Birinci Türkoloji
Qurultayın yüzüncü ildönümü ərəfəsində
düşüncələr
(Üçüncü
məqalə)
Birinci Türkoloji Qurultayın dərslərini
lazımi mükəmməllikdə almaq üçün,
fikrimizcə, onun materiallarını (bu materiallar tam olmasa da, hər
halda müəyyən ardıcıllıqla 1926-cı ildə
rusca çap edilmiş stenoqrafik hesabatda öz əksini
tapmışdır) biri digəri ilə sıx bağlı
olan ən azı üç baxımdan öyrənmək
lazım gəlir ki, onlardan birincisi Qurultayın keçirildiyi
tarixi şərait, orada müxtəlif türk xalqları
ziyalılarının, ittifaq və beynəlxalq ekspert qismində dilçilik, ədəbiyyatşünaslıq,
tarixşünaslıq və s. ixtisaslar üzrə görkəmli
mütəxəssislərin, eləcə də sovet dövlət
xadimlərinin daşıdıqları funksiyalar, qəbul
olunmuş qətnamələrin ideya-məzmunu, sonrakı illərdə
həyata keçirilmə vəziyyətləri və s. barədə
doğru- düzgün təsəvvürlərin
formalaşmasından ibarətdir.
Artıq qeyd edildiyi kimi, Birinci Türkoloji Qurultay təsadüfən
ortaya çıxmış, yaxud hansısa konyuktur
siyasi-ideoloji məqsədlərlə gerçəkləşdirilmiş
bir hadisə deyildi, o, türk xalqları
ziyalılarının on illər ərzində əvvəl
Rusiya imperiyası, sonra isə Sovetlər Birliyi daxilində türk
xalqlarının layiq olduqları mədəni, ictimai və
siyasi səviyyəyə yüksəlmək uğrundakı gərgin
mübarizələrinin nəticəsi idi. Sovet hakimiyyəti
çarizm dövründəkindən fərqli olaraq, ilk illərdə
türk xalqlarının qalxınma təşəbbüslərinə anlaşıqlı yanaşaraq Qurultayın
keçirilməsini dəstəklədi, bunun
üçün müəyyən şərait yaratdı,
sovet dövlət xadimlərinin - SSRİ MİK-in sədri Qəzənfər
Musabəyovun, Zaqafqaziya hökumətinin üzvü Mirzə
Davud Hüseynovun, eləcə də görkəmli elm xadimlərinin
- akademiklərin, professorların Qurultayda iştirakını
təmin etdi. İrəlicədən yeni latın əlifbasının
qəbulu üçün hər nə qədər
böyük işlər görülmüş olsa da, məsələn,
Qazaxıstandan, Tatarıstandan gəlmiş nümayəndələrin
bu əlifba əleyhinə kəskin çıxış eləmələrinə
hər hansı qadağa qoyulmadı. Tanınmış qazax
ziyalısı, Qurultayın rəyasət heyətinin
üzvlüyünə seçilmiş Əhməd Baytursun
islah olunmuş əski əlifbanı sona qədər müdafiə etdi, tatar
ziyalısı Qalımcan Şərəf
hətta məclisin ağsaqqalı Səmədağa
Ağamalıoğlunu məsələyə kəndlilərin
münasibəti barədə Leninə yalan məlumat verməkdə
ittiham elədi. İclaslarda səslənən
türkçü-milliyyətçi çıxışlar
göstərdi ki, müxtəlif türk xalqlarının
nümayəndələri öz dillərini, ədəbiyyatlarını,
tarixlərini özləri yazmaq, yeni açılmış məktəblərdə
tədrisi özləri aparmaq istəyirlər. Və
maraqlıdır ki, mərkəzdən - Moskvadan, Leninqraddan gəlmiş
alimlər də müzakirələrdə kifayət qədər
dözüm, təvazökarlıq nümayiş etdirməklə
Qurultayın missiyasına hörmətlə yanaşdılar.
