"Əridi, qalmadı
dağların qarı..."
GÖRKƏMLİ SƏNƏTŞÜNAS,
ƏZİZ DOSTUM ZİYADXAN ƏLİYEVİN
XATİRƏSİNƏ DƏRİN EHTİRAMLA
Gəncliyimin ən qaynar illərində
rastlaşdığım, sonralar ən əziz adamım kimi
bağrıma basdığım, övladlarımın hər
zaman ağızdolusu "Əmi" dedikləri bir insan
vardı - Ziyadxan Əliyev...
Bakı Dövlət Universitetini bitirib, Şamaxıda
çıxan "Yeni Şirvan" qəzetində işləyirdim.
O illər Şamaxının qaynar çağları idi. Onda
Ziyadxan müəllim orta məktəbdə təsviri sənətdən
dərs deyirdi. Eyni zamanda Leninqraddakı Repin adına Rəssamlıq
Akademiyasında qiyabi təhsil alırdı. Bir il olardı ki,
ailə qurmuşdu. Tez-tez redaksiyaya gəlir,
Şamaxının memarlıq abidələri, sənət və
söz adamları, el sənətkarları haqqında
maraqlı yazılar gətirirdi. Bu səpkili yazıları
arabir "Ədəbiyyat və incəsənət" qəzetində
çap olunurdu. Onun yazıları maraqla oxunurdu. Ziyadxanla
söhbətim tuturdu. Bəzən saatlarla mənim iş
otağımda müxtəlif mövzularda söhbət edirdik.
Bir gün dedi ki, sabah Kəlbəcərə,
İstisuya gedirəm... Təxminən 20 gün sonra
İstisudan qayıtdı və səhəri gün redaksiyaya
gəldi. Dedi ki, Aşıq Şəmşirdən müsahibə
almışam, söhbətin lent yazısını da gətirmişəm....
Sən demə, orada o vaxtkı maqnitofonların birini kimdənsə
xahiş-minnətlə alıb və onu bir atın
üstünə qoyaraq aşığın
görüşünə gedib. Məncə, söhbətin tam
mətni respublika qəzetlərindən hansındasa çap
olundu.
Bir gün sevincək halda yanıma gəlib dedi ki, məni
Maarif Nazirliyinin Uşaqların Estetik Tərbiyəsi üzrə
Metodik Mərkəzinə işə dəvət edirlər.
Tezliklə Ziyadxan ailəsi ilə Bakıya köçdü.
Onun sənət yolunda ən uğurlu addımları bundan
sonra başladı. Sonra Xalq rəssamı Kazım Kazımzadə
onu Azərbaycan Dövlət İncəsənət Muzeyinə
işə dəvət etdi. İki il sonra mən də
Bakıya üz tutdum.
Ziyadxan o il Sankt-Peterburqda Rəssamlıq
Akademiyasını bitirdi və macar hekəltaraşı
İştvan Kişin yaradıcılığı barədə
yazdığı diplom işi "əla" qiymətləndirildi.
Həmin vaxtlarda Ziyadxan ardıcıl olaraq respublika mətbuatında
yazılarla çıxış edirdi. Nəinki sovet
respublikalarında, eləcə də xarici ölkələrdə
nəşr edilən dərgilərdə elmi-publisistik məqalələri
çap olunurdu.
lll
Biz arabir ailəliklə Buzovnaya gedirdik. Onların həyətində
uşaqlarımız - Səttar, Nicat, Könül, Aytac, Aysel
bir-birinə qoşulub gizlənpaç, qaçdı-tutdu
oynayırdılar. Daha sonra Xəzərin sahili boyu narın
qumluqlarda ayaqyalın gəzib dolanır, dənizin ürək
rahatlayan havasını udurduq.
Mən tez-tez uşaqlarımla İncəsənət
Muzeyinə gedirdim. Hər yeni sərgi olanda Ziyadxan mənə
zəng edirdi. O sərgilərə həvəslə tamaşa
edirdim. "Əzizim Vətən yaxşı..." adlı sərgini
isə heç unuda bilmirəm.
