Üçüncü
Şuşa Qlobal Media Forumunun əsas mesajları
İyulun 19-21-də Xankəndidə keçirilən
III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışı, səsləndirdiyi fikirlər
dünya gündəminin əsas mövzusuna çevrildi.
Xarici ölkələrin aparıcı mediaları, eyni zamanda
sosial platformalar məhz Azərbaycan liderinin mesajlarına
fokuslanaraq, xəbərlər, şərhlər
yayımladılar.
Bu il keçirilən Forum 52 ölkədən 140
qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media
qurumunun nümayəndələrini bir araya gətirdi.
Ümumiyyətlə, Şuşa Forumu artıq ənənə
halını almaqla, beynəlxalq bir platformaya çevrilməkdədir.
Builki Forumun mövzusu "Rəqəmsal keçidlər:
Süni intellekt dövründə informasiya və media
dayanıqlılığının gücləndirilməsi"
idi.
Zəngəzur dəhlizi
Hazırda Zəngəzur dəhlizi ətrafında
müxtəlif müzakirələr aparılır, bir sıra
güclərin dəhlizə olan marağı, hətta rəqabəti
özünü açıq şəkildə göstərir.
Bir neçə gün əvvəl ABŞ-nin Zəngəzur dəhlizini
idarə etməyə götürməyə hazır
olduğu ilə bağlı informasiya tirajlandı. Mövzu
Şuşa Media Forumunda da gündəmə gətirildi.
Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizi
bir çox ölkələri birləşdirəcək:
"Biz isə daşımaların bu dəmir yolu və ya
avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən
danışarkən, təkcə Azərbaycanın əsas
hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə
birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət
beynəlxalq tranzit dəhlizdən gedir. Zəngəzur dəhlizinin
potensialını ilkin mərhələdə 15 milyon ton
yük səviyyəsində qiymətləndiririk. Biz demək
olar ki, Ermənistan və İranla sərhədimizin
qovuşuğuna qədər dəmir yolunun tikintisini başa
çatdırırıq və yəqin ki, bir ildən az
müddətdə, bəlkə də gələn ilin
yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır
olacaq".
Dövlət başçısı əlavə edib
ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı
prosesi bundan sonra da bloklasa, onun nə vaxtsa tranzit ölkəyə
çevrilmək şansı sıfıra
yaxınlaşır: "Təəssüf ki, son beş ildə
Ermənistan tərəfində heç bir iş (Zəngəzur
dəhlizi ilə bağlı - red.) aparılmayıb. Bu məsələ
qəsdən gündəmdən çıxarılır. Belə
olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə
çevrilmək şansı sıfıra
yaxınlaşır. Əgər onlar bu prosesi əngəlləməkdə
davam etsələr, düşünürəm ki, nəinki bu
gün düşdüyü nəqliyyat təcridində, həm
də müəyyən dərəcədə siyasi təcrid
vəziyyətində olacaqlar".
Amerika şirkətinin Zəngəzur dəhlizini icarəyə
götürməsi ilə bağlı məsələyə
gəlincə, dövlət başçısı deyib ki, bu
sual Ermənistan rəhbərliyinə
ünvanlanmalıdır: "Bizim ərazidə heç bir
operator, heç bir ticarətçi, heç bir icarədar
ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar
çox şey edə bilərlər, mənim bundan xəbərim
yoxdur. Onlar artıq dırnaqarası "Avropa müşahidəçiləri"ni
də sərhədə dəvət ediblər. Onlar sərhəddəki
peşəkar casuslardır və İrana qarşı casusluq
fəaliyyəti aparırlar. Xüsusilə də bu son
İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi
boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə
bizə də baxırlar, ancaq biz də öz ərazimizdən
onları izləyirik. Sabah Ermənistan istənilən ölkəni,
tərəfi də dəvət edə bilər. Bizim
üçün isə ən başlıca məsələ
odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan
Azərbaycana maneəsiz və təhlükəsiz
keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən
ölkənin digər bölgəsinə keçiddir. Bizim
yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları
hər dəfə orada sərhədçi erməninin
simasını görməli deyil. Budur bizim tələbimiz.
Bu, legitim tələbdir, bu, ədalətli tələbdir.
Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə
altında olacaqdır".
