Milli kimlik ifadəsi
"şou"ya çevriləndə...
Son illər cəmiyyətimizdə tez-tez rastlanan və
bəzi insanların sanki hər gün bir az da "necə
ifrata varmaq olar" yarışına girirmiş kimi
qabartmağa çalışdığı məsələlərdən
biri də milli kimlik və vizuallıqdır. Axır zamanlar
milli kimlik anlayışı vizual kodlarla daha çox ifadə
olunmağa başlayıb. Xüsusilə sosial şəbəkələrdə
yayılmış bayraqlı selfilər, vətənpərvər
musiqilərlə müşayiət olunan video montajlar, özəl
günlərdə "köçürülmüş"
sitatlar... bunların başında gəlir. Bəs bu
görüntülərin arxasında doğrudanmı
gerçək milli şüur durur? Yoxsa milli kimlik tədricən
"şouya" çevrilir, bayraqlar isə sadəcə
kadra yaraşmaq, rəng qatmaq, "qarşı tərəfin
gözündən pərdə asmaq", ya da daha çox bəyənmə
qazanmaq üçün istifadə olunur?
Azərbaycan cəmiyyətində vətənpərvərlik
həmişə yüksək dəyər kimi qəbul olunub.
Vətən torpağı, şəhidlik anlayışı,
üçrəngli bayraq, himn - bunlar bizim üçün
müqəddəsdir, toxunulmazdır. Amma bu müqəddəslərin
gündəlik, hətta bəzən mənasız instinktiv
paylaşımlarla aşınması da
günümüzün təəssüf doğuran
reallığıdır. Bir insanın bayraqla müxtəlif
pozlarda foto çəkdirməsi onun vətənpərvər
olduğunu göstərirmi? Bəzən belə
görüntülərin motivasiyası "sosial təsdiq"
ehtiyacından doğur: görünmək, bəyənilmək,
daha çox izləyici qazanmaq birinci, daha doğrusu, yeganə
məqsəd olur.
Təbii ki, heç kim bayraqla foto
paylaşdığı üçün
günahlandırılmamalıdır. Bunu kiməsə
qadağan etmək də düzgün olmazdı. Amma əsas məsələ
bu addımın arxasındakı intellektual və ideoloji məzmunun
olub-olmamasındadır. Məsələn, Şuşaya, ya da
işğaldan azad olunmuş bir başqa bölgəmizə
gedən bəzi insanlar oradakı tarixi abidələrimizin
yanında bayraqla şəkillər, videolar çəkib
sosial şəbəkələrdə paylaşırlar. Bəli,
bu görüntülər insanın ürəyini
açır, vətənpərvərlik hisslərini
qabardır, qürurlandırır. Amma nə yazıq ki, eyni
insanlar o görüntülərin üzərində həmin
abidələrin tarixi haqqında bircə cümlə də
yazmırlar. Çünki bilmirlər. Axı orada, o abidənin
yanında onları maraqlandıran tək şey tələsik
bayrağı açıb şəkil çəkdirmək və
bunu paylaşmaq olub. Əgər varsa, bələdçidən,
yoxdursa, yerli camaatdan, səfər yoldaşından, ya da ən
azından əlində fotoaparat kimi istifadə etdiyi
telefondakı "Google" proqramından o abidə
haqqında heç nə soruşmayıb, öyrənməyib.
Bu zaman onların əlindəki o bayrağın əsas məzmunu
arxa plana keçir, özü isə yalnız adi vizual effektə
çevrilir.
Bu tendensiyanın bir qolu da "milli motivləri"
kommersiya alətinə çevirən brendlər və şəxsi
bloq sahibləridir. Bayrağı məhsul üzərinə
yapışdıraraq daha çox satış, milli motivli
musiqini videonun fonunda istifadə edərək daha çox
baxış əldə etmək bu gün daha rahatdır. Hətta
bəzən milli günlərdə belə "endirim
kampaniyası" reklamlarına çevrilmiş bayraq və vətən
anlayışına rast gəlirik. Bu isə artıq təhlükəli
bir kommersiyalaşmanın göstəricisidir.
Əslində, milli kimlik ticarət obyekti ola bilməz,
olmamalıdır da. Əgər milli simvollar bizi
düşündürmür, sadəcə bəzək kimi
funksiyalaşırsa, bu, kimlik dərinliyindən yox, səthə
yapışdırılmış parçalardan ibarət bir
vitrindir.
Zaman dəyişir, texnologiya inkişaf edir, informasiya
sürətlənir. Ancaq məhz bu sürət bizi
görüntünün əsirinə çevirib. Hələ
bunlar azmış kimi, son dövrdə süni intellektin
sürətli inkişafı və ondan şüursuzca istifadə
bu məsələni daha ağrılı hala gətirib
çıxarıb. Yəqin çoxlarınız şəhidlərimizin
süni intellektlə
"canlandırıldığı",
"danışdırıldığı" videoları
görmüsünüz. Məsələn, bu günlərdə
Tovuz döyüşlərinin 5 illiyi ilə bağlı şəhid
generalımız Polad Həşimovun, eləcə də digər
şəhidlərimizin süni intellekt vasitəsilə
"canlandırılması" heç də vətənpərvərlik,
qəhrəmanlarımıza sayğı örnəyi deyil,
düşüncəsizliyin təzahürü idi. İnsanlar
anlamalıdırlar ki, şəhidlərimiz bizim
üçün nə qədər böyük qəhrəman
olsalar da, ailələri üçün həm də itkidirlər
- heç zaman geri gəlməyəcək itki, sağalmayacaq
yara... Hər dəfə kimsə guya özünün saxta
"vətən sevgisini" sübut edəcək deyə o
yaranı qanatmağa haqqı yoxdur. Milli kimliyi bayraqla, musiqi ilə,
geyimlə, şəhidlə vizuallaşdırmaq kifayət
deyil. qOnun arxasında düşüncə olmalıdır, dərin
düşüncə. Milli kimlik "məzmun" yox,
"vizual məhsul" olduqda dərinlik yox olur, onun yerini
şou alır. Şou isə ani, müvəqqəti və səthi
bir hadisədir. Bu yazı ilə kimsəni ittiham etmək
fikrimiz yoxdur, sadəcə sual vermək istəyirik: Biz milli dəyərlərimizi
sevirik, yoxsa nümayiş etdirməyi? Biz bayrağı
qürurla daşıyırıqmı, yoxsa kadra
yaraşdığı üçünmü tuturuq əlimizdə?
Kimlik qəlbdə doğular, şüurda formalaşar, əməldə
yaşanar. Bəzən bir kitab oxumaq, bir müəllifin fikrinə
bağlanmaq, bir şeiri sevmək bayraqlı selfidən daha
böyük vətənpərvərlik nümunəsidir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 17 iyul(№123).-S.12.