Gərək ki, 1989-cu ilin yayı, belə demək
olarsa, Sovetin laxlayan vaxtıydı. Qorbaçovun saxta
"perestroyka"sından bəhrələnən ermənilər
bizimlə açıq torpaq davasına
başlamışdılar. Nankor qonşularımız silah
gücünə soydaşlarımızı doğma
yurdlarından qovub çıxarırdılar.Ziyadxanın təşəbbüsü
və təşkilatçılığı ilə İncəsənət
Muzeyində respublikamızda ilk dəfə olaraq xarici ölkələrdə
yaşayan azərbaycanlı rəssamların əsərlərindən
ibarət sərgi təşkil olunmuşdu. Sərgiyə
münasibət birmənalı deyildi. Muzey rəhbərliyi, eləcə
də Ziyadxan yuxarıların bu işə mənfi
yanaşacağından qorxurdu. Ziyadxan sərgi
üçün gözəl kataloq
hazırlamışdı.Sərgiyə bir neçə saat
qalmış muzeyin həyəti, bir neçə zalı
tamaşaçılarla dolmuşdu. amı Ziyadxanı təbrik
edirdi. Sərgi haqqında mətbuatda çoxsaylı
yazılar getmişdi.Mən də bu xeyirxah sərgi ilə
bağlı "Bakı" qəzetinə geniş yazı
yazdım. Həmin sərgidən aldığım kövrək
təəssürat ürəyimdə indi də şirin xatirə
kimi yaşayır. Bu xatirəyə görə dostuma minnətdaram.
Ziyadxan Rəssamlıq Texnikumunda Səttar müəllimin
ən sevimli tələbələrindən olub. Həmişə
bu qənaətdə olmuşam ki, Ziyadxan fırçanı qələmə
qurban verib. İllər ötdükcə o, Azərbaycan sənətşünaslığının
ən aktual problemlərindən yazmağı bir mənəvi
borc kimi çiyninə götürdü. Onun
yazdığı elmi-publisistik araşdırma yazıları
bir yerə toplansa, ən azı on cildlik kitab yaranar. Bu kitablar
ömrünün böyük hissəsini sənətə
vermiş dostumun narahat günlərinin və yuxusuz gecələrinin
bəhrəsidir.O, uzun illər, pedaqoji fəaliyyətlə də
məşğul olub. 2006-cı ildə Əməkdar incəsənət
xadimi fəxri adına layiq görülüb. Ziyadxan Əliyev
Azərbaycan mədəniyyətinə həmişə
vicdanla xidmət edib, hər bir işdə haqqın,
haqlının tərəfində durub.
O, canlı sənət ensiklopediyası idi... Yorulmaq
bilmədən işləyir, daim harasa tələsirdi. İllərlə
unudulmuş sənət adamlarını axtarıb tapır,
müəllifi mübahisəli qiymətli əsərləri tədqiq
edir, onları bizlərə yenidən tanıdırdı.
İnamla deyə bilərəm ki, yaxşı bilmədiyi
mövzu, yaradıcılığına hərtərəfli bələd
olmadığı fırça və tişə ustası,
xalq sənətkarı haqqında yazmazdı.
Qısaca deyim ki, Ziyadxan müəllim ildə ən
azı yeddi-səkkiz dəfə bölgələrimizə sənət
və sənətçi axtarışlarına
çıxırdı. Getdiyi şəhərlərdə olan
ali və orta təhsil ocaqlarında mühazirələr
oxuyur, yerli rəssam və xalq sənətkarları ilə
görüşürdü. Bu səfərlər həm onun
yaradıcılığını zənginləşdirir, həm
də dostlarının sayını artırırdı. Gənc
istedadların üzə çıxarılmasına xüsusi
fikir verirdi. Azərbaycan Televiziyasında təsviri sənətlə
bağlı aparıcısı olduğu veriliş
istedadlı məktəblilər tərəfindən
böyük diqqətlə izlənirdi. Müxtəlif səpgili
sərgilərdə çıxışları daim
alqışlanırdı. Çünki Ziyadxan Əliyev təsviri
sənətdə cərəyanları, üslubları
çox yaxşı bilirdi və özü də gözəl
rəssam idi.
