Müəllif susur,
bio danışır...
Esse
Uzun illər öncə bir axşamçağı
bir səhv edib oxuduğum kitabın şəklini
paylaşmış, oradan bəyəndiyim cümləni
yazmışdım. Heç gözləmədiyim halda ədəbi
zövqünə, aydın düşüncəsinə
inandığım birisi həmin müəllifin şəxsi
düşüncələrini, yüngül həyat tərzini
arqument gətirərək onun kitabını oxuduğum
üçün məni tənqid etmiş, heç olmasa, bunu
paylaşmamağı məsləhət bilmişdi. Əslində
isə o kitab dünya ədəbiyyatının şedevrlərindən,
müəllif də imzası çoxdan, lap çoxdan təsdiqlənmiş
yazıçılardan biridir. Yenə də bu cür reaksiya
ilə ilk dəfə qarşılaşdığımdan
çaşıb qalmışdım, səbəbini elə də
anlaya bilmirdim. Axı mənim üçün bir kitabın
müəllifi əsərindən daha artıq önəm
daşımır. Bunu istər mətbuata müsahibələrimdə,
istərsə də, şəxsi söhbətlərimdə dəfələrlə
demişəm ki, mənim istər klassik, istərsə də
müasir dünya və Azərbaycan ədəbiyyatında
sevdiyim yazıçı, şair yoxdur, bəyəndiyim əsərlər,
şeirlər var. Onları isə kimin yazmağı az önəmlidir.
Zaman keçdikcə isə gördüm ki, sən demə,
indi vəziyyət o deyilmiş...
Bir vaxtlar ədəbiyyat müəllifin səsini yox,
yazısının səsini eşidərdi.
Yazıçı özü tanınmaz, cümlələri, əsərləri
tanınardı. Bəzən bir oxucu müəllifi
tanımadan, heç şəklini belə görmədən
illərlə onun kitablarını
oxuyardı.Yazıçı kimdir, harada doğulub, nəyin tərəfdarıdır
- bunlar o qədər də vacib deyildi. Əsas olan,
yazının ruhuydu. İndi isə vəziyyət dəyişib:
yazı hələ görünmədən müəllif
görünməlidir. O, ictimai mövqeyini bildirməli,
gündəmə reaksiya verməli, sosial şəbəkədə
aktiv olmalıdır. Əgər bütün bunları etmirsə,
heç yazdıqları da görülmür, saya
salınmır.
Əsərin dəyəri çox vaxt müəllifin
ictimai mövqeyi ilə ölçülür. Oxucular
yazının deyil, yazıçının şəxsiyyətinin
"statusuna" uyğun davranırlar. O kimlərin dostudur? Nə
geyinir? Hansı dəyərləri müdafiə edir? Feminizm,
LGBT, siyasət, din, ailə - hansı tərəfdə
dayanır? Əgər bu suallar oxucunun gözündə
düzgün cavablanıbsa, o zaman əsər də
"lazımlıdır". Yoxsa, necə deyərlər,
kitabın cildinə belə baxılmır.
Müəllifin bioqrafiyası artıq kitabın
özü qədər maraq doğurur. "Instagram" bio-su,
müsahibədə dedikləri, çəkildiyi fotoşəkillər,
tədbirlərdəki duruşu, paylaşımlardakı emojilər
- hamısı birgə "ədəbiyyatçı
obrazı"nı qurur. İndiki dövrdə
yazıçı təkcə yazmaqla kifayətlənməməli,
həm də özünü göstərməlidir.Tez-tez
şəkillərini, videolarını paylaşmalı,
günlük həyatı ilə də diqqətdə
qalmağı bacarmalıdır. Geyimi,
danışığı, hətta ev heyvanı belə onun
oxucu ilə olan münasibətinə təsir edə bilər.
Beləliklə, getdikcə yazı ikinci, hətta bəzən
daha sonrakı yerlərə keçir, birinci planda müəllifin
"brendə çevrilmiş" siması dayanır.
Ədəbi yığıncaqlarda əsərlərdən
çox müəlliflər müzakirə olunur. "Onu
tanıyırsan?" sualı "Onu oxumusan?" sualından
daha aktualdır. Çünki deyəsən, artıq oxumaq
tanımaq üçün deyil, tanımaq oxumaqdan əvvəl
gəlir. Bu isə ədəbiyyatın öz mahiyyətini - mətndə
doğulmaq və mətndə yaşamaq gücünü zəiflədir.
