"Uğur"un
indiki yolu: fərdi utanmazlıqdan sosial arsızlığa
Esse
İnsan övladı icma halında
yaşadığı ilk zamanlardan bəri utanmaq hissi ilə
var olub. Bu hiss təkcə insanın özü ilə deyil,
yaşadığı cəmiyyətlərdəki qurduğu
münasibətlərin təməl daşlarından biridir həm
də. Əvvəllər insanlar günahlarını gizləmək
üçün deyil, utandıqları üçün əlləri
ilə üzlərini örtərmiş. Çünki utanmaq
insanın özünə olan hörmətin ən dərin
ifadəsi sayılırmış. "Utanmaq" hissindən
keçmiş zamanda danışıram. Çünki
günümüzdə artıq əksəriyyətin
utanmadığını söyləyə bilərik. Xətalar
gözümüzün önündə "cəsarətlə"
sərgilənir, ayıblar ekrandan boy göstərir, məhrəm
olan nə varsa, meydandadır. Bir zamanlar
pıçıltı ilə dilə gətirilənlər
artıq yüksək səslə elan olunur. Küçələr,
ekranlar, platformalar... Hər yer utanma hissinin alqışlarla
boğulduğu bir səhnəyə çevrilib. Bəyənmə
sayı qədər dəyərlisən,
paylaşmadığın şey yaşanmamış
sayılır artıq. Utanmaq köhnəlmiş bir hissdir
dövrümüzdə. Halbuki utanmaq insanın sərhədlərini
bildiyi yerdir. Məhrəmiyyətin başladığı
qırmızı xətdir, vicdanın dindiyi an,
gözyaşının məna qazandığı
dayanacaqdır. Bir sözlə, utanmaq hələ də insan
olduğumzun sübutudur.
Paskal Brunker, Byunq Çol Xan kimi müasir filosoflar da
utanmağın yerini "özünü nümayiş"ə
verdiyini, məhrəmiyyətin yox olmasının insanı
daxili dərinlikdən uzaqlaşdırdığını
vurğulayırlar.
Antropoloqlara görə, utanmaq hissi, ilk insan cəmiyyətlərində
qrupdan kənarlaşdırılmaq qorxusu ilə meydana
çıxıb. Çünki bir insanın qəbilədən
kənarda yaşamağı ölümə bərabər
idi. Ona görə də qaydalara əməl etməmək,
uyğunsuz davranışlar ağır nəticələrə
səbəb olurdu. "Utanc" hissi məhz sosial həyatda
qalmaq instinktindən doğub. Günahlandırılan, qəbilədən
uzaqlaşdırılan insan utanc hiss edərdi. Bu səbəbdən
də utanmaq həm insanın özünü, həm də
icmanı qoruyan bir mexanizm sayılırdı.
Qədim Yunanıstanda "aidos" kəlməsi həm
utanmağı, həm də hörməti ifadə edirdi.
Çünki onlar üçün utanmaq şərəfli
bir ömür sürməyin göstəricisi idi. Qəhrəmanlıq
qədər əxlaqda da tarazlıq əhəmiyyətli hesab
olunurdu. Homerin dastanlarında da qəhrəmanların
döyüşlərdə göstərdikləri cəsarətlərindən
çox, cəmiyyətə qarşı hiss etdikləri utanma
hissi ilə hərəkət etmələrindən bəhs
olunur. Həmin dövrdə utanmaq bir növ əxlaq
kompası idi.
Romada isə bir az fərqli əxlaq anlayışı
hakim idi. Roma vətəndaşı cəmiyyətin qanun və
adətləri ilə ayaqlaşmaq məcburiyyətində
qalırdı. Utanmaq bir növ hüquqi və ictimai
uyğunlaşmaq vasitəsi hesab olunurdu. Hətta işlənilən
bəzi günahlar üçün ən ağır cəza
ictimaiyyət qarşısında alçaldılmaq - yəni
utandırılmaq sayılırdı. Orta əsrlərdə
isə utanma hissi daha çox dini çərçivədə
şəkillənmişdi. Xristianlıqda günah
anlayışı ilə utanma hissi iç-içə
keçdi. Seksual istək, acgözlük kimi hisslər
boğulmalı idi. Utanmaq artıq sosial məsələ yox, mənəvi
məsuliyyətə çevrilmişdi. Allaha qarşı
işlənən hər günah, insanın içində utanc
hissi doğurmalı idi.
