Müasir diplomatiya
tariximizin siyasi təhlili
AZƏRBAYCANIN MİLLİ MARAQLARA ƏSASLANAN
XARİCİ SİYASƏTİ
2003-cü ildən keçən 20 ildən artıq
müddət ərzində Prezident İlham Əliyev tərəfindən
milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət
nəticəsində Azərbaycanın çox böyük
uğurlara imza atması ölkəmizin dünya birliyində
mövqelərinin yüksəlməsini təmin etmişdir.
Hazırda Azərbaycanın apardığı uğurlu xarici
siyasətin prioritet istiqamətlərinin politoloji təhlili
aktuallıq kəsb edir.
Bu baxımdan Kamal Adıgözəlovun “Yeni tarixi mərhələdə
Azərbaycanın xarici siyasətinin prioritetləri: politoloji təhlil”
adlı monoqrafiyası elmi-siyasi və nəzəri-praktiki əhəmiyyət
kəsb edir.
Monoqrafiyanın əsas elmi məqsədi Azərbaycan
Prezidenti İlham Əliyevin yeni tarixi mərhələ
üçün müəyyən etdiyi xarici siyasətin 14
prioritet istiqamətinin qarşılıqlı əlaqədə
politoloji təhlilindən ibarətdir. Bunun üçün əsər
daxili məntiqi bağlılığı olan beş hissəyə
ayrılmışdır.
Kitabda milli, regional və beynəlxalq təhlükəsizliyin
xarici siyasətlə əlaqəsi politoloji kontekstdə təhlil
edilir. Azərbaycan Prezidentinin xarici siyasət xəttinin mahiyyəti
açıqlanır. Xüsusilə, Prezident İlham
Əliyevin dövlətçilik konsepsiyasında milli maraqlar
və xarici siyasət paradiqması öyrənilir. Bununla
yanaşı, Azərbaycan tərəfindən irəli
sürülmüş baza prinsiplərinə dair təklifin məzmunu
açıqlanır və beynəlxalq hüquq normaları əsasında
Ermənistanla sülh müqaviləsinin imzalanması
üçün əsas 5 prinsipin mahiyyəti və hədəfləri
göstərilir.
Birinci hissədə Azərbaycanın müstəqil
xarici siyasətinin milli maraqlara söykənərək Cənubi
Qafqazda davamlı sülhə xidmət etməsinin politoloji
aspektini ifadə edən prioritet istiqamətlər təhlil
edilir. Təhlil Azərbaycanın güclü dövlət
konsepti fonunda milli, regional və beynəlxalq təhlükəsizliyin
bir-biri ilə sıx bağlılığı kontekstində
aparılır. Burada Azərbaycan tərəfindən irəli
sürülmüş beş baza prinsipi əsasında Ermənistanla
sülh müqaviləsinin imzalanmasının
mümkünlüyü və onun reallaşma şərtləri
araşdırılır, həmin kontekstdə Azərbaycanın
sülh müqaviləsinin imzalanması üçün irəli
sürdüyü prinsiplərin siyasi məzmunu və əsas
hədəfi tədqiq edilir. Kitabda milli, regional və beynəlxalq
təhlükəsizliyin xarici siyasətlə əlaqəsi
politoloji kontekstdə təhlil edilir. Azərbaycan Prezidentinin
xarici siyasət xəttinin mahiyyəti açıqlanır.
Xüsusilə, Prezident İlham Əliyevin dövlətçilik
konsepsiyasında milli maraqlar və xarici siyasət
paradiqması öyrənilir. Bununla yanaşı, Azərbaycan
tərəfindən irəli sürülmüş baza prinsiplərinə
dair təklifin məzmunu açıqlanır və beynəlxalq
hüquq normaları əsasında Ermənistanla sülh
müqaviləsinin imzalanması üçün əsas 5
prinsipin mahiyyəti və hədəfləri göstərilir.