Məsələn, professor Lev Vladimiroviç Şerba
orfoqrafiya məsələsi ətrafında, həqiqətən,
mükəmməl bir məruzə etmiş, müzakirələr
bitdikdən sonra məruzəçilərə verilən yekun
sözündə demişdir:
"Mən bəzi şəxslərdən eşitdim
ki, Qurultayı birinci növbədə məşğul edən
məsələdə - əlifba məsələsində bu və
ya digər tərəfə müəyyən qədər
meyilli olmağım haqqında söhbətlər gedir. Bu məsələ
ilə bağlı demək istərdim ki, mətbuatda da qeyd
etdiyim kimi, özümü bu məsələ ilə
bağlı tamamilə səlahiyyətsiz sayıram,
çünki bu məsələ milli məsələdir, mədəni-siyasi
mülahizələr əsasında həll edilir və burada mənlik
bir iş yoxdur... Əgər öhdəmə orfoqrafiyaya dair məruzə
götürmüşəmsə, bu məruzə yalnız
bütün dünyada mövcud olan prinsipləri əhatə
etmişdir".
Türk dillərinə əcnəbi dillərdən,
xüsusilə ərəb dilindən keçən sözlərin
yazılış qaydasının fərqləndirilib-fərqləndirilməməsi
məsələsinə gəldikdə görkəmli
dilçi- fonetist təcrübədə hər ikisinin
mövcudluğunu qeyd etdikdən sonra "iş zövqdə
və yenə də milli həldədir" deyərək əlavə
etmişdir:
"Məncə, türk olmadığım
üçün, bu məsələdə
də öz fikrimi söyləyə bilmərəm. Lakin rus
kimi öz dilimə münasibətdə fikrimi bildirmişəm
və bildirməkdəyəm. Siz isə özünüz bilərsiniz.
Bu, sizin işinizdir və yaxşısı sizə məlumdur".
Bununla belə, peşəkarlıq güc gəlmiş,
natiq məlum qeyd-şərtlə öz mövqeyini bildirməkdən
də çəkinməmişdir:
"Həm rus dili üçün, həm də, məncə,
ümumiyyətlə alınma əcnəbi sözləri
xüsusi olaraq fərqləndirməmək prinsipini əsas
tutmaq lazımdır".
Yenə də orfoqrafiya məsələsinə dair əlavə
məruzə etmiş şərqşünas professor Lev
İvanoviç Jirkov yekun sözündə söyləmişdir:
"Burada bir çox yoldaşlar elm xadimlərini
tamamilə haqlı olaraq məzəmmət edirdilər ki, siz
bir çox məsələləri həll etmirsiniz,
soruşduqlarımıza cavab vermirsiniz, birbaşa göstərişlər
vermirsiniz: belə et, belə isə etmə. Mən məsələni
tamamilə başqa cür qoymalıyam. Mən burada belə
deyərdim: bəs siz özünüz haradasınız,
alim-türklər? Niyə sayınız belə azdır? Sizin
sayınız qat-qat artıq olmalıdır. O qədər
çox olmalıdır ki, bütün bu məsələləri
özünüz məhz özünüz üçün həll
edəsiniz və bu həll Avropadakı daha xoşbəxt
tarixi şəraitə malik xalqlarınkından heç də
pis olmasın".
Bu, əlbəttə, tənbeh idi, ancaq yuxarıdan
aşağı yox... Hətta əksinə olsaydı belə,
türk xalqlarının o zamankı durumu həmin tənbehə
layiq idi. Və verilən məsləhət də müvafiq
standartlardan kənara çıxmırdı:
"Təki siz deyəsiniz ki, biz bu məsələləri
həll etmək istəyirik, amma əmin deyilik,
metodlarımız yoxdur, siz bizə kömək etməlisiniz.
Bax elə həmin bu köməyi dünyanın bütün
alimlərindən tələb etmək hüququnuz var və
elm bu köməyi sizə göstərə bilər (söhbət
dünya kommunist hərəkatının idealları səviyyəsində
gedir - N.C.). Hazırda qarşıda çox mühüm məsələlərdən
biri - dil sahəsində bu xalqların öz arasında elmi
işçilərin hazırlanması məsələsi
durur. Əvvəllər avropalılar bütün kontinentlərin
dillərini öyrənirdilər, indi isə siz
özünüz öz dillərinizi öyrənməyə
başlamalısınız və onları avropalıların
öyrəndiklərindən heç də pis yox,
yaxşı öyrənməlisiniz".
