İlk baxış
Şuşa Dövlət Musiqili Dram Teatrının
direktoru və rejissoru ilə qarşılıqlı
sayğılı münasibətimiz olsa da, nə
Şuşanın işğalı dönəmində, nə
də Zəfər sonrası bu teatrda olmuşdum; əlbəttə,
könül istərdi, teatr öz doğma şəhərində
səhnə qura, tamaşa göstərə, güldürə,
düşündürə, ruhlandıra... Lakin mən Mədəniyyət
Paytaxtımızın, Qafqazın Konservatoriyasının
işğaldan öncəki dönəmini yalnız onu görənlərdən
eşitdiklərim, oxuduqlarım əsasında təsəvvürümdə
canlandıra bilirdim. Tanrıma, Dövlətimə, Xalqıma,
Orduma şükür! - Şuşa azaddır, günbəgün
dirçəlir, biz də gedirik,
görürük-götürürük. Şuşaya gözəl
teatr, teatra özəl tamaşalar, tamaşalara
düşünən tamaşaçılar lazımdır.
Azərbaycan Respublikasının Əməkdar
jurnalisti, yazıçı-publisist Zemfira xanım Məhərrəmli
məni Şuşa Dövlət Musiqili Dram Teatrına -
“Ümid İşığı”na dəvət edəndə
sevindim. İlk dəfə bu teatra gedəcək, Zemfira
xanımın ilk səhnə əsəri və onun necə səhnələşdirilməsi,
sənətçilərimizin işi ilə tanış
olacaqdım. Açığı, əsərin mövzusu məni
bu saydıqlarımdan az düşündürmürdü.
Əsərlə tanışlıqdan sonra ilk qənaətim
bu oldu ki, Zemfira xanım, onun ailəsi, mühiti belə bir
mövzuya talib olmalıydı, əlbəttə. Əlbəttə, mən “Ümid
işığı”nı bir ailə dramından daha
üstün - toplumsal, xəlqi və hətta bəşəri
qayğılara işıq salma eyləmi kimi gördüm.
Uzağa getməyək, ilk növbədə, ölkəmizdə
gənc ailələrdə və ümumən ailələrdə
(iraq olsun!) boşanma hallarının “yolverilən” həddən
çox-çox artıq olması ilə bağlı
narahatçılıqları vurğulamaq istərdim.
Artıq rəsmi məqamların, sosioloqların, mediatorların,
aydınların həyəcan təbili
çaldığı boşanma, ümumən ailəiçi
problemlər, doğumların azalması və s. kimi məsələlər
yazıçılarımızın mövzusu olsun.
Mövzusu olsun, görək, niyə belə olur,
kökü-köməci bədii süzgəcdən
keçib necə cilalanır, necə görünür?
Çünki bədii sözün, incəsənətin bu və
bənzəri problemlərə ayna tutması və həm də
sərrast tutması, duyğu və düşüncəyə,
fikr və nitqə, qərar və hərəkətlərə...
təsir gücünə malikdir. Ədəbiyyat, teatr, incəsənət
öz estetik dəyərləri ilə dayanıqlı, təsirli,
üfüqgenişliyinə qanadlıdır.
Bəli, Azərbaycan teatr səhnəsi daha bir məzmunlu
tamaşanın ilkbaxışına tanıqlıq etdi.
İlk kimi ilk, baxış kimi baxış, tamaşa kimi
tamaşa... Şuşa Dövlət Musiqili Dram Teatrında
Zemfira Məhərrəmlinin “Ümid işığı”
adlı bir hissəli lirik-psixoloji dramı
tamaşaçılara təqdim olundu.
Quruluşçu rejissoru Nazir Rüstəmov olan
tamaşa çağdaş ailə dramı fonunda dərin
ictimai-mənəvi suallar doğurur. Belə demək olarsa,
sevgi ilə toplum arasında sıxışan gəncliyin,
onların ailələrinin ruhi güc səviyyəsi və
bir baxıma, səciyyəsi səhnədə axın edirdi...
Əsərin süjet xətti sevən iki gəncin -
Yalçın və Nərgizin sevgi öyküsünə əsaslansa
da, burada söhbət təkcə fərdi hisslərdən
getmir. Tamaşada insan ruhunu sıxan toplum stereotipləri, ailəiçi
ziddiyyətlər, iqtisadi və sosial baryerlər, eyni zamanda,
ata-anaların “xoşbəxtlik” anlayışları ilə
övlad arzuları arasında “doğan” uçurumları
qabarıq şəkildə səhnələşdirilib.
Səhnədəki obrazlar və onların
dialoqları, belə demək mümkünsə, həyatın
içindən keçir.
