Birinci Türkoloji
Qurultayın yüzüncü ildönümü ərəfəsində
düşüncələr
(İkinci məqalə)
Türk dünyasının görkəmli şairi,
türkoloqu və ictimai xadimi Oljas Süleymenov məşhur
“Az i ya” kitabının 50 illik yubileyi günlərində
“Osiris qanunu” adlı kiçik bir məqalə nəşr
etdirdi. Həmin məqalədə deyilir ki, “1926-cı ildə
Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan sonra
türkologiya bir elm kimi artıq mövcud olmadı...
...2018-də Nazarbayev məni Akordaya söhbətə
dəvət elədi. Böyük masanın arxasında
prezidentdən başqa ancaq Marat Tajin - onda Mədəniyyət
məsələləri üzrə dövlət
müşaviri əyləşmişdi. O, söhbət
zamanı prezident danışarkən, adətən, hər kəsin
susduğu kimi susurdu.
Görünür, Birinci Türkoloji Qurultay barədə
prezidentə o danışmışdı. Və prezident qərara
almışdı ki, indi Almaatıda İkinci Ümumdünya
Qurultayını keçirməyin vaxtı gəlmişdir.
Ancaq mən prezidentə etiraz etdim: “Əlbəttə,
belə bir beynəlxalq tədbirin keçirilməsi çox
şərəflidir. Amma mümkün deyil”.
Dil, ədəbiyyat, tarix və s. kimi çox müxtəlif
araşdırma istiqamətlərini özündə ehtiva edən
türkologiyanın bütün bu sahələrinin hər
birində özünəməxsus mövqeyi, gözlənilməz
olduğu qədər də düşündürücü
mülahizələrilə seçilən böyük
ziyalı sözügedən görüşdə
Qazaxıstan prezidentinə dediklərinə onları da əlavə
edir ki, “Birinci Qurultayın, praktik olaraq, bütün tərkibini
Stalin məhv etmişdir. Yalnız Malov və Radlov sağ
qalmışlar. Kimisə güllələmişlər. kimisə
uzunmüddətli həbsə yollanmışdır.
Türkologiya elm kimi yeni-yeni başlayırdı, ancaq bu
cür qurultay keçirilməsindən sonra
dayanmışdır.
İkinci Qurultayda biz nə barədə
danışacağıq? Türkologiyanın keçmiş
yüz ildəki hansı uğurlarından bəhs edəcəyik? Alimlərdən kim türk yazısının
mənşəyi, onun marşrutları və qədim dövr
mədəniyyətlərilə əlaqələri ilə məşğul
olmuşdur? Türk dilinin və mədəniyyətinin
yaşını fala baxmaqla hesablayan ilk türkoloqların səhvləri
indiyə qədər təkzib olunmayıb...”
Bu sözlər (və Oljas Süleymenovun danılması mümkün olmayan
nüfuzu!), görünür, Qazaxıstan prezidentini İkinci
Türkoloji Qurultayı keçirmək istəyindən vaz
keçməyə vadar etmişdi. Ancaq bu, o qədər də
mühüm deyil, çünki Birinci Türkoloji Qurultayın
tarixdəki yeri elə möhkəm (və şərəfli)dir
ki, İkinci belə bir qurultayın keçirilməsi onun
tarixi əhəmiyyətini, prinsip etibarilə, nə
artıra, nə də azalda bilər. Lakin böyük
ziyalının Qurultaya (və türkologiya elminə) bu
cür nihilist münasibəti, heç şübhəsiz,
türkoloji ictimaiyyəti
düşündürməyə bilməz.
“Osiris qanunu”nda, ilk növbədə, bəzi diqqətsizliklər
nəzərə çarpır ki, onlardan biri türkoloqlardan
yalnız Malovla Radlovun Stalin repressiyasından sağ
çıxmasıdır. Birincisi, Vasili Vasilyeviç Radlov 12
may 1918-ci ildə artıq Sankt- Peterburqda vəfat eləmişdi.
Və Birinci Türkoloji Qurultay, sadəcə, böyük
türkoloqlar İ.Qaspralı və V.Radlovun şərəfinə
keçirilmişdir. Ikincisi, Qurultayın qarşısında
duran problemlər, prinsip etibarilə, elmi olmaqdan çox, əməli
idi. Və əlifba, orfoqrafiya, terminologiya kimi məsələlərin
həlli yollarının araşdırılmadığı
bir dövrdə türk yazı mədəniyyətinin
kökləri barədə bəhs açmaq heç kimi
maraqlandırmazdı.
