Milli kimliyimizin formalaşmasında
mühüm rol oynayan zəngin irs
22 iyul 2025-ci il tarixində bütün Azərbaycan
milli mətbuatımızın 150 illik yubileyini qeyd edir. Bu
möhtəşəm yubiley, 1875-ci ildə Həsən bəy
Zərdabi ilə başlanan maarifçilik yolunun, Seyid Əzim
Şirvani, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy
Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli
kimi neçə-neçə ziyalıların davam etdirdiyi
böyük bir irsin bayramıdır. Bu irs yalnız
jurnalistikamızın deyil, bütövlükdə milli
kimliyimizin, ictimai fikrimizin formalaşmasında mühüm rol
oynayıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə
media məkanında yeni bir mərhələ başladı.
Latin qrafikalı əlifbaya keçid milli mediamızın
Türk dünyasına, ümumilikdə müasir dünyaya
inteqrasiyasını və Azərbaycançılıq məfkurəsinin
ifadəsini gücləndirdi.
Bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə medianın inkişafı istiqamətində
ardıcıl və məqsədyönlü addımlar
atılır. Xüsusilə 44 günlük Vətən
müharibəsi dövründə biz bunun şahidi olduq.
Bütün media mənsublarımız informasiya cəbhəsində
səfərbər idi. Cənab Prezident şəxsən bu
prosesə siyasi iradə ilə öncüllük edirdi. Hər
kəs Azərbaycan həqiqətlərini, dezinformasiyaya
qarşı real faktları beynəlxalq auditoriyaya
çatdırmağa çalışırdı. Bizim
jurnalistlərimiz o çətin günlərdə arxa cəbhədə
olan, amma erməni təcavüzünə məruz qalan - Gəncədə,
Bərdədə, Tərtərdə - haqqın və ədalətin
müdafiəsi naminə cəbhədəki qəhrəman əsgərlərimiz
kimi cəsurca mübarizə aparırdılar.
Bu gün də medianın üzərinə
böyük məsuliyyət düşür. Cəmiyyətin
obyektiv və operativ məlumatlandırılması, ictimai rəyin
formalaşması və dövlətçiliyin möhkəmləndirilməsi
baxımından jurnalistika mühüm rol oynamaqdadır.
Milli Mətbuatımızın 150 illiyində ölkəmizdə
jurnalistika sahəsinin fədakarlıq zirvəsinə
çevrilən Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin
Şahbazov, Çingiz Mustafayev, Məhərrəm
İbrahimov, Sirac Abışov və onlar kimi neçə-neçə
qəhrəman jurnalistlərimizin əziz ruhunu böyük
hörmət və minnətdarlıqla yad edirik.
Milli Mətbuat Günü münasibətilə uzun
illər bu sahədə çalışan, milli mətbuat ənənələrimizin
yaşadılmasına layiqli töhfə verən qocaman
jurnalistlərimizi səmimi qəlbdən təbrik edirəm.
Arzu edirəm ki, jurnalistikanın yeni nəslində peşəkarlıq
səviyyəsi, yüksək keyfiyyət standartları və
Vətənə sədaqət daima prioritet olaraq qalsın.
İnanıram ki, “Əkinçi”nin maarifçi ruhu,
“Molla Nəsrəddin”in cəsarətli sözü Milli
Jurnalistikamızın fəaliyyətində hər zaman öz
əksini tapacaq.
Günay Əfəndiyeva
Milli Məclisin üzvü
525-ci qəzet .- 2025.- 22 iyul(¹126).-S.10.