Rusiya alimlərinin praktik türkologiyanın
inkişafı üçün türklərə Rusiyanın
yox, Avropanın elmi nailiyyətlərini nümunə göstərməsi
onların türk xalqlarına (və Qurultaya) göstərdiyi
etimad idi ki, bu, bəşəriyyəti xilas edəcək Marks
- Engels - Lenin (sonra buraya Stalin də əlavə olundu)
ideologiyasının sınaq meydanı sayıla bilərdi.
İlk dəfə türk xalqlarını imperializmin
caynağından xilas etmək üçün açılan
bu maarifçi-akademik meydan öz missiyasını o qədər
müvəffəqiyyətlə yerinə yetirdi ki, ikinci bir
qurultaya ehtiyac olmadı.
Birinci Türkoloji Qurultayın bizə verdiyi ikinci dərs,
heç şübhəsiz, müzakirə olunan məsələlərin
iyerarxiyasıdır. Diqqət yetirək: rəsmi
çıxışlardan sonra əvvəlcə akademik
V.V.Bartoldun məruzəsi gəlir. O qədər də yerində
olmayan (və Türk xalqlarının tarixini, Oljas
Süleymanov demiş, mümkün qədər
cavanlaşdıran) bu məruzədən sonra türk
xalqlarının tarixşünaslığına dair bir
sıra məruzələr edilir ki, bunları Qurultayın
"uvertüra"sı saymaq olar. Sonra türk dillərinin
geneoloji qohumluğu barədə məsələ müzakirə
olunur. Və professor Bəkir Çobanzadənin məruzəsi
ilə başlayan bu məsələ, bir tərəfdən,
N.N.Pappenin məruzəsilə altayşünaslıq istiqamətində
dərinləşdirir, digər tərəfdən, A.N.Genkonun
məruzəsi ilə akademik N.Y.Marrın Yafəsi
dilçilik nəzəriyyəsinin eksperimentləri
baxımından nəzərdən keçirilir. Görkəmli
türkoloq A.N.Samoyloviç "Türk dillərinin tədqiqinin
müasir vəziyyəti və ən yaxın vəzifələri"
mövzusunda xəritə qarşısında məruzə
edir, S.Y.Malov qədim türk dillərindən,
N.İ.Aşmarin türkologiyanın tarixindən,
R.Açaryan türk dilinin erməni dilinə təsirindən
danışır. Daha sonra türk dillərində
orfoqrafiyanın əsas problemlərinin müzakirəsinə
başlanılır. Kifayət qədər canlı keçən,
Qurultayın əsas məsələsi olan yeni əlifbaya
keçməyə bir növ hazırlıq işini yerinə
yetirən müzakirələr, görünür, gərginlik
yarada biləcəyinə görə ortaya türk dillərində
elmi terminologiya məsələsi atılır. Və edilən
məruzələrdən məlum olur ki, bu məsələ əlifba
məsələsindən o qədər də az mühüm
deyil. Ancaq o illərin elmi-intellektual (və mədəni) səviyyəsində
əlifba-yazı o dərəcədə əhəmiyyətli
idi ki, terminologiya müəyyən
mənada kölgədə qalır.
Elə ki çoxdan gözlənilən əlifba məsələsinin
müzakirəsinə başlanıldı, ilk məruzə etmək
məsuliyyətini öz üzərinə götürən
Moskvalı professor N.F.Yakovlev məruzəsini mütavaze (və
diplomatik!) bir girişlə açmışdır:
"Yoldaşlar! Sizin qarşınızda
çıxış etmək kimi ağır və məsuliyyətli
işi öz öhdəsinə yalnız burada türk
xalqlarının çoxlu nümayəndələrinin, yerlərdə
mədəni quruculuğu həyata keçirən bir çox
məsul işçilərin iştirakını nəzərə
alaraq götürmüşəm və mən ümidvaram ki,
bu yoldaşlar mənim səhvlərimi düzəldər,
xüsusi olaraq türk xalqları ilə bağlı bir
çox məsələlərdə mənim məlumatsızlığımı
aradan götürərlər. Mən öz məruzəmə
yalnız bu məsələnin həlli üçün
material kimi baxıram. Ümumiyyətlə mənə elə
gəlir ki, biz alimlər, əsasən də türk
xalqlarına mənsub olmayanlar yalnız həll
üçün əsas materialı təqdim edə bilərik,
bu məsələni isə milli işçilərin özləri
həll etməlidirlər. Xüsusən də ona görə
ki, bu məsələni yerlərdə həyata keçirmək
onların öz öhdələrinə düşəcək".