Monoqrafiyada bu hədəflər sırasında yeni mərhələdə
Azərbaycanın xarici siyasətinin prioritetləridən olan
Qərbi Azərbaycan məsələsi xüsusi yer tutur. Qərbi
Azərbaycan strategiyasını İkinci Qarabağ müharibəsindən
sonrakı daha yeni mərhələdə sülhün və təhlükəsizliyin
təminatı kimi xarakterizə edən müəllif politoloji
təhlillərə əsaslanaraq məsələnin, həmçinin,
geosiyasi və siyasi cəhətdən dövlətçiliklə
sıx bağlı olduğunu açıqlayır. Müəllif
Cənubi Qafqazda davamlı sülhün bərqərar
olması və onun dayanıqlı inkişaf bölgəsinə
çevrilməsi ilə bağlı səylərin davam
etdirilməsi məsələsini təhlil edərək bölgədə
davamlı sülhün təmini üçün yeni mərhələdə
regional təhlükəsizlik konseptinin məzmununu
açıqlayır. Dayanıqlı regional inkişaf və əməkdaşlığı
sabitlik və təhlükəsizlik üçün əsas
amillər kimi təqdim edir.
İkinci hissədə bu nəzəri baza əsasında
Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin
qurulması fəlsəfəsi fonunda beynəlxalq mövqelərinin
daha da möhkəmlənməsi, beynəlxalq təhlükəsizlik
arxitekturasının formalaşdırılmasında və
qlobal problemlərin həllində rolunun artması təhlil
edilir. Bu məsələ ölkənin qeyri-münaqişə
gündəliyinin formalaşdırılması və onun
geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən
qorunması kimi mühüm məsələlərlə
sıx əlaqədə politoloji aspektdə
araşdırılır. Proseslər Azərbaycanın
qonşuluq siyasətinin özəllikləri, hibrid təhdidlər,
“yeni regionalizm” və COP29 kimi vacib faktorların geosiyasi
kontekstində tədqiq edilir.
Bu hissədə Azərbaycanın qonşuluq siyasətinin
mahiyyətinin qarşılıqlı faydalı əməkdaşlıq,
sülh, sabitlik, təhlükəsizlik, regional
kommunikasiyaların açılması ilə sıx
bağlı olduğu əsaslandırılır. Həmin
keyfiyyətdə Azərbaycanın qonşuluq siyasətini
bütövlükdə postsovet məkanında yeni məzmunlu
proses kimi xarakterizə etmək olar. Bunların əsasında
Azərbaycanın xarici siyasətinin yeni mərhələdə
beynəlxalq təhlükəsizlik arxitekturasının
formalaşdırılması və qlobal problemlərin həllində
iştirakı multivektoral xarici siyasətin təzahürü
kimi xarakterizə edilmişdir.
Əvvəlki iki hissədə aparılan politoloji təhlillər
əsasında üçüncü hissədə Azərbaycanın
xarici siyasətinin prioritetlərinə multiregionalizm kontekstində
baxılmışdır. Həmin politoloji problem regional təşkilatlanma
və strateji tərəfdaşlıq kimi mühüm istiqamətlərin
qarşılıqlı əlaqələri fonunda nəzərdən
keçirilmişdir. Daha konkret səviyyədə Azərbaycanın
türk dünyası, xüsusilə də Türk Dövlətləri
Təşkilatı (TDT) ilə əlaqələrinin güclənməsi
müstəvisində strateji tərəfdaşların və
müttəfiqlərin sayının artırılması
imkanları siyasi-nəzəri
araşdırılmışdır. Bu məqsədlə Azərbaycanın
yeni mərhələdə xarici siyasətinin prioritetləri sırasında
regional təşkilatlanmada iştirakla strateji tərəfdaşlığı
genişləndirmənin siyasi bağlantıları tədqiq
edilmişdir. Burada multiregionallıqla
multilaterallığın vəhdəti önə
çıxır. Bu məsələnin yeni mərhələdə
Azərbaycan təcrübəsi kimi nəzəri ilə
yanaşı, praktiki əhəmiyyətini də dərk etmək
gərəkdir. Digər tərəfdən, TDT nümunəsində
regional təşkilatanmanın perspektivlərinin qlobal miqyasda
strateji tərəfdaşlığın müsbət nəticəverici
aspekti ilə əlaqədə nəzərdən keçirilməsi
politologiyada yeni yanaşmalardan biri kimi qiymətləndirilə
bilər.
Üçüncü hissədə gəlinən qənaətlər
dördüncü hissədə multilateralizm fonunda enerji
diplomatiyası, iqlim dəyişikliyi, nəqliyyat-logistika layihələrinin
müqayisəli təhlili üçün nəzəri və
metodoloji baza yaratmışdır. Bu faktorların biri siyasi
(enerji diplomatiyası), digəri ekoloji-təbii (iqlim dəyişikliyi),
üşüncüsü isə kommunikasiya (nəqliyyat-logistika)
sferalarına aid olduğundan özlüyündə sistem
yanaşma tələb edir.