Sülh sazişi
Forumda Azərbaycan-Ermənistan normallaşma prosesi,
Əbu-Dabi görüşü ilə bağlı dövlət
başçısına suallar ünvanlandı. Prezident
bildirdi ki, bunun üçün ATƏT-in Minsk qrupu ləğv
edilməlidir: "Məntiq sadədir. Əgər erməni tərəfi
Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, - Minsk
qrupu isə Qarabağ münaqişəsi üçün
yaradılmışdı, - deməli, onu ləğv etmək
lazımdır. Bunun üçün Ermənistan
konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan
Azərbaycana ərazi iddialarının yer aldığı
müstəqillik bəyannaməsi
çıxarılsın".
Azərbaycan Prezidenti deyib ki, sülh sazişinin mətni
razılaşdırılıb, bu sənədin paraflanması
ideyasını da Azərbaycan tərəfi irəli
sürüb. "Prinsipcə, dediyim kimi, biz tabutun üzərini
dəmir-betonla qapatmaq və bundan sonra normal yaşamaqdan uzaqda
deyilik. Mən bunu əvvəlki görüşlərdə də
demişəm: siz öz həyatınızı
yaşayın, biz də öz həyatımızı yaşayaq.
Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul
situasiya tədricən yarana bilər ki, nəhayət
üç ölkə heç olmasa hər hansı əməkdaşlıq
imkanlarını müzakirə etməyə başlaya
bilsin"
İşğalla barışmamaq
Azərbaycan İkinci Dünya müharibəsindən
bu yana işğal altındakı torpaqlarını azad
etmiş və ərazi bütövlüyünü bərpa
etmiş, müharibəni tam qələbə ilə başa
çatdırmış yeganə ölkədir. Ölkəmizin qələbəsinin
sirri indi də böyük maraq doğurmaqdadır. Dörd ilə
yaxındır Rusiya işğalına qarşı müharibə
aparan Ukraynanın "Gordon" media qurumunun təsisçisi
jurnalist Dmitro Qordonun da sualı elə bu mövzuda idi: "Siz
qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı
tövsiyələri verə bilərsiniz?"
Prezident İlham Əliyev Azərbaycanın Birinci
Qarabağ müharibəsi dövründəki çətinliklərdən,
üzləşdiyi faciələrdən, Xocalı
soyqırımından söz açaraq deyib: heç vaxt
işğalla barışmamaq. Bu, əsas tövsiyədir.
Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə
görürdük".
ABŞ-Azərbaycan münasibətləri
Məlumdur ki, Bayden administrasiyasının Azərbaycana
yönəlik siyasəti qərəz, ikilistandart üzərində
qurulmuşdu. Donald Tramp isə həm birinci prezidentliyi dönəmində,
həm də indi Azərbaycana qarşı iki ölkənin
maraqlarının tələb etdiyi siyasəti aparır. Eyni
zamanda, Azərbaycan və Ermənistan arasında yekun sülh
sazişinin imzalanmasını diqqətdə saxlayır.
Dövlət başçısı deyib ki, Tramp beynəlxalq
təhlükəsizik üzrə daha qlobal məsələlərlə
məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti
də diqqət mərkəzində saxlayır. Azərbaycana və
Ermənistana son nəticədə razılığa gəlməyə
kömək etmək səylərinə görə ona
çox minnətdarıq. "Hazırda Tramp
Administrasiyasının nümayəndələri ilə
qarşılıqlı fəaliyyətin bir neçə
ayı aydın şəkildə göstərir ki, biz düz
yoldayıq. Biz normal münasibətlərə
qayıdırıq. Əvvəlki ABŞ Administrasiyası demək
olar ki, ABŞ-Azərbaycan əlaqələrini heçə
endirmişdi. Dövlət Departamentinin yüksək rütbəli
rəsmiləri açıq söyləyirdilər ki, Azərbaycanla
bir daha işlər adi qaydada gedə bilməz və bu,
suverenliyin və ərazi bütövlüyünün tərəfimizdən
bərpa olunması ilə bağlı idi.
