. Ancaq o vaxtlar, həm də rayon yerində
şalvar geyinmək hər qızın hünəri deyildi.
Saxta qeyrət sahibləri hərəkətə gəlmişdilər.
Heç kəs onu inadından döndərə bilmədi. O
zaman hətta rayon Partiya Komitəsinin birinci katibi də işə
qarışdı. Faydası olmadı... Ümumiyyətlə,
heç bir rəhbər onu öz “idarəetmə
maşını”nın “vintciyi” edə bilmədi.
Arabir hekayələr yazırdı. “Utancaq” hekayəsini
qəzetdə dərc etdirmişdi. Sonralar nədənsə bədii
yazılarını üzə çıxarmadı...
O, gözəl övlad, qayğıkeş
bacıydı. Bizdə işləməyə başlayanda
atasını işdən çıxarmışdılar.
Ortancıl qardaşı maşın qəzasına
düşdüyünə görə dustaq idi. Qalanları tələbə,
əsgər, məktəbli idilər. Qardaşının
dustaq olmasını addımbaşı Vəsiləyə əngəl
edirdilər. Bunu bəhanə edərək onu partiya
sıralarına qəbul olunmağa qoymadılar. Hiss olunurdu
ki, maddi cəhətdən çətinlik çəkirlər.
Ancaq heç kəs onun heç bir zaman tamahkarlıq etdiyini,
kiməsə əyildiyini görmədi. Onu döndərmək,
onu satın almaq mümkün deyildi. Bu sizə asan gəlməsin.
Yaxşı geyinmək, bər-bəzək qız-gəlinlərin
ən zəif yeridi. Əslində Vəsilənin belə
şeylərə ehtiyacı yox idi. Yaradan heç nəyini
ondan əsirgəməmişdi...
7 il kənd təsərrüfatı şöbəsinin
müdiri işlədi. Sonra məsul katib oldu. Stavropol
diyarı İpatovo rayonu əməkçilərinin təşəbbüsünə
qoşulan sabirabadlıların iş-gücünü
işıqlandırmaq məqsədilə qəzetimiz həftədə
5 dəfə çıxırdı. Bunun nə qədər
çətin iş olduğunu yalnız rayon qəzetində
işləyənlər bilir. Qəzet materiallarının
70-80 faizi kənd təsərrüfatından olurdu. Bunların
da yarıdan çoxunu Vəsilə hazırlayırdı...
Xalqımızın düçar olduğu Qarabağ
bəlası onun da yuxularını ərşə çəkmişdi.
Bir-birinin ardınca vətəndaş qeyrətinə bələnmiş
yazılar yazırdı. 20 Yanvar hadisələri haqqında
ilk yazını da qəzetimizdə o yazıb. Sabirabadlı
ilk şəhid, ilk Milli Qəhrəman haqqında məqalələr
hazırlayıb. Qarabağ döyüşlərində şəhid
olmuş iyirmidən artıq sabirabadlı gəncin
ömür yoluna qələmi ilə işıq salıb. O,
soyuqqanlı yaza bilmirdi. Oxucu hər sətirdə vətəndaş
mövqeyini, jurnalist etirazını, qəzəb və nifrətini
görürdü. Bu sətirlərin arxasında Vəsilə
sanki saçlarını yolur, torpağının, millətinin
igid oğullarına gah ağı deyir, gah da həzin-həzin
layla çalırdı... İlk vaxtlar Qarabağ hadisələrindən
yazan jurnalistlərə də pis baxır, onları da
ekstremistlərin, vandalistlərin siyahısına
salırdılar. Onu belə şeylər narahat eləmirdi...
...Vəsilə yazırdı. İdarədəki
otağında, birotaqlı mənzilinin küncündə, mətbəxində.
Bəzən dizinin üstündə, bəzən də sinəsi
üstə uzanıb yazırdı. Mənzil almaq istəyənlərə,
ev təmir etdirmək, su, işıq çəkdirmək
arzusunda olanlara, haqqı tapdalananlara kömək edirdi.
Hamını dinləyir, risklə müdafiə edir, can
yandırırdı. Özü, öz ailəsi yaddan
çıxmışdı...
