“Əkinçi”dən öncəki
Qafqazın bu tərəfinin xəbərləri
Azərbaycan türkcəsində ilk qəzetin nə
vaxt və harada çıxması barədə AMEA-nın
müxbir üzvü Əziz Mirəhmədov yazırdı:
“Tiflisdə rus, gürcü ... dillərində nəşrə
başlayan “Tiflisskiye vedmosti” qəzetinin az sonra, 1832-ci ildə
“Tatarskiye vedmosti” adı ilə Azərbaycan dilində də
buraxılması Azərbaycan dövri mətbuatının
yaradılması yolunda ilk müsbət addımlardan biri olsa
da, yenə istər dövri mətbuat, istərsə də
kitab nəşri üçün Azərbaycanda müvafiq zəmin
hazırlaya bilmədi. 1841-1846-cı illərdə yenə
Tiflisdə çap olunan “Zakavkazskiy vestnik” qəzetinin Azərbaycanca
buraxılışı haqqında da eyni sözləri demək
olar” (“Azərbaycan kitabı” (Biblioqrafiya) 3 cilddə, I cild,
Bakı, 1963, səh.XXVIII).
Ə.Mirəhmədov vurğuladığı 1832-ci
ildə buraxılan “Tatarskiye
vedmosti” qəzetinin nəşrə başlaması
üçün Gürcüstan Milli Arxivinin “Diplomatiya dəftərxanası”
bölümünün 298 (142) saylı fondunda “Tiflisdə
tatar (Azərbaycan) dilində qəzetin nəşri
haqqında” adlı sənədlər qovluğunda 29 mart
1831-ci ildən 30 yanvar 1833-cü ilədək müxtəlif
nazirliklərə ünvanlanmış müraciətlər, məktublar
mühafizə edilir.
Zaqafqaziya əlahiddə korpusunun komandanı, baş
hakim, milli mənşə etibarilə alman olan baron Qriqori Rozen “Tatar xəbərləri”
qəzetinin təsis edilməsi ilə bağlı 1831-ci il 30
dekabrda (¹ 654) Xalq Təhsil naziri, knyaz Karl Livenə, eləcə
də, daxili və xarici işlər nazirliklərinə məktublar
göndərərək yazırdı ki, Zaqafqaziyada,
xüsusilə Azərbaycanda yaşayan müsəlmanlar
üçün türk-tatar dilində qəzet təsisinə
ciddi ehtiyac var. Hətta Təbrizdə də belə bir qəzetin
çıxmasına tələbat böyükdür. Baron
Qriqori Rozen milli qəzetin əhəmiyyətini vurğulayaraq
qeyd edirdi ki, türk dilində mətbuat orqanının
buraxılması əvvəla Zaqafqaziya müsəlmanları
üçün ən böyük mükafat olardı.
İkincisi isə burada dərc edilən müxtəlif
mövzulu məqalələr yerli əhalinin Avropa təhsilinə
və sənayesinə marağını artıracaqdır.
Göründüyü kimi Baron Qriqori Rozen hərbçidən
daha çox maarifçi kimi çıxış edir,
bütün məsuliyyəti öz üzərinə
götürürdü. O öz qərarı ilə tabeliyində
olar bütün rəislərə, komendantlara məlumat
göndərərək bildirirdi:
1. 1832-ci il 1 yanvar tarixindən türk dilində qəzet
bir vərəqdən (iki səhifədən) ibarət olmaqla
hər həftənin dördüncü günü nəşr
ediləcək.
2. Nəşrin Qafqazda illik abunə qiyməti 8 man.,
yarımillik dəyəri 5 manatdır.
3. Qəzet nömrələrinin öz vaxtında
çıxması və abunəçilərə
çatdırılması baş redaktor Nadvornıya həvalə
edilmişdir.
Sonrakı tədqiqatlar təsdiqləyir ki, 1832-ci ildə
“Tatar xəbərləri” (“Tiflis xəbərləri”) adlı
türkcə qəzetin faktiki redaktoru, şərq dillərinin
mükəmməl bilicisi, tarixçi Mirzə Abram Yenikolopov
olmuşdur.
