Kuklaların öyrətdiyi dostluq
KUKLA TEATRI 93-cü MÖVSÜMƏ YEKUN VURDU
"Bir insanın təkcə teatra deyil, ümumilikdə
mədəniyyətə, incəsənətə olan
marağının, sevgisinin təməlində Kukla Teatrı
dayanır" - desəm, qətiyyən mübaliğə
olmaz. Kukla Teatrı uşaq tamaşalarının
oynanıldığı yerdən daha yüksək, daha
böyük məfhumdur. O, bəzən düşüncələrimizin,
həyata, insanlara baxışımızın, milli-mənəvi
duyğularımızın formalaşdığı fövqəladə
bir məkandır. Fikrimcə, valideynin öz övladına,
eləcə də yaşadığı cəmiyyətə
edəcəyi ən böyük yaxşılıqlardan biri də
övladını ta körpə yaşlarından Kukla
Teatrı ilə tanış etmək, onu teatrın daimi
tamaşaçısına çevirə bilməkdir.
Bu baxımdan biz özümüzü şanslı
hesab edə bilərik. Çünki bizim, Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrı kimi,
uşaqlığımızın ən gözəl xatirəsi,
gəncliyimizin dostu olan teatrımız var. O teatr ki, bir əsrə
yaxındır, şərəflə, ləyaqətlə incəsənətimizə
xidmət etməkdədir.
Kukla Teatrında oynanılan tamaşalar, keçirilən
premyeralar haqqında çox yazmışıq, rəhbərliyindən
aktyorlarına qədər bir çox əməkdaşı
ilə müsahibələr etmişik. Bu dəfə isə
ümumilikdə teatrın özündən
danışmaqdır məqsədimiz. Axı "Sezarın
haqqını Sezara vermək lazımdır" deyiblər.
Azərbaycan Dövlət Kukla Teatrı bu günlərdə
93-cü mövsümünə yekun vurdu. Bu münasibətlə
keçirilən tədbirdə gördüklərimiz, dinlədiklərimiz
belə bir yazıya təkan verdi. İlk növbədə,
bir jurnalist kimi deməliyəm ki, Kukla Teatrı mətbuatla ən
sıx işləyən və mətbuat nümayəndələrini
özünə dost seçən mədəniyyət
ocaqlarımızdan biridir. Yəqin onun mətbuat nümayəndələri
üçün təsis etdiyi ənənəvi mükafata
"Teatrın dostu" adını verməsi də elə bu
səbəbdəndir. Yeri gəlmişkən, artıq uzun illərdir
ki, hər mövsümün sonunda bir mədəniyyət
yazarı kimi "Kukla Teatrının dostu" seçilməyimin
sevinci və qüruru içərisindəyəm bu günlərdə.
Qayıdaq mövsümün bağlanış mərasiminə...
Tədbirdə deputatlar - Milli Məclisin Mədəniyyət
Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Jalə
Əliyeva, Elnarə Akimova, eləcə də Mədəniyyət
Nazirliyinin təmsilçiləri, Meksikanın Azərbaycandakı
səfiri xanım Viktoriya Romero, Azərbaycan Teatr Xadimləri
İttifaqının sədr müavini, Xalq artisti İlham
Namiq Kamal, digər mədəniyyət və incəsənət
xadimləri iştirak edirdilər.
Çıxışlardan öncə göstərilən
videoçarxda teatrın 93-cü mövsümünə
ümumi nəzər salmaq rəhbərliyin və kollektivin necə
çalışqan, fədakar, sənət sevgisi ilə dolu
olduqlarını bir daha sübut etdi. Bir mövsümdə 7
yeni səhnə əsəri ("Nənəmin aş
qazanı", "Şaxta baba haradadır?", "Yalquzaq",
"Bir dəfə Şamaxı xanlığında",
"Leylək və Müqəvva", "Sirli
dolça" və "İnnab ağacı"), onlarla
festival, qastrol, bir-birindən maraqlı layihələr, önəmli
əməkdaşlıqlar gərgin əməyin, yorulmaz fəaliyyətin
və tükənməz sənət eşqinin nümunəsidir.
