SOLMAYAN MİLLİ
ÇÖHRƏ
O, Azərbaycan Radiosunun canlı rəmzlərindən
biri və ən seçkini idi. 1970-ci illərin ortaları və
ikinci yarısında - Azərbaycan Radiosunun artıq
ömrünün yarım əsrini haqlayıb ikinci yarım əsrini
başladığı zamanlarda hamının olan bu Səslər
Evinin həm redaktorları, həm texniki işçiləri və
həm də elə diktorları arasında köhnə
stajlı, bu əziz məkana candan bağlı və
adları çəkilincə elə radio
düşünülənlər az deyildisə də, Soltan Nəcəfovun
yeri başqa idi.
Həm də səbəb yalnız o deyildi ki, Soltan
müəllim radionun ən köhnə işçisi idi və
səsi 1928-ci ildən etibarən efirdən gəlirdi. Ondan
xeyli cavan Aydın Qaradağlı və həyat yoldaşı
Gültəkin Cabbarlının da, Ramiz Mustafayev və Fatma
Cabbarovanın da, Sabutay Quliyev və Züleyxa
Hacıyevanın da həm adları, həm səsləri
bütün Azərbaycana tanışdı və onlar
xatırlanınca dərhal radio ağla gəlirdi. Onlar
hamısı və daha neçə-neçə fədakar həmkarlarının
hər biri radiomuzun rəmzi sayılmağa layiq idi. Bu gün,
artıq onların həyatda olmadığı
çağlarda da belədir, elə sağlıqlarında da
həmin cürdü. Lakin onların da hər biri Soltan Nəcəfova
xüsusi ehtiramla yanaşır, onu köhnə radionun
canlı ifadəsi kimi qəbul edirdilər.
Soltan Nəcəfovla mən ilk dəfə tələbə
ikən - 1976-cı ildə tanış oldum və o ilk təmasımızın
səs yadigarı da bugünədək qalmaqdadır (Həmin
kompozisiyanı Aydın Qaradağlının oğlu Vüqar
Qaradağlı Youtube kanalında da yerləşdirib). Həmin
20 dəqiqəlik verilişi 2 diktorun - mən yazan mətni
Aydın Qaradağlının, aralıqlardakı Füzuli
beytlərini Soltan Nəcəfovun oxumasını istəmişdim.
Əslində bu balaca verilişçün bircə diktor da
kifayət edirdi və nəzərə alsaq ki, Qaradağlı
da əruzlu şeirin yaxşı qiraətçilərindəndi,
ikinci səsə heç ehtiyac yoxdu. Üstəlik, bu
verilişi təqdim edən musiqi redaksiyası
üçün də sərfəli deyildi ki, çox da
böyük olmayan mətnə görə bir yox, iki diktora qonorar
yazsın. Ancaq israrla xahiş etmişdim ki, razıyam, mənə
qələmhaqqı verilməsin, o məbləğ ikinci
diktorçün hesablansın. Ancaq sağ olsunlar (minnətdarlıq
mənasında deyirəm, heyiflər ki, hamısı gedib,
biri də artıq sağ deyil), ricama biganə
qalmamışdılar, arzuladığım hər iki diktora
özlərinin də böyük məhəbbətləri
olduğundan (onlar sevilməməsi mümkünsüz insanlar
və sənətkarlardı) "hə" demişdilər,
üçümüzə də qonorar yazmışdılar.
Ancaq Soltan müəllimlə qiyabi
tanışlığım daha 6-7 il əvvəldən - məktəbli
vaxtlarımdan başlanırdı. Həm də məharətlə
oxuduğu bədii mətnlərdən yox, məzmunca
xüsusi maraq kəsb etməyən, əksinə, bir az da
darıxdırıcı olan, özü də hər söz,
cümləsi bəzən təkrarlanaraq, hansısa məqamlarda
höccələnərək çatdırılan teleqraf xəbərlərindən.
İş ondadır ki, 1930-cu illərdən başlayaraq Azərbaycan
rayonlarının hər birinin həftədə 3 dəfə
səliqə ilə çıxan yerli qəzetləri
vardı və 1960-70-ci illərdə bu qəzetlərin
bölgələrdə nüfuzu, təsir gücü xeyli
artmışdı. Həmin nəşrlərə kömək
məqsədilə hər gün günortadan sonra Azərbaycan
Radiosu axşam verilişlərinin başlanmasınadək
fasiləyə çıxdığı saatlarda rayon qəzetləri
üçün Sovet İttifaqı Teleqraf Agentliyinin (TASS -
SİTA) və Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (indiki AZƏRTAC) xəbərləri diktə edilərdi.
Bu, təqribən, bir müəllimin şagirdlərə imla
yazdırması kimi bir gedişat idi. Yanlışlıqlar
olmasın, hər kəlmə aydın başa
düşülsün deyə belə mətnləri təcrübəli
diktorlar oxuyardılar. Ən çox da Soltan Nəcəfov.
Zahirən sanki adi bir iş idi və burada bir diktorun digərindən
fərqlənməsi çətindi. Ancaq Soltan Nəcəfovun
ifası bir sıra məziyyətləri ilə elə
seçilirdi ki, rayon qəzetlərində belə
"diktant"ları qələmə almalı olan redaksiya əməkdaşları
onun növbəsi olanda sevinirdilər. O dövr rayon qəzetləri
işçilərindən həyatda olanlar varsa, bu qənaətimə
şərik çıxar və mən də canlı
şahidi olduğumu yazıram.