Oljas Süleymenov sözügedən məqaləsində
yazır:
“1926-cı ildə türk xalqlarının tarixi,
mahiyyət etibarilə məlum deyildi. O zamanlar yalnız
Monqolustandakı türkcə yazılı daş
sütunları tapmağa və öyrənməyə nail
olmuşdular. Və bizim bilicilər həmin abidələrin təxmini
yaşını hesablamışdılar: “Ehtimal ki, türklər həmin
yazılardan islamın qəbuluna deməli, təxminən bizim eranın VIII əsrinə
qədər istifadə etmişlər”. Və bundan
çıxış edərək türk yazısının
və mədəniyyətinin yaşını müəyyənləşdirmişlər
- “təxminən V əsr”.
Bir əsr ərzində aksioma çevrilmiş həmin
nəzəriyyəyə görə, türklər yeni
eranın ilk əsrlərində törəmiş və əlbəttə,
əlifbanı karvanları monqol çöllərinə gəlib
çatan soqd tacirlərindən əxz etmişlər.
Türkologiyanın ilk səhifəsi belə
yanamışdır. Çətin ki, o, doğru olsun”.
Əlbəttə, bəzi türkoloqlar bu günə
qədər həmin “nəzəriyyə”yə nəinki
şübhə edir, əksinə, onu ən düzgün qənaət
olaraq universitet auditoriyalarında gənclərə öyrədirlər.
Bununla belə, qədim türk yazısını tamamilə
orijinal - türk mənşəli (damğalardan törəmə)
sayıb tarixini daha qədim dövrlərə çəkənlər
də az deyil.
Dünya şöhrətli qazax mütəfəkkiri
göstərir ki, qədim türk yazılarının
görkəmli tədqiqatçısı S.Malov Birinci
Türkoloji Qurultayda məruzəsində həmin
yazıların dilini, doğru olaraq, “qədim Oğuz dili”
adlandırdı. Və aparıcı türkoloqun bu cür dəqiqləşdirməsi
türk dilçiliyinin sonrakı inkişafına təsir
göstərməli idi.
Ancaq 30-cu illərin qazaxşünasları
inanırdılar ki, qazax dili “qədim türkcə”dən nəşət
edir. Odur ki, qazax sözünü yazarkən mütləq
oğuzcaya baxmaq lazımdır”.
Əvvəla, qədim türk (run) yazılı abidələrinin
dilinin “pratürk” deyil, məhz Oğuz dili olması ideyası
bütün XX əsr boyu inkişaf etdirilmiş, məsələn,
Ədhəm Tenişev bu mövzuda maraqlı məqalələr
yazmış, onların dialektfövqü xarakteri barədə
əsaslı mülahizələr söyləmişdir.
Qazax dilçilərinin qazax sözlərində
oğuz orfoqrafiyası prinsiplərinə dayanaraq “hərflərin
tələffüz olunmaz kombinasiyasını yaratmaları”na gəldikdə
isə bu, ümumtürkoloji problem deyil. Və yəqin ki,
qazax dilçiliyinin imkanları daxilində izah oluna bilər.
Əlli il bundan əvvəl - “Az i ya”nın ilk nəşrinin
işıq üzü gördüyü günlərdən
çoxlarına məlumdur ki,
onun müəllifinin ədəbi-mədəni hadisələrin
mahiyyətinə nüfuz edən dərin düşüncələri
bu sahələrdə ciddi kəşflər etməyə
qadirdir. Və o, “Osiris qanunu” məqaləsində də belə
bir kəşfdən bəhs edir... Lakin birbaşa kəşfin
nədən ibarət olduğu barədə bəhs etməzdən
əvvəl Oljas Süleymenovun bir vaxtlar məşğul
olduğu Şumer məsələsi ilə bağlı
bugünkü mülahizələrinə diqqət yetirək:
“Bizim aşkarladığımız faktlar türk
yazısının bioqrafiya və marşrutlarını bir
neçə min il qədimləşdirir. Bununla
türkologiyanın yeni fəsli başlanır.
Hazırda türk yazısının Şumer mətnlərini
monqol mətnlərilə müqayisə edərkən
aydın görünür ki, onlar praktik olaraq dəyişməmişlər.
Bütün bunlar isə astaca qulağımıza
çatdırır ki, türkologiya bu istiqamətdəki
araşdırmalarını e.ə. IV minillikdən
başlamalıdır”.