Baron Qriqori Rozen türkcə qəzetə abunə
yazılmağı şəxsi nəzarətinə
götürmüşdür və o İrəvan vilayətinin,
Axalsixi paşalığının, Müsəlman mahal idarələrinin
rəislərinə, o cümlədən Bakı, Şirvan,
Şəki, Quba, Dərbənd, Lənkəran, Gümrü
komendantlarına, Gürcüstan Mülki Qubernatorluğuna
müraciət göndərərək qəzetin
yayılmasını təşkil etməyi
tapşırmışdı.
Quba komendantı, podpolkovnik Qimbut 1932-ci il 21 yanvar (N
141) tarixində Tiflisə göndərdiyi məktubunda
bildirirdi: “Tiflis xəbərləri” qəzetinin türkcəsinə
30 nəfər, ruscasına 2 nəfər abunə
yazılmış, 120 manat gümüş pul
toplanmışdır.”
“Tatar xəbərləri” (və ya “Tiflis xəbərləri”)
qəzetinin iki sayı 1932-ci il 16 yanvarda artıq oxuculara
çatdırılmışdır. Qəzetə
senzuranın tətbiqi, Sankt-Peterburqdan hər nömrə
üçün icazə alınmasının zəruriliyi,
“Tiflisskiye Vedomosti” qəzetinin redaktoru Pavel Stepanoviç
Sankoviskinin (1800-1832) vaxtsız vəfatı və digər səbəblər
“Tatar xəbərləri” (və ya “Tiflis xəbərləri”)
qəzetinin bağlanması ilə nəticələnmişdi.
Azərbaycan türkcəsində ilk nəşr olan
“Tiflis xəbərləri”nin (1832) bu gün bir nömrəsinin
də əlimizdə olmamasına baxmayaraq mühüm əhəmiyyət
kəsb edən tarixi hadisədir və onun ideya müəllifi
və təşkilatçısı, Zaqafqaziyanın baş
hakimi, milliyyətcə alman olan Baron Qriqori Rozenin bu sahədəki
xidmətləri ən yüksək dəyərə layiqdir.
Görkəmli gürcü mədəniyyət xadimi,
kitabşünas Zaxar Çiçinadzenin və tarixçi,
muzeyşünas İvan Yenikolopovun (İ.Enikolopov. Pervaə
törkskaə qazeta na Kavkaze. “Kulğtura i pisğmennostğ
Vostoka”, Baku, 1928, s.140-146) araşdırmalarına əsasən
Zaqafqaziyada 1828-1833-cü illərdə ilk rəsmi mətbuat
orqanı - “Tiflisskiye Vedomosti” P.S.Sankoviskinin redaktorluğu ilə
nəşr edilirdi və bu qəzetin rus, gürcü və
fars dillərində əlavələri
çıxırdı. Onların elmi qənaətlərinə
görə ilk dəfə 1829-cu ildə “Tiflis əxbarı” qəzeti
farsca çap edilmişdir. 1832-ci ildə təsis olunan və
türk dilində yayınlanan “Tatar xəbərləri” (və
ya “Tiflis xəbərləri”) qəzeti isə “Tiflis əxbarı”nın
mətbəə bazası əsasında fəaliyyətə
başlamışdır.
Quberniya statuslu
“Zakavkazskiy vestnik” qəzeti isə Ə.Mirəhmədovun qeyd
etdiyindən daha uzun müddət - 1837-1855-ci illərdə fəaliyyət
göstərmiş, Azərbaycan türklərinin tarixi, mədəniyyəti,
ədəbiyyatı, folkloru, məişəti,
dünyagörüşü haqqında burada materiallar
çap olunmuşdur.
“Zakavkazskiy vestnik” qəzetinə gürcü
ilahiyyatçısı və tarixçisi Platon İoseliani
(1810-1875) redaktor təyin edildikdən sonra bu müsbət meyllər
daha da gücləndirilmişdir. Qəzetdə “Göyçə
gölünə səyahət”, “Təbriz - Azərbaycan vilayəti
hökmdarlarının iqamətgahı”, “Ağa Məhəmməd
xan Qacarın həyat yolu”, “Şamlıvəl vadisi” povestində
“Koroğlu” dastanından boylar, Abbasqulu Ağa Bakıxanovun tərcüməsində
“Tatar (Azərbaycan - A.R.) mahnıları”, “Zöhrə xanım Qacarın
mahnısı”, “Türk və tatar atalar sözləri” və
bugünədək tədqiqatlardan kənarda qalmış
çoxsaylı materiallar yer almışdır.
