Böyük Qayıdış:
ardıcıl və uğurla həyata keçirilən milli
proqram
Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq bu günlərdə
Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə
ilk köç karvanı yola salınıb.
Köçürülən ailələr indiyədək
ölkənin müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmışdılar. İlk mərhələdə
Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər,
Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər
köçürülüb. Prezident İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusunun
qazandığı Zəfər nəticəsində məcburi
köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz
və ləyaqətlə doğma yurdlarına
qayıtmasına imkan yaranıb.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda,
ora köçürülən keçmiş məcburi
köçkünlərlə yanaşı, bu bölgədə
aparılan layihələrin icrasında çalışan, həmçinin
ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində
xidməti vəzifələrini yerinə yetirən, yenidən
fəaliyyətə başlamış səhiyyə, təhsil,
mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində
işləyən, ümumilikdə, 50 mindən çox insan
yaşayır.
Millət vəkili Anar İsgəndərovun sözlərinə
görə, Xocalı rayonunun Xan yurdu və Təzəbinə
kəndlərinə ilk köçün həyata
keçirilməsi Azərbaycan dövlətçiliyi,
xalqımızın milli iradəsi və Böyük
Qayıdış strategiyası baxımından olduqca
mühüm və simvolik əhəmiyyət
daşıyır. Bu gün biz yalnız bir köç
prosesindən danışmırıq - bu, bütöv bir
xalqın 30 illik həsrətinə son qoyması, tarixi ədalətin,
ərazi bütövlüyünün və milli ləyaqətin
bərpasıdır. Onun sözlərinə görə,
Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa
və yenidənqurma işləri nəticəsində
Xocalının kəndləri müasir infrastruktur, təhlükəsizlik
və sosial təminat baxımından ən yüksək
standartlara uyğun şəkildə yenidən qurulub.
Bugünkü reallıq onu göstərir ki, Böyük
Qayıdış sadəcə şüar deyil, sistemli və
strateji əsaslara söykənən, mərhələli şəkildə
həyata keçirilən milli proqramdır:
"Xocalının özəlliyi həm də ondadır ki,
bu rayon 1992-ci ildə insanlıq tarixinə qanlı Xocalı
faciəsi ilə yazılmışdı. Xocalı təkcə
bir coğrafi məkan deyil, həm də milli
yaddaşımızın, şəhidlərimizin xatirəsinin
yaşadığı bir rəmzdir. Bu gün isə həmin
Xocalıya həyat qayıdır. Bu, şəhidlərimizin
ruhuna ehtiram, sağ qalanlara isə haqq etdikləri qürur və
təhlükəsizlik hissinin bəxş olunmasıdır. Xan
yurdu və Təzəbinə kəndlərinə ilk sakinlərin
köçürülməsi, regionda sabitliyin və sosial həyatın
yenidən qurulması baxımından strateji bir
addımdır. Bu köç təkcə keçmişə
dönüş deyil, həm də gələcəyə
doğru inamlı bir addımdır. Azərbaycanın
Qarabağ siyasəti artıq beynəlxalq miqyasda öz
legitimliyini sübut etmiş, işğal sonrası dövrdə
sülh və quruculuqla bağlı nümunəvi model təqdim
etmişdir. Bu gün bizim qarşısında
dayandığımız vəzifə sadəcə torpaqlara
fiziki qayıdış deyil, bu torpaqlarda dayanıqlı
inkişaf, vətəndaş rifahı və humanitar stabilliyin
təminidir. Dövlətimiz tərəfindən Böyük
Qayıdış proqramı çərçivəsində
həyata keçirilən layihələr - yeni məktəblərin,
tibb ocaqlarının, yolların, enerji və su təchizatının
qurulması - bütün dünyaya göstərir ki, Azərbaycan
öz vətəndaşının təhlükəsiz və
layiqli həyatını təmin etməyə qadirdir. Bu tarixi
prosesin bir hissəsi olmaq, xalqın etimadını
daşıyan millət vəkili kimi bu dönüşün
şahidi olmaq mənim üçün qürurvericidir.
