Tədqiqatçılar
üçün əvəzsiz mənbə
“GÖYTƏPƏ VƏ
GÖYTƏPƏLİLƏR” KİTABI HAQQINDA QEYDLƏR
Şair-publisist Süleyman Əlisanın “Göytəpə və göytəpəlilər”
kitabını vərəqlədikcə yazarın bu
mövzunu əlində tutarqaya çevirərək əslində
Azərbaycan tarixinin bəlli bir hissəsini böyük sevgi və
səmimiyyətlə qələmə aldığının
şahidi oluruq. Onun şəxsi görüşlərindən,
müsahibələrindən əlavə, tarix, etnoqrafiya, ədəbi
nəşrlərdən, bədii qaynaqlardan ibarət 43 mənbədən
yararlanaraq böyük tədqiqat işinin nəticəsi kimi ərsəyə
gətirdiyi kitabda tarixi faktlar və arqumentlər geniş
maarifləndirici ictimai əhəmiyyət daşıyır və
əsəri daha da oxunaqlı edir. Cəlilabad rayonunun inzibati ərazisi,
çar Rusiyası və Sovetlər dönəmində
müxtəlif xalqların, müxtəlif dini məzhəbə
qulluq edən insanların məskunlaşdığı, cənub
bölgəsinin sənaye mərkəzlərindən olaraq
“Prişib” kimi tanınan, əslində qədim “Göytəpə”
yaşayış məskəni və onu şöhrətləndirən
insanlar barədə təfsilatlı bilgilər verən
kitabı tədqiqatçılar üçün əvəzsiz
vəsait də adlandırmaq olar.
Çar Rusiyasının bufer zona hədəfi
Ruslar bu ərazilərə torpaqların onların əbədi
məskənləri olacağı ümidi ilə gətirilmişdilər.
Onların köçünə “ucqarlara
köçürülmə” adı verilsə də, əslində
bu hərəkətlənmənin əsl mahiyyəti
uzunmüddətli müharibədən sonra İrandan
“Gülüstan” və “Türkmənçay” müqavilələri
ilə alınmış ərazilərdə
yaşayanların milli tərkibinin dəyişdirilməsi, gələcəkdə
mümkün milli münaqişə ocaqlarının
yaradılmasına hesablanmış siyasət və xristian məzhəbli
rusların müsəlmanlarla qaynayıb-qarışması nəticəsində
rusların guya daha mütərəqqi xalq kimi bu ərazilərdə
dominantlığına nail olunması idi. Bunun
üçün onların məskunlaşdırıldığı
kənd və qəsəbələrdə o dövrün
imkanları baxımından yaşayış
üçün zəruri olan bütün şəraitləri
yaratmışdılar. Köçürülənlərin mərkəzi
hakimiyyətin agentura şəbəkəsi olması isə
şübhəsiz idi. Necə ki, bu amil özünü bir
sıra inqilabi proseslər və xüsusilə də Azərbaycanın
əksər bölgələrində törədilən
1918-ci il “Mart soyqırımı” günlərində əyani
şəkildə göstərdi...
Öz coğrafiyasının yaşayış və
təsərrüfat subyektləri baxımından xüsusi əhəmiyyətli
yaşayış məskənlərindən olan qədim
Göytəpə də məhz belə ərazilərdən
biri və bəlkə də birincisi idi.
Köçürülmələrin əsas
ağırlığını, cəzasını yerli
müsəlmanlar çəkməli olurdular. Onların
torpaqları əllərindən alınır, özləri
müflisləşdirilərək ruslardan asılı vəziyyətə
salınırdılar. Bəziləri boyun əyib
razılaşır, bəziləri -
diribaşları isə baş götürüb
İrana və ya ölkənin daha sakit digər bölgələrinə
köçüb gedirdilər. Ruslara qarşı müqavimət
hərəkatları yaradanlar kim, yollarda məhv olub
dünyasını dəyişənlər kim, mənzil
başına yetişib nisbətən sakit həyata
qovuşaraq yenidən sıfırdan gün-güzəran
quranlar kim...
