Milli parklarımız - Azərbaycanın
unikal təbiət kompleksləri
SON İLLƏR ÖLKƏDƏ MİLLİ PARKLARIN
FORMALAŞDIRILMASI VƏ
GENİŞLƏNDİRİLMƏSİ YÖNÜNDƏ
ÇOX FAYDALI ADDIMLAR ATILIB
Azərbaycan təbiətinin gözəlliyi, əsrarəngizliyi
onun milli parklarında da özünü aydın göstərir.
Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri
olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin
qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması istiqamətində Azərbaycanın
beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin
yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb
edir. Milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan
ərazisinin 3,58 faizini təşkil edir.
Azərbaycanda yeni milli parkların - Axar-Baxar və
İlisu milli parklarının yaradılması ilə qorunan təbiət
ərazilərinin sahəsi genişləndirilib. Bu qərar Azərbaycanda,
eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə
olunan təbiət əraziləri şəbəkəsinin
genişləndirilməsi, ekoturizmin inkişafı, yerli
icmaların ekoloji təşəbbüslərə
inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə
olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin
qorunması baxımından mühüm və tarixi hadisə
kimi qiymətləndirilir. Yeni yaradılmış Azərbaycanın
unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli
Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən
dövlət ehtiyat fondu torpaqlarında
formalaşdırılıb və ümumilikdə 23 901,99
hektar ərazini əhatə edir. İlisu Milli Parkı isə
fəaliyyətdə olan İlisu Dövlət Təbiət
Qoruğunun bazasında yaradılıb. Milli Park Qax və
Zaqatala rayonlarının ərazisində yerləşir və
ümumi sahəsi 13 966 hektardır. Bildirilib ki, Azərbaycanda
Xüsüsi Mühafizə olunan Təbiət Ərazilərinin
(XMOTƏ) sahəsi 892 855,78 hektar olmaqla ölkə ərazisinin
ümumi sahəsinin 10,31 faizini təşkil edirdi: "Yeni
yaranan milli parklar hesabına hazırda bu rəqəm 913 342,17
hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,54
faizinə yüksəlib. Hər iki milli parkın
yaradılması həmin ərazilərin zəngin təbii və
tarixi irsinin əhəmiyyətli turizm potensialına
çevrilməsi ilə yanaşı, regionda məşğulluğun
artmasına, yerli əhalinin rifah halının yüksəlməsinə,
ekoloji maarifləndirmə yolu ilə ekosistemlərdən
dayanıqlı istifadəyə əsaslanan sosial-iqtisadi
imkanların genişlənməsinə şərait
yaradacaq".
Xatırladaq ki, Prezident İlham Əliyevin 14 iyul
2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanda daha iki
yeni milli park - Axar-Baxar və İlisu milli parkları
yaradılıb. Sərəncam xüsusi mühafizə olunan təbiət
əraziləri şəbəkəsinin genişləndirilməsi,
biomüxtəlifliyin qorunub saxlanılması, ətraf
mühitin dayanıqlı idarə olunması ilə
yanaşı, sosial-iqtisadi imkanların artırılması,
yerli icmaların ekoloji təşəbbüslərə
inteqrasiyası və regionlarda ekoturizmin inkişafını təmin
etmək məqsədi daşıyır. Samux rayonunun dövlət
ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət
ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun
dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar
ayrılmaqla, bu Sərəncama əlavə edilən
yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə
Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı
yaradılıb.
Azərbaycanda xüsusi mühafizə olunan təbiət
ərazilərinin yaradılmasına 1910-cu ildən
başlanılıb. 3 min 500 hektar sahədə
yaradılmış Eldar şamı Botaniki
Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi
Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi
hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış
Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park
isə 2003-cü ildə yaradılmış Həsən
Əliyev adına Zəngəzur Milli Parkıdır. Daha sonra
Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü
ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci
ildə Abşeron Milli Parkı, 2006-cı ildə
Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli
Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı
yaradılıb.
2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037
hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara,
2010-cu ildə Şahdağ Milli Parkının ərazisi
14.613,1 hektar genişləndirilərək 115.900 hektardan
130.508,1 hektara çatdırılıb. Akademik Həsən
Əliyev adına Zəngəzur Milli Parkı, Şirvan Milli
Parkı, Ağgöl Milli Parkı, Hirkan Milli Parkı,
Altıağac Milli Parkı, Abşeron Milli Parkı,
Şahdağ Milli Parkı, Göygöl Milli Parkı,
Samur-Yalama Milli Parkı fəaliyyət göstərir.
Prezident sərəncamı ilə 2004-cü ilin 9
fevral tarixində yaradılan Hirkan Milli Parkının ərazisinin
çox hissəsi meşələrlə
örtülüdür. Buradakı bitkilərin əksəriyyətinin
adı Azərbaycanın "Qırmızı
Kitabı"na daxil edilib. Hirkan Milli Parkının
ornitofaunasına daxil olan qara leylək, məzar qartalı,
qıvrımlələk qutan, turac, mərmər cürə,
Talış qırqovulu, Hirkan arıquşu,
toğlugötürən və sair quşların adları Azərbaycanın
"Qırmızı Kitabı"nda yer alıb. Parkın
heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən
bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot
və sairə rast gəlmək olar.
Şirvan Milli Parkında qaraşoranlı, şahsevdi
və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və
çərənli-yovşanlı, yovşanlı-efemerli,
yovşanlı, xos təkli, dənli-müxtəlifotlu,
efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu)
bitki formasiyaları üstünlük təşkil edir.