Kürdəmir rayonundakı "İrəli" qəzeti
ilə məktəbli vaxtlarımdan əməkdaşlığım
vardı və o cür mətnlərin diktə edildiyi saatlarda
yolum redaksiyaya düşəndə indi də yaşayan, sinni
90-ı keçmiş Rəşid Fərəcovun Soltan Nəcəfovun
oxuduğu mətnləri kağıza köçürərkən
"Vallah, bu kişinin mətn oxuması əsl ləzzətdir,
ən quru mətn də gözəlləşir, obiriləri
bu cür şirin oxuya bilmir" deməsini dəfələrlə
eşitmişəm.
Soltan Nəcəfov radio işinin, redaksiya fəaliyyətinin
yüksək peşəkarı idi və yaxşı bilirdi
ki, yayda sərinliyi, qışda istiliyi arzulanan səviyyədə
olmayan rayon qəzetləri redaksiyalarında bir əməkdaşın
başqa iş yoldaşları nahar fasiləsindəykən
radionun böyründə tənha oturaraq belə mətnləri
yazması necə yorucudur. Ona görə də həmin mətnlərin
oxunuşunu adilikdən çıxarardı, kolxoz-fabrik həyatından
olan ən quru məqalə və xəbərlərə də
artıq bir söz demədən duz qatmağı bacarardı.
Bir dəfə ona irad tutmuşdular ki, rayon qəzetlərindən
birində səhv gedib və mətni radiodan yazmış
redaksiya əməkdaşı da özünü təmizə
çıxarmaqçün deyib ki, günah məndə yox, mətni
radiodan diktə edəndədir, necə deyibsə, o cür
yazmışam.
Məsələ bundadır ki, yüksək partiya rəhbərlərindən
birinin sözlərinin iqtibas edildiyi mətni oxuyarkən Soltan
Nəcəfov "iki nöqtə" deyərək
ardınca sitatı diktə edibmiş. Yetərincə
savadlı olmayan redaksiya işçisi də elə
eşitdiyi kimi "iki nöqtə"ni sözlə yazıbmış.
Rayon qəzetlərinin Bakıdakı müzakirələrindən
birində radiodan diktə edilən mətnlərdə hərdən
tam aydın olmayan ifadələrin yer alması haqda
naşı və haqsız iradların sorağı
qulağına çatandan sonra Soltan Nəcəfov mətn
diktə edib qoşa nöqtəyə çatanda şuxluqla
deyərmiş ki, "iki nöqtə, biri altda, biri üstdə".
Soltan Nəcəfov zarafatla deyərdi ki, mən
Bakıdakı 1 nömrəli Şura Zəhmət Məktəbini
bitirmişəm, ona görə əmək sərf etməkdən,
zəhmət çəkməkdən heç vaxt
usanmıram.
O, 1928-ci ildə Bakıdakı məşhur
Darülmüəllimini bitirəndə 17 yaşı vardı
və radioya sevgi onun ürəyinə 2 il əvvəldən
- elə ilk verilişlərin səsləndiyi gündən
qonmuşdu. Çünki oxuduğu, dövrün güclü
müəllimlərinin dərs verdiyi və mahiyyətcə gələcək
Pedaqoji Universitetin babası olan Darülmüəllimin ovaxtkı
Kommunist, indiki İstiqlaliyyət küçəsindəki
yanaşı binalarda yerləşirdi. Ömrün
payızında, artıq 1970-ci ilin sonlarında Soltan Nəcəfov
həmin günləri xatırlayaraq belə yazırdı:
"1926-cı ildə mən Bakı Darülmüəlliminində
oxuyurdum. Bir gün dərs zamanı fizika müəllimimiz
Soltan Murad Əlizadədən radio haqqında məlumat verməsini
xahiş etdik. O, bizə radionun quruluşundan, onun ictimai həyatdakı
əhəmiyyətindən ətraflı danışdı.
Radio verilişləri bizim məktəblə yanaşı olan
"İsmailliyə" binasının otaqlarından birindən
aparılırdı. Studiya yeri türkmən xalıları ilə
döşənmiş, divarları tünd-yaşıl rəngli
məxmərlə örtülmüş bir otaqdan ibarət
idi. Otağın yuxarı başında mizin üstünə
kubşəkilli mikrofon qoyulmuşdu. Ortada royal, divarlar boyu isə
stullar düzülmüşdü".
Soltan müəllim yada salırdı ki, Sabir
bağında həmişə böyük izdiham olurdu.
Skamyalarda oturmağa yer tapılmayanda çoxları ayaq
üstə duraraq verilən konsertləri, müxtəlif
verilişləri həvəslə dinləyərdilər.
"Əhali arasında böyük canlanma hiss
olunurdu. Hamı bu ecaskar cihazın qüdrətinə həm
sevinir, həm də heyrət edirdi ki, necə ola bilər
kiçik bir otaqda çalınan musiqi, oxunan mahnı telsiz,
dirəksiz ən uzaq məsafələrə yayılsın, hər
bir mənzildə, şəhərdə, uzaq kəndlərdə
belə eyni ahənglə səslənsin?
Getdikcə radionun səsi şəhərin
ayrı-ayrı məhəllələrində, tək-tək
evlərdə də eşidilməyə başladı. Bəzi
radio həvəskarları evlərində batareya ilə
işləyən kiçik radio cihazları qurdular. Hansı
evdən radio səsi gəlsəydi, qonşular həmin evin pəncərəsinin
qarşısına yığışıb radio verilişlərini
dinləyərdilər.
Az vaxt içərisində şəhərdə və
kəndlərdə radiolaşdırma işləri artmağa
başladı. Ayrı-ayrı vətəndaşlar müxtəlif
radio cihazları alır, şəhər radio şəbəkəsi
vasitəsilə evlərinə radio xətti çəkdirirdilər".
