Novruz Nəcəfoğlunun hekayələri
“Köhnə komanın işığı”nda
Tanınmış yazıçı Novruz Nəcəfoğlunun
yeni kitabı nəşr olunub. “Köhnə komanın
işığı” adlanan bu kitaba müəllifin
yaradıcılığının ayrı-ayrı dövrlərində
qələmə aldığı 25 hekayə daxildir. Mövzu
və mündəricə baxımından xeyli fərqlənən
bu hekayələr kitabda “Bilinməz dünyanın sirri...”,
“Eşq imiş, hər nə var aləmdə...”, “Ötən
günlər” dəftərindən” və “Zəmanənin
ovqatı” adlı dörd bölmədə təqdim olunur.
Hekayələrdə keçmişə və indiyə,
insana və insanlığa, ailəyə, dostluğa,
halallığa, xeyirxahlığa və digər ülvi
anlayışlara yazıçı münasibətinin ədəbi-bədii
ifadəsi öz əksini tapıb. Eləcə də eşqin
ilahi və bəşəri təzahürlərindən yaranan
duyğu-düşüncələr, yaddaşa həkk olunan
çoxçalarlı təəssüratlar
yazıçı qələmi ilə işığa
çıxarılıb.
Bir qismi bütünlüklə yazıçı təxəyyülünün
məhsulu olan hekayələrlə yanaşı, kitabda
tutarlı səviyyədə gerçək əhvalatlara,
olmuş hadisələrə əsaslanan və bədii-sənədli
nəsr xarakteri daşıyan mətnlər də var.
Kitabda N.Nəcəfoğlunun yaradıcılıq
üslubunu xarakterizə etmək, nasir dəst-xəttini səciyyələndirmək
baxımından önəm daşıyan fikirlərə də
yer verilib. Millət vəkili, filologiya elmləri doktoru Elnarə
Akimova bu mövzuda yazır: “Novruz Nəcəfoğlunun mətnlərinin
dili axıcı və ritmik, təhkiyəsi dinamikdir, buna
görə oxucu ilə asan, səmimi ünsiyyət qurur... Bu əsərlərdə
psixoloji varlıq olan insanın iç dünyası sosial əhatədən
mənəvi-əxlaqi dəyərlərə, fəlsəfi
sıraya qədər ən müxtəlif sıralarda gəzişir.
Təmkinli üslub, lirika, prozaizm, ironiya - Novruz Nəcəfoğlunun
mətnlərində qəti estetik müəyyənliyə
malik ton olaraq bəlirlənir”.
AMEA-nın müxbir üzvü, filologiya elmləri
doktoru, professor Tehran Əlişanoğluya görə isə:
“Novruz Nəcəfoğluimza yaratmağı bacarmış
yazardır... O, illüziyalı yazmır, sadəcə
komplekssiz yazır; qələmində sərbəstdir, hiyləsizdir
və zamanların dialoqunu faktın sükutundan, bunu fiksə
edən bədii sözün təsdiqindən
çıxarır... Babaların, ataların dostluğu,
övladların dostluğu, nəvələrə nümunə
kimi yeri düşdükcə mətnə ötürülən
mental intensiyalar ümumən Novruz Nəcəfoğlu
yaradıcılığına xas ümdəliklərdəndir”.
Kitabın “Bilinməz dünyanın sirri...”
bölümündə N.Nəcəfoğlunun “Bəmbəyaz
keçiddə”, “Əcəlin kölgəsi”, “Kövrək əsintilər”,
“Hikkə”, “Bir ovuc badam”, “Köhnə komanın
işığı”, “Çərçivədəki şəkil”
hekayələri verilib.
“Eşq imiş, hər nə var aləmdə...”
adlı bölümdə “Yalın belində
görüş”, “Sarı ipək şərf”,
“Yağışda dayanacaqdakı qadın”, “Bu, bir eşq hekayəsi”,
“Ovcuma qazıdığım ad” yazıçının hekayələri
sıralanıb.
Müəllifin “Ağayana təbəssümlü
qonaq”, “Yaddaşıma yazılan gün”, “Yadigar köynək”,
“İlk şeirimin şirinliyi”, “Fərhadın “şirin”
şakəri”, “Dünyanın “adamlar”ı, dünyanın itləri”,
“Gəl birlikdə ölək...” hekayələri kitabdakı
“Ötən günlər” dəftərindən”
bölümündədir.
“Zəmanənin ovqatı” adlandırılmış
bölümdə isə yazıçının “Ay sizi, pir
olmuşlar...”, “Dəqiq adam”,”O elin “təmənnasızları”,
“Peşmançılıq”, “Bir görüş - iki
üzüntü”, “Yaxşı qurtardıq” hekayələri təqdim
olunub.
Kitabın tərtibçisi və ədəbi-bədii
redaktoru Seyfəddin Hüseynli, texniki redaktoru Vüsalə
Babayeva, korrektoru Gülzar Səfərovadır.
Tanınmış naşir Elman Qasımovun rəhbərlik
etdiyi “Zərdabi Nəşr”də çap olunmuş kitab
dizayner Azər Aydının texniki tərtibatında
işıq üzü görüb.
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.9.