"Özümü daha çox
muğamatda tapıram"
Yusif Cəfərbəyli: "Hələ muğam sənətində,
xanəndəlikdə öyrənəcəyim çox
şeylər var"
Müsahibimiz - əslən Laçından olan gənc
xanəndə Yusif Cəfərbəyli indiyədək az
yaşına çox sayda uğur sığdıran, muğam
sənətimizin parlaq gələcəyinə ümid yaradan
istedadlı gənclərimizdən biridir. Onun musiqiyə
bağlılığı lap uşaq yaşlarından
başlayıb:
"Ailəmizdə musiqiçi olmasa da, xalq musiqisinə,
muğamlarımıza, aşıq sənətimizə
çox bağlı insanlardır. Bunu da bir tərəfdən
Laçın rayonundan olmağımızla əlaqələndirirəm.
Çünki Qarabağ, Laçın, Şərqi Zəngəzur
bölgələrimiz tarixən milli musiqimizə, muğama
bağlı olublar. Bu bölgələrdən çıxan
çox böyük sənətkarlarımız olub ki, Azərbaycan
musiqi sənətində, muğam sənətinə öz
böyük töhfələrini veriblər. Elə indi də
var.
Ümumiyyətlə, uşaqlıqdan incəsənətə
bağlı olmuşam. İlk musiqi təhsilimi 2009-2016-cı
illərdə Niyazi adına 22 nömrəli musiqi məktəbində
öncə tar, sonra isə xanəndə ixtisası üzrə
almışam. Məktəbi bitirən zaman səsdəyişmə
prosesim gedirdi və ustadlarımın məsləhəti ilə
bir müddət səsimi qorumalı oldum. Həmin dövrdə
həm səsimi qorumaq, həm də başqa bir sahəyə
də yönəlmək məqsədilə Azərbaycan
Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olundum.
Burada təhsil aldığım illərdə universitet tərkibində
fəaliyyət göstərən İqtisadçı Vətənpərvərlər
Təşkilatının sədri vəzifəsini icra
etmişəm. Vətənpərvərliyin təbliği ilə
bağlı tədbirlər, layihələr keçirirdik.
Eyni zamanda musiqi fəaliyyətimi davam etdirmək məqsədilə
universitetin Yaradıcılıq mərkəzinin solisti idim,
tez-tez tədbirlərdə çıxışlar edirdim. Tələbəlik
illərimdə bir çox müsabiqələrdə, layihələrdə
iştirak edirdim. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı
ilə həyata keçirilən 2019-cu ildə "Tələbə
Baharı" tələbələrin XII Ümumrespublika
yaradıcılıq festivalında "Muğam" musiqi
nominasiyasında II yerə, 2020-ci ildə eyni nominasiyasında
I yerə layiq görülmüşəm.
Bakalavr təhsilimi bitirəndən sonra isə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Univeristetində Musiqi menecmenti ixtisası üzrə
magistraturaya qəbul oldum. Orada bizə həm iqtisadiyyat
yönümlü, həm də musiqi ilə bağlı fənlər
tədris olunurdu. Bu dəfə də universitetin ictimai işlərində
fəal iştirak edən tələbələrdən
olmuşam. Dəfələrlə ölkə xaricində
keçirilən layihələrdə, festivallarda ölkəmizi
təmsil etmişəm.
Məsələn, 2021-ci ildə Azərbaycan
Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar
Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik
Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı
ilə Türkiyənin Qaziantep şəhərində
keçirilən "Beynəlxalq Zəfər Düşərgəsi"nin,
eləcə də 2022-ci ildə İstanbulda Gənclər
Fondu, Türkiyə Gənclik Vəqfi (TÜGVA) və
"Pakistan-Türkiyə Dostluq Dərnəyi"nin birgə
təşkilatçılığı ilə həyata
keçirilən "Azərbaycan - Türkiyə - Pakistan Gənclərinin
Birinci Həmrəylik Forum"unun iştirakçısı
olmuşam.
2022-ci ildə Gənclər Fondunun keçirdiyi
"İdeyanı Reallaşdır 2022" Gənclərin Fərdi
Layihələri üzrə Qrant Müsabiqəsində
"Xurşidbanu Natəvanın 190 illiyinə həsr
edilmiş "Milli Musiqi" müsabiqəsi" layihəsi
ilə müsabiqənin qalibi olmuşam.
Fürsətdən istifadə edib, tələbəlik
illərimdə mənə özümü göstərmək,
özümü inkişaf etdirmək imkanları
yaratdıqlarına görə hər iki universitetin rəhbərliyinə
öz təşəkkürümü bildirirəm".
