HƏM ŞAGİRD, HƏM
MÜƏLLİM
Hamısı gözəldir - ədəbiyyatın
öz füsunkarlığı, rəssamlığın
öz hüsnü, teatrın öz sehri... Amma gözəllər
arasında musiqinin yeri hər halda daha üstündür. Onun
ürəklərə, düşüncələrə yol
tapmaq gücü bütün başqa sənətdəkilərdən
daha çoxdur və tərcüməsiz, izahsız da fəth
edə bilmək qüdrətiylə həmişə daha
artıq hamınınkılaşa bilir. Azərbaycan radiosunun
da və ümumən, dünyanın hər nöqtəsindəki
radioların da lap başlanğıcdan insanlara
yaxınlaşa, onlarınkı ola bilməkçün
arxalandığı ilk dayaq elə musiqi olub.
1920-ci illərin axırları, 1930-cu illərin əvvəllərində
Azərbaycan Radiosu böyük yolunu musiqi ilə
aça-aça irəliləməyə başlayırdı
və nə doğru seçim idi ki, 1929-cu ilin sonlarına
doğru həm texniki təchizatı, həm əməkdaşlarının
və efir saatlarının çoxalması, həm
dalğalarının çatma dairəsinin genişlənməsiylə
daha dolğun fəaliyyətini başlayarkən bura məhz bəstəkar
Müslüm Maqomayevi dəvət etmək qərara
alınmışdı.
Qulpundan yapışdığı hər işi
nizamlı görməyi sevən Müslüm bəy 1929-cu
ilin oktyabrında Bakı Radio Mərkəzində musiqi rəhbəri
vəzifəsinə gətirilən kimi də ən əvvəl
tam qarışıqlıqda bir nizam yaratmağı qət
etmişdi. Rəhmətlər olsun ki, işlərini
gördükcə axşamlar gündəliklərində nə
etdiklərini də qələmə alırmış ki, məhz
həmin yazıların sayəsində uzaq dünənlər
indi xırda təfərrüatlarıyla göz önündədir:
"Mən radioda işləməyə gələndə
Şərq sektorunda vəziyyət belə idi: musiqiçilər
radioda rəsmi qulluq etmirdilər, sadəcə olaraq,
onların hərəsinin müəyyən məhdud
saatları vardı ki, gəlib radioda fəaliyyət göstərməliydilər.
Bu, onları tamamilə təmin edirdi. Belə ki, bir tərəfdən
onların cibində həmkarlar ittifaqı kitabçası və
bununla əlaqədar bütün üstün hüquqlardan
istifadə imkanı, digər tərəfdən və ən əsası,
yüz faiz xaltura etmək girəvəsi vardı.
İfaçı öz axşam saatlarını kefi istəyən
kimi bölür, radionun axşam konsertlərinə adətən
toylardan və ona daha artıq qazanmaq imkanı verən
başqa təsadüfi dəvətlərdən azad olduğu
vaxt gəlirdi. Bunun bariz nümunəsi olan hadisə: radioda
işlədiyim ilk günlərdə konsertdə
iştirakı təyin olunmuş 8 musiqiçidən
yalnız biri - pianoçu gəlib çıxdı.
Qalanları toyda idilər (Yəqin, royalı çəkib
apara bilsəydi, o da toya gedərdi)".
Bu gün Azərbaycan Radiosunda ən son xəbərlər,
proqram oxunuşları, hava məlumatı nəzərə
alınmazsa, demək olar ki, bütün verilişlər
qabaqca yazılır, efirə verilməmişdən öncə
qulaq asılır, səsləniş cədvəlinin
pozulmasına gətirib çıxara biləcək ən
cüzi səbəblər də istisna edilir. İndi - texniki
imkanların keçmişlərlə müqayisəedilməz
qədər artdığı ikimininci illərdə belədir.
Amma diktofonla, reportyorla kənarda yazılıb gətirilən
müsahibələri radionun standartlarına
uyğunlaşdırmaqçün köçürtdürmək,
studiyaya dəvət olunmuş həmsöhbətlərin
danışıqlarını (hətta lent
yazılışlarından rəqəmsal
yazılışlara keçəndən sonra da) çox
gözlətmədən yazdırmaq, redaksiyalar arasında
saatları dəqiq bölünmüş məhdud saylı
montaj otaqlarında verilişləri ləngimədən
hazırlayıb başa çatdırmaq əsnasında
vurnuxmalar, təşviş doğuran saysız
sıxıntılar hətta 1980- 1990-cı illərədək
davam etməkdəydi.
