Milli mətbuatımızın 150
illiyinə sanballı töhfə
Bu yaxınlarda Milli İrsi Mədəni Tarixi
Araşdırmalar Fondunun (MİMTA) layihəsi əsasında,
British Petroleum (bp) şirkətinin dəstəyi ilə
"Dirilik" məcmuəsinin transliterasiya edilmiş toplusu
MİMTA Yayımları tərəfindən nəşr olunub.
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ərəfəsində
çapdan çıxan toplunun rəyçisi və ön
sözün müəllifi Mətbuat Şurasının sədri
Rəşad Məcid, akademik məsləhətçisi isə
akademik Nizami Cəfərov, redaktoru Əsəd Aslanoğlu,
layihə rəhbəri Milli İrsi Mədəni Tarixi
Araşdırmalar Fondu icraçı direktorunun müavini Kənan
Şəbiyevdir. Transliterasiya toplusu MİMTA Fondunun tərcümə
və nəşriyyat şöbəsinin əməkdaşları
- Muxtar Cəfərli, Vüqar Mirzə və Əsəd Aslanoğlu
tərəfindən transliterasiya olunub.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad
Məcidin topluya yazdığı ön sözü təqdim
edirik.
Ötən əsrin səksəninci illərinin ikinci
yarısında milli oyanış hərəkatı
başlayanda yadımdadır ki, dostlarımla, həmyaşıdlarımla birlikdə əski əlifbanı
öyrənmək üçün kurslara
yazılmışdıq. Doğrudur, o dövrdə Ermənistanın
təcavüzü və xalq hərəkatının
genişlənməsi, mitinqlərin artması bir çox təşəbbüslər
kimi bu kursun da yarımçıq qalmasına səbəb
oldu. Amma yaddaşıma hopub ki, biz gənclik ruhu ilə əski
əlifbanı ona görə öyrənmək istəyirdik
ki, tariximiz, klassik ədəbiyyatımız
məhz bu əlifba ilə yazılıb və sovet hökumətinin
qondarma kiril qrafikası bizi bu keçmiş tarixi məxəzlərimizdən
uzaqlaşdırıb. Biz o zamanlar əski əlifbanı tariximizə,
klassik ədəbiyyatımıza, mədəniyyətimizə
açılan qapı kimi görürdük.
Sonrakı illərdə zaman sürətlə
keçdi və biz 1992-ci ildə "525-ci qəzet"i təsis
etdik. Bu qəzet yalnız gündəlik xəbərlərin
deyil, eyni zamanda milli yaddaşın, tarixi irsin, mətbuat ənənələrinin
yaşadılması və təbliği missiyasını da
öz üzərinə götürdü.
Müxtəlif illərdə görkəmli alim, milli mətbuat
tariximizin canlı ensiklopediyası sayılan ustadımız
Şirməmməd Hüseynovun təklifi, təşəbbüsü
və bilavasitə dəstəyi ilə ötən əsrin əvvəllərində
çap olunan bir sıra mətbu nəşrlərin -
"İrşad", "Həyat", "Açıq
söz" qəzetlərinin ilk sayları, eləcə də
Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr
olunmuş "Azərbaycan" qəzetinin 28 may tarixli
nömrəsi və Milli Parlamentin
açılışına ithaf edilmiş saylarının
transliterasiyası "525-ci qəzet"in xüsusi
buraxılışı kimi işıq üzü
gördü. Onların hər biri xalqımızın milli mətbuat
tarixinin öyrənilməsi, ictimai fikir həyatımızın
təhlili, tarixi salnaməmizin formalaşması
baxımından mühüm mənbədir. Bu yazılar vasitəsilə
biz keçmişə işıq salmaqla yanaşı, gələcək
nəsillərə dəyərlərimizi
çatdırmağa çalışdıq. Bu layihə həm
peşəkar jurnalistlər, həm də tarixçi və
araşdırmaçılar tərəfindən böyük
maraqla qarşılanmışdı.