Etiraf edirdi ki, radio işə başlayan ilk günlərdən
ən böyük arzusu günlərin birində mikrofon
qarşısında dayanmaq, diktorluq etmək olmuşdu.
Özü mənə söyləyirdi ki, hər
gün dərsdən çıxıb evə gedəndə
gözləri ixtiyarsız olaraq "İsmailiyyə"nin
Sabir bağına baxan tərəfindəki reproduktora dikilər,
axşamlar evdə qəzeti açıb güzgü
qabağında oradakı xəbərləri ifadəli səslə,
elə əsl diktormuş kimi oxuyar, arzulayarmış ki,
kaş ona da haçansa heç olmazsa bircə dəfə
mikrofon qarşısında durmaq nəsib olaydı.
1928-ci ildə Bakıya qonaq gələn məşhur
rus yazıçısı Maksim Qorkinin şərəfinə
"İsmailiyyə"də, sonralar Elmlər
Akademiyasının iclaslar zalına çevriləcək
salonda təşkil olunan görüş gecəsi elə o
binanın həmin mərtəbəsindəcə yerləşən
radio ilə translyasiya edilmişdi, Soltan tələbə
yoldaşları ilə birgə bu mərasimdə
çıxış edən Maksim Qorkinin səsini Sabir
bağındakı reproduktordan eşitmiş, könlündəki
radio sevgisi birəbeş artmışdı.
Ancaq 1928-ci ildə Darülmüəllimini bitirincə
Xalq Maarif Komissarlığı gənc müəllim Soltan Nəcəfovu
Şamaxı rayonunun Cəyirli kənd ibtidai məktəbinə
direktor təyin etmişdi və sanki radioda diktor işləmək
istəyinin yolu da birdəfəlik kəsilmişdi. Di gəl,
məktəbdə işə başlamasından azacıq sonra
rayon maarif şöbəsinin Cəyirli məktəbinə
verdiyi batareya ilə işləyən radioqəbuledici onun
ürəyindəki sevgini təzədən coşdurmuşdu.
"Bu hadisə bütün kənddə böyük
maraq oyatmışdı. Kəndlilər radio aparatının ətrafına
yığışıb verilişlərə qulaq
asırdılar. Bir gün kəndin ağsaqqallarından Salman
Məmməd oğlu istehza ilə gülüb dedi: "A
kişilər, bu cavan müəllim bizi ələ salıb.
Bir adam hündür bir təpənin üstə
çıxıb nə qədər bərkdən
qışqırsa, onun səsi bu kənddən o biri kəndə
güclə gedib çatar. Heç Bakı kimi uzaq bir yerdən
də bura simsiz, telsiz səs gəlib çıxar?"
Radio ilə qovuşmağa yollar arayan
Soltançün radioya şəkk edənlərin sözləri
münasib bəhanəyə çevrilir. Özü bir məktub
hazırlayaraq kənd sakinlərindən bir neçə nəfərə
də imzalatdırır. Məktubu götürüb gəlir
rayon mərkəzinə, Maarif şöbəsində deyir ki,
radio dövlətimizin siyasətinin gözəl nəticələrindən
biridir, amma camaat arasında hələ də onun mahiyyətini
lazımınca anlamayanlar var, icazə versəydiniz radio
haqqında ayrıca bir veriliş hazırlanması haqda Cəyirli
sakinlərinin xahişi əks olunan bu məktubu aparım
Bakıya, radioya şəxsən çatdırım, indi
orada mənim dostlarımdan işləyənlər var.
İcazə verilir və Soltan həyəcanla
Bakıya, sevgilisi radio ilə ilk görüşə yola
düşür.
"Azərbaycan Radio Mərkəzi Mərkəzi
poçtun üst mərtəbəsində yerləşirdi.
Yaxın yoldaşlarımdan Ənvər Həsənov, Hənifə
Şəfiq, Əsgər Məsumzadə və Səməd Səmədov
diktor işləyirdilər. Mən Səmədlə
görüşdüm. O, mənə dedi ki, radioda işləməyə
diktor lazımdır. Bu barədə elan da verilmişdi. Bu xəbərdən
çox sevindim. Diktorları radionun ədəbi verilişlər
rəhbəri, görkəmli yazıçı Məmməd
Səid Ordubadi və bədii rəhbər, bəstəkar
Müslüm Maqomayev yoxlayırdı. Səməd məni
onlara təqdim edəndə həyəcandan az qala
özümü itirmişdim. Əvvəlcə mənə qəzetdən
kiçik bir xəbər oxutdular. Sonra Ordubadi bildiyim şeirlərdən
birini əzbər söyləməyimi xahiş etdi. Mən
M.Ə.Sabirin "Əkinçi" şeirindən bir
neçə misra oxumuşdum ki, o, əliylə işarə
edib məni yarımçıq saxladı. Sözün
doğrusu, əvvəlcə bərk qorxdum. Elə bildim ki,
oxumağım xoşlarına gəlməyib. Studiyadan
çıxanda Ordubadi gülər üzlə mənə
yaxınlaşdı və təbrik edərək dedi: "Sən
əsl diktorsan. Yaz ərizəni".
Bu hadisə 1931-ci il iyul ayının 15-də baş
vermişdi və Soltan müəllim zarafatla söylərdi ki,
mənim bir doğum tarixim 1911-ci ilin 22 martıdırsa, ikinci
təvəllüd tarixim də radioya biryolluq
bağlandığım həmin gündür".