lll
Son illərdə onu çox yorğun
görürdüm. Bununla belə, daim hərəkətdə,
axtarışda idi. Bəzən gəzə-gəzə
Filarmoniya bağından keçib, sahil parkına
düşürdük. Məndən böyük olsa da, onu
"danlayır", deyirdim: "Ziyad, az işlə, istirahət
elə, sanatoriyaya, səfərlərə get..." Deyirdi ki, əlimdə
iki-üç kitab var, gərək onları tez qurtarım.
Qırxa yaxın kitabı nəşr olunmuşdu, özü
də necə qiymətli əsərlər - "Sənətin
Məcnunu" (2009), "Günahlı dünyanın
günahsız adamı" və yaxud "Səttar Bəhlulzadə
romantizmi" (2014), "Naməlum Səttar" (2006), "Tənha
döyüşçü" (Zakir Hüseynov, 2011),
"Cizgilərə hopan ömür" (Cəmil Müfidzadə,
2011), "Azərbaycan rəqs geyimləri" (2010), "Altay
Hacıyev" (E.Qasımova ilə birlikdə, 2011), "Azərbaycan
incəsənəti ensiklopediyası" (A.Xəlilovla birlikdə)
I-II-III cildlər (2011), "Boyalı gülüşlər"
(2014), "Sabir təsviri sənətdə" (2012), "Fəxrəddin
Məmmədvəliyev" (2012), "İlmələrin hikməti"
(2013), "Cizgilərin hikməti", "Rənglərin
simfoniyası" (2020), "Səttar Bəhlulzadə"
(2019), "XX əsr Azərbaycan heykəltaraşlığının
inkişaf mərhələsi" (2016), "M.M.Nəvvabın
rənglər aləmi" (1996), "Bəhruz bəy Kəngərli
taleyi" (N.Alıyevlə birlikdə, 2016), "Nəsimi
dünyası rənglərin işığında"
(2019), "Gennadi Brijatyuk və onun mənəvi dəyərlər
dünyası" (2020) və s.
O, müxtəlif elmi-nəzəri konfransların iştirakçısı
və məruzəçisi olub, ölkəmizin sərhədlərindən
çox-çox uzaqlarda təşkil olunan rəssamlıq sərgilərinin
təşkilində yaxından iştirak edib.
Alim kimi 20-dən monoqrafiyanın, 600-dən çox
elmi məqalənin müəllifidir. Həmin məqalələr
həm Azərbaycanda, həm də xarici dövlətlərin
nüfuzlu jurnallarında dərc olunub.
İnanıram ki, "Əzimzadə məktəbi"nin
100 illiyinə həsr etdiyi "İstedadlar
ocağı"nı oxuyanlar bu fikri təsdiq edərlər
ki, bir redaksiya iki ilə həmin kitabı yazıb ortaya qoya
bilməz, amma o, bunu bir neçə ayda bacarmışdı
(Kitab haqqında "Xalq qəzeti"ndə ürək
sözlərimi yazmışdım, yazıya görə mənə
təşəkkür eləmişdi və çox
sevinmişdim).lll
Alti nəfər idik: Rəssamlıq
Akademiyasının professoru Ziyadxan Əliyev, dosent Samir
Sadıqov, qəzet redaktorları, jurnalist həmkarlarım -
İlqar Hüseynov, İlham Quliyev, Natiq Muxtarlı və mən
- köhnə qəzetçi Səməd Məlikzadə. Bizi
həyat üz-üzə gətirmişdi.
Ağsaqqalımız Ziyadxan müəllim idi. Təxminən
ayda bir dəfə Bakıdan çıxıb, hansı
bölgəyəsə üz tuturduq. Bu səfərlərdə
məmləkətin tarixi yerlərini gəzir, insanlarla
görüşür, görkəmli adamların qəbirlərini
ziyarət edir, rayon muzeylərinə gedir və təbiətin
qoynunda müxtəlif mövzularda söhbətlər edirdik. Səfərlərdə
həm də Vətənin hər hansı bölgəsi barədə
yeni məlumatlar alır, təzə dostlar qazanırdıq.