Yeri gəlmişkən, xatırlatmaq istərdim ki,
müxtəlif vaxtlarda dəyərli müəllimimiz Şirməmməd
Hüseynovun təşəbbüsü və yorulmaz əməyi
sayəsində "Əkinçi", "Təkamül",
"Tərəqqi", "İrşad", "Molla Nəsrəddin",
"Azərbaycan", "Həqiqət",
"Hilal-Əhmər", "Bakinskaya jizn",
"Açıq söz", "Yeni iqbal", "Yeni
Qafqasiya", "Qurtuluş", "Hümmət",
"Bakı həyatı" kimi mətbu orqanlarda dərc
olunmuş qiymətli yazılar əski əlifbadan latın
qrafikasına transliterasiya edilərək müasir oxuculara
çatdırılıb. Bu nəşrlərdə Məhəmməd
Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan
bəy Topçubaşov, Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə,
Üzeyir bəy Hacıbəyli, Ömər Faiq Nemanzadə,
Ceyhun Hacıbəyli kimi dahi şəxsiyyətlərin,
ictimai-siyasi xadimlərin, publisistlərin və naşirlərin
müxtəlif mövzularda qələmə aldıqları dərin
məzmunlu yazılar yer alırdı. Bu məqalələr
yalnız keçmişin deyil, həm də bu
günümüzün və gələcəyimizin dəyərləndirilməsi
baxımından misilsiz əhəmiyyət daşıyır.
Biz zaman-zaman bu məsələlərlə, xüsusilə də mətbu orqanlarımızın
əski qrafika ilə çap olunması, klassik ədəbiyyatımızın
köhnə əlifbada nəşr edilməsi, eyni zamanda yeni -
latın qrafikasına keçid məsələsinin vacibliyi
haqqında müzakirələr aparmışıq. Mən o
vaxtlar bir çox ziyalılarımızın fikirlərində
müəyyən dəyişikliklərin şahidi
olmuşdum. Bəzən belə fikirlər səslənirdi ki,
biz vaxtilə latın qrafikasına keçmək əvəzinə,
elə əski əlifbada - ərəb qrafikasında
qalsaydıq, bəlkə də daha yaxşı olardı. Bəzən
isə Mirzə Fətəli Axundzadədən başlayaraq
yeni qrafikaya keçid məsələsində əsas arqument
kimi ərəb qrafikasının mürəkkəbliyi
göstərilirdi. Lakin bəzi ziyalılarımızın
düşüncələri bu istiqamətdə idi ki,
dünyada ərəb qrafikasından da çətin yazı
sistemləri, məsələn, yapon qrafikası mövcuddur və
bu, onların inkişafına mane olmayıb. Bu baxımdan, əski
əlifba da bizim milli-mədəni inkişafımıza maneə
ola bilməzdi, əksinə,
keçmiş tariximizdən və mədəniyyətimizdən
qopmamağımıza səbəb ola bilərdi. Bu məsələ
indi də müzakirə mövzusu ola bilər, lakin zaman
keçdikcə bu məsələlərə münasibət
də dəyişir.
Son illərdə mütəmadi olaraq ötən əsrin
əvvəllərində əski əlifba ilə nəşr
olunmuş mətbu orqanlarımızın transliterasiyası ilə
bağlı önəmli layihələr həyata
keçirilir.
Ötən il AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun əməkdaşları "Ziya" və
"Ziyayi-Qafqaziyyə" qəzetlərini latın
qrafikalı əlifbaya çevirmək kimi məsul işin
öhdəsindən gəlmiş dəyərli alim, mərhum
Müştəba Əliyevin transliterasiyalarını çap
ediblər. "Ziyayi-Qafqaziyyə" "Əkinçi"
qəzetinin bağlanmasından sonra mətbu nəşr
boşluğunu aradan qaldırıb. Qəzetin səhifələrində
XIX əsrin sonlarında Azərbaycandakı ictimai-siyasi vəziyyəti
işıqlandırılıb, mövzu və janr zənginliyi
ilə seçilib. Bununla bağlı AMEA-nın prezidenti,
akademik İsa Həbibbəyliyə xüsusi minnətdarlıq
məktubu da yazmışdım. Ötən ilin fevral
ayında Mətbuat Şurasında "Ziyayi-Qafqaziyyə"
qəzetinin transfoneliterasiyası əsasında işıq
üzü görən "Ziyayi Qafqaziyyə (1880-1884)"
adlı kitabın təqdimatını da keçirmişik.