“Türk və tatar atalar sözləri” vilayət qəzeti
olan “Zakavkazskiy vestnik”in 1847-ci il tarixli 21-ci sayında əvvəlcə
Azərbaycan türkcəsində ərəb qrafikası ilə,
ikinci, Azərbaycan dilində kiril əlifbası ilə (Bu
variant bizim ana dilimizdə kiril əlifbası ilə yazmağa
ilk cəhdlərdir - A.R.) və sonda rus dilinə tərcümə
edilmiş variantda verilmişdir.
Birinci atalar sözü ərəb əlifbası ilə
belədir: “Allah verür, Allahverdi qoymaz”. Kiril əlifbası
ilə verilmiş atalar sözü daha mükəmməldir:
“Allax verər, əmma Allahverdi qoymaz”. Rus dilində bu atalar
sözünün təfsiri də verilmişdir. Digər atalar
sözündə deyilir: “Acı badımcanı qırav
çalmaz”. Bu atalar sözü rus dilinə belə tərcümə
olunub: “Qorğkie badımjani moroza ne boətsə”.
Başqa deyimlərdə yazılıb: “O yer
yaxşıdır - harada ki, bizim ocaq var”, “At yüyürək, qılınc kəskin,
iqbal kəsməz (bəxt gətirməz - A.R.), “Ayranım budur - yarısı
sudur”, “Oğul - doğulduğu
gündən oğuldur!”
Türk bədii düşüncəsinin poetik ifadə
tərzini, müdrik və fəlsəfi tutumunu ruhunda
daşıyan bu deyimlər indi də aktual səslənməklə
yanaşı XIX yüzilliyin 40-cı illərində rus dilində
çıxan “Zakavkazskiy vestnik” qəzetinin səhifələrində
yer alması mühüm əhəmiyyət kəsb edir.
Qəzetin redaktoru milli mənsubiyyət etibarilə
gürcü, sosial mənşəcə böyük ziyalı,
geniş dünyagörüşlü tarixçi, ruhani olan
Platon İqnatyeviç İoselian rəhbərlik etdiyi mətbuat
orqanının səhifələrində Qafqaz türklərinin
həyatından, məişətindən, yaşam tərzindən
bəhs edən materiallara rəvac verməklə, onları
mütəmadi yayınlamaqla burada yaşayan xalqların mənəvi
bütövlüyünə, mehriban dostluq əlaqələrinin
möhkəmlənməsinə xidmət edirdi.
Məlumdur ki, “Zakavkazskiy vestnik” qəzeti Tiflis şəhərində,
Qafqaz Canişinliyinin mətbəəsində nəşr
edilirdi. Bu mətbəədə rus, gürcü şriftləri
ilə yanaşı əski türk (ərəb)
hürufatının mövcudluğu redaktora rusdilli qəzetdə
Azərbaycan türkcəsində də məqalə və məlumatlar
çap etmək imkanları yaradırdı. Əslində bu
üsul Azərbaycan türklərini milli mətbuatını
yaratmağa doğru aparan ilk cəhdlər, dost dəstəyi
idi. İdeyanın gerçəkləşməsi
özünü çox gözlətmədi: Azərbaycan
türkcəsində, ərəb əlifbası ilə ilk qəzet
böyük ictimai xadim Həsən
Bəy Zərdabinin “Əkinçi”sindən düz 30 il əvvəl,
“Zakavkazskiy vestnik” qəzetinin bazasında meydana gəldi.
İlk qəzetin tirajı çox olmasa da, sürətlə
yayıldı və dəqiq ünvanlara
çatdırıldı. Bu mətbuat orqanı qaranlıq
mühitdən maarif, mədəniyyət
işığına doğru açılan ilk pəncərə,
qaranlıq mühitin dar, dolanbac dalanlarından yan keçərək
sabaha uzanan ilk cığır idi...