Ancaq hələ təcrübənin də, texniki
imkanların da az, tələbatınsa sərt və çox
olduğu, Azərbaycan Radiosunun yeni binaya köçərək,
dalğalarını artıq bir sıra Azərbaycan
rayonlarına çatacaq qədər uzaq yaymaq imkanı
qazandığı 1929-cu ili təsəvvür etməyə
çalışın - bütün verilişlər, konsertlər
efirə birbaşa gedir, lent yazıları yoxdur. Proqramda elan
olunmuş vaxtda veriliş səslənməlidir, lakin
iştirakçılar gəlib çıxmayıb. Radio
işiylə, efir məsuliyyətiylə yarım əsrdən
artıq mühitdə yaxından bağlı olduğumdan həmin
verilişə cavabdeh əməkdaşın həyəcanlarını,
narahatlığını, hədəqədən
çıxan gərginliyini gözəl başa
düşürəm.
1929-cu ilin oktyabrıdır. Müslüm Maqomayev
radioda işə yenicə başlayıb və bu səliqəli,
dəqiq adam elə ilk günlərdən Allah umuduna
buraxılmış vəziyyətlə
qarşılaşır. Görür ki, burada "birtəhər
vəziyyətdən çıxmaq"
qaydasızlığı hökm sürür. O isə belə
şeyə adət etməyib. Əgər işləməkdə
davam edəcəksə, dözə bilməz buna.
Və qələm-kağız götürüb rəhbərliyə
mövcud vəziyyət haqqında "Məlumat"
yazır: "Oktyabrın 23-də (çərşənbə)
saat 20-22 arası Şərq konserti (Solist müğənnilər
axşamı) nəzərdə tutulmuşdu. Mən axşam
saat 7-də gəldim və iştirakçıları
gözləməyə başladım. İlk
rastlaşdığım Qurban oldu. O, musiqiçilərin gəlməyəcəyindən
ehtiyat etdiyini bildirdi. Axşam saat səkkizin yarısında
Sarabski, Hacıbababəyov, Mirzağa Əliyev, Sona xanım və
Zeynallı gəldilər. Çalğıçılardan
yalnız Qurban gəlmişdi və saat 8-də Əliyev də
(royal) özünü yetirdi. Telefonla konsert
iştirakçılarını axtarmaq cəhdlərinin
hamısı boşa çıxdı. Axşam saat 8-də
Lazar (tar), Ohanezaşvili (kamança), Babalov (kamança),
Əliyev Əhəd (qarmon və saz), Xalıq (balaban), tütək
çalanlardan Stepanyan, Kabanyan, Memkoçyan, müğənnilərdən
Seyid Şuşinski və Səmədov hələ gəlməmişdi.
Əlbəttə, konserti bircə tarla aparmağı mən bədiilik
baxımından mümkünsüz hesab etdim və studiya
müdiri Qotliblə məsləhətləşib, konserti ləğv
etməyi qərara aldıq. Sonrakı sorğudan məlum oldu
ki: Lazar, Ohanezaşvili, Əhəd Əliyev, Xalıq toyda
imişlər. Tütək çalanlar əvvəl guya bilmədiklərini,
sonra isə dostlarının yasında olduqlarını dedilər.
Babalov xəstə imiş, Seyid Şuşinskini ümumiyyətlə
tapmaq mümkün olmadı. Bu fakt, verilişin
çıxarılması tədbiri kimi dözülməz nəticəyə
səbəb olmaqdan əlavə, onu da göstərir ki, biz əmin
halda irəlicədən planlaşdırılmış
konsert proqramı təşkil edə bilmərik. Biz hansısa
iştirakçının gəlib-gəlməməsindən
asılıyıq. Radio Mərkəzində işlədiyim
qısa vaxtda mən artıq aşağıdakı faktlarla
üzləşmişəm: Poxoryan artıq 2 veriliş
buraxıb, Qurban bir neçə günlüyə
çıxıb getmişdi və onun əvəzinə
axşam telefonla başqa tarzən axtarmaq lazım gəldi.
Tütəkçilər - Stepanyan, Kabanyan, Memkoçyan toya
getmiş, öz yerlərinə başqalarını göndərmişdilər
və mən də onları qəbul etmədim. Oktyabrın
25-də cümə günü səhər "Kəndli
verilişi"nə nə Qurban, nə Lazar gəlmişdi. Təcili
Semyon Tiflisskini axtarıb çağırmalı olduq. Həmin
gün günorta "Gənclər saatı"na Poxoryan yenə
gəlib çıxmadı. Bu faktlar işə, şübhəsiz
ki, pis təsir edir. Belə hadisələri aradan qaldırmaq
üçün tədbirlər görmək lazımdır.