Xüsusilə vurğulamaq istərdim ki, rektor Hafiz
Paşayevin ideyası ilə ADA Universitetində "Azərbaycan"
qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam
külliyyatının 20 cildlik transliterasiyası nəşr
edilir və artıq 10 cildi hazırdır. "Azərbaycan"
qəzetinin bir mənbə kimi dərindən və hərtərəfli
tədqiqi, orada yer alan materialların bugünkü və gələcək
nəsillərə daha rahat şəkildə
çatdırılmasını təmin edən bu layihə
ilk müstəqil cümhuriyyətimizin ictimai-siyasi həyatının
araşdırılması, öyrənilməsi
baxımından olduqca mühüm əhəmiyyət kəsb
edir.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin
dekan müavini Samir Xalidoğlunun da bu sahədə əməyini
vurğulamaq istərdim. O, "Yeni İqbal" qəzetinin,
eləcə də Məhəmməd Əmin Rəsulzadənin
əsərlərinin, o cümlədən 1911-1920-ci illər ərzində 95 nömrəsi işıq
üzü görən, həmin dövrün tədris həyatını
işıqlandıran "Məktəb" - "əxlaqi, ədəbi,
fənni, müsəvvir məcmuə"sinin latın
qrafikasına transliterasiyası və redaktəsi sahəsində
xeyli işlər görüb. Onun redaktorluğu ilə
işıq üzü görən bu nəşrlər milli mətbuat
tariximizin öyrənilməsi və təbliğində əhəmiyyətli
mənbələr kimi çıxış edir.
Milli İrsi Mədəni Tarixi Araşdırmalar
Fondunun (MİMTA) əski əlifbadan latın qrafikasına
transliterasiya sahəsində həyata keçirdiyi silsilə
layihələri də məxsusi qeyd etmək istərdim.
Fondun 2023-cü ildə Ailə Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi ilə birgə
layihəsi əsasında Azərbaycan mətbuat tarixinə ilk
qadın nəşri kimi həkk olunmuş
"İşıq" qəzetinin 1911-1912-ci illərdə nəşr
edilən 47 nömrəsinin əski
əlifbadan yeni əlifbaya transliterasiya olunmuş toplusu
işıq üzü görüb. Keçən il Mətbuat
Şurasında sözügedən Fondun icraçı direktor
müavini Kənan Şəbiyev, "Füyuzat"
jurnalının baş redaktoru Mübariz Yunus və MİMTA
Yayımlarının direktoru Əsəd Aslanoğlunun
iştirakı ilə keçirdiyimiz görüşdə həmin
dərgi-toplunun nəşrini mətbuatımızın
tarixini tanımaq üçün gözəl mənbələrdən
biri kimi yüksək qiymətləndirmişəm.
MİMTA hazırda yenə dəyərli bir layihəni
gerçəkləşdirir. Fondun əməkdaşları tərəfindən
1914-16-cı illərdə 28 sayı işıq üzü
görən "Dirilik" məcmuəsinin transliterasiyasının
kitab şəklində nəşrə hazırlanması mənim
üçün yenə çox sevincli xəbər oldu.
XX əsrin əvvəllərində Azərbaycanın
ictimai-siyasi və ədəbi həyatında vacib rol
oynamış mətbuat orqanlarından biri olan "Dirilik"
jurnalı milli kimlik və maarifçilik ideyalarının
daşıyıcısı kimi fəaliyyət göstərib.
Tanınmış ziyalı və publisist Əliabbas
Müznibin baş redaktoru olduğu bu dərgi nəinki
dövrün aparıcı fikir tribunalarından biri olub, həm
də Azərbaycan türklərinin milli özünüdərk
prosesinə nəzəri və ideoloji əsaslar bəxş
edib.
"Dirilik" jurnalının ətrafında
toplaşan müəlliflər sırasına Azərbaycan mətbuatı
və ədəbi fikrinin aparıcı simaları - Məhəmməd
Əmin Rəsulzadə, İsmayıl bəy Qaspıralı,
Kazımoğlu, Cəfər Cabbarlı, Əbdülxalıq Cənnəti
Qafarzadə, Əli Səttarlı və Əliağa Vahid kimi
ziyalılar daxil idi. Onların publisistik məqalələri və
bədii nümunələri vasitəsilə jurnal cəmiyyətin
milli, siyasi və mədəni oyanışına töhfələr
verməyə çalışırdı.
