Rənglər
Esse
Sübhün qaranlığında küçə
lampasında daha çox hiss edilən dünyaya qarışma
cəhdləri qarşıma çıxır hər yerdə,
hər addımda. O pəncərə nə qədər
çirkli olsa da, ardındakı təmizlənməni,
saflaşmanı əsən hər budağın titrəşən
yarpağında, o yarpağın üstündə sıralanan
damcıların şəffaflığında görmək
olar. Məsum olan o şəffaf damcılardır.
Boz xilas rəngidir. Ardındakı 50 çaları
görməmək üçün bir rəngə
sığınmaq edə biləcəyin ən böyük xəyanətdir.
Dünyanı sadəcə boz görmək daltoniklik vərdişi
yaradacaq, bu vərdiş həm özünə, həm ətrafında
nəfəs alan hər şeyə bozluğun rəngsizliyini
qatacaq.
Pəncərənin bu tayında olan dibçəkdəki
çiçəklər çölə baxarkən gözlərini
qaçırdır. Onlar heç nəyin mübarizəsini
aparmayıb, öz köklərinə tutunmaqdan başqa. Bunun
üçün də xüsusi bir cəhdləri yoxdur.
Çox asanlıqla, ya ortam, ya hava, ya su, ya işıq bəhanəsiylə
vaz keçə bilirlər yaşamaqdan. Həyatda qalmaq
üçün mübarizə aparmırlar çünki.
Heç vaxt o günəşin isidən və canlandıran
şüasını birbaşa hiss etməyib, o küləyin
həyəcanını yaşamayıb. Yarpaqlarınıın
düşəcəyindən, bir parçasını itirəcəyindən
qorxmayıb. Soyuğu hiss etməyib məsələn, həmişə
arada bir şüşə parçası olub. Həyatın əsl
üzünün, ən gözəl tərəfinin mübarizə
aparmaq olduğunu bilməyib məsələn. Onun
savaşmağa dəyər bir yer olduğunu bilmədiyi
üçün rahat vaz keçiblər çiçəklər.
Öz kökündən, hüceyrəsindən bir
parçanın çöldə, gerçək həyatın
olduğu bir yerdə varoluş mübarizəsini görməzdən
gəlmək edə biləcəyin ən böyük xəyanətdir.
Min ildən bəri dəyişməyən, göz
işlədikcə görünən eyni rəngin hökmranlığında
fərqli rəng, məsələn, firuzəyi olmaq istəmək
mübarizələrdən ən gözəli ola bilər, məsələn.
Çox olan, sabit olan, qəbul görülmüş
olan qorxutmursa, dünya, sadəcə özünə verə
biləcəyin hesabın varsa, qiymətlidir. Hesab
soruşmasan, özünü sorğu-suala çəkməsən,
problem var, əsasən.
Rəngin fərqlidirsə, qoxun yenidirsə, səsin tək
çıxırsa, hər alqışa əlin tərpənmirsə,
“məhkumluq” kəlməsinin 9 hərfinin hər birini
ayrı-ayrılıqda rədd edirsənsə, bozun
udmadığı məsumluq, təmizlik borclu olduğun o
uşaq üçün əlindən gələni edib deməkdir.
Təsdiq olunmaq, təqdir olunmaq burulğanında
boğulmaq sonsuz ehtimalları olan taleyinə edə biləcəyin
ən böyük xəyanətdir.
Nəticədə gündüzün səs-küyü,
məhkumiyyəti, məcburiyyəti, qələbəliyi,
qorxusu çəkilmə yaşayan təlatümlü dəniz
dalğasından geridə qalan xırda balıqqulağı zərrəsi
kimi yalnız və bir tək özünə borclusan gün
sonunda. O sular çəkiləndə fikir ver ətrafına,
gecənin qaranlığında hər kəs yatanda
pıçıltını, nəfəs yolundan keçən
xışıltılı havanı (ədəbiyyatda buna
“köks ötürmək” deyə bəzək vurulur, amma nə
fayda) kim eşidir? Susanda kim dinləyir səni? Sükutunu kim
anlayır? Ətrafında suyun çəkilməsindən
qalan, ən yaxşı halda, bəxtin gətirsə,
kiçik balıq balasıdır. Nəfəsi tükənən,
atılıb düşən, sən ona, o sənə baxarkən
yenidən, daha sürətlə gələn dalğanı
gözləməkdən başqa çarəsi olmayan balaca
qara balıq.
Bir ömür boyu həyatın bir addım ötəsini,
dənizin o tayını, dağın o üzünü maraq
etmirsənsə, sorğulamırsansa, bu, özünə edəcəyin
ən böyük xəyanətdir.
Əgər rəngləri, bitkiləri,
yağışı, qarı dinləyə bilirsənsə,
onların dediklərini anlamaq, ifadə etmək
üçün cəhd etmirsənsə, bu, iki
qulağına, iki gözünə, barmaq ucundakı atom
parçalarına, atan nəbzinə edəcəyin ən
böyük xəyanətdir.
Bu qədər xəyanətin içində heç
birimiz məsum deyilik...
Şəfa ABDULLA
525-ci qəzet .- 2025.- 18 iyul(¹124).-S.11.