Mirzə Qədim
İrəvaninin nəsli və sənət irsi haqqında
qeydlər
Mirzə Qədim İrəvani
- 200
Bir dəfə "İrəvan ziyalıları"
silsiləsindən görkəmli xalçaçı rəssam
Kamil Əliyev barəsində material toplayıb oçerk
yazmaq üçün "Azərxalça" İstehsalat
Birliyinə getdim. Kamil müəllimlə
görüşüb gəlişimin məqsədini bildirdim.
Gördüyüm işlər barəsində məlumat verib,
məqalələrimdən bir neçəsini ona göstərdim.
Birdən Kamil müəllim soruşdu: "Mirzə Qədim
İrəvanidən yazıbsan?" Cavab verdim: "Xeyr!"
Kamil müəllim əsəbi halda dedi: "Bəs
onda İrəvan ziyalıları haqqında necə məlumat
toplayırsan?"
Dedim ki, nə qədər axtarışlar aparsam da,
lazımi material tapa bilmədim, əgər
mümkündürsə, mənə kömək edin.
- Get, axtaran tapar!
Bu sözlər qulağımda cingildədi və
narahatlığımı artırdı: "Axtaran tapar!"
Uzun müddət gərgin axtarışdan sonra, nəhayət,
material əldə edib, Mirzə Qədim İrəvani və
onun nəsli haqqında oçerki yazmağa başladım.
lll
Rəssamlıq sənətində xüsusi yeri olan,
doğulduğu torpağa bütün varlığıyla
bağlanaraq İrəvani təxəllüsünü
götürmüş Mirzə Qədim 1825-ci ildə İrəvan
şəhərində dülgər ailəsində anadan olub.
Bu o dövrlər idi ki, İrəvan xanlığı
ömrünün son illərini yaşayırdı. İki ildən
sonra İrəvan şəhərinin azərbaycanlıların
əlindən çıxma dövrünün əsası
qoyulacaqdı.
M.Q.İrəvani ilk təhsilini doğma İrəvanda,
üsuli-cədid məktəbində almışdı. Sonra
O, Tiflisdə progimnaziyada təhsilini davam etdirir. 15
yaşında gimnaziyanı bitirərək İrəvana
qayıdır və poçtda teleqrafçı vəzifəsində
çalışır.
O, rəssamlıq sənətini ağac üzərində
bədii oyma ustası olan atasından öyrənmişdi.
Yaradıcılığının ilk dövründə
dekorativ sənətlə məşğul olan M.Q.İrəvani
bir sıra portretləri - "Süvari", "Rəqqasə",
"Dərviş" əsərlərini yaradıb ki, həmin
sənət əsərləri hazırda İncəsənət
Muzeyində saxlanılır. Görkəmli rəssamın sənət
aləminə 10-dan çox portret əsəri məlumdur.
M.Q.İrəvaninin yaratdığı sənət
incilərinin mühüm bir qismi İrəvan Sərdarının
sarayı üçün çəkdiyi portretlərdən
ibarətdir. Belə portretlərdən biri "Sərkərdə
portreti"dir. Uzun müddət ədəbiyyatda pəhlivan
portret kimi təqdim edilən bu əsərdə sərkərdənin
üzünün fərdi cizgiləri - enli alnı, düz
burnu, uzun bığları, habelə irəliyə doğru
dikilmiş gözləri və balaca ağzı rəssamın
obrazı konkretləşdirməyə
çalışdığını göstərir ("Azərbaycan
incəsənəti" Bakı-1959).
Mirzə Qədim İrəvani 1850-ci illərdə
İrəvan sərdarının sarayındakı pannoları
və süjetli kompozisiyaları bərpa etmiş, sarayın
güzgülü zalında yağlı boya ilə bir
neçə monumental portret çəkmişdi. "Fətəli
şah", "Abbas Mirzə"nin portretləri belə əsərlərdəndir.
M.Q.İrəvaninin 1860-70-ci illərdə
yaratdığı "Vəğulla Mirzə", "Molla", "Ayaq üstə
dayanmış qadın", "Gənc oğlan", (Azərbaycan
İncəsənət muzeyi) portretləri Azərbaycan realist
boyakarlığının ən yaxşı nümunələrindəndir.
Rəssamın "Oturmuş qadın portreti" də diqqəti
cəlb edən əsərlərdən biridir.
Sənətkarın əsərləri bir çox məşhur
muzey və qalereyalarda qorunub saxlanılır. Böyük rəssamın
nəvəsi İsmət Axundovun fikrincə, İrəvana
müxtəlif vaxtlarda gəlmiş səyyahlar, incəsənət
həvəskarları onun rəsmlərini öz ölkələrinə
aparmışlar. İrəvaninin nəticəsi Gülşən
xanımın verdiyi məlumata görə isə,
Peterburqdakı məşhur Ermitaj sarayında 1970-72-ci illərdə
iki otaq yalnız Mirzə Qədimə
ayrılmışdı. Burada onun əsərlərinin
orijinalı və fotokopiyaları nümayiş etdirilirdi.