Radio millət ömrünün ayrılmaz
parçasına çevriləcək böyük yolunu yenicə
başlayırdı. Radionun xalqla təmasının əsas
körpüsü diktorlar idi, sözü onlar
çatdırırdılar və mikrofon qarşısında
dayanan bu insanların səriştəliliyindən, qabiliyyətindən
çox şey asılı idi. Radio ilə deyilən
sözün bu qulaqdan girib o qulaqdan çıxmaması,
ürəklərə, düşüncələrə
nüfuz etməsi üçün başlanğıc mərhələdə
əsas sima diktorlar olmalı idi. Ancaq nə diktorlar
hazırlaycacaq məktəb, kurs vardı, nə də ki bu
işin bizim mühitdə hansısa təcrübəsi.
Diktorlar özləri özlərini yetişdirməliydilər.
Necə ki, bunu vaxtilə səhnəyə vurğun teatr xadimlərimiz
etmişdilər. Radio ayaq tutmağa başladığı
1920-ci illərin sonları, 1930-cu illərin əvvəllərində
teatrımızın yaşı 60-a
yaxınlaşırdı, artıq səhnəmizin mahir
aktyorları onlarca idi. Bu da Məmməd Səid Ordubadi ilə
Müslüm Maqomayevin təklifi olmuşdu ki, radionu xalqa
yaxınlaşdırmaqçün musiqiylə yanaşı
radio səhnələşdirmələrinə də geniş
yer verilsin.
Bu, nəzərdə tutulan birbaşa faydasını
verməkdən əlavə, teatr aktyorlarının radioya
mütəmadi gedib-gəlmələrinə imkan
yaradırdı ki, diktorlarçün də belə ünsiyyətlər
göydəndüşmə təkmilləşmə, təcrübəyığma
girəvəsi idi.
Soltan Nəcəfov o günləri belə
xatırlayırdı: "Biz öz ixtisasımızı
artırmaq üçün yollar axtarırkən
üzümüzə ümid qapıları
açıldı. İstedadlı səhnə ustaları
mikrofonda tez-tez çıxış etməyə
başladılar. Abbas Mirzə Şərifzadənin valeh edən
təsirli ifadələri, Mirzağa Əliyevin yumorla dolu
danışıq tərzi, Kazım Ziyanın klassik Şərq
ədəbiyyatının nümunələrini məharətlə
oxuması bizim gələcək inkişafımızda
böyük rol oynadı".
Ancaq sadəcə baxıb-dinləyib öyrənməyə
bel bağlamaq olmazdı. Ona görə də qət
edilmişdi ki, radioda diktorlardan ibarət ayrıca bir dram qrupu
təşkil edilsin. Peşəkar aktyorların ifasında təqdim
edilən radiopyeslər öz yerində, bəzi xırda səhnəcikləri
də elə diktorlar ifa edərək püxtələşsinlər.
Başlanğıc mərhələdə həmin səhnəciklərin
səsləndirmələrinə ayrı-ayrı aktyorlar da heyəti
gücləndirməkçün cəlb edilsin.
"Diktorların ifaçılıq
bacarığını artırmaq məqsədilə radioda
dram qrupu 1931-ci ilin iyulunda təşkil edildi. 11 nəfərdən
ibarət olan həmin qrupun rəhbəri baş diktor Leyla
Terequlova idi. Səhnəmizin istedadlı aktyorları Mustafa Mərdanov
və Rza Təhmasib bu qrupa rejissor təyin edilmişdilər.
Adlarını çəkdiyim görkəmli səhnə
ustalarımız bizimlə müntəzəm olaraq bədii
qiraət və aktyorluq sənətindən məşğələlər
keçirdilər. Bu faydalı məşğələlər
az bir zamanda diktorların bədii qiraətçi kimi
inkişaf etməsində öz səmərəli nəticələrini
göstərdi. Belə ki, radioda müxtəlif pyeslər
tamaşaya qoyulan zaman aktyorlarla birlikdə diktorlar da bəzi
rolları ifa edirdilər. Əvvəllər kiçik radio səhnəciklərində
iştirak edirdiksə, sonralar böyük həcmli dram əsərlərindən
ikinci dərəcəli rolların ifası bizə etibar
edildi".
Azərbaycan Milli Dram Teatrı, Opera və Balet, Rus
Dram, Gənc Tamaşaçılar, Musiqli
teatrlarımızın hər biri millətimizin səhnə
tarixində silinməz izlər qoyub. Bu sənət ocaqları
və onlara həyat vermiş görkəmli sənətkarlar
mədəniyyət salnaməmizdə parlaq səhifələrdir.
Ancaq bunlar və Bakıdan, bölgələrimizdən həmin
şərəfli sıraya qatılmağa layiq olan daha bir
neçə teatrla yanaşı, Azərbaycan Radio Teatrı da
bir əsrə yaxınlaşan tarixi boyunca səhnə
epopeyamızın ən ucalarında və ən
sayğıyla anılmaq haqqını keçdiyi yol,
yaratdığı zəngin irslə sübuta yetirib.
Həm də Azərbaycan Radio Teatrı bu gün elə
bir irsə sahibdir ki, o, səhnə keçmişimizin
canlı ifadəçisi məqamındadır. Bu teatr
müstəqil bir varlıq olmaqla yanaşı, həm də
bütöv Azərbaycan teatrı və kinosunun seçmə
komandası, güclü yığması mərtəbəsində
dəyərləndirilə bilər.
Ayrı-ayrı lap ən qabaqcıl
teatrlarımızın çox uğurlu, illərcə səhnədən
düşməyən tamaşaları da olub, yetərincə
uğur qazanmayanları da. Ancaq bunlar nümayiş etdirilib, təəssüratlar
tamaşaçıların yaddaşlarında yaşayıb,
onillər ötüncə, nəsillər dəyişəndən
sonra isə tək-tək fotolardan başqa həmin səhnələşdirmələrdən
sabahlara çatası ayrı bir nişanə qalmayıb.
