Elmi
yaradıcılığın və şəxsiyyətin harmoniyası
Hörmətli redaksiya!
Milli mətbuatımızın 150 illik yubileyi ilə
bağlı Azərbaycan Prezidentinin Sərəncamından
sonra Azərbaycan elmi, ictimai və media mühitində
çoxsaylı tədbirlər gerçəkləşdirildi.
Bu tədbirlərin hamısında milli mətbuatımızın
keçdiyi tarixi yol maraqlı məruzələr və
çıxışlarla yadda qaldı.
Belə tədbirlərdən biri iyulun 17-də Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda təşkil olunmuşdu. Mən
bundan əvvəlki tədbirlərin də bir çoxunda
iştirak etmiş jurnalist kimi etiraf etməliyəm ki, AMEA-da həyata
keçirilən tədbir özünün bir çox istiqamətləri
ilə daha çox yaddaşlarda qaldı. Tədbirdə AMEA
prezidenti, akademik İsa Həbibbəylinin geniş formatda məruzəsi
tədbir iştirakçıları tərəfindən
yüksək maraqla qarşılandı. Akademik İsa Həbibbəyli
Azərbaycan Prezidentinin Milli mətbuatımızın 150 illik
yubileyi ilə bağlı Sərəncamının
bütün tezislərini əsas götürərək məruzəsini
bu kontekstdə hazırlamışdı.
Yəqin ki, oxucularımız akademik İsa Həbibbəylini
humanitar tariximizin mahir bir tədqiqatçısı və həm
də "525-ci qəzet"in sanballı müəlliflərindən
biri kimi yaxşı tanıyırlar. İsa müəllim ədəbiyyatımızı
və milli mətbuatımızı sənətə beynəlxalq
baxış kontekstində araşdırmağı və təhlil
etməyi ilə Azərbaycan tədqiqatçılıq
mühitində ciddi bir məktəb yaratmışdır. Onun
tədbirdəki məruzəsinin tezislərinin hər biri ətrafında
dissertasiya mövzuları təqdim etmək olar. Alimin "Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri" kimi fundamental bir doktorluq
işindəki elmi mənbələrə diqqət etməklə
onun mövzuya və problemə necə diqqət və cəsarətlə
yanaşmasının şahidi olmaq mümkündür. Bu əsər
hazırda milli mətbuatımızın tədqiqatçıları
üçün mükəmməl elmi mənbədir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan
Partiyasının Yasamal rayon təşkilatının sədri,
tarix elmləri doktoru, professor Bəxtiyar Nəbiyev, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və
publisistika şöbəsinin müdiri, filologiya üzrə
elmlər doktoru, professor Vüqar Əhməd, həmin
şöbənin əməkdaşı, filologiya üzrə
elmlər doktoru Gülbəniz Babayeva və başqaları mətbuat
tariximizin ünlü tədqiqatçılarını -
Əziz Şərif, Abbas Zamanov, Əziz Mirəhmədov,
Şamil Qurbanov, Nazim Axundov və başqalarının bu sahədəki
yaradıcılığını yüksək qiymətləndirdilər.
Milli mətbuat tariximizin ən yaddaqalan tədqiqatçısı,
yaradıcılığı dövlətimiz tərəfindən
yüksək qiymətləndirilən professor Şirməmməd
Hüseynovun fəaliyyəti ayrıca olaraq maraqlı faktlarla
yüksək dəyərləndirildi.
Tədbirin sonunda AMEA-nın bir qrup alimi mətbuatda
göstərdikləri elmi-praktik fəaliyyətinə görə
həm mənəvi, həm də maddi cəhətdən
mükafatlandırıldı.
Tədbirin daha bir maraqlı cəhəti AMEA-nın
prezidenti, akademik İsa Həbibbəylinin ayrı-ayrı media
qurumlarına və BDU Jurnalistika fakültəsinə Ədəbiyyat
İnstitutunun milli mətbuatımızın bir sıra klassik
nümunələrini, o cümlədən, "Molla Nəsrəddin"
jurnalının transliterasiya nəşrini və "Molla Nəsrəddin"
ensiklopediyasının nəşrini hədiyyə etməsi ilə
yadda qaldı.
Tədbirin gedişini izlədikcə mən hələ
neçə il bundan əvvəl İsa Həbibbəyli ilə
bağlı düşüncəmin dəqiq
ünvanını tapdım; Akademik İsa Həbibbəyli
elmi yaradıcılığın, vətəndaşlığın
və şəxsiyyətin harmoniyası kimi üç
mühüm keyfiyyəti özündə birləşdirən
bir alimdir.
Hörmətli redaksiya!
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda təşkil olunmuş bu tədbir haqqında xəbər
janrında hazırladığım bu kiçik yazını
sizə təqdim etməklə milli mətbuat tariximizin bu
gün tamam olan 150 illik yubileyi münasibətilə qocaman bir
jurnalist kimi bu tədbiri hazırlayanlara və şəxsən
akademik İsa Həbibbəyliyə öz təşəkkürümü
bildirmək istədim.
Cahangir MƏMMƏDLİ
BDU Milli mətbuat tarixi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 22 iyul(№126).-S.10.