Azərbaycan türkcəsində qəzet: “Qafqaziyənin
bu tərəfinin xəbəri” (1845). Hər bir xalqın milli
mətbuat gününü bayramsayağı qeyd etməsi,
tarixi inkişaf mərhələlərində kütləvi
informasiya vasitələrinin keçdiyi yola nəzər
salınması, elmin, ədəbiyyatın, mədəniyyətin,
maarifin təbliğində mühüm və əhəmiyyətli
tribuna missiyasını daşıması o xalqın
ictimai-siyasi, elmi-mədəni tərəqqisinin göstəricisi,
danılmaz faktı kimi dəyərləndirilir. Vurğulanan
kontekstdə Azərbaycan milli mətbuatının yaranma tarixi
və inkişaf mərhələləri haqqında yetərincə
araşdırmalar aparılmış, monoqrafiyalar nəşr
etdirilmişdir. Böyük mütəfəkkir, maarif və mədəniyyət
fədaisi Həsən Bəy Zərdabinin “Əkinçi”
(1875, 22 iyul) qəzetindən əvvəl Bakıda rus dilində
çap olunmuş “Bakinskiy listok” (1871-1872) qəzeti barədə
geniş tədqiqatların mövcudluğuna baxmayaraq Azərbaycan
türkcəsində ondan da əvvəl davamlı olmasa da,
çap edilən nəşrlər yetərincə
araşdırılmamış, diqqətdən kənarda
qalmısdır.
Tiflisdə 1832-ci ildə Azərbaycan türkcəsində
işıq üzü görən “Tiflis xəbərləri”
qəzeti haqqında müxtəlif elmi qaynaqlarda məlumatlara
rast gəlinsə də, təəssüf ki, bu mətbuat
orqanı indiyədək əldə olunmayıbdır. “Tiflis
xəbərləri” qəzetindən fərqli olaraq
“Qafqazın bu tərəfinin xəbəri” çoxillik tədqiqat
nəticəsində aşikara çıxarılmış,
onun haqqında obyektiv məlumat vermək, faksimilesini çap
etmək fürsəti yaranmışdır.
“Qafqazın bu tərəfinin xəbəri” nəşrinin
ilk sayı 1845-ci il 4 yanvar tarixində Zaqafqaziya
Canişinliyinin mərkəzi olan Tiflis şəhərində
Azərbaycan türkcəsində işıq üzü
görmüşdür. “Zakavkazskiy vestnik” qəzetinin əlavəsi
kimi nəzərdə tutulsa da, tam müstəqil nəşr
olaraq çapa hazırlanmış, dörd səhifədən
ibarət olan “Qafqazın bu tərəfinin xəbəri” ana qəzetin
(“Zakavkazskiy vestnik” nəzərdə tutulur - A.R.) formatında
- A4+ biçimdə oxucularına ünvanlanmışdır.
Bu nəşrin mükəmməl məlumat aparatına
möhtac qalması onun tirajı haqqında dəqiq fikir
söyləmək imkanlarını məhdudlaşdırır
və güman etməyə əsas verir ki, qəzetin ilk
sayları 50-100 nüsxədən çox olmayıbdır.
“Qafqazın bu tərəfinin xəbəri”ndə qəzetin sərlövhəsinin,
məqalə və materialların eyni şiriftlə
yığılması hürufat bazasının
kasadlığından xəbər verir. Ümumiyyətlə,
qəzetin başlığındakı “Qafqazın bu tərəfi”
ifadəsi “Zaqafqaziya” (Qafqazın arxası - A.R.)
sözünün tam fərqli mənasındadır. Əgər
Cənubi Qafqaz Rusiya imperiyasının məmurları
üçün “Zaqafqaziya”, “Qafqazın arxası”
adlandırılırdısa, Azərbaycan türkləri
üçün “Qafqazın bu tərəfi” söz birləşməsi
daha doğma və əziz səslənir.
Qəzetin sərlövhəsindən sonra ilk cümlə
onun illik abunə qiyməti haqqındadır. “İllik qiyməti
beş manatdır” fikrini xüsusi qabardan redaktor şübhəsiz
ki, oxucuların diqqətini iki vacib məqama yönəltmək
istəmisdir. Birincisi, qəzetin davamlı olaraq
çıxmasına əminlik ifadə edilmişdir.