Bir qədər sonrakı dövrdə İslam
coğrafiyasında da həya əhəmiyyətli fəzilət
olaraq qəbul edilirdi. Məhəmməd Peyğəmbərin
"Həya imandandır" sözü bu hissin təkcə əxlaqi
deyil, eyni zamanda dini təmələ söykəndiyini göstərirdi.
Həya bir insanın həm Allaha, həm də insanlara
qarşı məsuliyyət və diqqət hissi ilə
yaşamağını məsləhət görürdü.
İntibah və Maarifçilik dövründə isə
utanma hissi artıq fərdiləşməyə
başladı. İnsanlar Allahdan, yaxud da cəmiyyətdən
deyil, özlərindən utanmağa başladılar. Vicdan
daxili hakimiyyətə çevirildi. Freydə görə,
utanma basdırılmış istəklərin ifadəsi nəticəsində
meydana gələn daxili münaqişənin nəticəsidir.
O dövrdə utanmaq artıq təkcə ictimai quruluşun
bir hissəsi deyil, həm də insanın psixoloji
quruluşunun bir parçası idi.
Bu gün isə utanma hissi itkilərimiz
siyahısındadır. Texnologiyanın inkişafı ilə
birlikdə arsızlaşan insanlıq, məhrəmiyyətini,
özünə hörmətini və vicdanını itirmək
təhlükəsiylə qarşı-qarşıya qalıb.
Utanmalı olduğumuz davranışlar sürətlə
yayılır, alqışlanır, hətta bəzən
"mükafatlandırılır". İnsanlıq tarixində
bəlkə də ilk dəfə utanmamaq öyünmə
nöqtəsinə gəlib çatıb. Artıq bir
çox anlayışın yerindən oynadığı
dövrdəyik. Utanmaq hissinin zəiflik hesab olunduğu,
lağ obyektinə çevirildiyi, hətta lazımsız
bilindiyi bir zamanda yaşayırıq, təəssüf ki.
Əvvəllər əri, ya arvadı tərəfindən xəyanətə
məruz qalan insanlar utandıqlarından bu məsələnin
üstünü örtməyə
çalışırdılarsa, indi ailədə xəyanətə
uğramış adamlar çəkdikləri videolar ilə
sosial şəbəkələrdə "fenomen" olurlar.
Sosial mediada sərhədsizlik rəqəmsal
arsızlığı ortaya çıxartdı. Bir vaxtlar
insanlar utandıqları şeyləri gizləməyə
çalışırdılar, indi isə utanılmalı nə
varsa, ortaya tökülür.
lll
Sosial media həyatımıza girdiyi ilk zamanlarda
informasiya almaq, əlaqə yaratmaq məqsədi
daşıyırdı. Ancaq zamanla məhrəmiyyət,
hörmət, sərhəd anlayışlarını
içində əritdi. Hər hissi, hər düşüncəni
paylaşmağa başladıq. Bu vəziyyət sadəcə
şəxsi həyatın nümayişi ilə məhdudlaşmadı,
eyni zamanda insanların hərəkətlərini,
danışıqlarını senzurasız, redaktəsiz
ictimaiyyətə təqdim etdiyi yeni bir dövrə - rəqəmsal
arsızlığa qədəm qoymuş olduq. Əxlaqsız
söhbətlər, nifrət dilinin adiləşməsi,
qalmaqallı videolarla şöhrət axtarışı
artıq milyonlarla insanın ekranında barmaq ucu qədər
yaxındır.
Sosial media insanların özünüifadə
meydanından çox, başqlarını ittiham etmə,
alçaltma arenasına da çevrilib. "Linç mədəniyyəti"
rəqəmsal dünyanın yeni "ədaləti" olub.
