Çeşmeyi-nur
III Əhmədin əl əməyi, göz nuru abidəsi...
Bu günlərdə Ədəbiyyat Vəqfində bir
görüş vardı, yekunlaşdıqdan sonra Sultanəhməd
Meydanına doğru çıxdıq. Gülhanə
Parkına doğru yolu kəsələşdirmək
üçün Aya Sofyanın arxasından keçməyi təklif
etdim. Sən demə, həmin yol Topqapı sarayının əsas
qapısı olan Bab-ı Hümayunun önündən
keçirmiş. Sarayın qapısı ilə Ayasofya
arasındakı abidəni gördükdə heyrət
içində qaldım. Adının nə olduğunu, nə
məqsədlə tikildiyini, nə işə
yaradığını bilmədiyim yerlə bağlı bircə
şey gördüm; insanlar göydən şığıyan
günəşin istisindən qaçıb ətrafına
doluşublar. Bir az maraqlandım və məlum oldu ki, bura Nevşəhərli Damad İbrahim
Paşanın təşəbbüsü ilə III Əhməd
tərəfindən Perayton adlı Bizans çeşməsinin
yerində inşa etdirilən III Əhməd çeşməsidir.
Rokoko, barok, klassika incisi
Türk rokoko tərzinin ən gözəl örnəklərindən
olan çeşmənin inşa tarixi 1728-ci ilə təsadüf
edir. Memarı Əhməd Ağadır. Küncləri
yumşaldılmış dördbucaqlı plandadır.
Künclərdə kranları olan çeşmə
üstü taxta saçaqlı damla örtülüb. Dam
üstündəki ətrafdan görünən qübbələr
sadəcə dekor məqsədi ilə qoyulub. On dörd qitəlik
Kayseri və Hələb qazısı şair Seyid Vehbi Min
Əhmədə aid qəsidələr, su kranlarının
arasındakı boşluqlardakı lövhələrə fars
kökənli yazı stili olan Talik xətt ilə
yazılıb. Üstdə müqərnalı qurşaq, onun
üstündə çini qurşaq yerləşir. Bu
çinilər həm klassik motiflər, həm lalə və
akantus yarpaqları kimi Avropsayağı motivləri ehtiva edir.
Vaza içindəki çiçək motivlərində, Qərb
ilə Osmanlı bəzəkləri birlikdə istifadə
edilib.
Lalə dövrü
III Əhməd Çeşməsi həm də sivil
memarlığın nadir örnəklərindəndir. Lalə
dövründə inşa edilib. Günümüzdə hələ
də əhəmiyyətli memarlıq abidələrinin ən
fərqli örnəyi olaraq qalır. Lalə dövrü
1718-ci ildə Pasarofça müqaviləsi ilə
başlayıb, 1730-cu ildə Patrona Xəlil üsyanı ilə
başa çatmış dönəmdir. Dönəmin
padşahı III Əhməd Sadrazamı isə Nevşəhərli
Damat İbrahim paşa idi. Lalə dövrü, zövq, səfa
olaraq bilinir. Adını o dönəmdə İstanbulda
yetişən və zamanla bütün dünyaya
yayılmış çiçək olan lalədən
alıb. Həmin vaxt deyil, çox sonralar bu dövrə "Lalə dövrü"
adı verilib. Lalə dövrü, sənətə verilən
önəmin artması ilə daha çox yadda qalıb.
Ən gözəl memarlıq abidələri, ən gözəl
şeirlər, ən gözəl musiqilər məhz bu dönəmdə
yaradılıb. Elə böyük sənətçilərin,
ədəbiyyatçılar, memarlar yetişməsi də bu
dönəmdə təsadüf edir. Çünki padşah
III Əhməd həm musiqiçi, həm də xəttat idi,
ona görə də, memarlığa, sənətə ədəbiyyata
xüsusi diqqət ayırırdı. Burdan da belə başa
düşürük ki, idarəçi nəyə meyillidirsə,
xalq da ona doğru yön alır.
Sultanın planı
Memarlıq demişkən, III Əhməd
çeşməsi sadəcə Lalə dövrünün
deyil, Osmanlının bütün dönəmlərinin ən
gözəl memarlıq nümunələrindəndir.
Üstündəki kitabədən bəlli olur ki, abidə bir
il içində ərsəyə gəlib. Doğrudur, abidənin
memarının əslən kayserili olan və o dönəm
imperatorluğun baş memarı sayılan Mehmed Ağa
olduğu yazılır. Amma bir çox qaynaqdan da öyrənirik
ki, çeşmənin planını cızan, Sultan III Əhmədin
özüdür. Açığı, çeşmə o qədər
gözəldir ki, onun baş memar da olsa adi bir memarın əlindən
çıxmadığı açıq aydındır. Bəzəkli
və olduqca görkəmlidir, yanından keçəndə
ayaq saxlamamaq ehtimalın demək olar ki, yoxdur. Çeşmənin
dört küncündə dairəvi su kranları, kranların
arasında isə üç çeşmə var. Üstlərində
bəzəkli gözlər və qızılı rəngli
qübbələr mövcuddur. Dam örtüyü
qurğuşundandır. Beş qübbəsi olan abidənin
köşkə bənzəməsi insanı daha çox təəccübləndirir.