Radio teatrındasa "Qızıl fond" qiymətli
mirası olduğu kimi gələcək nəsillərçün
hifz edib. 1940-1950-ci illərdə hazırlanmış radio teatrı
"tamaşalarından" duyğulanmış
babaların-nənələrin nəvə-nəticələri
də o misilsiz əsərləri dinləyir, ölməz
aktyorlarımızın müasirinə çevrilir, Azərbaycan
insanlarının fərqli nəsilləri arasındakı
zövq, ruh bağlılıqları dərinləşir.
Radio teatrı Azərbaycan səhnəsinin tarixinə
möhürünü vurmuş müstəsna sənətkarlarımızın
iri bir qafiləsini bugünə və sabaha yalnız tərifli
sözlərlə deyil, gerçək ucalığı ilə
əyan edən misilsiz sərvətdir.
Həm də bu tamaşalar radio teatrında bir vaxtlar səhnədən
göstərildiyindən də daha cilalı, daha təsirli bir
şəkildə əbədiləşib axı. Radioda montaj
gedişatında aktyorların, rejissorların, canlı səhnədəkindən
fərqli olaraq, zərurət yarananda müəyyən
epizodları dönə-dönə məşq edərək,
pozub-yazaraq daha bəyənimli bir şəkildə lentə
almaq imkanı vardı.
Dahi Hüseyn Cavidin qızı Turan xanım
teatrşünas idi, illər uzunu İncəsənət
İnstitutunda müəllim olmuşdu, mühazirələr
oxumuşdu və 1970-1980-ci illərdə artıq Azərbaycan
səhnəsi və ekranının aparıcı
aktyorlarına çevrilmiş tanınmış sənətkarların
əksəriyyəti onun dərs dediyi auditoriyalardan
keçmişdi. Atası Cavid əfəndi iləsə o,
uşaqlıq illərindən teatra gedib-gəlmişdi,
"Dramada Babanın öz lojası vardı, orda
oturardıq", - söyləyirdi. Həm Cavidin
özünün, həm də digər yerli və xarici müəlliflərin
əsərlərinin həm premyeralarına, həm də elə
gündəlik tamaşalarına dönə-dönə
baxmışdı. Abbas Mirzə Şərifzadəni, Mərziyyə
Davudovanı, Ülvi Rəcəbi, Sidqi Ruhullanı, Kazım
Ziyanı və digər nəhənglərə uşaqkən,
yeniyetməykən səhnədə baxmış, məşqlərdə
seyr etmiş, öz evlərindəki ailə məclislərində
görmüş Turan Cavidin onlardan sonrakı müqtədir
aktyor nəsilləri ilə daim səmimi münasibətləri
olmuşdu, teatrın bilicisi olmaqla yanaşı, ən
etibarlı tamaşaçılardan biri kimi də
qalmışdı. Ən mötəbər münsif kimi
müqayisə etmək imkanı vardı. Atasının
"Səyavuş" pyesinin dram teatrındakı 1930-cu illərdəki
tamaşaları da yadında idi, həmin faciənin radionun səs
xəzinəsində qorunan, ayda-ildə bir yol efirə verilən
səsləndirməsini də dönə-dönə dinləmişdi.
Söyləyirdi ki, o vaxtın aktyorları nə qədər
möhtəşəm olsalar da, tamaşanın əvvəlindən-axırınadək
teatra toplaşanları nə qədər öz cazibələrində
saxlasalar da, səsləri, oyunları nə qədər cəlbedici
olsa da, radiodakı "Səyavuş" insanı daha
artıq riqqətə gətirir. Çünki teatrda heç
vaxt səs, sözlər bu qədər aydın, bu qədər
təlqinedici eşidilmir. Artıq bir mütəxəssis,
teatrşünas kimi təsdiqləyirdi ki, radio teatrında təsvir
olmadığından o boşluğu səslə doldurmağa
daha artıq cəhd edildiyindən bu təəssüratı
yaratmağa müvəffəq olublar ki, bütün səhnələri
görmüş təhər olursan, kənar aləmdən
ayrılıb saat yarım-iki saat boyunca sırf əsərin
aləmində yaşayırsan.
Eyni qənaəti mən də bölüşürəm,
yəqin ki, mənim sayaq 1970-ci illərdə Cavidin "Xəyyam"
pyesini səhnədə görmüş və həmin əsərin
radio teatrında Mehdi Məmmədovun hazırladığı
quruluşunu izləmiş insanlar da təsdiqləyər.
Səhnədəki "Xəyyam"a elə o
dövrdə ən vasvası teatr sərrafları Azərbaycanın
bütün səhnə dünəninin ən örnək
tamaşalarından biri qiymətini vermişdilər. 1970-ci illərdə
o pyesin səhnədəki hər yeni göstərilişi
ağzınadək dolu zalla, kəsilməyən
alqışlarla müşayiət edilirdi. Uçdu getdi.
Radiodakı "Xəyyam"sa qalır. Xəyalən
tutuşdururam. Yalnız elə həm də səhnədə
bu rolu ifa etmiş bir-birindən dəyərli sənətkarlarımızı
lentin yaddaşında əbədiləşdirdiyinə, həmin
tamaşanı daim diri saxladığına görə yox, məhz
təqdimatın özünəməxsusluğu, səsin,
musiqinin incə mütənasiblik və ahəngdarlıqla
bir-birini tamamlaması, real səhnədəkindən fərqli
olaraq ilk dəqiqəsindən son anınadək bir ləhzə
belə diqqətin hadisələr axarından ayrılaraq kənara
yayınmasına macal verməyən bütövlüyünə
görə.