Birinini dili dolaşanda, fikri xoşumuza gəlməyəndə
onu utandırmaq refleks halını alıb. İşin
ironiyası ondadır ki, utandıranlar da utanmırlar. Sosial
mediada başqalarına "utanmalı" olduğunu söyləyənlərin
çoxu öz keçmişlərindəki bənzər
davranışlara göz yumurlar. Bu ikitərəfli
üzsüzlük halı rəqəmsal platformaları bir
növ vicdansızlıq tamaşasına çevirir.
Sosial media alqoritmləri həqiqətin deyil, diqqət
çəkməyin izindədir. Ona görə də nə qədər
təxribatçı olursansa, o qədər də çox
görünürsən. Həqiqətin yerinə
"sensasiya" mükafatlandırılır. İnsanlar ən
xüsusi anlarını, təxribatçı fikirlərini
heç bir utanma hissi olmadan paylaşırlar. Çünki
bilirlər ki, bu, onları "gündəmə
daşıyır". Nə qədər çox insan tərəfindən
izlənilsən, o qədər əhəmiyyətli
olduğunu zənn etmək, arsızlığı adiləşdirən
psixoloji tələdir.
Sosial mediada utanmazlığın başqa bir səbəbi
anonimlik zirehidir. İnsanlar real şəxsiyyətlərinin
arxasında gizləndikləri zaman, söylədiklərinin əxlaqi,
ya da insani məsuliyyətini hiss etmirlər. Çünki
üz-üzə söyləyə bilməyəcəkləri
fikirləri bir istifadəçi adı altında asanlıqla
yaya bilirlər. Bu vəziyyət sosial münasibətlərdəki
təməl tarazlığımızı da pozub və
qarşımızdakını artıq insan olaraq görməyimizə
mane olur. Artıq insanlar bizim üçün sadəcə bir
"profil"dən ibarətdir. Bu da empatiyanı
öldürür, utanma hissini ortadan qaldırır.
Əvvəllər insan utanacaq bir iş görəndə
üzü qızarırdı. İndi nə qədər
çox "like" gəlirsə, o qədər xoşbəxt
olur insanlar. Çünki cəmiyyətin əksəriyyəti
artıq nəyin utanılacaq bir hərəkət olduğunu
müəyyənləşdirə bilmir. "İzləyici",
ya da "trend" uğrunda hər şey məqbuldur və
insan öz reallığını yox, virtual təsdiqini əhəmiyyətli
sayır.
lll
Əfsuslar olsun ki, ənənəvi media da indi,
böyük faizlə, özünün "utanmazlıq
dövrü"nü yaşayır. Bir zamanlar xalqın vicdan
səsi olan, doğru sözün, əsl sənətin, sənətkarın
arxasında dayanan bir güc idi media. Amma bu gün artıq bir
çox media qurumları vicdanın deyil, süni reytinqin
arxasınca düşməkdən həlak olub. Nəticədə
isə heç bir xəbərin, yazının, müsahibənin
başlığına "şok", "inanılmaz",
"dəhşətli" sözləri yazılmasa,
baxılmır, oxunmur. Dəyərli olan yox,
"qışqıran", meydanı qarışdıran
diqqət çəkir.
Bir vaxtlar diktorlar baş verənləri olduğu kimi təqdim
edərdi. Bu gün isə xəbər proqramları
dramatizasiya sənətinə çevrilib. Başlıqlar
şişirdilir, cümlələr kontekstdən
çıxarılır. "Son dəqiqə"
başlığı ilə başlayan hər xəbər ya
qorxu yaymaq vasitəsidir, ya da emosional istismardır. Məsələn,
bir uşağın itkin düşməsi, ya da bir ailənin
dramı artıq sadəcə məlumat xarakterli təqdim
olunmur. Kamera qarşısında ağlayan analar,
başqası ilə qaçan qadınların efirə
çıxıb vay-şivən salan ərləri, şou
materialına çevrilən çirkin ailə dramları...
Bəs bu səhnələrin arxasındakı utanma hissi
hardadır?