Məruzəçi bundan sonra türk
xalqlarının istifadə edə biləcəyi üç əlifba
barədə məlumat verdi: 1) rus (kiril) əlifbası, 2) ərəb
əlifbası və 3) latın əlifbası. Onun dediyinə
görə, "rus əlifbası tarixən Şərq
xalqlarının əksəriyyəti arasında
ruslaşdırma siyasətinin aparılması və missioner
siyasətinin həyata keçirilməsilə bağlı
olduğundan (belə düşünmək olar ki, 30-cu illərdə
türk xalqlarının rus əlifbasına keçidi
artıq nə ruslaşdırma, nə də missioner yox,
tamamilə başqa bir siyasətin nəticəsi olmuşdur -
N.C.) bu cəhət ona elə bir xüsusiyyət
aşılayır ki, nəticədə, milli yazı yaradarkən
xalqların əksəriyyəti rus əlifbasını qəbul
etmir".
Bu məsələni gələcək "sosial və
mədəni münasibətlər"in öhdəsinə
buraxan (!!! - N.C.) natiq ərəb əlifbası ilə
bağlı fikrini belə ifadə etmişdir:
"...Türk xalqlarına mənsub olmasam da, Sovet
İttifaqının şrift kimi mühüm bir ictimai məsələdən
yan keçə bilməyən vətəndaşı, bu qəbildən
məsələlərlə məşğul olan alim kimi
öz şəxsi münasibətimi də bildirəcəyəm...
Ərəb əlifbasına münasibətdə tarix artıq
öz işini görüb... Ərəb əlifbası
müsəlman mədəniyyətinin yayıldığı
hüdudlardan kənara çıxmır, müxtəlif
türk xalqlarında savadın inkişaf etdirilməsi məsələsi
meydana gəldikdə isə həmin məsələ heç
vəchlə ərəb şriftinin daxil olunması istiqamətinə
ciddi şəkildə yönəldilə bilməz".
Müsəlman xalqları arasında ərəb əlifbasının
get-gedə öz mövqelərini tərk etdiyini deyən əlavə
məruzəçidən sonrakı əlavə məruzəçilərin
əksəriyyətinin çıxışlarında
latına keçid alqışlanır.
"İslahatçılar"dan Qalımcan Şərəf
N.K.Yanovlevlə L.İ.Jirkovu ikiüzlülükdə - ərəb
əlifbasını gələcəkdə rus əlifbası
ilə əvəz etmək üçün hələlik
latından sui-istifadə eləməkdə təqsirləndirir.
Və beləliklə, Qurultayda cərəyan edən hadisələr
öz kulminasiya nöqtəsinə çatmış olur.
Latın əlifbasının, irəlicədən
göründüyü kimi, böyük səs
çoxluğu ilə qəbulundan sonra isə gərginlik
aşağı düşür. Türk xalqlarının ədəbi
dilləri, türk dillərinin tədrisi metodikası,
diyarşünaslıq işləri, türk xalqları ədəbiyyatlarının
araşdırılması kimi məsələlər elə də
ciddi mübahisələrə səbəb olmur.
Və beləliklə, gündəliyə
çıxarılan məsələlər, həmin məsələlərin
nə dərəcədə müzakirə predmetinə
çevrilməsi - aktuallığı Qurultayın məzmun-mündəricəsini
müəyyən edən əsas göstəricidir. Əlifba
məsələsi hər nə qədər önəmli yer
tutsa da, onunla birbaşa bağlı olan orfoqrafiya problemi də
az əhəmiyyət kəsb etməmiş, daha sonra isə
terminologiya maraq doğurmuşdur... Əslində, ədəbi
dil, yaxud dillər məsələsi də diqqəti xüsusi
cəlb etməli, ciddi müzakirələrə səbəb
olmalı idi. Lakin yeni əlifbaya keçidin strateji səciyyə
daşıması, orfoqrafiya və termonologiya kimi təcili
işlər bu məsələni arxa plana atmış, həmin
mövzudakı məruzə və çıxışlar da
peşəkarlıqdan, problemin mahiyyətinə varmaqdan xeyli
uzaq olmuşdur. Ancaq bütün hallarda öz həllini
gözləyən məsələlərin, demək olar ki,
hamısı bu və ya digər dərəcədə nəzərdən
keçirilmişdir.