Radio teatrından bəhs edərkən bilavasitə
görməklə əlaqədar olan "tamaşa"
sözünün işlənməsi də ona görə
yersiz kimi görünmür, hətta məcazi deyil, müstəqim
mənada da qavrana bilir ki, səs effektləri və
aktyorların məharətli ifası ilə tam əyanilik,
sanki bütün eşitdiklərini həm də gözlərin
önündən keçməsinin ovqatı yaradıla bilir.
Söz yox, gün gələcək, Azərbaycan Radio
Teatrına da mütləq layiq olduğu və umduğu
ayrıca sanballı tədqiqat əsərləri həsr ediləcək.
1931-ci ildə isə yolun lap əvvəli, təcrübələrin
siftəsi idi.
Nə yaxşı ki, həmin sevimli tarixi bugünə
olduğu kimi çatdıra bilən qaynaqlar və tam
arxayınlıqla bel bağlanası şahid ifadələri
qalmaqdadır.
Soltan Nəcəfov 1931-ci ilin dekabrını,
Hüseyn Cavidin "Şeyx Sənan"ının
radiotamaşasının hazırlanaraq radioda verilməsinin həm
Radio Mərkəzində, həm də Bakıda ziyalılar
arasında bir bayrama çevrilməsini həmin
gedişatın iştirakçısı kimi iftixarla
xatırlayırdı: "Tamaşada Dram Teatrının
aktyorlarından Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mərziyə
Davudova, Sona Hacızadə, Süleyman Səlimbəyov,
Möhsün Sənani, Bağır Cabbarzadə və
başqaları iştirak edirdi. Tamaşanın rejissoru Rza Təhmasib
idi. Bu əsər ikinci dəfə səhnələşdirildikdə
isə Rza Təhmasib bəzi rolları diktorlar arasında
bölüşdürdü. Diktor yoldaşlarımdan Əsgər
Məsumzadə Şeyx Əbuzər, Səməd Səmədov
Oğuz, Həsən Ağayev Özdəmir, Leyla Terequlova
Nina, Hüseyn Natiq Anton, mən isə Dəli Dərviş
rolunu ifa etdim. Bizim bu çıxışımız görkəmli
səhnə ustaları qarşısında verdiyimiz ilk imtahan
idi. Tamaşadan sonra Mustafa Mərdanov və Abbas Mirzə Şərifzadə
razı qaldıqlarını bildirdilər və bizi ilk
müvəffəqiyyət münasibətilə təbrik etdilər".
O diktorların hamısı cavanlardılar. Azərbaycan
tamaşaçısının qəlbini fəth etmiş,
adları dillər əzbəri, küçədə rast gələndə
adamların lal-dinməz durub gendən heyrət və
heyranlıqla izlədikləri canlı əfsanələrlə
eyni tamaşada rol almağın, zirvələrlə tərəfdaş
olmağın onlara bağışladığı sonsuz bəxtiyarlığı
təsəvvür etmək çətin deyil.
Hələ bu harasıdır? Radioda "Şeyx Sənan"
hazırlananda məşqlərə Cavid əfəndi
özü gəlirdi, "1905-ci il" pyesi üzərində
iş gedəndə Cəfər Cabbarlı hər gün Radio
Mərkəzində idi. Ayrı-ayrı ifaçılara məsləhətlərini
verirdi, bəzi ifadələri, cümlələri elə
yerindəcə dəyişirdi. Soltan müəllimin
sözüdür: "Cəfər rəhmətlik mətn məsələlərində
çox çevik idi. Radioda verilən pyeslərindəki bəzi
cümlələri hərdən heç rejissor, aktyorlar kəlmə
kəsmədən, rəy bildirmədən özü dəyişirdi
ki, səhnə bir ayrı, radio bir başqa. Biz məəttəl
qalardıq, özünə də deyərdik ki, axı bu dəyişdirdiyi
ifadələri səhnədə məşhur aktyorların
dilindən eşitmişik, yaxşı da qavranılır.
Qayıdardı ki, yox, teatrda tamaşaçının
gözü aktyordadır, səhnənin dekorasiyası, aktyorun
geyim-kecimi baxana təsiri artıran vasitələrdir. Radioda isə
dediyin hər sözü elə tələffüz etməlisən,
sözdəki məzmun elə sərrast olmalıdır ki,
eşidən boşluq hiss etməsin, sənin dediyini
görmüş kimi olsun. Cəfər bunları deyib gedərdi,
sonra biz onun ayrı-ayrı məsləhətlərini,
mülahizələrini müzakirə edərdik ki, axı
radio bizdə lap təzə olduğu halda Cəfər haradan
onu belə incəliklə hiss edib bilir".
Xoşbəxtlikdən radio teatrının o ilk qədəmlərini
bir qədər də yaxından görüb duymağa meydan
açan başqa nadir sənəd də hifz olunub. Çox
illər öncə Dövlət Səs Yazıları Arxivində
1966-cı ildə lentə alınmış bir söhbəti
tapdım. Xalq artisti Mustafa Mərdanov danışırdı və
həmin söhbət anladırdı ki, bu undulmaz aktyorumuz həm
də radio tarixi baxımından bir ilkin sahibi imiş. O, Azərbaycan
Radio Teatrında bolluca rollar oynamaqdan özgə, həm də
bu sahədə birinci rejissor olubmuş: "Mən radioya onun
yarandığı ildə gəlmişəm. Ədəbi
verilişlərdə, uşaq verilişlərində
çıxış etməyə başlamışam. O vaxt
radionun xüsusi binası yox idi. Fioletov küçəsindəki
(indi: Akademik Əbdülkərim Əlizadə küçəsi
- R.H.) Baş Apteklər İdarəsinin yerləşdiyi
binanın son mərtəbəsində bizim üçün
dörd otaq ayrılmışdı (Hazırda ora Azərbaycan
Radiosunun Səsyazıları Evidir - R.H.). Məmməd Səid
Ordubadi məni rejissorluğa dəvət etdi. İndi də fəxr
edirəm ki, Azərbaycan radiosunun ilk rejissoru olmuşam. Yerimizin
darısqallığı o vaxt üçün məzmunlu,
gözəl verilişlər hazırlamaqda bizə mane olmurdu.
