Əlvida, Dostum
Yayın
ən isti günündə - (qırx dərəcə)
acıdan acı xəbər gəldi: Rəhman Bədəlov
dünyasını dəyişib. "Dünyasını dəyişib"
ifadəsini "vəfat edib", "ölüb" ifadələrindən
üstün tuturam. Bu ifadədə bir ümid yeri var. "Bu
dünyanı" dəyişdisə, deməli, hökmən
başqa bir dünya da var və orada bir daha görüşəcəyimizə
ümid bəsləmək olar.
Son
illər Rəhmanla az-az görüşürdük, amma
ömrümün ən məhrəm insanlarından biri kimi, sədaqətli
dost kimi, zəngin mənəviyyata malik insan kimi, nəhayət,
iddasızlıq, təvazökarlıq rəmzi kimi, o, həmişə
qəlbimin içində, yaddaşımın ən munis, ən
etibarlı yerində idi.
Rəhmanla
1956-cı ildə, ölkənin tarixində, özəlliklə
bizim nəslin taleyində müstəsna yeri olan bir zaman kəsiyində
tanış olmuşduq.
1956-cı
ilin avqustunda SSRİ-ni bütün dünyadan təcrid edən
"dəmir pərdə" azacıq aralanandan sonra xaricə
səfər edən və gənclərdən ibarət ilk
qruplardan birinin tərkibində Çexoslovakiyaya yola
düşdük. Səfər yoldaşlarımdan biri
uşaqlıq dostum bəstəkar Emin Sabitoğlu idi. Qatarda Rəhman
Bədəlovla tanış olduq. Son dərəcə
maraqlı, bilikli, ünsiyyətli Rəhmanla səfər boyu
tanışlığımız möhkəm dostluğa
çevrildi. Sonralar Bakıda Rəhman Eminin və mənim
başqa dostlarımızla da tanış oldu - Araz Dadaşzadəylə,
Vaqif Səmədoğluyla, Elçinlə. Ali təhsilinə
görə inşaatçı-mühəndis olan Rəhmanın
meyli daha çox humanitar sahəyə aid idi. Ədəbiyyatı,
musiqini, kinonu nəinki sevir, peşəkarcasına dərindən
duyurdu. Vaqif Rəhmana şeir həsr etmişdi, Elçin
onunla fəlsəfi nəzəri mübahisələr
aparırdı. Amma Rəhmanın taleyində ən
böyük rolu Araz oynadı.
Rəhman
Politexnik institutunu bitirmişdi, Arazın atası
Akademiyanın vitse-prezidenti Məmməd Arifin köməyi ilə
böyük bir iş baş tutdu. İxtisası tamam başqa
sahəyə aid olan Rəhmanın fəlsəfə üzrə
namizədlik, sonra da doktorluq dissertasiyası müdafiə etməsinə
imkan yarandı. Bu, əlbəttə, Rəhmanın fitri
istedadıyla, dərin bilikləriylə bağlı idi, o, bu
sahələrdə fəaliyyət göstərməyə tam
hazır idi. Amma bu həm də Məmməd Arif və Araz
Dadaşzadə ailəsinin böyük xeyirxahlığı
ilə şərtlənirdi. Fəaliyyət sahəsini dəyişməklə
bərabər, Rəhman həm də həyatının daha
bir son dərəcə mühüm işini gördü. Orta
və ali məktəbi rus dilində bitirmişdi, Azərbaycan
dilini o qədər də yaxşı bilmirdi. Onunla hətta
dost zarafatları edirdik. Araz Romikin (biz onu dostcasına belə
adlandırırdıq) "müvəffəqiyyət"
sözünü "müfəffəqiyyət" kimi tələffüz
etməsinə təkrarsız gülüşüylə
gülüb şəşş edirdi. Az bir zaman içində
Rəhman doğma dilimizi mükəmməl öyrəndi və
mən onun yazılarında Azərbaycan türkcəsinin belə
incəliklərini duymasına mat qalırdım.
Rus və
Qərb ədəbiyyatına aludə olan Rəhman get-gedə
Azərbaycan ədəbiyyatının zənginliyini daha dərindən
mənimsəyirdi. Nəhayət, ədəbiyyatımızın
ən nəhəng abidəsi "Kitabi-Dədəm
Qorqud"a aludə oldu və bu əsərlə bağlı
qiymətli tədqiqatlar apardı, Mirzə Cəlil Məmmədquluzadənin
vurğunu oldu. "Kitabi-Dədəm Qorqud"a həsr
olunmuş "Pravda i vımısel v qeroiçeskom eposa"
adlı kitabını mənə bağışlayarkən
yazdığı ithaf sözləri məni həmişə
riqqətləndirir:
"Çox-çox
illər əvvəl, başqa bir həyatda Rəsul və
Nigarın evlərində Anar mənə "Kitabi-Dədə
Qorqud"dan parçalar oxuyurdu, mən isə
darıxdığımı gizlətməyə
çalışırdım. İndi mənə o günləri
xatırlamaq qalır və o evə təzim etmək istəyirəm.
Sanki Qorqud içimdə boylanırmış, mən isə
canlı mənəvi sərvətlərə
qovuşurdum". Rəhman demiş, "başqa bir həyatda"
yaşanılmış günlərimiz mənim də hafizəmdə
dipdiridirlər. Rəhman da diridir, əsərləriylə, mənalı
ömrüylə, etibarıyla, xeyirxahlığıyla.
Təkrarsızlığıyla.
Əlvida,
Romik, əlvida, Rəhman, əlvida, Dostum.
15
iyul 2025
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet .- 2025.- 17 iyul(№123).-S.9.