Birinci Türkoloji Qurultayın əsas dərslərindən
üçüncüsü ayrı-ayrı türk xalqları
ziyalılarının mənsub olduqları xalqlar, onların mədəni
maraqları haqqında müəyyən təəssüratlar
yaratmasıdır. İlk növbədə özünü
aydın şəkildə göstərən, hətta israrla
sübut edən odur ki, Qurultayda yekcins bir xalq (türk
xalqı!) yox, dilləri, ədəbiyyatları, tarixləri və
s. artıq bir-birindən fəqlənən ayrı-ayrı
türk xalqları (Anadolu türkləri, Azərbaycan türkləri,
özbəklər, qazaxlar, tatarlar, türkmənlər,
qırğızlar, qaraçaylar, kumuklar, Altay türkləri,
yakutlar, çuvaşlar və b.) iştirak edirlər. Və
onların mədəni inkişafın müxtəlif səviyyələrində
olması çıxışlarda çox tez-tez
vurğulanır. Yeni əlifbaya münasibətdə də
türk xalqlarının mövqeləri üz-üzə gəlir.
Məsələn, qazaxlarla Kazan tatarları əski əlifbanın
islahını müdafiə edirdilər. Hətta görkəmli
qazax ziyalısı Əhməd Baytursun, demək olar ki,
bütün çıxışlarında bu, mövqedən
digər türklərə qarşı cəbhə
açır. Orfoqrafiya məsələsinin müzakirəsində
o demişdir:
"Türk xalqları var ki, indiyədək ənənələrdən
əl çəkə bilmirlər. Məsələn, azərbaycanlılar
və osmanlıları götürək. Onlar indiyədək
yazının tarixi prinsipini əsas tuturlar. Onlar ərəblərdən
keçənləri mühafizəkarlıqla qoruyub
saxlayır və bunları dəyişdirməyi küfr
sayırlar. Belə münasibət bəsləmək olmaz!
Üstəlik, belə bir münasibətlə yanaşı,
başqalarını mühafizəkarlıqda ittiham edirlər.
Mən bunu deməliyəm, çünki bir çoxları
düşünürlər ki, ərəb əlifbasına tərəfdarıqsa,
deməli, mühafizəkar elementik. Xeyr!"
Məsələnin mahiyyəti bundan ibarətdir ki,
Ə.Baytursun fonetik əsaslı (və müəyyən qədər
sinharmonizmi mühafizə etmiş qazax dili üçün
yaraya biləcək) əlifbasını müdafiə edərkən
nəinki ümumən türk dillərinin (xüsusən isə
o türk dillərinin ki, bir neçə əsrlik inkişaf
etmiş ədəbi formaları mövcuddur) mənafeyini, hətta
dövrün yeni əlifba hərəkatının nüfuzunu
da nəzərə almır. Və iş o yerə
çatır ki, görkəmli ziyalı inkişaf yoluna yenicə
çıxmış qazax dilini artıq zəngin tarixi olan
Anadolu və Azərbaycan türk dillərindən üstün
tutur. Və tələb edir ki, bu dillər, eləcə də
tatar və özbək dilləri ərəb sözlərindən
təmizlənsin. Onun normal dil barədəki təsəvvürləri
o dövrün "qazax dili" hüdudlarından kənara
çıxmır:
"Dili varvarizmlərdən qoruyan prinsip sayəsində
biz qazaxların hazırda vahid qazax dilimiz var, yəni dilimiz
xalq və ədəbi, sadə camaat və ziyalı dili kimi
bölünmür" - deyən Ə.Baytursunun qazax
patriotizmi, əlbəttə, yalnız əcnəbi sözlərə
(varvarizmlərə) qarşı mübarizəyə yönəlib,
ədəbi dil barədəki, ciddi elmi-nəzəri təsəvvürlərə
dayanmadığı üçün havadan asılı
qalır.