Əməkdar incəsənət xadimi, rəssam
İsmət Axundov Fransada olarkən Parisdə məşhur
"Mütəfəkkir" heykəlinin müəllifi
Rodenin ev-muzeyində İrəvaninin bir əsərinin
saxlandığını öyrənib.
Mütəxəssislərin fikrincə, dahi rəssam
Rafael Romada Vatikan sarayında daim sulu boyalarla işlədiyi
üçün bu, onun səhhətinə pis təsir
etmiş və 37 yaşında dünyasını dəyişmişdi.
Bəlkə Mirzə Qədim İrəvani də İrəvanda
Sərdar sarayını bəzəyən şəkilləri
çəkərkən səhhəti korlanmış, 1875-ci
ildə 50 yaşında ikən vəfat etmişdi. Mirzə Qədim
İrəvaninin Ələkbər və Ələsgər
adında iki oğlu olub. Ələsgər gənc ikən, təxminən
35-36 yaşlarında dünyasını dəyişib. Ələkbər
isə atasına və qardaşına nisbətən
uzunömürlü olub.
M.Q.İrəvaninin nəticəsi Gülşən
xanımın bizə təqdim etdiyi sənəddən bəlli
olur ki, İrəvan kollec asesoru Mirzə Qədim İrəvaninin
oğlu Ələkbərbəy Qədimbəyov 1859-cu il avqust
ayının 12-də qədim İrəvan şəhərində
anadan olub. Dördüncü sinfədək İrəvan
gimnaziyasında təhsil alıb və Dairə İdarəsinin
1 oktyabr 1879-cu il 226 saylı əmrinə əsasən İrəvan
teleqraf mərkəzində 4-cü dərəcəli
teleqrafçı təyin edilib. 1881-ci il 23 may 124 saylı əmrə
görə həqiqi xidmətə təsdiq olunur. Ə.Qədimbəyov
get-gedə daha məsul vəzifələrə irəli
çəkilir. 1883-cü ilin oktyabrında yaxşı xidmətlərinə
görə quberniya katibliyinə keçirilir. 2 oktyabr 1889-cu
il 157 saylı əmrinə əsasən o, teleqraf poçtunun
IV dərəcəli məmuru vəzifəsində, daha sonra
isə Tiflis poçt teleqraf dairə-poçt ştat idarəsində
III dərəcəli teleqraf-poçt məmuru olub. 1895-ci il
15 noyabr 70 nömrəli əmrə əsasən kollec asessoru
təyin edilib və həmin vaxtda da üzərində
Aleksandr Nevskinin lenti olan gümüş medalı alıb ki,
bu, imperator III Aleksandrın şərəfinə təsis
edilmişdi. 31 oktyabr 1912-ci ildə 182 nömrəli əmrə
əsasən xəstəliyə görə işdən azad
edilmiş Ə.Qədimbəyova verilmiş xasiyyətnamədən
aydın olur ki, o, həmişə nöqsansız işləyib
və heç bir töhmət almayıb.
Ə.Qədimbəyov 1900-cü il noyabr ayının
1-də İrəvanın bəy nəslindən olan Fatma
xanımla (1875-ci il təvəllüdlü) ailə
qurmuşdu. Bu, onun ikinci nikahı idi. Ələkbər bəyin
birinci nikahından iki övladı olub: Firudin bəy (1885) və
Cahangir bəy (1891 noyabr).
Fatma xanımın Ələkbər bəylə
qurduğu ailə onun da ikinci nikahı idi. Fatma xanımın
birinci ərindən üç övladı olub: Xanımzər,
Əbülfət, Kamal.
Ələkbər bəyin ikinci nikahdan üç
qızı dünyaya gəlib: Münəvvər (1905), Mənzər
(1909), Əfşan (1915-ci il 22 fevral).
Ələkbər bəy Qədimbəyov 1918-ci ildə
59 yaşında vəfat edib.
Bir fakta diqqət yetirmək lazımdır ki,
Gülşən xanımın bizə təqdim etdiyi sənəddə
Fatma xanımın atasının adı Zeynalabdın bəy
kimi göstərilir.
Ancaq görkəmli dövlət və elm xadimi
Əziz Əliyev 1951-ci il aprelin 24-də yazdığı tərcümeyi-halında
anası Zəhra xanımın İbrahim bəy Süleymanbəyovun
qızı olduğunu qeyd edir. Bəllidir ki, Fatma xanım
(Əziz Əliyev tərcümeyi-halında onun adını
Matan kimi təqdim edir - Ə.Z.) onun doğma xalasıdır.
Fikri aydınlaşdırmaqdan ötrü, bizcə,
Ə.Əliyevin yazdığı tərcümeyi-halına
müraciət etmək yerinə düşər:
"Anam İrəvanlı İbrahimbəy
Süleymanbəyovun qızıdır. İbrahimbəy İrəvan
tacirlərindən olub. 1900-cü ildə vəfat edib...