Bundan sonra isə, həqiqətən, heyrət
doğurmalı olan bir kəşf barədə söhbət
açılır:
“Bu yolla gedərək biz elə bir qədim Misir mətni
tapdıq ki, onu yalnız qazax dilindən istifadə etməklə
deşifrə eləmək və oxumaq mümkün oldu. Və
əgər Şumer zamanı türk- oğuzların tarixi
aydın şəkildə izlənirsə, Qədim Misirdə
qazaxların tarixi daha aşkar təzahür etmişdir.
Burada e.ə. III minillikdə biz onların təsadüfi
qonaq kimi deyil, mədəniyyət yaradıcısı olaraq
mövcudluğuna tarixi sübutlar tapırıq.
Qazaxların tarixinin bu başlıca kəşfləri,
ola bilsin ki, yalnız maddi abidələr yox, həm də
şifahi qazax dilini qoruyub saxlamışdır ki, ilk dəfə
bir neçə min il ərzində onda elmin dili kimi
danışmışlar. Xalqının bütün tarixi məhz
həmin dildədir. Onun əsrlər boyu bütün
rastlaşdıqları”.
Əlbəttə, dil haqqındakı elmin hələ
də qüvvədə olan müqayisəli - tarixi tədqiqat
metodunu əsas götürsək, belə bir kəşfin həqiqiliyinə
inanmaq çətindir. Ancaq nəzərə alsaq ki, Oljas
Süleymenov məhz çətin (gözlənilməz!) kəşflərin
müəllifi kimi məşhurdur, onda bu məsələni gələcək
müzakirələrin öhdəsinə buraxmaq daha uyğun
görünür.
Məsələnin mahiyyəti isə ondadır ki,
böyük mütəfəkkir bu yeni kəşfi ilə
türkologiya tarixini bütünlüklə yeni özül üzərində qurur,
onun müəyyən nailiyyətləri üzərindən xətt
çəkib, ümumən fərqli bir türkologiya təklif
edir. Və ən dözülməzi də odur ki, bu
türkologiyanın prinsipləri mövqeyindən nəzər
salanda Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti
görünmür. Lakin kəşfin elmi əsaslarının
orijinallığına o cəhətlərdən bəzi
şübhələr yaranır ki, müəllif müqayisəli
- tarixi metodun
türkologiyadakı təsnifatından (oğuzlar,
qıpçaqlar, karluqlar) istifadə etsə də, zaman amilinə
sərbəst yanaşır. Halbuki həmin təsnifatın
müqayisəli - tarixi türkologiyada öz zamanı var. Və
zaman kifayət qədər - minilliklərlə qədimləşdirilirsə,
materialın, fakturanın məzmunu olduğu kimi qala bilməz.
Eləcə də qazax dilinin əlahiddə bir şəkildə
bütün digər türk dillərinə, xüsusilə,
yenə də müqayisəli - tarixi metoda görə, onun
üzvi tərkib hissəsi olan qıpçaq dillərinə
qarşı qoyulması ayrıca izah tələb edir.
O.Süleymenovun intellektual fantaziyası, xəyalının
geniş üfüqləri bizə təlqin edir ki, “eramızdan
əvvəl III minillikdə türk tayfalarının bir hissəsi
böyük Nil çayına qədər gedib çatdı.
Bu sular yalnız insan və heyvanların
yanğısını yatırmadı, görünür,
bitki və otların göyərdilməsinə də kömək
oldu. Onlar çayın səhra ilə kəsişən sahillərində
gur yayıldı. Bu, onu seyr edən qədim qazaxları, yəqin
ki, cəlb edərək ilhama gətirdi. Və sonralar ilahiləşdirilən
baş faraon, qədim Misir mənbələrinə görə,
həmin kəşfdən yetərincə istifadə eləməyi
təklif etdi və qədim qazax sözü ilə Aktiv
Əkinçilik Qanunu təsdiq elədi: OSİRİS -
“GÖYƏRTMƏK” (qazaxca)”.
OSİRİS - də süxurlaşmış belə
bir qədim (və müasir!) qazax paradiqması müəyyənləşdirilir:
Ös (Os)
ÖSİR (OCİR)
ÖSİRİS (OCİRİS)
Və qeyd olunur ki, bu
sözlər tədricən qazaxcadan slavyan dillərinə də
keçmişdir.
“Osiris qanunu” məqaləsinin müəllifi qazaxlarla
bağlı əhvalatı belə yekunlaşdırır:
“Min illər keçdi, köçərilik davam elədi,
qazaxlar əkinçiliyi unudub mövsümi göyərən
çöl bitkilərindən heyvanlar üçün
ayaqaltı yem olaraq passiv istifadəyə başladılar.
Və beləliklə, ilk dəfə Qədim Misirdə
nümayiş etdirdikləri böyük maddi və mədəni
fəaliyyəti itirərək bizim zəmanəmizə gəlib
çatdılar”.