Ziyadxan müəllimin sənət adamlarının həyatından
bəhs edən söhbətləri keyfimizi daha da duruldurdu.
Onların bəzisi Ziyadxan müəllimin oxucular tərəfindən
böyük rəğbətlə qarşılanan və
sürətlə satılan "Boyalı gülüşlər"
kitabında var. Amma eləsi də var ki, heç yazıya,
kitaba düşməyib. Əlavə edim ki, Masallı,
Sabirabad, Şamaxı, Ağsu və İsmayıllı
rayonlarına səfərlərimiz haqda yazmışam, bəziləri
qəzetlərdə də çıxıb: "Markdan
incimişəm", "7 mart - Sabirlər günü").
Elə ki, başımız işə-gücə
qarışır, görüş-səfərin vaxtı
uzanırdı, Ziyad zəng edib zarafatla deyirdi ki, dostlar, əridi,
qalmadı dağların qarı... Bu, bizim üçün
bir çağırış idi (Dinləyənlər bilir,
bu misra bir türkünün sözlərindəndi. Mən həmin
misranı eşidən kimi xəyalımda o türkünü
sanki yenidən dinləyirdim:
Əridi, qalmadı dağların qarı.
Çox zaman dolaşdım səhranı,
bağı.
Dəruni könüldən sevərdim yarı,
O da məni sevərmi, görən?!
Ziyadxan bu türkünü çox sevirdi. Amma mənə
sirr kimi qalan bu idi ki, görən onu bu sızıltılı
oxumaya bağlayan nə idi? Bəlkə bunun bir tarixçəsi
vardı və hər dəfə məlum misranı təkrarladıqca
o olayı yenidən yaşayırdı?
lll
Ziyad xəstə yatdığı günlərin birində
onun yanında oturmuşdum. Ağappaq saçlarına, son
aylarda daha da arıqlamış üzünə
baxırdım. O, yuxu görürmüş kimi bəzən
özü-özünə danışırdı. Arabir də
gözlərini açmadan su istəyirdi. Amma sudan bir-iki qurtum
içirdi. Birdən gözlərini açıb dedi ki, Səməd,
ürəyim qar istəyir, dağ qarı! Onun bu sözləri
məni kövrəltdi. Mən yavaşca: "Əridi,
qalmadı dağların qarı..." misrasını
söylədim. Gülümsünən kimi oldu. Sonra dedi ki,
"dondurma varsa, verin yeyim..." Böyük qızı
Könül: "Yaxşı, ata, beş dəqiqəyə
alıb gəlirəm...", - deyib getdi və tezliklə
qayıtdı...
lll
Mən bu qənaətdəyəm ki, Ziyadxan müəllimin
yaradıcılığı Azərbaycan sənətşünaslığında
zəngin bir mərhələdir. Lakin o, zəhməti qədərincə
qiymətləndirməyən alimdir. Onun əsərləri
yenidən nəşr olunmalıdır. Rəssamlar
İttifaqı ilə Rəssamlıq Akademiyası sənətşünaslıq
sahəsində "Ziyadxan Əliyev mükafatı"nı
təsis etsələr, çox gözəl olar. Bu, həm də
fədakar alimin ruhunu sevindirər.
lll
Bir müddət əvvəl Bakıdan kəndə
qayıdırdım. Şamaxını keçəndən
sonra yolboyu gözəl mənzərələrə
baxdıqca doymurdum. Dağların sinəsi xalı kimi bəzənmişdi.
Yadıma dostumuzun çox sevdiyi "Əridi, qalmadı
dağların qarı..." misrası düşdü,
öz-özümə dedim: "Sənsiz o dağlara necə
gedək, əziz dost?!"
Səməd MƏLİKZADƏ
525-ci qəzet .- 2025.- 17 iyul(№123).-S.14.