Qarabağ Azərbaycandır - bu sözlər artıq təkcə
siyasi bəyanat deyil, reallığa çevrilmiş, icra
olunmuş milli hədəfdir. Xocalının dirçəlməsi,
Xan yurdu və Təzəbinə kimi kəndlərə həyatın
qayıtması ilə Böyük Qayıdış davam edir
və bu dönüş hər bir azərbaycanlının qəlbində
və ruhunda əbədi yaşayacaq".
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə
görə, Vətən müharibəsinə qədər Azərbaycan
dövləti Böyük Qayıdış adlı çox
ciddi və strateji bir proqram hazırlamışdı. Bu
proqramda torpaqlarımızın işğaldan azad
olunmasından sonra atılacaq addımlar, həyata keçiriləcək
tədbirlər, bərpa və yenidənqurma işləri dəqiq
şəkildə planlaşdırılmışdı. 44
günlük Vətən müharibəsində
qazandığımız tarixi Zəfərdən dərhal
sonra həmin proqram əsasında praktiki tədbirlər həyata
keçirilməyə başlandı. Böyük
Qayıdış Azərbaycan dövlətinin, xüsusilə
də Prezident İlham Əliyevin uzaqgörənliyini, strateji
planlama qabiliyyətini və milli məsuliyyətini bir daha
nümayiş etdirdi: "Hazırlanan plan sadəcə siyasi və
texniki sənəd deyil, həm də xalqın illərlə
gözlədiyi qayıdış arzusunun reallaşması
üçün real yol xəritəsi idi. Həmin proqram
çərçivəsində resursların düzgün
hesablanması, mərhələli şəkildə
infrastrukturun qurulması və təhlükəsizliyin təmin
edilməsi nəzərdə tutulmuşdu. Nəticədə,
qısa bir zaman ərzində ilk olaraq Zəngilanın
Ağalı kəndinə, daha sonra isə digər
yaşayış məntəqələrinə mərhələli
şəkildə əhalinin qayıdışı
başladı. Görünən odur ki, əvvəlcə təhlükəsizlik
məsələləri həll olunub, minalardan təmizləmə
işləri aparılıb, daha sonra isə yollar, enerji xətləri,
su və kommunikasiya infrastrukturu bərpa olunub. Bu proses paralel
şəkildə aparılaraq, müasir standartlara cavab verən
yaşayış evləri inşa edilib və qayıdan vətəndaşların
məşğulluq məsələsi də dövlət tərəfindən
həll olunub. Bir sözlə, vaxtilə işğal
altında olan, viran qoyulan torpaqlarda bu gün həyat yenidən
canlanır, insan nəfəsi, uşaq səsi, işıq və
ümid qayıdır. Bu, Prezidentin rəhbərliyi ilə Azərbaycan
dövlətinin xalqı qarşısında
gördüyü tarixi və möhtəşəm işlərdən
biridir. Bu həm də Azərbaycan xalqının qətiyyətinin,
milli birliyinin və zəfər iradəsinin rəmzidir. Bu
hadisələr ölkəmizin müasir tarixində yeni, şərəfli
bir səhifə kimi əbədi olaraq yadda qalacaq. Bu gün
artıq yüzlərlə vətəndaşımız
öz doğma yurdlarına qayıdır. Biz o yerlərdə
yenidən toyların çalındığını,
körpələrin dünyaya gəldiyini, həyatın əvvəlki
ritmini bərpa etdiyini və hətta digər bölgələrdə
yaşayan soydaşlarımızın da həmin ərazilərə
köçmək, orada yaşamaq arzusunda olduqlarını
görəcəyik. Artıq Xocalı rayonunun daha iki kəndinə
köçürülmə prosesi başlayıb. Əvvəlcədən
hazırlanan və təsdiqlənən siyahılar əsasında
ailələr öz doğma torpaqlarına dönür, orada məskunlaşırlar.
