Zəngin irsi ilə əbədiyaşarlıq
qazanmış şair
Seyid Əzim Şirvani -
190
Anadan olmasının 190 illiyi qeyd edilən görkəmli
şair və maarifçi-pedaqoq Seyid Əzim Şirvani ilə
bağlı Azərbaycan Dövlət Tarix Arxivinin “Zaqafqaziya
şiə ruhaniyyə idarəsi” fondunda bir saxlama vahidi
saxlanır.
Seyid Əzim Şirvani şəxsiyyəti və
yaradıcılığı, çoxşaxəli fəaliyyəti
ilə Azərbaycan tarixində mühüm yer tutur.
Bioqrafiyasına nəzər yetirdikdə görürük ki,
o, 1835-ci ilin iyulun 9-da Şamaxıda, ruhani ailəsində
anadan olub. Kiçik yaşlarında atası Seyid Məhəmməd
vəfat etdiyindən yetkinləşənə qədər
Dağıstanda ana babası molla Hüseynin himayəsi
altında böyüyüb. Burada ərəb və fars dili ilə
yanaşı, bir neçə Dağıstan dillərini də
öyrənib. Dağıstandan Şamaxıya gələndən
sonra ruhani təhsilini artırmaq üçün 21
yaşında İraqa - Nəcəfə, Bağdada və
Suriyanın Şam şəhərinə gedib. Dinlə
yanaşı, dünyəvi elmlərə də böyük
maraq göstərib. Vətənə dönüb bir müddət
yaşadıqdan sonra, ikinci dəfə, yenə uzaq səfərə
çıxıb. Bu dəfə Məkkə və Mədinədən
keçərək Misirə - Qahirə şəhərinə
gedib.
Səfərdən Şamaxıya qayıdıb, 1869-cu
ildə orada yeni üsul üzrə “Məclis” adlı məktəb
açaraq, ömrünün sonunadək müəllimlik edib.
Onun məktəbində digər mollaxanalardan fərqli olaraq
uşaqlara dini elmlərlə yanaşı, fars, rus və ana
dili təlim edilir, tarix, coğrafiya, hesab və sair fənlərdən
ibtidai biliklər də çatdırılırdı.
Görkəmli şair Mirzə Ələkbər Sabir,
ünlü pedaqoq, maarif xadimi Sultan Məcid Qənizadə və
bir sıra başqa tanınmış şəxslər onun məktəbində
dərs alıblar.
Seyid Əzimin zəngin ədəbi
yaradıcılığı azərbaycanca və farsca iki
böyük külliyyatdan ibarətdir. Onun bədii
mirasının əsasını daha çox qəzəllər
təşkil edir. Şərq klassikasından, mənbələrindən
etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli
şeirlərinə yazdığı nəzirələr
öz mükəmməlliyi ilə seçilir. Ona
böyük şöhrət gətirən qəzəllərindəki
dərin lirika, nikbinlik, həyat sevgisi, dini etiqad xüsusi dərəcədə
nəzərə çarpandır.
Şair qəzəllərindən savayı, ictimai məzmun
daşıyan satira, maarifçi və tənqidi mövzuda
realist şeirlər də yazıb. Onun belə şeirlər,
satiralar yazmasında və bunların yayılmasında həmin
vaxtlar Həsən bəy Zərdabinin nəşr etdiyi
“Əkinçi” qəzetinin böyük təsiri və
müstəsna yeri olub. Bu qəzetin səhifələrində
şairin ondan çox şeiri işıq üzü
görüb. “Əkinçi”yə həsr etdiyi şeirlərdə,
o, dövrünün əksər ziyalıları kimi mətbuatın
böyük imkanlarını dəyərləndirir, qəzetin
xalqın tərəqqisi və inkişafında vacib vasitə
olduğunu təlqin edirdi.
Şairin yaradıcılığında öyüd-nəsihət,
təmsil, didaktik mahiyyətli mənzum hekayələri
maarifçi şeirləri ilə birləşir, insanlarda
gözəl və nəcib duyğuların artmasına xidmət
edir. O, bütün pedaqoji fəaliyyəti dövründə
ana dili və ədəbiyyatını tədris etmiş, tərcümə
etdiyi əsərləri və öz şeirlərini
toplayıb “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” və
“Tacül-kütüb” adlı kitablar yaratmışdı.
Dövrünün görkəmli şəxsləri sayılan
Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə
ilə onun yaxın münasibətləri olub. Bir çox mənbələrdə
onlar ilə yazışmalarının olması qeyd edilir.
Mütərəqqi mövqeyi, maarif sahəsindəki
xidmətlərini nəzərə alaraq Zaqafqaziya tədris
idarəsi 1886-cı ildə onu gümüş medalla
mükafatlandırmışdı.
Azərbaycan Dövlət Tarix Arxivindəki saxlama
vahidində olan, Qafqaz idarəçiliyi Mülki hissəsi
baş rəisliyi dəftərxanası direktoru müavini tərəfindən
Zaqafqaziya şiə ruhaniyyə idarəsinə
yazılmış 17 dekabr 1886-cı il tarixli məktubda
göstərilir ki, müsəlman etiqadlı Şamaxı
şəhər məktəbinin müəllimi Hacı Seyid
Əzim Seyid Məmməd oğlunun sinəyə taxılan
“çalışqanlığına görə”
yazısı qeyd edilən gümüş medal və Stanislav
lenti ilə təltif edilməsi üçün Zaqfqaziya təhsil
idarəsi vəsatət qaldırıb.
Ardınca Zaqafqaziya tədris idarəsinin bu vəsatətinin
həyata keçirilməsində hər hansı xoşagəlməz
hallar yaranarsa, Şiə Ruhaniliyindən onlara xəbər etmələri
xahiş olunur (f.290, siy.1, sax.vah.492, vər.1).
Seyid Əzimin qabaqcıl müəllim kim cəmiyyətdə
tanınması, maarifçi və tənqidi-satirik şeirləri
ilə mövhumatı, cahilliyi qamçılaması onu geri zəkalı
dindarların kəskin etirazları və müqaviməti ilə
üzləşdirirdi. Onu sevməyənlərin, düşməncəsinə
münasibət bəsləyənlərin sayı gündən-günə
artırdı. Nadanlar Şamaxıdan doğan ziya günəşinə
kor oldular, zülməti, qaranlığı seçdilər.
Odur ki, hələ 53 yaşı tamam olmamış - 1888-ci
ilin 20 mayında Şamaxı məscidində sui-qəsd nəticəsində
şairin həyatına son qoyuldu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may
2019-cu il tarixli 211 nömrəli qərarı ilə Seyid
Əzim Şirvaninin əsərləri dövlət
varidatı elan edilib.
Rövşən YERFİ
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.11.