Görkəmli satirik
şair haqqında yaddaş saxlancı
LƏNKƏRANDA ÇIXAN “AŞKARLIQ”
QƏZETİNİN BAŞ REDAKTORU ETİBAR ƏHƏDOVUN
TƏQDİMATINDA MİRZƏ ƏLİ MÖCÜZ
BARƏDƏ BİR XATİRƏ
İllər keçsə də, tarixin
yaddaşında silinməz iz qoyan, mühüm yer tutan insanlar
və hadisələr əsla unudulmur...
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsinin birinci kursunda oxuduğum vaxtlar idi.
Bir dəfə müəllimimiz Əli Fəhmi adını
ilk dəfə eşitdiyimiz şair Mirzə Əli
Möcüz haqqında danışdı və poeziyasından
bir sıra maraqlı nümunələr verdi. Bir neçə
gün sonra adını eşitdiyim, lakin üzünü
görmədiyim, M.F.Axundov adına Azərbaycan Dövlət
Milli Kitabxanasında təsadüfən
rastlaşdığım və tanış olduğum,
respublikada çıxan müxtəlif qəzetlərin, o
cümlədən 1956-1959-cu illərdə “Kirpi”
jurnalının redaktoru olmuş, respublikanın Əməkdar
mədəniyyət işçisi Qulam Məmmədli ilə
görüş də məndə dərin təəssürat
oyatdı.
Qocaman jurnalistin ilk dəfə Azərbaycan ədəbiyyatı
tarixində Mirzə Əli Möcüzün şeirlərini
toplayıb çap etdirdiyini eşidəndə onu
sorğu-suala tutdum. Dedi ki, Mirzə Əli Möcüz əsasən
satirik şeirlər yazırdı, şeirləri sadə xalq
dilində idi. Yaradıcılığında vətənpərvərlik,
milli azadlıq ideyalarının tərənnümü, cəhalət
və mövhumatın, qadın hüquqsuzluğunun tənqidi
əsas yer tuturdu.
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun
baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman
Xəlilovun bu yaxınlarda “525-ci qəzet”də Mirzə
Əli Möcüzün həyat və fəaliyyəti
haqqında dərc etdirdiyi yazısı diqqətimi çəkdi
və mən də satirik poeziyamızın görkəmli
nümayəndəsi haqqında eşitdiklərimi oxucularla
bölüşdürməyi özümə borc bildim.
lll
2016-cı ilin mayında Lənkəran Dövlət
Universitetində birgə işlədiyimiz və hazırda Lənkəran
şəhər bələdiyyəsinin sədri kimi fəaliyyət
göstərən Vüsalə Qazıyeva babası Əbülfəz
Əbdülhəsən oğlu Qazıyevin ustad şair Mirzə
Əli Möcüzlə bağlı xatirələrindən
danışdı və səliqə ilə tərtib
olunmuş gündəliyini mənə təqdim etdi. Dediyinə
görə, babası 1911-ci ildə İrəvanda anadan
olmuş, əvvəl Gəncədə, 1923-1928-ci illərdə
Bakıdakı uşaq evlərində yaşamışdı.
1932-ci ildə Azərbaycan Mərkəzi İnternasional Pedaqoji
Texnikumunu bitirdikdən sonra Lerik rayonunda pedaqoji fəaliyyətinə
başlamışdı. Ə.Qazıyev 1960-cı ildə
Şingədulan kənd orta məktəbində işləyərkən
Respublikanın Əməkdar Müəllimi fəxri adına
layiq görülmüşdü.
Vüsalə xanım məlumat verdi ki, babası bədii
yaradıcılıqla da məşğul olub, şeirləri
müxtəlif mətbuat orqanlarında çap edilib, 1970-ci il
aprelin 28-də Lerik rayonunun Şingədulan kəndində
dünyadan köçüb.
Dövrünün bir çox tanınmış şəxsiyyəti
ilən ünsiyyətdə olmuş Əbülfəz
Qazıyevin şair Mirzə Əli Möcüzlə
bağlı xatirəsi məndə böyük maraq
oyatdı. Odur ki, həmin yaddaş səhifəsini qələmə
alaraq “525-ci qəzet”in hörmətli oxucularına təqdim
etməyi lazım bildim.
Əməkdar müəllim Əbülfəz
Qazıyevin
Mirzə Əli Möcüzlə bağlı xatirəsi
“1927-1928-ci illər idi. Onda mən Bakıda, bir dərəcəli
məktəbin beşinci sinfində oxuyurdum. Ata-anam
olmadığından uşaq evində yaşayırdım.
Uşaq evində mənim Əziz adlı bir yoldaşım
vardı. O, gözəl mahnı və muğam oxuyardı.
“Qarabağ şikəstəsi” oxuyanda uşaqlar onun
başına toplaşardılar. Mən o vaxtlar şeir
yazardım. Arabir mətbuatda şeirlərim
çıxardı. Bir gün Əziz mənə dedi:
- Xalamın əri şairdir. Sənin şeir
yazmağını ona danışmışam. Şeirlərindən
birini ver, ona göstərmək istəyirəm.