Şirvan Milli Parkının ərazisində 4 növ
suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya
sarımsaqiyli qurbağa (Pelobates syriacus), yaşıl quru
qurbağası (Bufo viridis), Kiçik Asiya ağac
qurbağası (Hyla arborea savigini) və göl
qurbağasıdır (Rana ridibunda). Suriya sarımsaqiyli
qurbağa nadir və nəsli kəsilmək təhlükəsi
ilə üzləşmiş növ olduğu
üçün "Beynəlxalq Təbiəti Mühafizə
İttifaqının Siyahısı"na və Azərbaycan
Respublikasının "Qırmızı Kitabı"na
daxil edilib, qanunla qorunur.
Ağcabədi və Beyləqan rayonlarının ərazisindəki
Ağ göl Azərbaycanın ən məşhur
çöl-göl ekosistemi olub, köçəri və yerli
quşların və digər heyvanların məskunlaşdığı
ərazilərdən biridir. Ağ gölün
qorunmasının beynəlxalq əhəmiyyəti vardır.
Bu da göldə adları Beynəlxalq Təbiəti
Mühafizə İttifaqının "Qırmızı
Siyahı"sına və Azərbaycan Respublikasının
"Qırmızı Kitabı"na daxil edilmiş
quşların məskunlaşması ilə
bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi
kimi miqrasiya edən quş növlərinin qışlama yeri
olub, Milli Parkın ərazisində yayı quraq keçən
yarımsəhra və quru bozqırların mülayim-isti iqlim
tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən
qışda donması müstəsna olmaqla) burada quşlar və
məməlilərin məskunlaşması üçün əlverişli
şərait yaradır. Ağ göl Milli Parkında
quşlardan mərmər cürə, turac, bəzgək, qara
leylək, böyük və kiçik qarabattaqlar,
harayçı və fısıldayan qu quşları, Misir
vağı, çobanaldadan, böyük su fərəsi,
sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan,
ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi
qızılqaz, yaşılbaş ördək, qazlar (boz,
qaşqa və qırmızıdöş) və sair məskunlaşıb.
Milli Parkın ərazisində məməli heyvan növlərindən
canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və
müxtəlif yarasalara rast gəlinir.
Ötən il ərzində ölkənin müxtəlif
ərazilərini əhatə edən milli
parklarımızı 224 min 638 turist ziyarət edərək təbiətin
bizə bəxş etdiyi gözəlliklərdən zövq
alıb. Ən çox ziyarət olunan milli parklar arasında
ilk üçlükdə Göygöl, Şahdağ və
Abşeron milli parkları yer alıb.
Ölkə üzrə rəngarəng təbiət
komplekslərinə malik 10 milli park fəaliyyət göstərir
və hər gün ekoloji turizm həvəskarları
üçün açıqdır. Milli parklarda meşə,
dağ, dəniz və digər təbii ekosistemləri əhatə
edən 116 ekoturizm marşrutu mövcuddur.
Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə
edən mühafizə olunan təbiət əraziləri var.
Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu,
24-ü dövlət təbiət yasaqlığıdır.
Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri
ölkə ərazisinin 10,31 faizini, ayrılıqda milli parklar
ölkə ərazisinin 4,87, dövlət təbiət
qoruqları 1,39, dövlət təbiət yasaqlıqları
isə 4,05 faizini təşkil edir. Milli parklarımız
Abşeron yarımadasında, ölkənin şimal, cənub
və qərb hissəsində yerləşməklə rəngarəng
biomüxtəliflik və landşaft komplekslərini əhatə
edir.
Yeni yaradılan Axar-Baxar Milli Parkının adı
Yevlax rayonunun inzibati ərazisindən başlayan, Samux və
Qax rayonlarının ərazisi də daxil olmaqla,
Gürcüstan sərhədinə qədər uzanan Axar-Baxar
dağ silsiləsinin adından götürülüb. Bioloji
Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad
Allahverdiyev bildirib ki, unikal və mürəkkəb coğrafi
quruluşa malik bu dağ silsiləsi Böyük və
Kiçik Qafqaz silsilələri arasında təbii koridor
rolunu yerinə yetirməklə yanaşı, xarakterik zəngin
bioloji müxtəlifliyə malikdir.
AMEA Coğrafiya İnstitutunun şöbə müdiri
Ənvər Əliyev bildirib ki, yeni yaradılacaq parkların ərazisi
çox gözəldir: "Azərbaycanın, demək olar
ki, ən sıx meşə ehtiyatı məhz İlisu Milli
Parkının ərazisindədir. Qoruğun
böyüdülməsi olduqca əhəmiyyətlidir. Axar-Baxar
milli parkı Samux, Yevlax və Qax rayonlarının əsasən
dövlət ehtiyat fondu torpaqlarında
formalaşdırılıb və ümumilikdə 23 901,99
hektar ərazini əhatə edir".
Mütəxəssisin fikrincə, İlisu Milli
Parkı ilə bağlı narahatlıq doğuran bir məqam
bundan ibarətdir ki, Balakəndə Avropanın ikinci ən
böyük polimetal filiz yatağı olan Filizçay
yataqlarının istismarına başlanmasının
respublikamızın ən sıx meşə massivlərinə,
o cümlədən yeni yaradılacaq qoruğun ekosisteminə
zərər verməsi ehtimalı var: "Bu səbəbdən
də o yatağın emal zavodunun ekoloji baxımdan ən
uyğun yerdə və ən müasir texnologiya ilə təmin
olunaraq tikilməsi vacibdir. Digər ən mühum şərt
ondan ibarətdir ki, Filizçay yatağında görüləcək
işlər şaxta üsulu ilə icra edilməlidir. Belə
olarsa nə meşə massivlərinə, nə də yeni
yaranan parklara hər hansı bir ziyan dəyəcək".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 22 iyul(№126).-S.11.