Prezident Bayden hər il etdiyi kimi, Azadlığa Dəstək
Aktının 907-ci düzəlişinin
dayandırılmasından uzaqlaşaraq, bu cür qərarı
yenidən qəbul etmədiyini biz çox ciddi nəzərə
aldıq, çünki biz onlara Əfqanıstanda lazım
olduğumuz zaman, o və onun sələfləri həmin
düzəlişin qüvvəsini əvvəllər
dayandırırdı. Əfqanıstanda biz onlara artıq
lazım olmadığımız dövrdə onlar 1992-ci ildə
qəbul olunmuş sanksiyaları Azərbaycana qarşı
yenidən tətbiq etdilər... Beləliklə, indi biz
hazırda Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq
münasibətləri üçün böyük
potensialı görürük. Biz Vaşinqtondan çox
müsbət mesajlar almışıq və Azərbaycandan gedən
mesajlar da çox müsbətdir. Gözləntimiz
böyükdür və ümid edirik ki, yaxın gələcəkdə
ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə
qaldıracaq mühüm hadisələr olacaq".
Rusiyanın məsuliyyətsiz davranışı Azərbaycanın
AZAL şirkətinə məxsus təyyarənin Rusiya səmasında
vurulması, ardınca rəsmi Moskvanın məsuliyyətdən
qaçması, öhdəliklərini yerinə yetirməməsi
iki ölkənin münasibətlərində gərginliyə
səbəb oldu. Rusiya bütün faktların ortada
olmasına, yeddi ay keçməsinə baxmayaraq, qeyd edilən
istiqamətdə hələ də heç bir addım
atmayıb. Prezident İlham Əliyev bildirib ki, tələbimiz
təbii tələb idi: "Qoy, öz günahlarını
etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın
və ailələrə təzminat ödənilsin,
qurbanların və yaralıların ailələrinə,
AZAL-ın təyyarəsinə görə də təzminat
ödənilməlidir. Hər şey gün kimi
aydındır ki, ancaq yeddi aydır ki, biz cavab ala bilmirik...
Hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır... Biz
artıq Rusiya tərəfini məlumatlandırmışıq
ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik.
Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki,
buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava
yollarına məxsus "Boeing"lə bağlı təhqiqat
başa çatsın. Ancaq biz bu ədalətə nail
olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf
ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz
baxımından heç də məqbul deyil".
Media ən yaxşı vasitədir
Azərbaycanın güclənməsi, nüfuzunun
artması ona qarşı dezinformasiyaları, şər-böhtan
kampaniyalarını da artırır. Bu cür kampaniyalarla
mübarizədə, dövlətimizin informasiya siyasətinin
dünyaya çatdırılmasında mətbuat mühüm
rol oynayır. Prezident İlham Əliyev öz
çıxışında medianın işini qiymətləndirib:
"Bu gün Azərbaycan mediası dövlət
maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız
ittihamları arqumentlərlə, ciddi təhlillə və
faktlar əsasında ifşa etməkdə də böyük
uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət
maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə
hücuma da keçir. Bu da lazımdır... Fakt odur ki, bu
gün Azərbaycan mediasını bir çox ölkələrdə
müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən
yazıları, məqalələri təhlil edirlər. O məqalələrin
Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə
uyğun olub-olmaması ilə bağlı da fərziyyələr
irəli sürülür. Bu, deməyə əsas verir ki,
mediamız doğrudan böyük inkişaf yolu keçib.
Media deyəndə mən ilk növbədə jurnalistləri
nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən
məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin
həmkarlarınızdır. Azərbaycan bu gün elə bir
mərhələdədir ki, hələ də
özünü müdafiə etməyə ehtiyacı var. Bu
gün Avropadan olan həmkarınız da artıq bu sualı
verəndə də onu qeyd etdi: Siz Qərbin ictimai fikrinə,
ictimai rəyinə necə təsir edə bilərsiniz? Məncə,
media ən yaxşı vasitədir. Bizim media işçilərinin
əhatə dairəsi nə qədər çox geniş
olarsa, ölkə haqqında o qədər də dəqiq,
dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə
çatdırıla bilər. Burada hələ görüləsi
işlər çoxdur. Ancaq mən deyə bilərəm ki,
bizim mediamız artıq istənilən xoşagəlməz,
iftira kampaniyasına cavab verməyə qadirdir və bu,
çox önəmli yeni reallıqdır.
Pərvanə
525-ci qəzet .- 2025.- 22 iyul(№126).-S.4.