Bütün bunlarla yanaşı, qazax ziyalısı,
bir tərəfdən, özünün ərəb əlifbası
əsasında qazaxcaya uyğunlaşdırdığı
(islah etdiyi) əlifbasını, digər tərəfdən,
"xalq və ədəbi, sadə camaat və ziyalı dili
kimi bölünməyən" (?) qazax dilini axıra qədər
inamla müdafiə eləmiş, sonda isə "latınpərəstlər"i
onda ittiham etmişdir ki, bu ərəb əlifbası ilə
"13 il bundan əvvəl, çar hökuməti mövcud
olduğu, ruhanilər hələ qüvvədə olduğu,
xalqa güclü təsir göstərdikləri, bütün
müsəlmam mətbuatı bizə qarşı
çıxdığı dövrdə
üzülüşmüşük. Biz qazaxlar bütün
bunlara duruş gətirdik".
Qazax təəşübkeşliyi Ə.Baytursunu əcnəbi
sözlərlə çirklənmiş Anadolu türkcəsi,
Azərbaycan türkcəsi, tatar və özbək dilləri
bir yana, ruscaya - Leninin dilinə qarşı da
çıxmağa sövq edəndə rus-sovet alimləri
onun (Ə.Baytursunun) "biz geridə qalmış xalqıq, mədəni
qüvvə və vasitələrimiz kasaddır"
"diplomatik" təvəzökarlığına
baxmayaraq, cavabını kifayət qədər elmi (və sərt)
şəkildə vermişlər:
"Bir linqivist kimi mənim yoldaş Baytursunun rus dilinə
verdiyi qiyməti dinləmək çox maraqlı oldu. Həm
də o, təkcə rus dilini yox, fransız, alman və
başqa dilləri də səciyyələndirdi. Mən onun
termini ilə tam razı deyiləm, axı hər halda dilləri
"xaotik" və "harmonik" kimi bilmək olmaz... Mən
deyərdim ki, "disfonetik" və "sinfonetik" dillər
var, yəni fonetik qanunların, demək olar ki, istisnasız
icra olunduğu və həmin qanunların istisna kimi əvvəl
əməl edildiyi dillər mövcuddur".
Qazax maarifçisinə qarşı türk
xalqları nümayəndələrinin etirazları heç
bir halda qazax dilinə qarşı yönəlməmiş,
yalnız Ə.Baytursunun islah etdiyi əlifbanı hədəf
almışdır. Və Qurultayın ağsaqqalı Səmədağa
Ağamalıoğlu latınçıların ümumi
fikrini belə ifadə etmişdir:
"Yoldaş Baytursun deyir: kimin əqli varsa, o, ərəb
əlifbası ilə qalacaq (yəni onu islah etməkdən o tərəfə
keçməyəcək - N.C.). Ağlı olmayıb hissləri
olanlar isə qoy yeni əlifba qəbul etsinlər. Siz bu əyri-üyrülərə
alışmısınız və bu, artıq
hissiyyatdır".
Türk ədəbi dilləri arasındakı fərqlərə
gəldikdə isə, bu məsələni yalnız
Ə.Baytursun bir qədər kəskin şəkildə
qaldırmış, onun dediklərinə isə nə Anadolu və
Azərbaycan türkləri, nə Kazan tatarları, nə də
özbəklər fikir vermişlər... Kazan tatarlarından
Qalımcan İbrahimovun, xüsusilə Qalımcan Şərəfin
apardıqları mübarizə isə yalnız ərəb əlifbasının
islahı uğrunda olmuşdur.
Birinci Türkoloji Qurultaya türk xalqları
ziyalılarının ümumtürk maraqlarından daha
çox milli problemlərlə gəlməsinin səciyyəvi
nümunələrindən biri də oyrot (Altay) jurnalist Aleksey
Makaroviç Sabaşkin olmuşdur. O, sözünə
çox qeyri-adi bir girişlə başlamışdır:
"Bu qurultayda iştirak edən yoldaşların
çoxu öz millətini tanımır. Bunların
arasında oyrotların nümayəndəsi olan mən də
varam. Keçmişdə bizi müxtəlif millətlərə
aid edirdilər: kalmık, "özgə xalqdan olan"
("inorodes"), Altay, teleut adlandırırdılar. Milliyyətimizin
bu qədər müxtəlif şəkildə müəyyənləşdirilməsi
nəticəsində biz öz millətimizi itirdik. Yalnız bu
yaxınlarda ali təhsil müəssisələrində təhsil
alan və türkologiyanın bəzi elmi qüvvələrilə
təmasda olarkən öyrəndim ki, mən türkəm".