“Zakavkazskiy vestnik” (rus dilində) qəzetinin olduğu kimi
“Qafqazın bu tərəfinin xəbəri”nin də redaktoru azərbaycanlılara
xüsusi rəğbət bəsləyən Platon
İqnatyeviç İoselian (1810-1875) idi və şübhəsiz ki, o
davamlı mətbuat orqanı nəşr etmək niyyətinə
düşərkən yaradıcılıq və texniki imkanlarını
nəzərdən keçirmişdir. İkincisi isə abunə
qiymətinin önə çəkilməsi ciddi maliyyə
probleminin mövcudluğuna da bir işarə idi. “Qafqazın
bu tərəfinin xəbəri” ilə müqayisədə
“Zakavkazskiy vestnik” qəzetinin 1 yanvar 1845-ci il tarixli 1-ci
sayında və sonrakı nömrələrdə abunə
reklamına rast gəlinmir.
Qəzetin sərlövhə hissəsində daha sonra
yazılmışdı: “Nömrə 1. Hər həftənin
pəncşənbə günündə hazır olur. Bum
(Ölkə). Pəncşənbə, 1845 ilinin yanvar
ayının 4 günündə. Hisseyi müəyyən.”
Bu qısa məlimatdan məlum olur ki, “Qafqazın bu tərəfinin
xəbəri” hər cümə günü çıxmaq
şərtilə ayda dörd, ildə isə 48 sayının
nəşr edilməsi nəzərdə tutulmuş, qəzetin
bir nüsxəsinin qiyməti təxminən 14 qəpik müəyyənləsdirilmisdir.
Qəzetin şrifti fərqli məzmuna və janra malik materiallar
üçün birölçülü, yeknəsək
olduğu kimi bədii tərtibat işi də çox sadədir.
Dörd səhifəlik bu mətbuat orqanı sərlövhə
və əsas göstəricilərdən sonra üfüqi
qoşa, qara xətt çəkilmiş, mətnlər isə
şaquli xəttlə iki hissəyə
bölünmüşdür. Sonuncu səhifə isə
üfüqi qoşa, qara xəttlə
yekunlasdırılmış, xətkeşdən sonra “Redaktor:
Platon İoselian” yazılmışdır.
Qəzetin birinci səhifəsində, başlıqdan
sonra üfüqi qoşa, qara xəttin arasında “Hisseyi
müəyyən” verilibsə, dördüncü səhifənin
sonunda, eyni məkanda yazılıb: “Tiflis şəhərində,
Qafqazın bu tərəfinin münaziməti əzminin daraye təbiətdə”
Şübhəsiz ki, bu informasiyada ümumi də olsa
qəzetin hazırlandığı məkan nişan
verilmişdi və “Daraye təbiət” - deyildikdə “Nabatat
evi” nəzərdə tutulurdu. Maraqlıdır ki, Azərbaycan
türkcəsində olan qəzetin ilk sayında “Zakavkazskiy
vestnik”dən fərqli olaraq durğu işarələrindən
istifadə edilməmişdir ki, bu problem oxu sürətini
xeyli aşağı salır və çətinləşdirir.
“Qafqazın bu tərəfinin xəbəri”nin ilk
sayında baş məqalənin yer almaması, qəzetin məramının,
məqsədinin açıqlanmaması yalnz onunla əlaqələndirmək
olmaz ki, XIX yüzilliyin birinci yarısında belə bir ənənə
formalaşmamışdır. Güman etmək olar ki, redaktorun
Azərbaycan türkcəsini zəif bilməsi bu mətbuat
orqanının gələcək taleyinə və davamlı fəaliyyətinə
mənfi təsir göstərmişdir.