Tədbiri giriş sözü ilə açan
teatrın direktoru, Əməkdar mədəniyyət
işçisi Rəşad Əhmədzadə qısa, amma
tutumlu çıxışında mövsüm boyunca
yaşanan ən önəmli anlara nəzər salmaqla
yanaşı, ilin sonunadək daha üç səhnə əsərinin
hazırlanacağını və daha 2 beynəlxalq festivalda
iştirak edəcəklərini də diqqətə
çatdırdı.
Millət vəkilləri Günay Əfəndiyeva, Jalə
Əliyeva və Elnarə Akimova milli kukla sənətinin
inkişafında bu teatrın müstəsna yeri olduğunu
bildirdilər. Qeyd olundu ki, yetişən nəsillərin incəsənətə,
bu vasitə ilə cəmiyyətə münasibətinin
formalaşmasında kukla teatrı və kukla sənəti
böyük rol oynayır.
Kimsəni diqqətdən kənarda qoymayan Teatr rəhbərliyi
millət vəkillərinə "Teatrın dostu" rəmzi
mükafatını təqdim etdi.
Mərasimdə Əməkdar artist Rəhman Rəhmanov
və Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev
Teatr Xadimləri İttifaqının təsis etdiyi "Teatr fədaisi"
medalları, dram artistləri Lina Məmmədova və Afət
Zülfüqarova isə ittifaqın Fəxri fərmanları
ilə təltif olundu. Onların simasında bütün
kuklaçıları və media mənsublarını təbrik
edən İttifaqın sədr müavini İlham Namiq Kamal fədailik,
sənətə təmənnasız bağlılıq tələb
edən kukla sənətini yaşadan və gələcək
nəsillərə çatdıran sənət insanlarına,
istedadlı və peşəkar kuklaçılara, onların əməyini,
ümumən teatr sənətimizi daim təbliğ edən mətbuat
nümayəndələrinə, media təmsilçilərinə
təşəkkürünü bildirdi.
Cari mövsüm ərzində səmərəli fəaliyyətinə
görə seçilən kollektiv üzvlərinin də təqdimatından
sonra tədbir musiqi nömrələri ilə davam etdi.
Sevilən ifaçılar - Əməkdar artistlər
Elza Seyidcahan və Firuzə İbadova, "Oyuq" Uşaq
Teatrı dillər əzbəri olan mahnılarını ifa
etdilər, sənət ocağı və kollektivi haqqında
xoş sözlərini dilə gətirdilər, qarşıdan
gələn Milli Mətbuat günü münasibətilə
media nümayəndələrini, milli mətbuatımızın
fədakarlarını təbrik etdilər, onlara yeni
yaradıcılıq uğurları arzuladılar.
Çıxışlardan sonra media nümayəndələrinə
"Teatrın dostu" mükafatı təqdim olundu.
Yazımın əvvəlində qeyd etdiyim kimi, artıq
4-cü mövsümdür ki, "525-ci qəzet"in mədəniyyət
müxbiri olaraq bu mükafata, bu ada layiq
görüldüyüm üçün sevincli və
qürurluyam. Mən ta uşaqlığımdan valideynlərimin,
xüsusən də anamın sayəsində bu və digər
teatrlarımızın ən yaxın dostu, daimi
tamaşaçısıyam. Nə xoş ki, bu gün hələ
3 yaşı tamam olmayan qızım da artıq Kukla
Teatrının daimi tamaşaçısına çevrilib.
Həmin gün bir daha məndə və ailəmizdə
bu ənənəvi eşqi yaradan anama, bu eşqi heç
sönməyə qoymayan Kukla Teatrının rəhbərliyinə,
yaradıcı heyətinə minnətdarlığım sonsuz
idi. Yaşasın Teatr! Var olsun Kukla Teatrı!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 17 iyul(№123).-S.12.