Göytəpənin toponimi Türk
dünyasının bir sıra yaşayış məskənləri
ilə həmahəngdir. Bir ucu Cənubi Azərbaycanın Zəncan,
Urmiya, eləcə də Şərqi və Qərbi Azərbaycan
əyalətlərindən başlayan bu toponimin
trayektoriyası Xəzərin o tayına keçib Türkmənistanı
da adlayaraq Özbəkistanın Səmərqənd şəhərinə
qədər uzanır.
“Göytəpə və onun sərhəd-keçid məntəqəsi
kimi inkişafı”
bölümündə tarixi fakt və mənbələrlə
yanaşı, yerli əhali ilə söhbətləri əsasında
insanların görüb-eşitdiklərini onların öz
dilindən oxucularına çatdırır. Müəllif
rusların Göytəpəyə nə zaman köçməsi
barədə bu kəndin yetirməsi olan iqtisad elmləri
üzrə fəlsəfə doktoru Ramiz Əzizovun uzun
müddət Göytəpədə məsul vəzifələrdə
çalışan anası Surə xanım Abıyevanın
görüşünə gəlməsi zamanı bu dövrdə
artıq yerli camaata qaynayıb-qarışan göytəpəli
rusların özlərinin dediklərini ictimailəşdirməklə
aydınlıq gətirib. R.Əzizov deyib ki, o, hələ tələbəlik
illərində bayramlarda, yay tətillərində Göytəpəyə
gələndə anasının rəfiqələri,
işçiləri olan rusların maraqlı söhbətlərinin
şahidi olurmuş. Növbəti belə görüş
yerli məktəbin müəlliməsi Anna Budnikova və
Yevgeniya Malenkina ilə olub. Y.Malenkina söyləyib ki, onun nənəsinin
12 yaşı olanda valideynləri Həştərxan
quberniyasından Göytəpəyə gəlib. Bu
köçürülmə Rusiyada təhkimçilik
hüququnun ləğv edilməsindən sonra baş
veribmiş. O zaman çoxlarına belə təkliflər
olunub. Hətta onlara vədlər verərək Azərbaycana
köçsələr, burda “rekrutçina”dan azad ediləcəkləri,
xüsusi güzəştlər əldə edəcəkləri,
çoxlu torpaq payı alacaqları deyilirmiş. Amma molokanlar
bu ərazilərə həştərxanlılardan əvvəl
gəliblər. O zaman hər tərəf qalın meşələr
olduğundan vəhşi heyvanların qorxusundan bu ərazilərdə
məskunlaşmaq riskli imiş. Onlar iri ağacları
kökündən kəsib taxta daxmalar düzəldirmişlər.
Əvvəllər hətta müxtəlif vaxtlarda buraya
köç etmiş rusların özlərinin arasında belə
ixtilaflar yaransa da, sonralar müxtəlif dinlərə, müxtəlif
məzhəblərə, fərqli konfessiyalara qulluq edən
göytəpəlilər arasında münaqişələr
baş verməyib. Bunlar Surə xanımın digər
qonağı Anna Budnikovanın da dilindən səslənib. O,
söyləyib ki, Göytəpədə molokanlar, müsəlmanlar,
babtistlər, provaslavlar və katoliklər sonrakı illərdə
dinc yaşaya biliblər. Qədim Ərdəbil, Lənkəran,
Salyan, Bakı yollarının üstündə yerləşdiyindən
müstəsna coğrafi mövqeyə malik bu kəndin vaxtilə
“Prişib” adlandırılması isə molokanların istəkləri
nəticəsində mümkün olubmuş...
Göytəpə rusları da ötən əsrin
30-cu illərində repressiyalara məruz qalıb. Təxminən
elə azərbaycanlılar kimi. Onları da sinfi fərqlərinə,
dini inanclarına görə təqib və hətta
sürgün də ediblər. Kənddə fəaliyyət
göstərən Müqəddəs Olqa kilsəsinin
keşişi İoann Qançev ailəsi ilə birlikdə əvvəlcə
Qazaxıstana sürgünə göndərilib, sonra isə
güllələnib...
Kurqanlarda yaşayan tarix...