Və buradan da yenə Birinci Türkoloji Qurultay məsələsinə
qayıdılır:
“Birinci Türkoloji Qurultaydan keçən yüz il ərzində
dünyada elmi dərəcələr artmış, ancaq bilik
çoxalmamışdır. Yalnız türkologiyada yox -
bütün humanitar elmlərdə. Alimlər elmi yox, öz
dissertasiyalarını, dərəcələrini, təqaüdlərini
və təltiflərini müdafiə etmişlər.
Onlar bilmirdilər ki, qədimdə iki türk xalqı
özlərini xüsusi olaraq
göstərmişlər. Daş sütunları bizim
günlərə qədər qalan türk - oğuzlar (e.ə.
IV minillik). Və yazılı mədəniyyət abidələri
yalnız indi bizim tərəfimizdən aşkar olunan Osiris təsvirlərindən
(e.ə. III minillik) ibarət qədim qazaxlar.
Yeni türkologiya bundan başlayır”.
YUNESKO-nun himayəsi altında Mədəniyyətlərin
Beynəlxalq Yaxınlaşması Mərkəzinin direktoru
Oljas Süleymenovun sözügedən məqaləsində
öz əksini tapmış bu fikirlər bütün
qeyri-adiliyi ilə birlikdə, dünya mədəniyyəti
tarixinin ən qədim dövrlərinə, mərhələlərinə
diqqəti cəlb etmək baxımından, əlbəttə,
olduqca maraqlı, təşviqedici və yaradıcıdır.
Ancaq bu qədər nəhəng (və planetar!) layihənin
Birinci Türkoloji Qurultay kimi lokal əhəmiyyətli bir hadisənin
yubileyinin keçirilməsinə maneçiliyi, əlbəttə,
inanılmazdır. İlk
növbədə ona görə ki, Qurultayın öz
qarşısına qoyduğu tamamilə real, həllini tələb
edən milli praktik (və prozaik!) problemlər möhtərəm
qazax türkünün ümumən bəşəriyyətin
diqqət mərkəzinə çəkdiyi nəzəri (və
müəyyən dərəcədə poetik!) problemlərdən
keyfiyyətcə çox fərqlənir. “Osiris qanunu” müəllifi
türkologiyanın istər XX əsrin 20-ci illərindəki,
istərsə də bugünkü inkişaf səviyyəsindən
narazı ola bilər (və onun “Az i ya”dan başlayaraq
ardıcıl davam edən son dərəcə dəyərli
mülahizələri də buna əsas verir!), ancaq Birinci
Türkoloji Qurultayın ənənələrinin
unudulması, yaxud unutdurulmasının türkologiyanın tərəqqisinə
nədəsə təkan verə biləcəyi ağıla
batmır.
Əlbəttə, görkəmli fikir adamının
türkoloqları elmi dərəcə arxasınca qaçmaqdan daha çox, tədqiqat
axtarışlarının marşrutunu qədimə doğru
genişləndirməyə çağırması bizim
günlər üçün səciyyəvi olan bu mənəvi-etik
çatışmazlığı aradan qaldırmır. Və
yalnız türkologiyada deyil, demək olar ki, bütün elm
sahələrində geniş yayılmış elmi dərəcə
düşkünlüyünün qarşısını
almaqdan ötrü tamamilə ayrı tədbirlər
görülməlidir. Hansısa mövzunu yasaqlamaq, yaxud təbliğ
və ya təşviq etməklə bunu
qarşısını almaq, təbii ki, mümkün deyil.