Öz tərəfimdən, 2 tarzən, 2
kamançaçı, 5 tütəkçi, royalçalan,
balabançı, klarnetçi ilə müqavilə
bağlayıb onları işə götürməyi məqsədəuyğun
hesab edirəm. Bu bizi mümkun ola biləcək
baştutmamalardan xilas edəcək, həm də məşqlərdə
çalğı nömrələrini cilalaya biləcəyimiz
ansambl alınacaq".
(Buradaca milli musiqi ifaçılarımız
arasından seçilərək radioya
bağlatdırılmışların arasında
qulağınızı dələn yad soyadların bolluğu
məsələsinin üzərində qısaca da olsa
dayanmağa ehtiyac var. Ermənilərin Azərbaycan musiqisində,
xüsusilə də bu baxımdan mərkəzlər
sayılacaq Bakıda, Gəncədə, Şuşada
tarçı və kamançaçılar arasında erməni
bolluğu bir təbii mədəniyyət hadisəsindən
çox yönəldilən siyasi hərəkət, erməni
lobbisinin bilavasitə cızdığı layihə üzrə
həyata keçirilən sirayətetmə, Azərbaycan mənəvi
mühitində daha artıq yertutma tədbiri idi. Xanəndələr
arasında gözə dəymirlər. Uzaqbaşı tək-tək,
çox zaman da bizimkilərlə qarışıq olanlar var və
bircəsi də irəli çıxa, məşhurlaşa
bilməyib. Çünki milli oxuma məktəbinin mərkəzində
dayanan muğam idi, onlardan qanadlanan təsniflərdi, muğam
kökündəki nəğmələrdi və üzdən
sərhədləri açıq kimi görünsə də,
bu mülkün elə görünməz sipəri vardı ki,
başqa dilin, özgə milli ruhun
daşıyıcısı ha çalışsa da, o səddi
aşa bilmirdi. Azərbaycan dilini bəzən lap elə təmiz
türk kimi danışmağı öyrənən ermənilər
nə qədər desən vardı - unudulmasın ki, bu da
öz-özünə, guya ünsiyyətin
sıxlığına görə baş vermiş gedişat
deyildi, Azərbaycan mühitini bürüməyin erməni mərkəzləri
tərəfindən irəlicədən müəyyənləşdirilmiş
tədarüklərindəndi. Oxumaqda isə elə
ağız açılan kimi qəlplik duyulurdu və
muğam zirehi yadı içəri buraxmırdı.
Çalğıdasa barmaq məharətinin hesabına yad əraziyə
- Azərbaycan musiqisinin sərhədlərini aşaraq lap
yuxarı başda oturmağadək gəlmək mümkün
idi. Və buna nail olmuş, inhisar da yaratmışdılar. Elə
etmişdilər ki, azərbaycanlıları bacardıqca
aralıda saxlasınlar, xüsusən
kamançaçılıqda buna xeyli dərəcədə
müvəffəq olmuşdular. Özü də fikir verin XIX
yüzildən, Gülüstan və Türkmənçay
müqavilələri imzalanana, Azərbaycanın ikiyə
bölünməsinə, ermənilərin böyük dəstələrlə
İrandan Qarabağa köçürülməsinə,
çar imperiyasının ermənini Qafqazda özünün
jandarmına döndərmək məkrinin başlanmasına qədər
toy-düyünümüzdən, məclislərimizdən erməni
kamançasının sədası gəlmir. Gələcək
qəsblərə doğru yol çoxistiqamətli nüfuzetmədən
başlanırdı və kim bilir, bəlkə haçansa bu
barədə dəqiq məlumatlar da üzə
çıxdı ki, məclislərimizdə erməni
musiqiçilərinin daimi yer almasına nail olmaq həmin erməni
mərkəzlərinin kəşfiyyat planlarındanmış
ki, daim əlləri Azərbaycan cəmiyyətinin
damarlarında olsun, xalqın əhvali-ruhiyyəsindən daim xəbərdar
olsunlar və gərək olanda uyğun addımlarını
ata bilsinlər.
Azərbaycan Radiosunda Müslüm bəyin
başlanğıcdakı millətəxeyir əməllərinin
ən mühümlərindən biri də bu ümummilli məkanı
daha çox azərbaycanlılaşdırmaq təşəbbüsləri
oldu. Müslüm bəyin gəlişindən az sonra təsadüfi
erməni tarçı və kamançaçıların əksərinin
radioya yolu kəsildi).
