Məhəbbətin
"Laçınım"ı və Laçın məhəbbətim...
Laçın yağı tapdağından azad
olunduğu gün yazmışdım:
Azaddır Laçın!
Yolunu açın...
Bu günlərdə Türk Ağsaqqalları
Birliyinin təmsilçiləri olaraq Qarabağ səfərimizdə
Laçında da olduq. Sevincimiz, kövrəlməyimiz,
qürur duymağımız, duyğulanmağımız təbii
haldır... Mənə elə gəldi ki, el məhəbbəti
qazanmış sənətkar, Əməkdar artist Məhəbbət
Kazımov da Laçında olduğumuz müddətdə
bizimləydi. Qəribə hisslər ağuşunda hara üz
tutdumsa, sanki "Laçınım" oxuyurdu... Ehtizazlı
səsi bütün varlığımı sardı... Kaş
ki bu günü görəydi və bambaşqa bir
"Laçınım" oxuyaydı.
...İllər öncə Məhəbbət
Kazımovun "Laçınım" mahnısı el şənliklərində,
toy-düyündə, efirlərdə səslənər-səslənməz
dillər əzbəri oldu. Müğənninin
möhür-ifasına çevrilən bu mahnının məndə
doğurduğu düşüncə və təəssüratları
vaxtilə "Yanğını sevdim yandığım
zaman" adlı bir yazımda qələmə almışam.
"Nisgil odu" (2005) adlı kitabımda yer alan həmin
mətni bənzərsiz Sənətkarın ruhuna salam olaraq təqdim
edirəm: "Əzəli-əbədi ülviliklər -
Tanrı qüdrəti, torpaq qüvvəti, yurd məhəbbəti,
söz heyrəti sırasına şaqraq səsli müğənni
Məhəbbət Kazımovun ifasında səslənən
"Laçınım" mahnısı ilə səsin
ecazkar təsir gücü, hikməti də qatıldı. Səsin
bu qədər ovsununa, sehrinə inanmazdım, bəlkə də.
Bəlkə də, səsin nuruna boyana-boyana bu qədər
kövrəlməzdim, ancaq kövrəltdi məni Məhəbbət
öz səsiylə:
Seyr etdim səsinlə dağ şəlaləsin,
Qoxudum dağların gül rayihəsin.
Dinlədim Laçının həsrət nəğməsin,
"Laçınım" mahnısı oxunan
zaman...
Dinlədikcə, qəsbkara rəğmən, nifrətimizə
bülöv çəkən bu səs vətən həsrətinin
yanğısını ovxarından keçirərək pərdə-pərdə
haraya, çağırışa dönür. Elə bu
ovqatla da üz tutdum Məhəbbətin görüşünə.
Söhbətimiz əsnasında mənə bir məqam da
aydın oldu ki, bu səsin sahibi bütöv varlığı
ilə oxuduğu bu nəğməni yaşayır, misra-misra
yanıb külə dönür. Yağı tapdağında əsir
qalmış dağlar sinəsinə dağ çəkir.
Axı Laçın onun dünyaya göz
açdığı vətən torpağıdır.
Oxu sən, qardaşım, oxu, Məhəbbət,
Səsin işığında sökülür
zülmət.
Bilirəm, alırsan ümiddən qüvvət
"Laçınım" mahnısı oxunan zaman.
Gör neçə vaxtdır həsrətik
işğal altında qalan yurd yerlərimizə. Aramızda
olan uzaqlıq isə göz məsafəsi qədərdir. Yəni
doğurdanmı bu qədər yaxınlıqla bu qədər
uzaqlıq arasında bu həsrətin sonu olmayacaq? Həsrət
odunda qovrula-qovrula göynəyəcəyik. Necə ki, Məhəbbət
Kazımov "Laçınım, Laçınım..."
- deyə haray çəkib göynəyir.
Ürəyim atlandı bu həzin səsdən,
Gah zildən süzülür, gah da ki, pəsdən,
Qurtulmaq istəyir bülbül qəfəsdən
"Laçınım" mahnısı oxunan zaman.
Vətən həsrətini içində yaşadan
müğənni səsiylə qartal olub Laçının
göylərində uçanda, bulaq olub torpağına
süzüləndə, yağış olub düzlərinə
çilənəndə mələklərin kirpiyi nəm
çəkdi, Tanrı səbrinin qapısı diksindi. Mənim
isə ruhumu ovudacaq müsralar yarpaqlandı:
Dağların zirvəsi qartal oylağı,
Qıy vurur Məhəbbət, qartal sayağı,
Canlanır önümdə orman, yaylağı
"Laçınım" mahnısı oxunan zaman.
Vətən övladlarının nalə nidaları
kimi süslənmişdir Laçının həsrət nəğməsi.
Bu nəğmə təkcə Laçının yox,
neçə-neçə yurd yerlərimizin həsrət nəğməsidir.
Mayasında bir od, bir atəş var:
Yaman qərbsəyib dağları bahar,
Didərgin olanı düşüb boran, qar,
Yandırır sinəmi sönən ocaqlar
"Laçınım" mahnısı oxunan zaman.
Qulaqlarımda Məhəbbətin sehrli səsi, dilimdə
şehli sətirlərin sərinliyi, qəlbimdə ümid
alovunda yanan kədərimin - yurddaşlarının
üzünə həsrət qaldığı sinəsi
dağlı dağlarımızın azad, bütöv Azərbaycanımızın
qoynuna qovuşacaq günün ümidi ilə ayrılıram
müğənnidən:
Gəlib ehtizaza, riqqətə qəlbim,
Kədərə bələndim, qəmə bələndim,
İntiqama səslər müqəddəs dərdim
"Laçınım" mahnısı oxunan zaman.
P.S. Axirətin abad, ruhun şad olsun, unudulmaz sənətkarımız
Məhəbbət Kazımov! Başqa
"Laçınım"lar başqa ifa-avazlarda yəqin ki,
oxunacaq, amma sənin "Laçınım"ın
özün kimi heç vaxt unudulmayacaq.
Zirvə işığında, dağlar qoynunda Zəfərlə
dalğalanan Bayrağımızın möhtəşəmlik
ovqatında düşünürəm ki, Məhəbbətin
"Laçınım"ı həm də mənim
Laçın məhəbbətimdir!
Tapdıq ƏLİBƏYLİ
525-ci qəzet .- 2025.- 22 iyul(№126).-S.14.