Əslində qəzet kiçik, bir-birindən az fərqlənən
materiallardan ibarətdir. Birinci və əsas material Rusiya
imperiyası adından verilmiş qanun mətnidir. “Senatın fərmanı”
sərlövhəli bu qanun “Məqami-lazimədə istemal etmək
üçün” adlanır və qəzetin bir səhifəsindən
çox yer tutur. Birmənalı vurğulamaq olar ki,
“Qafqazın bu tərəfinin xəbəri”nin
yaranmasını zərurətə çevirən şərtlərdən
biri də Rusiya hökumətinin qanun və qərarlarının
Azərbaycan türkləri üçün öz dillərində
təqdim etməkdən ibarətdir. Qəzetdə yer alan
materialların rus dilindən tərcümə olunduğu
şübhə doğurmur. Ədalət xatirinə
vurğulamaq lazımdır ki, dövrün dil imkanları nəzərə
alınmaqla, termin və anlayışların yetərincə
sabitləsmədiyi bir zamanda bu mətbuat orqanında yer alan
materiallar sərbəst tərcümə olsa da, onu uğurlu
yaradıcılıq və redaktə işi hesab etmək
mümkündür.
Xüsusilə, XIX əsrin 40-cı illərində
böyük Azərbaycan mütəfəkkirlərindən
Abbasqulu Ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin
və başqalarının Qafqaz Canişinliyində xidmət
göstərdiklərini nəzərə alsaq, onların da qəzet
işinə cəlb edilməsi və bu mətbuat
orqanının yaranmasında xidmətlərinin, ciddi dəstəklərinin
mövcudluğunu ehtimal etmək mümkündür
“Senatın fərmanı”
və ya “Məqami-lazimədə istemal etmək
üçün” adlı qanunda yazılır: “Ol barədə
ki, hərgah mənzilbəmənzil göndərilən məhbuslar
yolda fotoları lazımdır ki, vilayətin hakimləri onlara
diqqət etsünlər.”
İlk cümlədən qərarın məhbuslar,
onların nizam-intizama dəvət edilməsi, qanun
pozuntularının qarşısını almaq
üçün hakimlərin və mühafizəçilərin
hüquqi imkanlarını genişləndirmək haqqında
olduğu bəllənir.
“Qafqazın bu tərəfinin xəbəri”nin 3-cü
səhifəsində bir məlumat xüsusilə diqqəti cəlb
edir. Şamaxıdan olan bildirişdə deyilir: “Kaspiyski
oblastnoy pravitesindən (Xəzər vilayəti idarəsindən
- A.R.) elam olunur ki, Şamaxı şəhərinin sakini Nuri Əbdül Rəhim oğlu cərimə
və qeyri kağız pulunu əda etməyə (ödəməyə
- A.R.) qadir olmadı. Ol səbəbdən Şamaxı şəhərində
ona təlif olunan (yazılan) bir baba evi, yanında olan təmiratı
ilə bir yerdə yazılıb: yüz on manat pula qiymət
olunubdur.”
Bu iki cümlə rus və ərəb kəlmələri
ilə nə qədər qarışıq olsa da, məzmun və
mahiyyətin aydınlatdığı, oxucuya
çatdırdığı informasiya daha təsirli və
ağrıdıcıdır. Şamaxılı Nuri
Əbdül Rəhim oğlu çar məmurlarının ona
tətbiq etdiyi cərimələri ödəmək
imkanlarından məhrumdur. Lakin bu mənəviyyatdan və
insanlıqdankənar məmurların təzyiqi və təpkisi
ilə qışın sərt vaxtında (qəzet 4 yanvar
1845-ci ildə çıxıb - A.R.) Nuri Əbdül Rəhim
oğlu babasından ona qalmış təmirli evi satmaq məcburiyyətində
qalmısdır.
“Kaspiyski oblastnoy pravitesi” cərimələnmiş Nuri
Əbdül Rəhim oğluna “humanistlik” nümayiş etdirərək
baba evinin su qiymətinə (Cəmi 110 manata - A.R.)
satılmasını sürətləndirmək məqsədilə
elanı “Qafqazın bu tərəfinin xəbəri”ndə
çap etdirməyə müvəffəq olmuşdur. Bu elan
çar hökumətinin soyqunçuluq siyasətini ifşa
edən, vətəndaşlarına qaşı qəddarlıq,
rəhmsizlik, antihumanistlik göstərən bir qurum
olduğunu təsdiqləyən çox güclü
faktdır.