Müslümə qədər radioda əsas məqsəd
verilişi, konserti xilas etmək olmuşdu. Buna radio
işçiləri də adət edibmişlər,
musiqiçilər də. Kimsə gəlməyəndə
Hüseynqulu Sarabski (1879- 1945) 3 dəqiqə oxumalı
olduğu mahnının arasında 15 dəqiqə muğam ifa
etmişdi, ya Qurban Pirimov (1880-1965) 5 dəqiqə əvəzinə
25 dəqiqə çalmış, bununla da vaxt dolmuşdu.
Müslüm isə bu vecsiz hala tab gətirə bilməz:
o, kustarçılığın, başdansovma görülən
işin düşmənidir.
Və çox keçmir ki, onun Radio Mərkəzi sədrinə
ard-arda yazdığı məlumatlar, xahiş ərizələri,
təklif məktubları işini görür.
Əvvəlcə 12, sonra 16, 1933-cü ildə isə
artıq 24 nəfərlik ansambl təşkil etməyə nail
olur.
Müslüm bəy bunu da hiss edir ki, tar, kamança nə
qədər eşidimli, sevimli olsa da, bu qəlibdən
çıxmaq lazımdır. Yalnız muğamla, təsniflə,
xalq mahnısıyla iş aşmaz.
Onun bu yoldakı səyləri 1932-ci ildə Üzeyir
bəylə birgə radioda notlu orkestr yaratması ilə nəticələnir
və Müslüm bəy bu barədə sonradan fəxrlə
yazırdı: "İndi bizim notla çalan orkestrimiz var. Nə
konservatoriyada, nə başqa müəssisələrdə, Azərbaycan
Konsert Birliyində Dövlət Şərq Orkestrinin artıq
5 ildən bəri mövcudluğuna baxmayaraq, hələ belə
şey etməyiblər. Hesab edirik ki, bu, musiqi sahəsində
siyasi əhəmiyyətli addımdır. Bəlkə də
bu istiqamətdə həm məsələnin elmi tərəfini
dəqiqləşdirmək mənasında, həm də musiqi
alətlərinin rekonstruksiyası baxımından hələ
çox axtarışlar aparmaq lazımdır. Ancaq bir şey
şübhəsizdir ki, biz həm repertuarda, həm də onun
harmoniya istiqamətində işlənməsində
sxolastikanı, durğunluğu aradan qaldırmaq kimi
düzgün bir yoldayıq".
Bütün bunlar Azərbaycan Radiosunun
başlanğıc illərində əzmkarlıqla
aşılan maneələrin, sabahkı güclü radiomuzun
quruculuğu yolundakı mübarizələrin doğruçu
tarixçəsidir. Başvermişlərdən bunca ətraflı
və dəqiq məlumat ala biləcəyimiz yeganə qaynaq
Müslüm bəyin yazdıqlarıdır və həmin
gündəliklər, məktublar, qeydlərlə mən ilk dəfə
1980-ci illərin ortalarında rastlaşdım, tezliklə də
hamısını üzə çıxarmağa tələsdim
1985-ci ildə Bakıya növbəti səfərlərindən
birində misilsiz Müslüm Maqomayev - nəvə
Müslüm əmisi Cəmaləddindən yadigar
qalmış iri bir çamadan gətirmiş və
qoymuşdu Tofiq Quliyevgilin mənzilində. Uzun illər
Moskvadakı Azərbaycan Daimi nümayəndəliyinin rəhbəri
işləmiş Cəmaləddin Maqomayev (1910-1977) atası
haqqında kitab yazmağı düşünürmüş,
arxiv ixtiyarındaymış, illərcə də əlavə
xeyli məlumatlar toplayıbmış. Ancaq vaxt
ötmüş, niyyət elə niyyət olaraq gerçəkləşməmiş
qalmışdı.
Tofiq müəllim məni evlərinə dəvət
edib o çamadanı göstərəndə həmin xəzinəyə
mat qaldım - böyük Müslümün bütün
ömrü və yolu buradaydı.
Tofiq müəllim dedi ki, Müslüm xahiş edir bu
sənədlər, əlyazmalarla tanış olub təxmini
qiymətləndirməsini edəsən, çünki
hansısa arxivə, ya fonda təhvil vermək istəyir. Mən
materiallarla tanış olmaqçün 1 günlük möhlət
istəyərək çamadanı götürdüm və
oradan evə deyil, birbaşa Elmlər Akademiyasına yollandım.