Tək idi, köməksiz idi. Otağındakı
şkafda həmişə adyal saxlayırdı. İşi
çox olanda, növbətçi qalanda stulları yan-yana
düzüb uşaqlarını bunun üstündə
yatızdırır, adyalla örtürdü...
İki uşağı, bir bacısı ilə təkotaqlı,
şəraitsiz mənzildə yaşayırdı. Onu, ailəsini
tanıyanlar, yazılarını oxuyanlar
yaşadığı mənzili görəndə təəccüblənirdilər.
Təkcə özü ruhdan düşmürdü.
Özünə baxan qadın idi. Həmişə şux, ətirli,
təmiz geyimdə olurdu. “Məsələ harada yaşamaqdan
asılı deyil, necə yaşamaqdan asılıdır, mənim
evim gözəlliklər məskənidir”, -deyirdi.
Bir müddət rayon qəzetindən ayrılmışdım.
Mərkəzi qəzetdə bölgə müxbiri işləyirdim.
Geri qayıdanda Vəsiləni görmədim. İşdən
çıxmışdı. Mənimçün redaksiya suyu
sovulmuş dəyirmana dönmüşdü. Hər
addımda onun yeri görünürdü. Onu rayon İcra
Hakimiyyətində işə götürmüşdülər.
...1998-ci ilin isti yay günlərində
hamımızı donduran müdhiş hadisə baş verdi. Həmin
qaynar avqust günlərində göydən od ələnəndə
Vəsilənin başına qar yağırdı.
Gözünün ilk ovu, 4 yaşından atasız
böyütdüyü oğlu 18 yaşına 2 gün
qalmış faciəli şəkildə dünyasını dəyişdi.
Rayonda iki oğlanın biriydi, bəlkə də birincisiydi
İlham. Antik heykəllərə, əfsanəvi Herkulesə
bənzəyirdi... Ömrünün ən ağır
günündə də Vəsilə öz
xanımlığı ilə hamını heyran qoydu...
Bir dəfə İlhamdan söz düşəndə
mənə demişdi:
- O, mənim hər şeyimdi. Evimin yeganə
kişisi, gözümün işığı, dizimin taqətiydi.
Bütün arzularım onunla bağlıydı. Özündən
çox o, mənə bənzəyirdi. Romantik, macərapərəst
idi. Nağılları çox sevirdi.
Uşaqlığında anam bildiyi bütün
nağılları ona danışıb qurtarmışdı.
Xalaları çarəsizlikdən özlərindən
nağıl düzəldib ona danışırdılar. Bir dəfə
də nağıl istəyəndə dedim ki, mən sənə
uzun bir nağıl danışacağam. Öz həyatımı
ona danışmağa hazırlaşırdım.
Arzulayırdım ki, onu özümə dost
böyüdüm. Heç kimə - atama, qardaşlarıma, ərimə
deyə bilmədiklərim dərdlərimi ona deyim. Fələk
bu arzumu da ürəyimdə qoydu. Bəndələrin
haqsızlığı, qədirbilməzliyi məni
qırmırdı, əksinə, bir az da qürurlu edirdi. Amma
Tanrının əməyimi zaya verməsi əl-ayağımı
yerdən üzdü. Ananın gözü baxa-baxa balanın
can verməsi... Dünyaya gələndə ilk
çığırtısını eşitdiyin məxluqun
son nəfəsini, ürəyinin son
döyüntüsünü görmək... Dünyanın
bütün işıqları söndü o gün. Hər
şeyin rəngi soldu, dadı qaçdı. O sağ olanda
nağıl kimi şirin bir ömür yaşayırdım. Həyatın
qayğı və ehtiyaclarına belə zövq mənbəyi
kimi yanaşırdım. Onun bir cüt corabını yumaq mənimçün
bəxtəvərlik idi. İlham getdi, bütün şirin
nağılların yerini acı həqiqətlər tutdu...
İndi mən ona bir nağıl borcluyam. Bu nağıl
Özüm və Oğlum haqqındadı...