Y.Cəfərbəyli musiqi sevgisindən
danışanda gözləri parıldayır, səsi qaynar
bulaq kimi şövqlə sözlərə can verir. Onu dinlədikcə
insanın özünü tapmasının, gördüyü
işi dərindən, hüceyrələrinə qədər
sevməsinin verdiyi xoşbəxtliyi duyuram:
"Mənim üçün musiqi ruhun
qidasıdır. Xanəndəlik, muğam
ifaçılığı baxımından götürəndə,
əgər insanın Allah tərəfindən verilən səsi,
istedadı yoxdursa, heç bir məktəbdə, heç bir
akademiyada, dünyanın ən güclü ustadının
yanında bu sənəti öyrənib xanəndə ola bilməzsən.
Onlar insana bilik verir, yol göstərir, səsi isə Allah
verir. Amma o istedadın üzərində işləmək,
onu hazır bir məhsula çevirmək isə artıq
insanın öz əlindədir. Bayaq saydıqlarım, bax,
bunun üçündür.
Təbii ki, təkcə musiqidə yox, hansı sahədə
olursansa ol, təhsil mütləq önəmlidir. Xanəndəlikdə
isə istedad və təhsil mütləq vəhdətdə
olmalıdır.
Mən səhnəyə çıxarkən
oxuduqlarımı öncə özüm hiss etməliyəm
ki, o hissi də dinləyiciyə ötürə bilim. Onda mən
oxuduğumdan, dinləyici də dinlədiyindən zövq ala
bilir.
Musiqi böyük bir dəryadır, onun janrları
çoxdur. Bu janrların hər biri insan ruhuna xitab edir.
Hansı janrı sevməsi, dinləməsi isə insanın
özündən asılıdır. Hansı janrın
ifaçısı olmasından asılı olmayaraq, əsas
şərt odur ki, onu dinləyiciyə olduğu kimi
çatdıra biləsən. Mən həm bir ifaçı,
həm də dinləyici kimi muğamı daha çox sevirəm.
Onun çətinliyinə, mürəkkəbliyinə bələdəm,
amma yenə də özümü daha çox muğamatda
tapıram. Mən ifaçı kimi xeyli gəncəm, hələ
muğam sənətində, xanəndəlikdə öyrənəcəyim
çox şeylər var. İndi daha çox dinləyiciyəm
və dinləyici kimi də ruhuma yaxın olan janr
muğamdır, xalq musiqisidir".
Təbii ki, səhnənin parlaqlığına gedən
yol təkcə istedadla yox, həm də böyük sənətkarların
kölgəsində keçib. Həmsöhbətim də
bunun yaxşı fərqindədir və bu barədə
danışanda sanki başqa bir ovqata bürünür.
Ustadlardan söz düşəndə onun
baxışlarında həm minnətdarlıq, həm də məsuliyyət
duyulur:
"İlk muğam müəllimim Niyazi adına 22
nömrəli musiqi məktəbində Kamilə Abdullayeva
olub. Kamilə xanım mərhum xanəndəmiz Vahid
Abdullayevin həyat yoldaşıdır. O, hazırda da pedaqoji
fəaliyyətlə məşğuldur. Tələbələrinin
bir çoxu muğam sənətimizdə öz
sözünü deyib, Muğam müsabiqəsinin qalibləri
olublar.
Xanəndəlik üzrə ali təhsilim yoxdursa da, fərdi
olaraq Əməkdar artist, Azərbaycan Milli
Konservatoriyasının dosenti Təyyar Bayramovdan dərs
almışam. Elə indi də dərs alıram, məni
Muğam Müsabiqəsinə hazırlayan da odur. Onun mənim
üzərimdə zəhməti çox böyükdür.
Onun tələbəsi olduğum üçün
özümü çox xoşbəxt hiss edirəm.
Amma bir də auditoriyadan kənarda, sırf dinləyərək
öyrəndiyim xanəndələrimiz var ki, mən onları
da özümə ustad hesab edirəm. Xan Şuşinski, Seyid
Şuşinski, Cabbar Qaryağdıoğludan Arif Babayevə qədər
bütün xanəndələrimizi özümə ustad
sayıram. Kumirim isə Xalq artisti Mənsum İbrahimovdur. Onun
sənətindən əlavə, şəxsiyyəti,
insanlığı, alicənablığı biz gənclər
üçün ən gözəl nümunədir".
Y.Cəfərbəyli hazırda Mədəniyyət
Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı,
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən
IX "Muğam" Televiziya Müsabiqəsinin ən
uğurlu iştirakçılarından biridir. O deyir ki, bu
müsabiqəyə qatılmaq onun uşaqlıq arzusu olub.