Radioda istedadlı, vaxtla hesablaşmayan gənclər
çalışırdı. Onlar radionun ədəbi
verilişlərinin pionerləri idi. O vaxt Azərbaycan səhnəsinin
müqtədir aktyorlarından Mirzağa Əliyev, Abbas Mirzə,
Mərziyə xanım, Sidqi Ruhulla, Ülvi Rəcəb də
radio verilişlərində fəal iştirak edirdilər. Səməd
Vurğun, Əhməd Cavad, Mikayıl Müşfiq və
başqa şairlər simfonik orkestrin, xalq çalğı alətləri
orkestrinin müşayiətilə öz şeirlərini oxuyurdular.
Mənim radioda birinci işim Puşkinin "Çar Boris"
faciəsinin radiotamaşasıdır. Əsəri Ordubadi tərcümə
etmişdi. Bu, o vaxtın ən böyük ədəbi
verilişi idi. Boris rolunda Abbas Mirzə, Çariça rolunda
Mərziyə xanım çıxış edirdilər. Qalan
rolları Ülvi Rəcəb, Mirzağa Əliyev, Leyla
Terequlova, Soltan Nəcəfov oynayırdılar. O vaxt maqnitli
lent olmadığından verilişlərin hamısı
canlı gedirdi. Simfonik orkestr və ya xalq çalğı alətləri
orkestri, xor, aktyorlar kiçik bir studiyaya
toplaşırdılar. Buna baxmayaraq, dinləyicilər belə
verilişləri alqışlayırdılar. Radio
yarandığı ilk günlərdən öz xüsusiyyətlərini
göstərməyə başlayırdı. Bəzən mahir
səhnə ustaları mikrofon qarşısında
çıxış etməkdə çətinlik çəkirdilər.
Heç yadımdan çıxmaz, Mikayıl Müşfiqin
"Qaya" poeması radio ilə verilirdi. Səhnədə
bülbül kimi ötən aktyor birdən mikrofon
qarşısında duruxdu. Verilişi saxlamaq olmazdı. Bu vaxt
diktorlardan biri mikrofona yaxınlaşıb poemanı oxumağa
başladı. Bir azdan özünə gələn aktyor
verilişi davam etdirdi. Radionun ilk illərində aktyorlar,
müğənnilər, mikrofonda çıxış edərkən
salonu, tamaşaçını hiss etmədiyindən studiya
onlar üçün qeyri-adi bir aləmə çevrilirdi. Mən
indi də radio verilişlərində böyük həvəslə
iştirak edirəm və hər dəfə Azərbaycan
radiosunun ilk illəri, ilk tamaşalarımız yadıma
düşür. Səhnə mənim üçün nə
qədər doğma olsa da, özümü radio kollektivinin
üzvü hesab edirəm".
Doğrudan da, köhnə aktyorların
hamısında Azərbaycan Radiosuna xüsusi
bağlılıq, qəlbən yaxınlıq həmişə
hiss edilirdi. Ola bilsin ki, teatrda onlara təklif edilən
hansısa rolu özləri üçün kiçik hesab edərdilər,
belə təklif şəstlərinə toxunar, dərhal
imtina edərdilər. Ancaq radiodan gələn hər zəngə,
hansısa tamaşada iştiraka, ya hansısa verilişi
oxumağa dəvətə müzakirə etmədən tərəddüdsüz
razılıq verərdilər. Buna da şəxsən
şahidəm. Mən 1977-ci ildə radioda "Nəğməli
ömürlər" adlı verilişlər silsiləsini
başlamaq istəyəndə aparıcılar məsələsi
ilə bağlı Soltan Nəcəfovla məsləhətləşəndə
o, "Leyla Bədirbəyliylə Əli Zeynalovu
çağırsan yaxşı olar", - dedi. Soruşdum ki,
belə görkəmli aktyorlara onlarçün bəlkə də
xırda görünən bir iş üçün müraciətimə
görə inciməzlər ki? Gülümsündü ki,
inciməzlər nədir, çox sevinəcəklər.
Dediyi kimi də oldu. Ya bir müddət sonra
"Axşam görüşləri"nin mətnlərini
oxumaqçün SSRİ Xalq artisti Hökumə Qurbanovaya zəng
vuranda heç cümləmi başa vurmamış "Mətni
də götür, evə gəl" dedi.
O nəsil böyük sənətkarlarımız
üçün radio teatrdan sonra ikinci evləri kimi idi.