Valideyn obrazları - özəlliklə Nərgizin
atası Muxtar və anası Çöhrə - “klassik nəslin
təcrübəsi” ilə “gənclərin azad iradəsi”
arasında toqquşan iki dünyagörüşünün
simvoluna çevrilir; ancaq əsərin ən önəmli
gücü - quruluşun şeirlə, musiqi ilə və
monoloqlarla zənginləşdirilmiş poetik strukturudur.
Tamaşada yalnız dialoqlar deyil, həm də
pıçıltılar, ləpələrin dili, Ayın
işığı, (sevdalı günlərin birində
Yalçının Nərgizə
bağışladığı) “oyuncaq ayı”nın simvolik
duruşu, sevgi ayrılığının poetik təzahürləri
belə... tamaşaçını duyğuların dərinliklərinə
çəkir.
Estetik forma, sosial anlam baxımından daha nələri
vurğulamaq olar?
“Ümid işığı” həm klassik Azərbaycan
dramaturgiyasının gələnəklərindən bəhrələnir,
həm də çağdaş dönəmin bəzən
narahat, kövrək və görünür, həm də qərarsız
gəncliyinin portretini təqdim edir. Səhnədə baş
verənlər - gənclərin sevgisi, ailə təzyiqləri,
fərdi seçimlər və sistemin diktəsi -
bugünkü toplumun psixoloji portretini açır, sosial
diaqnozunu qoyur.
Zəngin ailəyə qohum olmaq imkanı fonunda itirilən
mənəvi dəyərlər, sevginin dəyərsizləşdirilməsi
cəhdləri və s. toplumun uğradığı əxlaqi
və psixoloji təzyiq kodlarını açır.
Aktyorların hər birinin öz üzərinə
düşən səhnə məsuliyyətini yerinə
yetirdiyi qənaətindəyəm; onların, demək olar,
hamısının duyğusal və ya dramatik gərginliyi,
düşündürücü və sarsıdıcı
monoloqları, həmçinin “emosional dağılmalar”ı səhnənin
dramatik yükünü daha da artırırdı. Bununla belə,
Nərgizi, onun anasını və Yalçını Nərgizdən
soyudan “azad gənc”i canlandıran aktyorlar obrazın emosionallığını
tamaşaçılara daha yaxşı ötürə
bilirdi.
Ümumən tamaşanın performansı, sanki “az
imkanlarla çox nəticəyə” hesablanmış səhnə
quruluşu, musiqi seçimləri uğurluydu; ən
uğurlusu isə quruluşçu rəssamın
işıqlandırmaya, işıq-kölgə təsirliliyinə
odaqlanmasıydı.
Onu da vurğulayaq ki, “Ümid işığı”
öz mövzusuna görə nə ilkdir, nə də yəqin
ki, sonuncu olacaq.
Azərbaycan dramaturgiyasındakı digər psixoloji
dramları, örnəyi, İlyas Əfəndiyevin uyğun
profilli əsərləri yada sala bilərik; demək, müəllifin
diqqət yetirdiyi məsələlər tam dünənki kimi
olmasa da, bu gün də var; demək, irəligörüşlü
aydınların reaksiyaları, toplumun üsul və vasitə
arayışları davam etməli, alternativlərin ən
yaxşısı tapılmalıdır.
Tamaşadakı sevgi və toplum təzadının
yalnız Azərbaycanda deyil, bəşəri planda da güncəl
olduğunu bir daha vurğulamış olaq.
Tamaşa yalnız teatr salonunda bitmir - o,
tamaşaçının içində davam edir; onun ailəsinə,
dostluqlarına, sevgisinə, vətəndaşlıq
duyğusuna toxunur...
Əlbəttə, hər bir insanın içində
Ümid işığı parlayır və
parlamalıdır. Yoxsa, yaşamın məzmunu qalmaz.
Tamaşa, sövq-təbii, bədbinliklə yox,
ümidlə bitir. Hər bir tamaşaçının
içində gizli qalan “o işığa doğru yol” bədii
bir metafor kimi təqdim olunur. Zülmət içində
parlayan bir nöqtə - bəşəri anlamda, sevgidə,
inamda və vicdanda yaşadılan ümid!..
Zemfira Məhərrəmlinin bu əsəri onun ədəbi
və ictimai missiyasının təntənəli yekunu deyil, əlbəttə,
məncə, biz “Ümid işığı”nı yeni mərhələyə
açılan bir pəncərə, bir işıq kimi qəbul
etməkdə haqlıyıq.
İlk baxış münasibətilə müəllifi,
yaradıcı heyəti və Şuşa Dövlət Musiqili
Dram Teatrının kollektivini təbrik edir, tamaşaya uzun
ömür və geniş auditoriya arzulayıram. Qoy, “Ümid
işığı” yalnız səhnədə deyil, həyatın
özündə də olsun və doğrulsun!
Əkbər QOŞALI
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.12.