Burada politoloji aspektdə sistem yanaşmanın
multilaterallıqda konkret ifadəsi nəzəri və praktiki əhəmiyyət
kəsb edir. Məhz həmin kontekstdə əsərdə
vurğulanan faktorlar yeni mərhələdə xarici siyasətin
prioritetləri müstəvisində təhlil edilmişdir.
Əsas qənaət ondan ibarətdir ki, multilateralizmin Azərbaycan
təcrübəsi qarşılıqlı faydalı əməkdaşlığı,
inkişafı, təhlükəsizliyi milli miqyasdan regional
masştaba, oradan da qlobal miqyasa nənticəverici proyeksiya etməyə
imkan yaratmaqdadır. Həmin çərçivədə Azərbaycanın
davamlı inkişafının “yaşıl enerji” siyasəti
ilə məntiqi və məzmun bağlantısı
maraqlı fikirlərə yol açır.
Nəhayət, beşinci hissədə multiregionalizmlə
multilaterallığın əsasında xarici siyasətdə
multikultural dəyərlərin beynəlxalq təşkilatlarda
Azərbaycanın fəaliyyəti sayəsində necə təmin
edilməsi məsələsi
araşdırılmışdır. Həmin kontekstdə
tolerantlıq faktorunun oynadığı rol analiz edilmişdir.
Bunların fonunda Azərbaycanın TDT, Qoşulmama Hərəkatı,
Avropa İttifaqı (Aİ) və digər təşkilatlardakı
təşəbbüsləri nəzərdən
keçirilmişdir. Bütün bunlar regional və qlobal
maraqların kəsişməsində tədqiq edilmişdir.
Azərbaycanın ksenofobiya və neokolonializmlə mübarizəsinin
politoloji təhlili çox düşündürücü qənaətlər
əldə etməyə imkan vermişdir.
Kitabda aparılan təhlillər nəticəsində
aydın olmuşdur ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın
praqmatik, çoxvektorlu, milli maraqlara əsaslanan xarici siyasətinin
prioritet istiqamətlərini dövrün tələblərinə
və müasir dünyanın
çağırışlarına uyğun şəkildə
müəyyənləşdirmişdir. Xarici siyasət kursu Azərbaycanın
beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin
etmişdir. Yeni mərhələdə xarici siyasətin
prioritet istiqamətlərinin sayının 14 olması təsadüfi
deyildir. Onların hər biri özlüyündə xarici siyasətin
“4M” modelinin (multivektorluq, multiregionalizm, multilateralizm,
multikulturalizm) konkret cəhətlərini ifadə edir və
yeni mərhələdə xarici siyasətin başlıca məqsədinə
nail olma mexanizmini ortaya qoyur.
Əsərdə ilk dəfə olaraq Azərbaycanda və
xaricdə nəşr olunmuş mövcud ədəbiyyatlar
elmi dövriyyəyə gətirilmişdir. Həmçinin,
mühüm mənbələr əsasında politoloji təhlillər
və elmi ümumiləşdirmələr
aparılmış, bu istiqamətdə konkret təklif və
tövsiyələr irəli sürülmüşdür.
Ümumiyyətlə, əsərdə müəllifin
gəldiyi elmi ümumiləşmə və nəticələr
yeni tarixi mərhələdə, xüsusilə çətin
və mürəkkəb geosiyasi şəraitdə müstəqil
və milli maraqlara əsaslanan Azərbaycanın xarici siyasətinin
prioritetləri ilə bağlı araşdırmaların məzmun
və mahiyyətindən doğur və məntiqidir.
Monoqrafiyada bir sıra siyasi baxışlar, mövqelər və
yanaşmalar dövrün beynəlxalq münasibətlər
sistemi kontekstində nəzərdən keçirilmişdir.
Əsərdə yerli və xarici ölkə alimlərinin tədqiqatlarından
nəzəri-metodoloji əsas kimi istifadə edilmişdir.
Xüsusilə, araşdırılan problemlə bağlı
Ümummilli lider Heydər Əliyevin və Azərbaycan
Prezidenti İlham Əliyevin məruzə və
çıxışları, mətbuat konfranslarındakı
bəyanatları, habelə müxtəlif dillərdə nəşr
edilmiş əsərlər mənbə kimi xüsusi əhəmiyyətə
malikdir.
Elçin ƏHMƏDOV
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
professoru,
siyasi elmlər doktoru
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.8.