Oyrot ziyalısı öz çıxışında
mənsub olduğu xalqın tarixinin başına çarizm
dövründə elm adına açılmış
oyunların qısa tarixçəsini xatırladır:
"Bizi möhtərəm alimlər - Radlov, Verbitski,
Xaruzin və b. belə adlandırırdılar, burada məruzə
edən professor Rudenko da bizim milliyyətimizi eyni şəkildə
müəyyənləşdirir: "Türkləşdirilmiş
monqollar". Mən bu təyinata etiraz edirəm,
çünki bu Qurultayda təmsil edilmiş millətin
nümayəndəsi olmaq istəyirəm".
Məsələ bununla da bitmir. Və məlum olur ki,
hətta kimliyi belə ən yeni tarixin yaddaşından
silinmiş bəzi türk xalqlarının orta əsrlərin
sonu, yeni dövrün əvvəllərinə məxsus elə
zəngin yaddaş imkanları var ki, yalnız türk
xalqlarının Birinci Qurultay kimi ümumi məclislərində
özünü büruzə verə bilərdi:
"Bizim həqiqətən türk tayfalarına mənsub
xalq olduğumuza tarix özü və rus militarizmi
qarşısında geri çəkilərkən etdiyimiz hərəkət
dəlalət edir. Tayfamız İrtış ətrafında
idi və rus militarizmi tərəfindən
sıxışdırılarkən biz Sibirin cənubuna
köçməli və Yakutiyanı taleyin ixtiyarına
buraxmalı olduq. Xalq, xüsusən də qırğızlar
arasında bizə qarşı mövcud olan düşmən
münasibət də bundan xəbər verir. Onlar deyirlər
ki, biz xəyanətkarıq; qırğız rəvayətində
deyirlər ki, vaxtilə bizimlə bir millət olan oyrotlar rus
militarizmi qarşısında geri çəkildilər və
öz həmvətənlərinə xəyanət etdilər".
Oyrot - Altayların türklərə mənsub
olduqlarını bu qırğız rəvayətinə əsaslanaraq
da deyən (bunun üçün hətta qırğızlara
tarixi xəyanətlərini də öz üzərinə
almaqdan imtina etməyən!) A.M.Sabaşkini leninqradlı rus
professor Sergey İvanoviç Rudenko cavabsız qoymur:
"Mən yoldaş Sabaşkin tərəfindən
düzgün başa düşülmədiyimə çox təəssüflənirəm.
Məruzəmdə demirdim ki, oyrotlar, daha dəqiq desək,
teleutlar, altaykijilər və telengitlər türkləşdirilmiş
monqollardır, onlar təkcə türk yox, güman ki, qədim
türk məişətini qoruyub saxlayan qədim türklərdir.
Hələ mərhum akademik Radlov bunu qeyd etmiş və bu dillərə
əsaslanaraq Altayın türk dillərinin vətəni
olması mülahizəsini söyləmişdir".
Ancaq Qurultayın əlimizdə olan stenoqrafik hesabatına
inansaq, moskvalı professor Nikolay Feofenoviç Yakovlevin
"Türk tayfalarının (xalqlarının deyil, məhz
tayfalarının - N.C.) etnoqrafik tədqiqinin müasir vəziyyəti
və ən yaxın vəzifələri"
mövzusundakı məruzəsində, həqiqətən,
belə bir fikir var ki, "biz monqolların uryanklara göstərdikləri
nəhəng və Altay türklərinə bundan bir qədər
az təsirini müəyyənləşdirə biləcək,
Abakan və bəzi Altay - Kuznetsk türklərinin tədqiqində
isə, bəlkə də, belə bir nəticəyə gələcəyik
ki, birinci halda, türkləşmiş monqollar, ikinci halda isə
türkləşmiş şərqi finlərlə
rastlaşırıq".
Ümumiyyətlə, bu məruzədə
"türkləşmə" məsələsinə xeyli
meydan verilmiş, məruzəçi belə bir əsassız
tezisi rəhbər tutmuşdur ki, "türk dilinin müxtəlif
dialektlərində danışan xalqlar qrupunu türklər
adlandırmaq qəbul edilib. Müxtəlif etnik qrupların
birliyi kimi, biz türk dünyasından yalnız linqvistik
baxımdan danışa bilərik. Şübhəsiz, dil ən
böyük sosial amillərdən biridir".