Mustafa Mərdanov başlanğıc dövrdə
radiodakı çalışmalarını hərarətlə
xatırladığı kimi, Soltan Nəcəfov da həmin
dövrdə ustad sənətkarla birgə işləmələrini,
ona göstərilən diqqəti minnətdarlıqla yad edir, həm
də Cəfər Cabbarlının belə səhnələşdirmələr
hazırlanarkən radionun özünəməxsus tələblərini
necə incəliklə nəzərə alaraq improvizələr
etməsinə diqqət yönəldirdi: "1934-cü ilin əvvəllərində
Mustafa Mərdanov Cəfər Cabbarlının "1905-ci ildə"
pyesini radio üçün montaj edirdi. Pyesdə əsas
rollarda Ülvi Rəcəb (Eyvaz Əsiryan), İsmayıl
Hidayətzadə (Salamov), Rza Təhmasib (General-qubernator),
Süleyman Səlimbəyov (Ağamyan), Mustafa Mərdanov
(İmamverdi), Əli Qurbanov (Allahverdi) iştirak edirdilər. Mənə
Qradonaçalnikin rolu tapşırılmışdı. Cəfər
Cabbarlı bu pyesin radioda necə ifa olunacağı ilə
çox maraqlanırdı. O, bir neçə dəfə məşqlərdə
iştirak etdi. Əsərin radioda dinləyiciyə
yaxşı təsir bağışlaması, aydın
başa düşülməsi üçün bir neçə
faydalı məsləhətlər verdi. Yaxşı
yadımdadır. Cabbarlının məsləhəti ilə
"qoca Baxşının" rolu bu nöqteyi-nəzərdən
ixtisara salındı və onun sözlərinin çoxusu aparıcının
dili ilə ifa olundu".
Məmməd Səid Ordubadi alim damarı olan bir ədib
idi. Nədən yazardısa, həmin mövzunu həmişə
yerli-yataqlı araşdırar, mövzu "Qılınc və
qələm" kimi tarixidirsə, bəzən heç şərqşünas
alimlərin əli çatmayan, oxuyub araşdırmağa
qımıldanmadığı əlyazmaları
qaldırarmış. Radioda da Ədəbi-dram verilişləri
bölməsinə rəhbərlik edərkən həm
bütövlükdə radionun özünü öyrənməkçün
xeyli ədəbiyyat oxuyubmuş, həm də radioada bu istiqamətdə
aparılan işlərin gələcəkdə də pərakəndə
olmayıb sabit bir nizama bağlanmasından ötrü tədbirlər
tökürmüş. Bu gün Ordubadinin arxivində qalan
ayrı-ayrı vərəqparələrin bələdçiliyi
öz yerində, amma həmin ardıcıl səyləri
şəxsən müşahidə etmiş Soltan Nəcəfov
da radionun azsaylı əməkdaşlarına bəlli
olmuş o nəcib əməklər unudulmasın deyə
gördüklərini xatirələşdirmiş,
olmuşları yazısı ilə sənədləşdirmişdi:
"Radioda ədəbi-dram verilişlərinin təşkilindən
danışarkən şöbənin ilk redaktoru Məmməd
Səid Ordubadinin bu sahədəki səmərəli xidmətini
xüsusi qeyd etmək lazımdır. Dram qrupunu günün tələbinə
uyğun repertuarla təmin etmək məqsədilə
M.S.Ordubadi yazıçı və jurnalistləri studiyaya dəvət
edərdi. İrihəcmli pyeslər və radio
kompozisiyaları yazmaq üçün onlara sifariş verərdi.
Müasir mövzularda yazılmış poema, şeir, hekayə,
oçerk və səhnəciklərə geniş yer
ayırmaqla, klassik şair və yazıçıların əsərləri
də proqrama daxil edilərdi. Həmin illərdə Ordubadi
özü də bir neçə irihəcmli əsər
yazmışdı. Onun "İstiqraz", "Altı
nömrəli otaq", "Aprel gəlini",
"Çobanlar" radiopyesləri dəfələrlə efirdə
səslənmişdi".
Məmməd Səid Ordubadi fırtınalı sovet
onillərindən salamat qurtarmış, siyasi repressiyalar
burulğanının zədələrinə məruz
qalmış azlardandır. Çünki ayıq adam olub, vəziyyəti
düzgün qiymətləndirməyi həmişə
bacarıb. Radioda işlədiyi, təməllər qoyduğu
sınaqlı illərdə qələmə aldığı
pyeslərin, hekayələrin, şeirlərin bir çoxu
oçağkı siyasətin istədikləri idi. Zaman
keçib, onlar ömrünü çoxdan başa vurub və
Məmməd Səidin yeni zaman içərisindəki cildlərini
buraxarkən onları da bu kitablara əlavə etməyi
lazım bilmirlər, düz də edirlər. Ancaq o
günlük və ideoloji sifariş qəbilindən olan həmin
əsərləri yaza-yaza Ordubadi həm özünü
sığortalayır, həm də zaman ötdükcə kəsəri
və dəyərini əsla itirməyəcək, həmişə
yaşayacaq əsərlərini qoruyurmuş.
Və onun ən vacib, ən müdrik əməli: Azərbaycan
Radiosunun özülünü tökənlərin biri kimi o, həm
açıq və həm də örtülü şəkildə
ümdə nəsihət və vəsiyyətlərini etməyi
bacarıb. Bir ədib və insan olaraq xalqa onun çox məziyyətləri
bəllidir, amma böyük Ordubadini az bilindiyi bu yöndən
də tanıyın: Radiomuzun bir əsr boyunca solmayan Milli
Çöhrəsinin Qurucularının ən əsaslarından
birincisi məhz odur!
Məmməd Səid yuxarıdan gələn hökm və
siyasətin ruporu olmalı radiomuzu, efirimizi lap əzəldən
ilk növbədə millətinki olmağa kökləməyə
qadir olub. Həm də elə incə, elə ustalıqla
kökləyib ki, xəfiyyə xislətli ən çətin
zəmanələrdə bu nəbz daim tam gücüylə
vurmaqda davam edib, hər yöndən əhatələndiyi, hər
addımının xüsusi icazəli olduğu əyyamlarda
da siyasətlər içərisində öz yurdçu və
xalqçı siyasətini yeridə bilib. Elə Məmməd
Səid Ordubadinin şah əsərinin rəmz olan
adındakı kimi - Qılınc nə qədər
sıyrılsa da, Qələm heç vaxt susmayıb!
12 iyul 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 19 iyul(№125).- S.16-17;24.