Jurnalın başlıca məqsədi Azərbaycan
xalqında milli dövlətçilik şüurunun təşəkkülünə
təkan vermək, milli varlığın qorunması və
davamlılığı uğrunda ictimai səfərbərlik
yaratmaq olub. Bu ideya maarifçilik konsepsiyası ilə
uzlaşdırılır, ictimai dirçəlişin təməlində
təhsilin, maarifin və milli mənəviyyatın
dayandığı fikri əsas götürülürdü.
Bu baxımdan Əliabbas Müznibin jurnalın ilk sayında dərc
olunan "Məqsədimiz" adlı proqram xarakterli məqaləsi
xüsusilə əhəmiyyətlidir. Müəllif bəşəriyyətin minilliklər
boyunca keçdiyi sınaqları təhlil edərək, milli
diriliyin yalnız iradə, mənəvi dəyərlər və milli mənlik
şüuru vasitəsilə
mümkün olduğunu əsaslandırırdı.
Dərgi eyni zamanda Azərbaycan romantik ədəbiyyatının
və publisistikasının inkişafına da xidmət edib.
Əmin Abid Gültəkin, Ümmügülsüm Sadıqzadə,
Rəcəb Əfəndizadə və Məmməd Səid Ordubadi
kimi müəlliflərin "Dirilik"də dərc olunan
şeirləri və publisistik yazıları milli azadlıq, vətənə
məhəbbət, mənəvi dəyərlərə
sadiqlik kimi mövzuları ön plana çıxarıb.
Jurnalın fəaliyyəti yalnız ədəbi və
ideoloji mətnlərlə məhdudlaşmayıb, həm də
tarixi və siyasi sənədlərin təhlilinə yönəlmişdi.
Bu kontekstdə rus imperatoru I
Pyotrun məşhur vəsiyyətnaməsinin ilk dəfə Azərbaycan
ictimaiyyətinə təqdim olunması xüsusi qeyd edilməlidir.
Sözügedən sənədin "Dirilik" jurnalında
nəşri - rus imperiyasının genişlənmə
strategiyasının ifşası və bunun mahiyyətinin
açılması baxımından mühüm hadisə
olub.
...Bu yaxınlarda mətbuatın 150 illiyi ilə
bağlı müsahibələrin birində məndən soruşmuşdular:
"Mümkün olsaydı, mətbuatımızın
hansı dövrünə qayıdıb yaşamaq istərdiniz?"
Cavabımda demişdim ki, mən xüsusilə XX əsrin əvvəllərində
- "Həyat", "İrşad" qəzetlərinin və
"Molla Nəsrəddin" jurnalının nəşrə
başladığı o ideoloji cəhətdən zəngin,
polemikalarla dolu qaynar mühitdə yaşamağı
arzulayardım. Həmin dövr milli mətbuat tariximizin ən
məhsuldar və ən dinamik mərhələlərindən
biri idi. "Dirilik" jurnalı məhz o dövrün parlaq
nümunələri sırasındadır. Müxtəlif səbəblərdən
jurnalın nəşri uzun müddət davam etməsə də,
"Dirilik" dövrün ictimai-siyasi düşüncəsini,
maarifçilik və milli dirçəliş
ideyalarını "dirildən" aparıcı
platformalardan biri olub. Ona görə də "Dirilik"
jurnalının transliterasiya olunaraq nəfis nəşr şəklində
çap edilməsi, təkcə mətbuat tariximizin deyil, həm
də milli ideoloji irsimizin yenidən dəyərləndirilməsi
baxımından son dərəcə təqdirəlayiq hadisədir.
Buna görə mən bu ideyanın müəlliflərinə,
jurnalı transliterasiya edib nəşrə hazırlayan həmkarlarımıza
dərin təşəkkürümü bildirməklə, bu
kitabı həm də bizim milli mətbuatımızın 150
illiyinə sanballı bir töhfə hesab edirəm.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 17 iyul(¹123).-S.8;9.