Əgər o
doğulmasaydı...
Aydın Quliyevin 65
yaşına
Eşidəndə ki, Aydın Quliyevin 65 yaşı
tamam olur, əvvəlcə çox təəccübləndim.
Axı o, mənim gözümdə, qəlbimdə hələ
də mübariz, alovlu, eyni zamanda da sərrast, fikirlərini
ölçülü-biçili, lakin çox orijinal şəkildə
səsləndirən bir gənc olaraq qalır. Zarafatla deyirəm
ki, bəlkə səhv edirlər, heç onun 65 yaşı
tamam olmur, doğum şəhadətnaməsinə
yaxşı baxmaq lazımdır...
Aydın Quliyev xalqımızın elə bir dəyəridir
ki, onu sözlə ifadə etmək, çatdırmaq çox
çətindir. Bircə onu demək kifayətdir ki, əgər
Aydın Quliyev doğulmasaydı, çağdaş
ziyalılığımız, ictimai-siyasi, fəlsəfi
fikrimizdə onun kimi birinin yeri mütləq görsənərdi.
Hər ziyalı özündə böyük bir işıq
yaşadır və o işıqdan minlər, milyonlar
qidalanır.
Aydın Quliyevi şəxsən tanıyana qədər
onun çıxışlarını ardıcıl olaraq izləmişəm
və onun orijinal fikirlərini, məsələlərə fərqli
yanaşmalarını məmnunluqla dinləmişəm.
İstənilən milli və beynəlxalq məsələlərə
münasibətində onun tamamilə fərqli
yanaşmalarını, heç kəsin demədiyi,
ağlının ucundan belə keçirmədiyi fikirlərini
eşitmişəm. Aydın müəllim hər
çıxışında cəmiyyətə ən yeni, ən
təzə ideyalar verib, özü də bu ideyalar dövlətçiliyimizin,
xalqımızın mənafelərinin qorunması
baxımından çox faydalı olub. Ümumiyyətlə,
Aydın Quliyev faydalı ziyalıdır. O, təkcə
peşəkar baş redaktor deyil, həm də görkəmli
ictimai-xadim, məktəb yaratmış ziyalıdır.
Ziyalılığın “dizinin titrədiyi” dövrlərdə
meydana çıxan və öz düşüncəsi, təfəkkürü,
maraqlı, orijinal yanaşmaları, münasibətləri ilə
bu aləmə xüsusi rəng qatan Aydın müəllimi
dinlədikcə, fikirləşmişəm ki, bu adam nə
üçün indiyə qədər layiqli haqqını
almayıb? Yubiley ərəfəsində Aydın müəllimlə
bağlı bir fikri ilk dəfədir bu yazıda bildirmək
istəyirəm. Yeri düşdüyü üçün deməyə
bilmirəm.
2018-ci ilin 21 martında Azərbaycan Televiziyasında
Novruz bayramı ilə bağlı onunla eyni verilişin
çəkilişində idik. Söhbətin mövzusu Novruz
bayramının dövlətçilik fəlsəfəsinə
həsr edilmişdi. İnanın, Aydın müəllim həmin
verilişdə üç cümlə ilə Novruz bayramı
ilə dövlətçilik fəlsəfəsinin
bağlılığını elə izah etdi ki, məəttəl
qaldım. Çəkiliş bitəndən sonra
özümü saxlaya bilməyib Aydın müəllimə
yaxınlaşdım, fikirlərini, təhlilini,
yanaşmasını çox mükəmməl qiymətləndirdiyimi
bildirdim. Birdən qəfil ağlıma gəldi ki, bu cür zəka,
dərin analitik təfəkkür sahibi, gözəl təhlil
bacarığına malik olan Aydın müəllim görəsən,
dövlət təltifləri, mükafatları alıbmı
(amma həmişə onu Əməkdar jurnalist bilmişəm)?
Mən ondan soruşdum ki, Aydın müəllim, yəqin sizin
yüksək dövlət təltifləriniz var, ən
azından, Əməkdar jurnalist fəxri adı
almısınız. “Xeyr” cavabı verdi və əlavə etdi
ki, mən həmişə öz faydalı missiyam haqqında
düşünmüşəm, nə fəxri ada, nə də
şan-şöhrətə can atmışam.
Aydın müəllimin əbədi sənət əsəri
olan “Bakı-Xəbər” qəzeti haqqında da ayrıca
fikirlərimi bildirməyi özümə borc bilirəm.
“Bakı-Xəbər” mən də daxil olmaqla ölkə
ziyalılarının, alimlərinin həm yaxından əməkdaşlıq
etdiyi, tez-tez fikir və rəylərini bildirdiyi, həm də
mütəmadi oxuduğu qəzetdir. Bu gün “Bakı-Xəbər”
həm elektron variantda çıxır, həm də qəzetin
bazasında “Bakı-Xəbər” TV yaradılıb. Bundan başqa,
qəzetin yenilənən məzmunda və formatda
çıxması da Aydın Quliyevin və onun peşəkar,
cəfakeş kollektivinin zəhmətinin bəhrəsidir.
Aydın Quliyevin rəhbərlik etdiyi “Bakı-Xəbər”
qəzeti Azərbaycan Aşıqlar Birliyinə hər zaman dəstək
olur, aşıq sənətinin təbliğində çox
mühüm rol oynayır. Bu baxımdan, aşıq sənətinin
kütləvi təbliğində “Bakı-Xəbər”in xidmətləri
xüsusi vurğulanmalıdır.
Aydın müəllimi 65 illik yubileyi münasibətilə
təbrik edirəm, ona möhkəm cansağlığı, fəaliyyətində
uğurlar arzulayıram!
Məhərrəm QASIMLI
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar
elm xadimi, professor
525-ci qəzet .- 2025.- 16 iyul(¹122).-S.11.