İndi isə Yusif müsabiqənin sonlarına doğru inamla
gəlib çatıb və hətta qalibiyyəti hədəfləyir:
"Magistr təhsilimi başa vurduqdan sonra
2023-2024-cü illərdə Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarında
müddətli həqiqi hərbi xidmət keçdim. Hərbi
xidmətdən qayıtdıqdan sonra eşitdim ki, IX
"Muğam" Müsabiqəsi başlayır. Bütün
işlərimi kənara qoyub bu müsabiqəyə müraciət
etdim və hazırlaşmağa başladım.
Özümü çox xoşbəxt hiss edirəm ki,
arzusunda olduğum müsabiqənin
iştirakçısıyam. Artıq 10 həftəni geridə
qoymuşuq, sonlara çox az zaman qalıb. Bu qədər həftəni
irəliləyib bu zamana qədər gəlib çatmaq həm
sevindirici haldır, həm də böyük bir məsuliyyətdir.
Biz gənclərin üzə çıxmasında, xalqa
tanıdılmasında bu cür müsabiqələrin rolu və
əhəmiyyəti çox böyükdür. Belə bir
müsabiqəyə dəstək verdiyi üçün,
ümumiyyətlə, muğamımızın
inkişafına göstərdiyi böyük qayğıya
görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı
bildirirəm. Muğam Müsabiqəsi təkcə
yarış deyil, həm də böyük bir məktəbdir.
Biz burada böyük bir musiqi, muğam kursu keçirik.
Bu il "Muğam" Müsabiqəsi
üçün əlamətdardır. Çünki
müsabiqənin 20 illiyidir. Sevinirəm ki, belə bir əlamətdar
ildə mən də bu müsabiqənin
iştirakçısıyam.
Eyni zamanda builki muğam müsabiqəsinin daha bir
özəlliyi odur ki, iyunun 10-da IX "Muğam" Televiziya
Müsabiqəsinin növbəti mərhələsi yeni istifadəyə
verilmiş Ağdam Muğam Mərkəzində baş tutdu.
10 may 2025-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Ağdam Muğam Mərkəzinin
açılışındakı nitqində bildirmişdi:
"İstərdim, artıq bu gözəl salonda müntəzəm
olaraq gözəl muğam bayramları, o cümlədən
muğam müsabiqələrinin tədbirləri
keçirilsin". Möhtərəm cənab Prezidentimizin
söylədiyi fikirlərin əyani şahidi olduq. Mən də
özümü çox xoşbəxt hesab edirəm ki, IX
"Muğam" Televiziya Müsabiqəsinin
iştirakçısı kimi bu mötəbər səhnədə
çıxış etdim. Belə bir torpaqda, belə bir səhnədə
çıxış etmək həm məsuliyyətli, həm
də şərəfli idi. Şükürlər olsun Allaha
ki, bu böyük qürur mənə qismət oldu.
Təbii ki, çox gərgin bir dövrdür.
Çünki biz səsimizlə yarışırıq. Səs
isə elə bir şeydir ki, cüzi hava dəyişkənliyi,
əhvalımızdakı fərqlilik, yorğunluq və sair
kimi hər şey səsimizə təsir edə bilir. Biz
maksimum dərəcədə səsimizi qorumalı, bununla bahəm
yeni qəzəllər öyrənməli, onları
muğamımızla təqdim etməliyik. Özü də
bizi muğam biliciləri, pedaqoqlar, professorlar, ekran
qarşısında milyonlarla insan, ölkə xaricində həmyerlilərimiz
izləyirlər. Biz hər həftə onların
qarşısında sanki imtahan veririk. Böyük məsuliyyətdir.
Amma şükür ki, bu həftələri uğurla başa
vurmuşuq. Çalışıram ki, sona qədər bu
cür uğurla davam edim.
Gələcəklə bağlı da planlarım
çoxdur. Əsas məqsədim isə bu sənəti daha dərindən
öyrənmək, ölkəmizi təkcə daxildə deyil,
beynəlxalq arenada da layiqincə təmsil etməkdir. Necə
ki, bizdən öncəki ustadlarımız bu sənəti bizə
mükəmməl şəkildə miras qoyublar, biz də bir
vasitəçi kimi öz üzərimizə düşən
vəzifəni layiqincə yerinə yetirək. Muğam elə
bir dəryadır ki, gərək burada hər zaman
axtarışda olasan, öz üzərində işləyəsən,
təkmilləşəsən".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 19 iyul(№125).- S.18.