Nəşrin “Elam” (Elan) bölməsində Tiflis
şəhərinin sakini B.Şeyxitovun karvansarada dükan
açdığı, yaxşı tütün, siqaret və
qeyri malların olduğu, “bu xüsusda məlumat
üçün kəmali ixlas ilə (səmimiyyətlə)
Tiflis şəhərinin əhli sakinlərindən və dəxi
Qafqazın bu tərəfində olan şəhərlərinin
sakinlərindən və əşxasından (şəxslərindən)
təvəqqe edir ki,” dükana baş çəksinlər. Qəzetdə
satılan malların konkret qiyməti də göstərilib:
“Trabzon tütününün əvvəlinci qismində givrənkəsi
əlli qəpik, ikinci qismində givrənkəsi qırx qəpik,
üçüncü qismində givrənkəsi otuz qəpik.
...Putla un - bir manat yetmiş qəpik, buğda - bir manat iyirmi qəpik,
arpa - səksən qəpik, düyü - bir manat iyirmi qəpik,
duz - əlli qəpik, qoyun əti - üç qəpik, hind
toyuqu - yetmiş qəpik, qaz - əlli qəpik, toyuq - iyirmi qəpik”
və s.
Elanlar nəşrin üçüncü səhifəsinin
sonundan başlayaraq, dördüncü səhifə
bütövlükdə bu mövzuya həsr olunmuşdur. Qəzetin
sonuncu - 4-cü səhifəsinin axırında “yanvar
ayının 4-ü günündə” yazılıb və o
vaxtın anlamına əsasən satılan malların təzə
olduğuna işarə edilirdi.
“Qafqazın bu tərəfinin xəbəri”
özündən əvvəl işıq üzü
görmüş “Tiflis xəbərləri” (və ya “Tatar xəbərləri”)
qəzetinin missiyasını davam etdirmiş, bu gün əlimizdə
olan yeganə qiymətli nümunədir. Bu nəşrin fəaliyyəti
Qafqazın bu tərəfinin müsəlman-türk əhalisi
üçün maarifə, təhsilə ciddi maraq
oyatmışdır. Azərbaycanlıların yazmaq-oxumaq vərdişlərinin
geniş yayılmasında, publisistikanın, redaktə
işinin peşəkarlıq müstəvisində təşəkkül
tapmasında şübhəsiz ki, mətbu nəşrlərin
təsiri və əhəmiyyəti birmənalı olaraq
böyükdür.
İstər “Tiflis xəbərləri”nin (və ya
“Tatar xəbərləri” 1832), istərsə də
“Qafqazın bu tərəfinin xəbəri” (1845) qəzetinin
yaranmasının və fəaliyyətinin mövcudluğu,
Qafqaz arealında nəşr olunması, nəşrlərə
qeyri-türklərin rəhbərlik, redaktorluq etməsi
heç bir vaxt qısqanclıqla qarşılanmamış,
bu ədəbi-mədəni hadisəyə heç vaxt
ögey, biganə münasibət bəslənilməmişdir.
Tarixin dumanlığında görünməz izlər buraxan
bu nəşrlərin Qafqaz Canişinliyinin himayəsi
altında meydana gəlməsi naşirə və yazarlara rəğbət
hissi doğurmaqla yanaşı, ilk milli mətbuat orqanımız -
böyük Həsən bəy Zərdabinin
yaratdığı peşəkar jurnalistika nümunəsi olan
“Əkinçi”nin yaranmasında hazırlıq mərhələsi
rolunu oynaması da vurğulanmalıdır.
XIX yüzilliyin birinci yarısında Qafqazın mədəniyyət
mərkəzi olan Tiflis şəhərində Azərbaycan
türkcəsində “Tiflis xəbərləri”nin (və ya
“Tatar xəbərləri” 1832) və “Qafqazın bu tərəfinin
xəbəri” (1845) adlı nəşrlərin yaranması,
qısamüddətli olsa da, fəaliyyət göstərməsi
ilk növbədə sinəsi söz xəzinəsi ilə
çağlayan xalqımızın maarifə, mədəniyyətə,
mətbuataŞ təhsilə təşnəliyinin bariz
faktlarından, mətbuat tariximizin unudulmaz səhifələrindən
hesab edilməlidir.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 18 iyul(¹124).-S.12-13.