“Göytəpə və göytəpəlilər”də
qədim tariximiz - kurqanlar barədə də geniş məlumatlar
yer alıb. Bu kurqanların bəzilərində hətta vəfat
edənin hansı təbəqəyə aidliyindən
asılı olaraq onun var-dövləti, nökər-naibi, ailəsi
ilə birgə basdırıldığı faktları da var.
Kurqanlar uzun müddət Azərbaycan və rus
arxeoloqlarının tədqiqat obyekti olmuşdur. Kitabda bununla
yanaşı, Göytəpə diyarının təsərrüfat
əhəmiyyəti də qeyd olunmuş, burada düyü,
taxıl, kartofçuluq, pambıq istehsalı, balıq vətəgələri
üçün həmişə münbit şərait
olduğu da diqqətlərə
çatdırılmışdır.
Məlumdur ki, Göytəpədə SSRİ dönəmində
bir neçə hərbi hissə yerləşdirilib. Ötən
əsrin 80-ci illərinin sonunda ermənilərin azərbaycanlılara
qarşı yürütdüyü mənfur siyasət nəticəsində
xalqımızın etirazları eşidiləndə bu hərbi
hissələrə çoxlu sayda silahlı rus və erməni
hərbçiləri yerləşdirilir. Burada hər hansı
faciənin baş verməsini önləmək
üçün Göytəpə ziyalıları Bəyaz Kərimov,
Nəhməd Əzizov və
başqaları narahatlıqlarını bildirir və
hüquq-mühafizə orqanları qarşısında məsələ
qaldıraraq yuxarı təşkilatları xəbərdar
edirlər. Nəticədə baş verə biləcək
qanlı hadisələrin qarşısı alınır.
Özünə qayıdan - məscidli Göytəpə
Qeyd etdiyimiz kimi, “Göytəpə və göytəpəlilər”də
bu diyarda ərsəyə gəlmiş xeyli sayda azərbaycanlı
ziyalılar barədə də müfəssəl məlumatlar
verilib. Artıq 1967-ci ildən şəhər statusu alan
Göytəpədə 1990-cı illərdə Prişib şəhər
sovetinin sədri Bəyaz Kərimovun təşəbbüsü,
şəhər icraiyyə komitəsinin köməkliyi ilə
ikiqülləli, ikimərtəbəli məscidin
inşasına nail olunub. Bununla da Göytəpə sakinləri
rahat şəkildə öz ibadətlərini yerinə yetirməyə
başlayıblar. Elə bu illərdə xeyriyyə fondu da
yaradılaraq əvvəlcə Qarabağ savaşına, sonra
isə şəhid ailələrinə, imkansız və tənha
yaşayan qocalara, qaçqınlara, əlillərə və
digər ehtiyacı olanlara yardımlar edilib. Bəyaz müəllim
həmçinin “Göytəpə tarix-diyarşünaslıq
muzeyi”nin yaradılmasının da təşəbbüskarı
olub.
Nəhməd müəllimin məktəbi
Kitabda Göytəpə şəhər 2 saylı orta
məktəbinə düz 37 il rəhbərlik etmiş,
tanınmış pedaqoq, “Maarif əlaçısı” Nəhməd
müəllim Əzizovdan da söhbət açılır.
Müəllif adıçəkilən təhsil
ocağının birmənalı olaraq “Nəhməd müəllimin
məktəbi” adlandırılmasının səbəbini həmin
məktəbin ölkənin qabaqcıl təhsil ocaqları
sırasında yer alması ilə əlaqələndirir, N.Əzizovun
dərin pedaqoji və ictimai fəaliyyətindən söz
açır.
Məlum olur ki, N.Əzizov ölkə boyu
savadsızlığın ləğv olunmasına dəstək
verənlərin sırasında 1 sentyabr 1950-ci ildə rayonun
Şıxlar kəndində ibtidai sinif müəllimi kimi fəaliyyətə
başlayır. Uzaq yolu pay-piyada gedib-gələn gənc
müəllim bütün çətinliklərə sinə
gərir. Lakin o, daha yüksək - ali təhsil almaq və
tarix ixtisasına yiyələnmək üçün işləyə-işləyə
Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indi ADPU) Tarix
fakultəsinin qiyabi şöbəsinə qəbul olunur.