Artıq uzun illərdir ki, media daha çox faciə və
qalmaqallar hesabına "parlayır". Cinayət xəbərləri,
cinsi zorakılıq halları, ailə daxili münaqişələr
"ictimaiyyəti məlumatlandırma" iddiası ilə təqdim
olunsa da, əslində reytinq tələsidir. Qurbanın deyil,
cinayətkarın adı ön plana çıxarılır,
detallar təkrar-təkrar işlənərək hadisə
şoulaşdırılır. Ortada məhrəmlik, gizlilik
qalmır. Hətta bəzi hallarda zərərçəkənlərin
şəxsiyyətləri gizlənilmədən
yayımlanır. Efirə çıxarılan uşaqların
üzləri açıq şəkildə nümayiş
olunur. Bu, artıq təkcə etika pozuntusu deyil, birbaşa
vicdanın süqutudur.
Bir qəzada həyatını itirən insanın
qanlar içindəki görüntüsünün
yayımlanması, ya da mərhumun cənazəsinin məzara
qoyulmasının yaxın plandan çəkilməsi adiləşdirilib
artıq. Əksinə, "daha çox baxılır" deyə
manşetə çıxarılır. Ölənin ailəsi
nə hiss edər, uşaqları bunu necə qarşılayar
- heç kimin vecinə deyil. Çünki ümumi
düşüncə belədir: ekranın digər tərəfində
yalnız oxucu, izləyici, yəni müştəri var, insan
yox. Belə davrananlar çox yaxşı bilirlər ki,
insanlar ən ağrılı mənzərələrdən kədərlənsələr
də, yenə də marağa düşüb izləyirlər.
Bax elə buna görə də media öz əxlaqi məsuliyyətini
itirmiş vəziyyətdədir. Çünki utanılacaq
bir şeyi yayımladıqları zaman
qarşılığında qınaq, mənfi reaksiya yox, diqqət
və maraq görür.
Müasir medianın başqa etikadan kənar tərəfi
isə qərəzli məlumatlar istehsalıdır. Artıq
bir çox media orqanı "kimin tərəfindəsən?"
sualına tərəddüdsüz cavab verərək hərəkət
edir. Obyektivlik öz yerini təbliğat dilinə verib. Həqiqəti
araşdırmaq yox, oxucunun eşitmək istədiyini vermək
məqsədi güdülür. Xəbərlər təhrif
olunur, lazım gəldiyi zaman manipulyasiya edilir.
Ən ağır məqamlardan biri də artıq ənənəvi
medianın sosial media trendlərini izləməsidir. Sosial
şəbəkələrdə bir paylaşım diqqət
çəkdisə, dərhal xəbər saytlarında
şişirdilmiş başlıqlarla yerini alır.
Baxırsan, hadisə yox, xəbər yox, ancaq şərhlər
var. İnsanların fikirləri həqiqət kimi təqdim
olunur. Beləcə, xəbərin özü deyil,
yaratdığı müzakirə dəyərli olmağa
başlayır. Bu da jurnalistikamızda "müzakirə
yaratmağın" yeni bir yolunu açmış olur:
"Əxlaqdan uzaq, sensasiyaya yaxın bir yol".
Məşhur italiyan rejissor İngmar Berqmandan
soruşublar ki, gedişat pisdir, dünya necə xilas olacaq?
Cavabı təxminən belə olub: "Dünyanı
yalnız utanan insanlar xilas edə bilər. Çünki
utanmaq təkəbbür adlanan ən böyük günahın,
yalanın, böhtanın, oğurluğun,
arsızlığın qarşısında duracaq ən
böyük maneədir". Bilmirəm, bu sözləri həqiqətən
Berqman deyib, ya yox, amma mən də artıq dünyanı
utanan insanların xilas edəcəyinə inanmaq istəyirəm.
Utanc hissi bir ümiddir və biz o ümidə sarıla bilsək,
peşəmizi də, özümüzü də,
dünyamızı da xilas edə bilərik.
Günel MUSA
525-ci qəzet .- 2025.- 19 iyul(№125).- S.14.