Divarlara qəzəllər, qəsidələr işlənib.
Onlardan biri Lalə Dövrünün divan şairi Seyid Vehbinin
28 beyitdən ibarət məşhur qəsidəsidir. Bu əsərin
çeşmənin üstünə işlənməsi də
Osmanlı sivil memarlığı üçün xüsusi sənət
əsəri olduğunu göstərməkdədir.
Çeşmə aynalarının üstündəki
qırmızı çərçivələrdə beş,
yaşıl lövhələrdə üç beyit nəqş
edilib. Abidənin Sultan Əhməd məscidi yönünə
baxan tərəfindəki beyit padşahın öz xətti ilə
yazılıb.
Nə pafos, nə mübaliğə
İtaliyalı ədəbiyyatçı Edmond de
Amicis bu əsərlə bağlı maraqlı və dəqiq
müşahidəsi var. Deyir ki, "İnsan əlinin oyub
işləmədiyi yeri qalmayıb. Zərafət, səbr və
sərvət təəssümüdür. Heç şübhəsiz
ki, büllur bir fanus altında qorunmağa dəyərdir. Bu bənzərsiz
cəvahir ilk günkü kimi necə parıldaya bilir? Onu bir dəfə
görmək, xəyalını ölənə qədər
yaddaşdan silinməməsi deməkdir". Amicisin
yazdıqlarında qətiyyən pafos yoxdur, mənə elə
gəlir ki, hələ az deyib. Əsər insanı elə
ovsunlayır ki, bir anlıq harda olduğunu, nə
üçün dayandığını, hara getdiyini, hətta
oradan nə üçün keçdiyini belə unudursan.
Üsyandan öncə son şans...
Abidədə rokoka ilə birlikdə klassik və barok
tərzindən istifadə edilib. Bu, əsasən dam
örtüyünün altındakı bəzəkli
qabartmalarda mövcuddur. Damın iç qismi nar, armud və
üzüm kimi meyvə oyuqları ilə işlənib.
Damın altından aşağı doğru uzanan qaplan motivi
ilə işlənmiş çini bardyor var. Künclərdəki
müqərnalar memarlıq abidəsinə canlılıq qatan
sütunların üzərindədir. Çiçək
naxışları və barok stili ilə göz
qamaşdıran çeşmə ağ mərmərdən
inşa edilib. Hər bölmədə iki sətirin
oyulduğu kitabələr var. Dalğavari kəmərlərlə
tamamlanmış pəncərələrdə bir-birinə
calanmış lalə motivləri görmək olar. Abidənin
dörd tərəfində də çeşmələr
axır. Fasadda ağ və qırmızı rəngli mehraba bənzər
müqərnalı nişlər göz oxşayır. Bəzəkləri,
oyma işləmələri, kitabələri ilə
qızıl ulduzlu mücəvhər qutusuna bənzəyən
abidə demək olar ki, günümüzə olduğu kimi gəlib
çıxıb. III Əhməd, Patrona Xəlil
üsyanı ərəfəsində taxtdan endirilərkən
çeşmənin inşası demək olar ki,
tamamlanmışdı. Bəlkə tamamlanmasaydı, bu gün
tamamilə fərqli mənzərə ilə
qarşılaşardıq.
Üsküdarda eyniadlı çeşmə
Yenə eyni vaxtda, yəni 1728-ci ildə Üsküdarda
Sultan III Əhməd çeşməsi inşa edilir. Bu abidə
də barok tərzindədir. Çeşmə İstanbul
boğazından keçən insanların su ehtiyacını
təmin etmək üçün tikilir. Lakin illər ərzində
abidə hazırkı yerinə, Mehrimah Sultan Məscidinin
yanına doğru daşınır. Üzərində budaq və
çiçək motivlərinin olduğu abidə, mərmərinin
üzərində yazılara yer verilən zərif
çeşmədir. Üstündəki mərmər kitabə
padşahın özü tərəfindən xəttatlıq
sənəti istifadə edilərək yazılıb. Abidənin
üzərindəki beyitlər dönəmin məşhur
şairləri Nədim, Şakir və Rəhmiyə aiddir.
Estetik görüntüsü ilə birlikdə insanı cazibəsi
altına alan dizaynı var. Bu abidədə də ciddi əmək,
incə əl işçiliyi ilə əsrarəngiz sənət
sərgilənir. Dizaynlar arasındakı ən gözəl
detallar şübhəsiz ki, lalələr,
qızılgüllər, krizantem çiçəkləridir.
Yeri gəlmişkən, iki abidə arasında ciddi fərq
var. Biri Topqapıya yaraşan tərzdədir, daha görkəmli,
dəbdəbəli, cəzbedici, biraz baş gicələndirici,
digəri Üsküdarın sadəliyi,
yalınlığı ilə ayaqlaşan görkəmdədir.
Üsküdarı siz bilərsiniz, amma Topqapı
Sarayının önündəki eynən Amicisin dediyi kimidir,
"Onu bir dəfə görmək, xəyalını ölənə
qədər yaddaşdan silinməməsi deməkdir".
Türkan TURAN
525-ci qəzet .- 2025.- 19 iyul(№125).- S.21.