“Sonun əvvəli”
“Bir rəsmin dedikləri” rubrikasının budəfəki
qonağı sənətşünas, Sumqayıt Dövlət
Universiteti nəzdində Sumqayıt Dövlət Texniki
Kollecinin müəllimi Əfsanə Xəlilovadır. Onunla
Xalq rəssamı Ağəli İbrahimovun “Sonun əvvəli”
əsərindən danışmışıq.
Ağəli Müsəllim oğlu İbrahimov 6 fevral
1946-cı ildə Bakı şəhərində anadan olub.
1960-1966-cı illərdə Əzim Əzimzadə adına
Dövlət Rəssamlıq Məktəbində,
1969-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunda təhsil
alıb. 1966-cı ildən etibarən yerli və beynəlxalq
sərgilərdə iştirak edib. Rəsmləri Rusiya,
Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük
Britaniya, Suriya, Bolqarıstan və daha bir çox ölkələrdə
nümayiş etdirilib. O, Azərbaycan Rəssamlar
İttifaqının katibi vəzifəsində
çalışıb, həmçinin “Xalq rəssamı” fəxri
adına layiq görülüb.
Ağəli İbrahimov peşəkar şəkildə
portret, peyzaj, natürmort və tematik kompozisiyalar işləyir.
Rəssam tablo əsərlərində tez-tez Azərbaycan kəndlərinin,
şəhər küçələrinin mənzərələri,
milli kənd həyatı təsvir edir. Rəssamın folklor
motivlərində əsərlərinə nümunə olaraq,
“Novruz”, “Toy”, “Nar dənəsi”, “Nar şirəsi”,
“Çıraq ilə natürmort”, “Qoç
döyüşü”, “Qarabağ çobanları”nın
adını qeyd edə bilərik. Daha fəlsəfi və
simvolik kompozisiyalar: “Əbədiyyət”, “Oyanma”, “Sonun
başlanğıcı”, “Ruhun vəhdəti” və s. həyat,
ruh, həqiqət kimi mövzuları əhatə edir.
- “Sonun əvvəli” Ağəli İbrahimov
yaradıcılığının hansı dövrünə
təsadüf edir?
- Bu rəsm 1990-cı illərin sonlarında çəkilib.
Bu dövr də rəssamın dini-fəlsəfi mövzulara
artan marağı ilə xarakterizə olunur. “Sonun əvvəli”
rəssamın ən metafizik, düşüncəyə
yönəlmiş və transsendental əsəridir. Digər
işləri isə daha çox torpağa, insana, həyatın
özünə bağlıdır. Bu mənada “Sonun əvvəli”ni
səmaya baxan, digərlərini isə yerə köklənən
kimi mənalandıra bilərik.
- Əsərin kompozisiyası necədir?
- Tablo fəlsəfi-dini motivlər daşıyır:
həyat-ölüm, xeyir-şər və işıq-zülmət
qarşılaşması. Əsərin mərkəzində
nurdan xəlq edilmiş mifik obraz (mələklərə bənzəyən)
yer alır və ətrafında qanadlı mələklər
var. Üst hissədə tunel - “ölüm sonrası
işıq” anlayışını ifadə edən simvoldan
istifadə olunub. İnsan fiqurları - əlləri
açıq dua edən və imdad diləyən surətlər
- bağışlanma, mənəvi-ruhani səy və inam
yolunu əks etdirir.
- Bəs rəng həlli haqqında nə deyə bilərsiniz?
- Kolorit əsasən soyuq göy və ağ
tonlarına əsaslanır - bu rənglər ilahi sükunət
və mənəvi rahatlığı
simvollaşdırır. Tablo kənarlarında tünd qəhvəyi
rəng əlavəsi ilə kontrast artırılıb, mərkəzdəki
işıq səhnəsinin vizual dərinliyi gücləndirilib.
- Ağəli İbrahimov
yaradıcılığında rəng həlli və
kompozisiya necə bütövləşir?
- Rəssamın yaradıcılığında rəng
duyumu ilə kompozisiya tarazlığı daim diqqət çəkir.
Hər əsər həm sakit poetik ab-havaya, həm də motivə
görə emosional dinamizmə malikdir. Ağəli müəllimin
üslubunda “mühafizəkarlıq” - yəni milli təsviri sənətin
klassik prinsiplərinə bağlılıq əsas yer tutur.
Ancaq buna rəğmən, o, klassikanı müasir
yanaşmalarla təzələməyi bacarıb.
- Tablo hazırda harada saxlanılır?
- Rəssamın fəlsəfi-dini mövzulu əsərləri
əsasən iri formatda olur. Bu əsər də həmçinin.
“Sonun əvvəli” monumental ab-havalı, çoxfiqurlu
kompozisiyaya malikdir. Hazırda əsər rəssamın öz
emalatxanasında saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsərin adı ilə özü arasında
möhkəm bağ var. “Sonun əvvəli” - yəni bitişlər,
əslində, yeni başlanğıclardır. Mərkəzdəki
nur içindəki şəffaf fiqur ruhun bu dünyanı tərk
edib nurani aləmə keçidini simvolizə edir. Bu
keçid fiziki dünyanın sonu, mənəvi həyatın
başlanğıcıdır. Əsər bizə deyir:
“Ölüm bir qapanış deyil. O, bir qapıdır. Hara
açılmasını isə sən öz əməlinlə
müəyyən edirsən”. “Sonun əvvəli” əsəri
bizə deyir ki, həyat keçicidir, davamlı olan yalnız
ruhdur. Həyat boyu etdiklərin, düşündüklərin,
duan, sevgin, əfvin və inamın səni nura doğru
aparacaq. Əgər “son” gəlirsə, qorxma, bu, yeni bir
başlanğıcın qapısı ola bilər. Sadəcə,
qapını necə döydüyünə bax.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 16 iyul(¹122).-S.9.