Mən “Sevgilim” rədifli qoşmanı və bir qəzəli
ona verdim. Mənə elə gəlirdi ki, üzünü
görmədiyim, şəxsən tanımadığım
şair şeirimi oxuyub bəyənəcək, mənə “əhsən”
deyəcək və ya şeirdəki qüsurlarımı
göstərəcək. Amma düşündüyüm kimi
olmadı. Aradan iki gün keçmiş, Əziz mənə
dörd tərəfdən qatlanmış bir kağız
verdi. Naməlum şairin cavabı məni çox həyəcanlandırdı.
Xüsusən qəzəlin bir yerində yazmış
olduğu:
Hər kəs özün aşiq sanıban gər verə
min can,
Məşuqə yetib vasili canan ola bilməz! -
misraları mənə bərk toxundu. Cavab yazmağa
bilməzdim. Necə deyərlər, təbim cuşa gəldi.
Qələmi götürüb yazdım və
aşağıdakı misraları Əzizə oxudum:
İstər aşiq olsun, ya ki arif, nə təfavüt?
Pərvanə kimi atəşi eşqə tutar əvvəl.
Əlbəttə, o şəxs kəsbi kəmal eyləyə
bilməz,
Zəhmət çəkib məktəbdə
axıtmazsa tər əvvəl.
Əzizdən qəzəli ona
çatdırmağı xahiş etdim. Üç gündən
sonra o, mənə aşağıdakı misralarla başlanan
şeiri təqdim etdi:
Əql eyləməsə hər kəsə şahin gəzər
əvvəl,
Divanə kimi dəhrdə ol kəs gəzər əvvəl!
Aşiqlik ilə ürfdə var çoxlu təfavütBu
elm kimi eşqə necə kam yetər əvvəl?
Yazsan mənə ürfani kağız, yazgilən
daim,
Mən sevgili bilməm, cocuğum, ol xəbər əvvəl!
Doğrusu, şeiri oxuduqda yenə həyəcanlandım.
“Mən sevgili bilməm, cocuğum, ol xəbər əvvəl!”
misrası mənə çox toxundu. Cavab olaraq yazdım:
Yandırmasa ta qəlbini eşq atəşi, adə!
Ölməz sinədə cuşa gəlib can quşu,
adə!
Eşqin dadını sevdalı kəslər bilər
ancaq,
Bu zövqü duya bilməz, axı, hər kişi, adə!
Bilməm qocalıbsan, qocalıq üz verən anda,
Gəlməz kiminin sevdadan hərgiz xoşu, adə!..
Təəssüf ki, bu dəfə şeirimə cavab
gəlmədi. Səbəbini soruşduqda Əziz mənə
dedi:
- Şeirindəki “Adə!” sözü xoşuna gəlməyib.
Əvvəl istədi səni həcv atəşinə tutsun.
Lakin sonra nə düşündüsə, fikrindən
daşındı.
Bir gün Əzizlə Kömürçü
meydanına getmişdik. Arada biz qramafon valında oxuyan qocaman
xanəndələrin muğam və mahnılarına qulaq
asırdıq. Noyabr ayının axırları idi. Hava soyuq
olduğundan meydanda çox qala bilmədik. Evə qayıdanda
yolumuz Quba meydanından düşdü. Burada Təzəpir məscidinə
səmt uzanan küçənin sağ cinahında birmərtəbəli
evlər, dükanlar vardı. Əziz taxta darvazalı
qapını göstərib, məni ora dəvət etdi. Biz
açıq darvazadan həyətə keçdik. İçəridə
burnunuza təzə bişmiş çörək və halva
qoxusu dəydi. Çörək rəfinə girdə,
xına kimi qırmızı, xaşxaşlı çörəklər
düzülmüşdü. Əziz məni özü ilə
içəri apardı. Dükanın səkisində
üz-üzə iki cərgə adam oturmuşdu. Məclisin
yuxarı başında, buxarının yanında qalın
qaşlı, qara saqqallı bir kişi oturmuşdu. Onun iti,
nüfuzedici baxışları vardı. Görünür, məclisin
böyüyü idi. O, ağır-ağır
danışır, məclisdəkilər sükut içində
onu dinləyirdilər. Biz içəri keçəndə
heç vəziyyətlərini dəyişmədilər. Amma
məclisin başındakı kişinin məni iti
baxışlarla süzdüyünü hiss etdim. Bizim içəridə
qalmağımız çox çəkmədi. Əziz
qulağıma pıçıldayaraq:
- Səninlə şeirləşən Mirzə o
kişidir, - deyə məclisin başında əyləşib
söhbət edən adamı mənə göstərdi.
Əzizin dediyinə görə, onun yanına gələnlər
Arazın o tayından idilər. O vaxt Bakıda çörəkçi,
pitiçi dükanları vardı. Bu dükanların
çoxunu cənubi Azərbaycandan gələnlər işlədirdilər.
Sən demə, bu şəxs mənim
tanımadığım, amma şeirləşdiyim şair
Mirzə Əli Möcüz imiş. Sonralar eşitdim ki, o,
1934-cü ildə vəfat etmişdir”.
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru
525-ci qəzet .- 2025.- 18 iyul(¹124).-S.15.