Bu proses sadəcə fiziki bir köç deyil, həm də mənəvi
qayıdış, köklərə bağlanma, torpaqla ruhun
birləşməsidir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın
öz torpağına sahib çıxmasının, vətəndaşının
rifahı üçün ardıcıl və məqsədyönlü
siyasət yürütməsinin canlı şahididir.
Yaradılan şərait bir daha göstərir ki, Azərbaycan
dövləti təkcə azadlıq uğrunda deyil, həm də
quruculuq və inkişaf yolunda da nə qədər
güclü, məqsədli və xalqına
bağlıdır. Ən önəmlisi isə odur ki,
bütün bu işlər dövlətin tam maliyyə dəstəyi
ilə həyata keçirilir - vətəndaş yalnızca
evinə qayıdır, öz torpağında xoşbəxt və
təhlükəsiz yaşamaq üçün hazır şəraitlə
təmin olunur. Bu, sadəcə bir proqramın uğuru deyil -
bu, milli birliyin, dövlət-xalq həmrəyliyinin, zəfərdən
bərpaya, dağıntıdan inkişafa gedən yolun parlaq
nümunəsidir".
Xocalı rayonu Təzəbinə kəndinə
köçürülən sakin Sadiq Nurməmmədov deyib
ki, keçmiş məcburi köçkünlərin öz
evlərinə qayıtması şəhidlərin qanı
bahasına başa gəlib. S.Nurməmmədov qeyd edib ki,
çox qürurlu və sevincli bir hisslər yaşayır:
"Bu sevincli anları bizə yaşadan, başda Ali Baş
Komandan olmaqla hər bir kəsə dərin təşəkkürümüzü
ifadə edir, bu yolda canından keçən şəhidlərimizi
hörmətlə anırıq. Mən bir Xocalı sakini kimi,
şəhid analarının əllərindən öpürəm.
Şəhidlərimizin ruhundan halallıq istəyirəm.
Çünki onların qanı bahasına biz bu torpaqlarda
yaşayırıq. Bu günlərimizi və gələcəyimizi
onlara borcluyuq".
Xocalı rayonu Xanyurdu kənd sakini Ziya Cabbarov bildirib
ki, şəhidlərin qanı dəyən torpaqlarımız
ora köçən sakinlərin əməyi nəticəsində
çiçəklənəcək: "Bu sevincli günləri
bizə yaşatdıqlarına görə şəhidlərimizin
ruhu qarşısında baş əyirəm. Heç zaman
ümidimizi itirməmişdik. İnanırdıq ki, bu gün
gələcək. Biz xoşbəxt nəsilik ki, bu anları
yaşamağın şahidi oluruq. Biz bu gün Xanyurduna
dönürük. Biz şəhid qanı dəyən o
torpaqlarımızı böyük hörmət duyaraq
çiçəkləndirəcəyik".
Kənd sakini Sitarə Abbasova arzu edib ki, Xocalıda
1992-ci ildə yaşananlar bir daha olmasın: "Kəndimizdən
altı nəfərlə çıxmışdıq, indi isə
altı ailə ilə geri döndük. Gedəndə necə
çətinliklə, acı göz yaşıyla getdik. Bir
addım irəlidə bizi nə gözlədiyindən xəbərsiz
evimizdən çıxdıq. Sağ çıxma
şansımız demək olar ki, yox idi. Çox xoşbəxtik
ki, artıq hər şey geridə qaldı. Şükür
ki, bu gün öz doğma yurdumuza dönməyin də sevinc
göz yaşlarını Allah bizə nəsib elədi. Gələcək
övladlarımız bir daha bizim yaşadıqlarımızı
yaşamasınlar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 23 iyul(№127).- S.15.