Sosial media müəllif üçün böyük
bir imkan ola bilərdi. O, yazılarını daha çox
oxucuya çatdıra, fərqli çevrələrə səs
salardı. Ancaq bu platformalar tezliklə bir növ ictimai
nümayiş meydanına çevrildi. Artıq müəllifin
yaradıcılığından çox, gündəlik
görünüşü, fikirləri və reaksiya sürəti
önəmlidir. Əgər hansısa olay baş verir və
yazıçı bu haqda 3 saat, ən pis ehtimalda bir gün ərzində
status yazmırsa, deməli, o, passivdir, laqeyddir, "daha o
deyil". "Belə birinin də əsəri özündən
artıq olmayacaq ki..."
Bu cür psixoloji təzyiq yazıçını
mütəmadi olaraq özünü izah etməyə, öz
mövqeyini "bağırmağa" vadar edir. Halbuki
yazıçının əsl imzası onun cümlələrindədir.
Bir yazıçı haqqında "O, çox
yaxşı yazır, amma özünü tanıtmır
axı" deyirlərsə, bu, artıq ciddi bir problem kimi səslənir.
Halbuki bu ifadədəki "amma" sözünün
özü bütün vəziyyəti ifşa edir.
Bəzən elə olur ki, yazıçının
özü yazısının qabağına keçir. Ədəbi
tədbirdə yazıçının təqdim etdiyi əsər,
şairin oxuduğu şeir heç kimin yadında qalmır,
amma onun geyindiyi paltarı, ya da dediyi bir sarkazm dolu cümlə
sosial şəbəkələrdə günlərlə
müzakirə olunur. Əgər bir yazıçı təvazökar
davranırsa, dərhal deyirlər ki, bu adam "tənbəl
PR" qurbanıdır. Yəni reklam etmədinsə, yoxsan,
danışmadınsa, unuduldun, performans göstərmədinsə,
maraqsızsan.
Zamanın qaydaları fərqlidir: bu gün müəllif
həm özünü göstərməli, həm də əsərini
layiqincə təqdim və təmsil etməlidir. Bu isə
çox az insana müyəssər olan bir balansdır.
Müasir oxucu daha tələbkardır. O, yalnız
yazıya deyil, müəllifin kimliyinə,
davranışına və həyat tərzinə də
reaksiya verir. Əgər müəllif şəxsi həyatıyla
"tərəddüd doğurursa", oxucu da əsərə
tərəddüdlə yanaşır. Bu cür münasibət
çox vaxt ədəbiyyata obyektiv yanaşma imkanını məhdudlaşdırır.
İndiki halda yazıçı əvvəlcə "rəğbət
oyatmalı", sonra oxunmalıdır. Əvvəl
"xarakter", sonra "mətn". Bu isə əslində,
ədəbiyyatın müqəddəs məkanda -
yazının içində doğulması prinsipini pozur.
Əsər müəllifdən azad olmadan, yəni oxucunun
gözündə "ayrı bir varlıq" kimi mövcud
olmadan ədəbiyyata çevrilə bilməz. Əgər
biz yazını oxuyarkən daim müəllifin kimliyini
düşünürüksə, onda yazının sehrindən
çox, müəllifin kölgəsində qalmış
oluruq.
Bəs bu gedişat bizi hara aparır? İstəyərək,
ya da istəməyərək, müəllifi ədəbiyyatdan
önə çıxardığımız bu dövr ədəbiyyatın
daxilə yönəlmək gücünü zəiflədir.
Yazıçı sosiallıqla daha çox məşğul
olduqca, tənhalığın içində doğulan o dərin
yazılar azalır. Yəni bir tərəfdən müəllifə
"niyə görünmürsən?" deyirik, digər tərəfdən
"niyə dərin yazmırsan?" soruşuruq. Bu ziddiyyətin
içində yazıçı çaşır, yorulur,
susur.
Əslində, yazıçının susması da
bir mövqedir. Onun bio yazmaması, şəkil
paylaşmaması, gündəmə reaksiya verməməsi bəzən
onun ən ciddi cümləsidir. Sadəcə biz o cümləni
görmək, eşitmək istəmirik. Çünki o, bizi səssizliyə
çağırır.
Ədəbi prosesdə müəllif görünməz
olmalı deyil, əlbəttə, amma onun şəxsiyyəti
də yazının önünü tutmamalıdır. Əgər
bir gün müəllif danışmaqdan, paylaşmaqdan,
görünməkdən yorularsa, onu susduğu anından -
yazısında tanıyaq. Hər şeydən əvvəl, o,
yazıçı olaraq var.
Çünki nə sosial bio, nə şərhlər,
nə müsahibələr qalacaq. Qalan bəzən bircə
cümlə olur - yaxşı bir cümlə.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 19 iyul(№125).- S.9.