Həmin gün heç zaman stuldan belə ağır
qalxmamışdım. Ürəyimdə heç belə
ağrı aparmamışdım. Bir dəfə Vəsilənin
özünə demişəm bu sözləri. Demişəm
ki, mən qadın tayfasına çox hörmət bəsləyən
adamam. Səni isə heç kəslə müqayisə etmərəm.
O gün yolboyu heç kəslə müqayisə etmədiyim
xanımın gilələrində yaş qaynayan gözləri,
titrəyən səsi gözlərimdən getmirdi.
İstedadlı jurnalist, çoxlarından daha artıq səadətə
layiq olub ona qovuşmayan həsrətli qadın. Sinəsi
dağlı ana... Fikirləşirdim ki, Allahım, bu zərif
məxluqun ömrü üçün bu qədər acılar
həddindən artıq deyilmi? Və... Görəsən, Vəsilə
bütün bunlara necə dözür?.
Son dəfə onunla küçədə
rastlaşdım. Sınıxmışdı. Taqəti yox idi.
Ağrıyırdı. Özünü çox narahat hiss
edirdi. Səsi də bir qədər tutulmuşdu. Amansız xəstəlik
onu qəflətən yaxalamışdı. Deyirdi ki,
boğazımdan su belə keçmir. Ona məsləhət
gördüm ki, özünü həkimə göstərsin.
...Nə biləydim ki, bu Vəsilə ilə son
görüşümmüş. Sonra Bakıya
özünü həkimə göstərməyə getdi. Bir
müddət orada bacısıgildə qaldı. Kollektivimiz
tez-tez onunla telefon əlaqəsi saxlayırdı. Hiss edirdik ki,
telefonla danışanda belə əziyyət çəkir.
Sonradan bizə dedilər ki, onu doğma kəndlərinə
aparıblar. Redaksiyamızın kollektivi ona dəyməyə
hazırlaşırdı ki, qəfil ölüm xəbərini
eşitdik. 2015-ci il aprelin 23-də haqq dünyasına
qovuşdu.
Vəsilə Usubova 1951-ci ildə Sabirabad rayonunun
Kolanı kəndində (indi həmin kənd Hacıqabulun ərazisinə
daxildir) anadan olmuşdu. O, kəndin ilk qadın jurnalisti idi.
Vəsilə yazıb-yaratmaqdan doymurdu. Müxtəlif
qəzet və jurnallarda tez-tez maraqlı publisistik
yazıları dərc olunurdu. “Ədalət” qəzeti ilə
daha sıx əməkdaşlıq edirdi. Qəzetin köşə
yazarı idi. Beynəlxalq dərgilərdə də onun
yazıları çap edilir, oxucu rəğbəti
qazanır, mükafatlara layiq görülürdü. Vəsilə
eyni zamanda xarici dillərdən bədii tərcümələr
etmişdi. Çox istəyirdi ki, kitablarını nəşr
etdirsin və redaktoru da mən olum.
...Sözsüz ki, bir yazıda onun haqqında geniş
danışmaq mümkün deyil. Həm də onun həyat və
yaradıcılığı haqqında qəzet və
jurnallarda, xarici ölkə mətbuatında dəfələrlə
müxtəlif yazılarla çıxış etmişəm.
Yüksək mədəniyyətə malik olan, gözəl
keyfiyyətləri ilə seçilən, insani ürəklərdə
yaşayan peşəkar jurnalist, yazıçı-publisist, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü Vəsilə xanım bizlərə
əlvida dedi. Neçə-neçə arzusunu, istəyini
özü ilə apardı. İnsanların Vəsilə
xanıma olan hörmət və ehtiramını onun dəfnində
bir daha hiss etdik. Dəfnə gələnlərin
ucu-bucağı görünmürdü. Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Həsən Həsənov
başda olmaqla aparatın məsul işçiləri,
redaksiyamızın kollektivi, icra nümayəndələri, bələdiyyə
sədrləri, idarə, müəssisə rəhbərləri,
kənd sakinləri dəfndə iştirak edirdilər.
Vəsilə Usubova cismən aramızda olmasa da, bir təskinliyimiz
var: Ondan qalan və heç zaman unudulmayacaq xoş xatirələr...
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Elçin NƏSİB
“Muğanın səsi” qəzetinin baş redaktoru
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.13.