Ona görə də Birinci Türkoloji Qurultayın
yüzüncü ildönümü ərəfəsində
nüfuzlu ziyalının türk birliyi simvollarından biri
olan bu möhtəşəm forum barəsində hər
hansı halda neqativ fikir səsləndirməsi etiraz
doğurmaya bilməz. Qurultayın qarşısında dayanan əsas
məsələ türkologiyanı, yaxud
türkşünaslığı bir elm olaraq yaratmaq,
inkişaf etdirmək, düzgün metodoloji təməllər
üzərində qurmaq deyildi. Və onun nümayəndələri
olan görkəmli elm adamları - dilçilər, ədəbiyyatşünaslar,
tarixçilər, sənətşünaslar və b. öz
yeni tədqiqatları barədə məlumat vermək məqsədi
də güdmürdülər. Məqsəd türk xalqlarının müasir mədəni
inkişafa cəlb etməyin yollarını axtarıb tapmaq
idi ki, burada əski ərəb əlifbası əvəzinə
yeni latın əlifbasının qəbulu ən əhəmiyyətli
məsələ sayılırdı. Ondan sonra yenə də əlifba
(və savadlanma) ilə birbaşa bağlı orfoqrafiya, daha
sonra terminologiya məsələləri gəlirdi ki,
hamısı dil quruculuğu kimi praktik səciyyəli olub o qədər
də dərin elmi-akademik biliklər tələb etmirdi. Hətta
türk dillərinin, ədəbiyyatlarının, mədəniyyətlərinin
tarixinə dair V.V.Bartold, B.V.Çobanzadə, N.N.Poppe,
L.V.Şerba, S.Y.Malov, A.N.Samoyloviç, M.F.Köprülü,
S.F.Oldenburq... kimi böyük
alimlərin məruzələri də, demək olar ki,
heç bir elmi diskussiya doğurmamış, Qurultay tərəfindən
yalnız praktik təkliflərin elmi- nəzəri əsasları
kimi diqqəti çəkmişdir. Odur ki, Birinci Türkoloji
Qurultayı onun tarixi missiyasına daxil olmayan bir məsələdə
suçlamaq, elə bilirik ki,
insafdan kənardır.
Ancaq bir məsələyə də
aydınlıq gətirmək
lazımdır: türk dilləri, ədəbiyyatları, incəsənətləri,
ümumən türk xalqları haqqındakı elmin tarixi hərəkəti
ilə Oljas Süleymenovun türkoloji
araşdırmalarının gedişi nə dərəcədə,
hansı xüsusiyyətlərilə fərqlənir ki,
dünya şöhrətli ziyalımız yarım əsrdən
çoxdur ki, akademik türkologiya ilə qızğın
polemikadadır? Bizə elə gəlir ki, akademik elmin (söhbət,
əsasən, sovet elmindən gedir) ideya- metodoloji problemləri,
xüsusilə saxta rus-slavyan patriotizmi ilə hələ “Az i
ya” üzərində çalışarkən
qarşılaşan, kitabın nəşrindən sonra isə,
sözün həqiqi mənasında döyüşən
müəllifdə akademik elmə qarşı, əgər belə
demək mümkünsə,
müəyyən antipatiya yaratmışdır. “İqor
polku dastanı”ndakı əsr-əsr silinməyə cəhd
göstərilmiş türk izlərini aşkarlayan, Şumer
mədəniyyətinin tarixi dərinliklərində türk
ruhunun ən müxtəlif (dini, linqvistik, ədəbi və
s.) təzahürlərini üzə çıxaran Oljas
Süleymenov ortaya fərqli bir türkologiya qoymağa müvəffəq
olmuşdur. Əlbəttə, bütün “inqilabi” yenilikləri
ilə birlikdə görkəmli araşdırıcının
“Az i ya”dakı kəşfləri tədricən də olsa, nəticə
etibarilə, akademik türkologiyanın aktivinə
yazıldı. Ancaq bununla kifayətlənsəydi, Oljas
Süleymenov da Oljas Süleymenov olmazdı. Və o, yenidən
akademik türkologiyanın fövqünə yüksəlməyin
yollarını aradı. Və tapdı... O, “Sözün kodu”
kitabında açıq-aşkar nümayiş etdirdi ki. elm
yalnız məntiqi mühakimələr (və terminlərlə)
hasilə gəlmir, burada ideya-bədii təxəyyül (və
metaforalar) da lazımdır. Həmin yeni
araşdırıcılıq yolu Oljas Süleymenovu akademik və
ya klassik türkologiyadan yenə də ayırdı.
Əlbəttə, Birinci Türkoloji Qurultayın tarixi
missiyasını bu səciyyədən dəyərləndirmək
fikrinə düşsək, böyük Oljas Süleymenova
haradasa - ən azından türkologiyanın bir elm kimi öz
inkişafının yeni dövrünə keçməsi
baxımından haqq qazandırmaq olardı, lakin Qurultayın
missiyası (və meyarları!)
tamamilə fərqlidir: onun əsas məqsədi deyildiyi kimi,
o idi ki, bütün türk xalqlarına mənsub
ziyalıları bir yerə toplayıb, onların birbaşa
iştirakı ilə dil, ədəbiyyat, tarix, etnoqrafiya, tədris
və s. kimi praktik məsələləri müzakirə
etsin. Və gələcəkdə
türk xalqları arasından elə mütəxəssislər yetişsinlər ki, milli dəyərlərin
keşiyində məhz Oljas Süleymenov kimi dayana bilsinlər.
Nizami CƏFƏROV
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.10;11.