Sonrakı fəaliyyəti dövründə isə müəllim
işlədiyi və rəhbərlik etdiyi məktəbin
şagirdlərinə təkcə təhsil verməklə
kifayətlənməyib, onların daha dərin savada, geniş
dünyagörüşünə, sərhədsiz intellektual
potensiala sahiblənmələri üçün mütəmadi
olaraq məktəbdə ölkənin tanınmış
ziyalıları, şair və yazıçıları ilə
görüşlər təşkil edib. Nəhməd müəllimin
digər xüsusiyyətlərini də qeyd edən müəllif
onun rus zabitlərinin uşaqlarına Azərbaycan ədəbiyyatı,
tarixi barədə məlumatlar verdiyini, bunları
reallaşdırmaq məqsədilə çeşidli tədbirlər
təşkil etdiyini yazır. Sonra N.Əzizovun ailəsində
boya-başa çatan övladları haqqında da məlumatlar
verərək onların da ölkəmizin ictimai-siyasi həyatında
müstəsna xidmətlərini vurğulayır, məsul
dövlət vəzifələrində çalışan
övladları Fikrət və mərhum Ramiz
Əzizovların, Respublikanın Əməkdar müəllimi,
həmçinin Tərəqqi medalı ilə təltif
edilmiş Elmira Abbasovanın, Əməkdar müəllim Oqtay
Əzizovun və başqalarının timsalında məşhur
“ot kökü üstə bitər” misalı ilə fikirlərini
ümumiləşdirir.
44 günlük Vətən müharibəsi salnaməmizdə
Göytəpənin yeri
Kitabda İkinci Dünya savaşında, eləcə də
Qarabağ müharibəsində döyüşən və
şəhid olan göytəpəlilər haqqında məlumatlara
da geniş yer verilir. Qeyd edilir ki, erməni təcavüzkarları
ilə Vətən müharibəsinin birinci dönəmində
döyüşlərdə 16 nəfər Göytəpə
sakini qəhrəmancasına şəhid olub. Onlardan Vüqar
Mirəzbər oğlu Mürsəlov Azərbaycanın Milli Qəhrəmanı
adına, Oqtay Eynullayev isə “Azərbaycan Bayrağı”
ordeninə layiq görülüb. Şəhərdəki bir
sıra küçələr şəhidlərin adına
verilərək onların xatirələri əbədiləşdirilib.
Azərbaycanlıların həyat salnaməsində
spesifik yeri olan hələlik sonuncu parlaq səhifə - 44
günlük Vətən müharibəsinin Zəfər
sevincinə göytəpəlilərin də xüsusi töhfəsi
olub. Belə ki, savaşda 13 şəhid verən Göytəpənin
100-ə yaxın qazisi də var. Tarixi ardıcıllıqla
unudulmayan qəhrəmanlıq nümunələrinin təbliğinin
nəticəsidir ki, şəhidlərin 10 nəfəri Birinci
Qarabağ müharibəsinin şəhidi, Azərbaycanın
Milli Qəhrəmanı Vüqar Mürsəlov adına 1
saylı tam orta məktəbin məzunları Rəşad
Abdullayev, Tofiq Əmirli, Mirlətif Ağayev, Vüsal Cəfərov,
Şəhriyar Əsgərov, Elmir Məmmədov, Namiq Həsənov,
Murad Səlifov, Elçin İsmayılov, Muxtar Babayevdir. Digər
3 nəfəri isə şəhid Vasif Hüseynov adına 2
saylı tam orta məktəbin məzunları Vüqar
İbadov, Əlikram Xanışov və Ümid Qasımzadədir.
Onlardan Rəşad Arif oğlu Abdullayev Vətən Müharibəsi
Qəhrəmanı fəxri adına, digər şəhidlərimiz
isə bir sıra adlı medallara layiq görülüblər.
Nəzirməmməd ZÖHRABLI
525-ci qəzet .- 2025.- 16 iyul(¹122).-S.14.