Halbuki dil həm etnosu təyin edən, həm də
müxtəlif etnosları müəyyən sosial-siyasi və
sosial-mədəni ehtiyaclar baxımından birləşdirən
vasitədir ki, birinci halda özünün əsas, ikinci halda
isə yardımçı funksiyasını yerinə yetirir.
Əgər monqol və fin bu və ya digər dövrdə
türkcə danışmağa da ehtiyac duyursa, bu, onun
türkləşməsinə dəlalət eləmir. Və
20-ci, 30-cu illər rus-sovet elmində dil haqqında geniş
yayılmış təsəvvürlər bu cür
çoxsaylı konyuktur mülahizələrə gətirib
çıxarmışdır ki, burada akademik N.Y.Marrın
başıbəlalı nəzəriyyəsinin günahı
az olmamışdır.
Müşahidələr göstərir ki, müxtəlif
türk xalqlarının ziyalıları Rusiya
inqilabının müəllifi olan ruslardan daha çox,
inqilabi eyforiyaya qapılmışlar. Bu özünü onda təzahür
etdirdi ki, müəyyən çətinliyə düşən
kimi rus ziyalılarının təfəkküründə dərhal
imperialist münasibət ünsürləri baş
qaldırırdığı halda, türklərin inqilab
xaricində istinad edəcəkləri heç bir real ideya mənbəyi
yox idi.
Qurultayda, bir tərəfdən, Əhməd Baytursuna,
professor L.İ.Jirkovun, A.M.Sabaşkinə professor
S.İ.Rudenkonun cavabları nümayiş etdirir ki, rus-sovet elm
çinovnikləri bütün hallarda müzakirələrin
fövqündə durmağa çalışırdılar (və
yəqin ki, onlara bu barədə müəyyən təlimat
verilməmiş deyildi), elə ki türklər bir-birindən
qurtarıb rusları ittiham etmək fikrinə
düşürdülər, cavablarını yerindəcə
alırdılar. Və türklərin o elmi-ideoloji
hazırlığı yox idi ki, Moskva, Leninqrad alimləri ilə
polemikada sona qədər davam gətirsinlər. Az-çox
hazırlığı olanlar (məsələn, tatar
Qalımcan Şərəf) isə əvvəlcədən
razılaşdırılmış prinsiplərə,
xüsusilə latın əsaslı yeni əlifbanın qəbuluna
qarşı çıxdığına görə, girdiyi
polemikalarda əlbəttə, heç bir uğur qazana bilməzdi.
Beləliklə, Birinci Türkoloji Qurultay hər nə
qədər ümumtürkoloji məsələləri
müzakirə və həll etmək üçün toplansa
da, özünü israrla sübut edən mühüm bir nəticə
də o oldu ki, artıq müxtəlif türk xalqları,
müxtəlif türk dilləri, müxtəlif türk ədəbiyyatları
və bir sözlə, türkləri səciyyələndirən
çoxlu (və mütəşəkkil!) müxtəlifliklər
vardı ki, özünü hər məqamda nəinki hiss
etdirir, eyni zamanda özünəməxsus ciddi iddialarla təzahür
etdirirdi.
Odur ki, Türkoloji Qurultayın dərsləri həm
ümumi, həm də xüsusi və ya həm üfiqi, həm
də şaquli şəkildə, yəni eninə-boyuna
alınmalıdır. Birinci halda müzakirə edilmiş
mövzuların spektri, ikinci halda isə onlara nümayəndələrin
(ziyalıların) şəxsində türk xalqlarının
münasibəti diqqət mərkəzində olmalıdır.
Və heç bir şübhə yoxdur ki, aradan yüz il
keçsə də, bizim bu dərslərə böyük
ehtiyacımız var. Xüsusilə Türk dünyasında
inteqrasiyanın diferensiasiyadan irəli keçməsinə
ciddi cəhdlər göstərildiyi bizim günlərdə.
Nizami CƏFƏROV
525-ci qəzet .- 2025.- 22 iyul(№126).-S.12-13.