Dörd xalam olub. Matan Qədimbəyova (Fatma - Ə.Z.)
poçt-teleqraf çinovnikinin arvadı idi. Qədimbəyov
inqilabdan əvvəl vəfat edib. Xalam 1950-ci ildə rəhmətə
gedib.
Xalamın bir oğlu Əbülfət Qədimbəyov
hazırda Maarif Nazirliyində, o biri oğlu Kamal Qədimbəyov
Azərittifaqda, qızı Minəvər uşaq
bağçasında, Mənzər maarif şöbəsində
müdir, Əfşan isə Xarici Dillər İnstitutunda
rektor vəzifələrində işləyiblər".
Sənədlərə görə, Ələkbər
bəy Qədimbəyovun böyük oğlu Firudin
poçt-teleqraf xidmətində IV dərəcəli məmur
işləyib.
Cahangir Kiyev şəhərində Kənd Təsərrüfatı
İnstitutunu bitirib, kənd təsərrüfatı
maşınları üzrə mütəxəssis olub.
Kamal Qədimbəyov ADU-nun (indiki BDU-nun) iqtisadiyyat
fakültəsini bitirib, Azərittifaqın sədr müavini vəzifəsində
və digər sahələrdə çalışıb.
Əbülfət bəy Qədimbəyov ADU-nun
iqtisadiyyat fakültəsini bitirib, Azərbaycan Maarif Nazirliyində
baş mühasib işləyib.
Münəvvər xanım APİ-nin (ADPU) ədəbiyyat
fakültəsini bitirib, Bakının 26-lar (indiki Səbail)
rayonunda bağça müdiri olub.
Mənzər xanım APİ-nin (ADPU-nun) biologiya
fakültəsini bitirib, müxtəlif sahələrdə
çalışıb, Maarif şöbəsinin müdiri
olub, Respublikanın Əməkdar müəllimi adına layiq
görülüb.
Mirzə Qədim İrəvaninin nəvələri
içərisində Əfşan xanım xüsusi nüfuza
malik olub. Ana dili ilə yanaşı, rus və ingilis dillərini
çox gözəl bilən Əfşan xanım çox
mühüm məsul vəzifələrdə fəaliyyət
göstərib. O, 1915-ci ildə İrəvan şəhərində
anadan olub, 7 illik məktəbdə oxuyub, İrəvan Pedaqoji
Texnikumuna daxil olaraq 1929-cu ildə oranı bitirib. Bununla kifayətlənməyib
1931-35-ci illərdə APİ-nin (ADPU) pedaqoji fakültəsində
təhsilini davam etdirib. 2 il Moskva Pedaqoji İnstitutunun
aspiranturasında təhsil alan Ə.Qədimbəyova Bakıya
qayıdaraq 1942-ci ildə Azərbaycan Gənclər
İttifaqının üçüncü katibi seçilib və
dörd il həmin vəzifədə çalışıb.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb
Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın
partiya şöbəsi müdirinin müavini vəzifələrində
fəaliyyət göstərən Ə.Qədimbəyova
1949-cu il oktyabr ayının 11-də Azərbaycan Dövlət
Xarici Dillər İnstitutunun rektoru təyin edilib və
1956-cı ilə qədər bu ali məktəb ocağına
rəhbərlik edib. Dəfələrlə Azərbaycan Ali
Sovetinə və Bakı şəhər sovetinə deputat
seçilib. 1968-ci ildən 1978-ci ilə qədər APİ-də
(ADPU-da) məktəbəqədər kafedranın müdiri vəzifəsində
çalışıb və 1980-ci ilin martında
dünyasını dəyişib.
lll
Mirzə Qədim İrəvaninin rəssamlıq ənənəsini
onun nəticəsi - Münəvvər xanımın oğlu
Əməkdar incəsənət xadimi İsmət Axundov tərəfindən
ləyaqətlə davam etdiriib.
İ.Axundov babası Mirzə Qədim İrəvanidən
düz bir əsr sonra - 1925-ci ildə İrəvan şəhərində
anadan olub. O, ilk təhsilini İrəvanda alıb,
Ə.Əzimzadə adına rəssamlıq məktəbini
bitirib, 1972-ci ilə kimi rəssam fondun direktoru vəzifəsində
çalışıb.
lll
...İnanıram ki, çox çəkməyəcək,
M.Q.İrəvani nəslinin övladları yenidən öz
doğma yerlərinə qayıdacaq, İrəvan şəhərində
babaları Mirzə Qədim kimi neçə-neçə
tarixi abidələri yaradacaq, məktəblər açacaq,
ana dilində verilişlərini səsləndirəcəklər.
(Müəllifin 1995-ci ildə qələmə
aldığı bu yazı ixtisarla dərc edilib)
Əsgər ZEYNALOV
Professor
525-ci qəzet .- 2025.- 19 iyul(№125).- S.23.