Çünki bu sərvət hansı arxivə verilsəydi,
onların satın alınması, rəsmiləşdirilməsi,
qeydiyyata salınması azı il yarım-iki il vaxt
aparacaqdı, buradasa elə tarix vardı ki, onun
yazılmasına təxirə salmadan başlamaq
lazımdı.
O vaxtlar hələ Bakıda surətçıxaran
aparatlar tək-tək yerlərdə idi və ən
güclülərindən biri məhz Elmlər
Akademiyasında. Orada isə həmin işlərə baxan
Seyran Hüseynov mənim dostumdu. Bu da taleyin bir cazibəsi idi
ki, Müslüm bəyin aqibəti ilə bağlı olan bir
işə əncam çəkməkçün unudulmaz bəstəkarın
da yaxşı tanımış olduğu və birgə də
çalışdığı opera müğənnisi və
xanəndə Şirzad Hüseynovun (1906-1971) oğluna
müraciət etmək zəruriyyəti yaranmışdı -
yollar növbəti dəfə kəsişirdi.
Rəhmətlik Seyrandan xahişim bu oldu ki, tam
haqqını ödəmək şərti ilə burada nə
varsa surətini çıxarsın. Amma bir şərtlə
ki, gecəni də işləsin, səhər aparıb
çamadanı geri qayrtara bilim. Gecə boyu işləsəydin
də, bu qədər sənədin surətini
çıxarmaq mümkün deyildi.
Elə düşündüyüm kimi, həmin sənəd
və yazılar arxivə təhvil veriləndən sonra istifadə
edilmək imkanı xeyli uzandı, yalnız 3-4 il sonra
mümkünləşdi. Ancaq 1987-ci ildə artıq mənim
o əvəzsiz qaynaqdan da geniş istifadəylə
yazdığım və Müslüm Maqomayevin macəralı
və şərəfli ömür yolundan bəhs edən
kitabım Azərbaycan oxucusunun ixtiyarında idi.
Bu gün Müslüm bəyin 1920-30-cu illərdə
musiqi mədəniyyətimizin, eləcə də radiomuzun
yüksəlişləri naminə faydalı, qiymətli
işləri barədə söz açmaq, tərif demək
asandır. Ancaq həmin tədbirlərin hər biri yalnız
inadlı səylərdən, uzun yazışmalardan, höcətləşmələrdən
sonra başa gəlirdi. Artıq ənənə şəkli
almış hər geriliyi aradan qaldırıb yeni,
işıqlı təklifi həyata keçirməyin
müşküllüyü hər kəsə bəllidir.
Ansambl, orkestr məsələsi ilə eyni vaxtda
Müslüm bəy daha bir vacib tərəfin - repertuarın
lazımi, gərəkli, aktual səviyyədə olması
yolunda çalışır. O, əvvəlcə müğənnilərdən
başlayır. İxtiyari dəvət olunan, dəvətlərin
də üçündən birinə gələn müğənnilərdən
qaçır. Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov
(1898-1972), Yavər (1902-1979) və
Münəvvər Kələntərlilər (1912-1963),
Zülfüqar Sarıyev (1883-1969), Əlövsət
Sadıqov (1906-1970), Bikə Səmədzadənin radioda işə
götürülməsinə müvəffəq olur.
Dəvət etmək prinsipindən də tamam əl
çəkmir - yeri düşdükcə müxtəlif
rayonlardan ustad aşıqları radioda çıxış
etməyə çağırtdırır. Təsdiqlənmiş
siyahı üzrə müxtəlif müğənnilərin
ifasında radioda səslənən 400 musiqi nömrəsini
saf-çürük edir, onlardan 100-nü saxlayır. Repertuara
20 yeni musiqi nömrəsi əlavə edir. Ancaq bunlar azdır
-istər-istəməz efirdə təkrarlara gətirib
çıxara bilər. Ona görə də bəstəkarlardan
Asan Refatova (1903-1938), Georgi Burşteynə (1907-1966), Məmməd
Nəsirbəyova (1897-1980), Nikolay Xeyfetsə (1888-1942), Anton
Mailyana (1880-1942), Asəf Zeynallıya (1909-1932), Üzeyir bəyə
müasir mövzularda yeni mahnılar yazmağı sifariş
verir. O, konsertlərin bədii tərtibinə də diqqət
yetirir. Əvvəllər hər müğənni hansı
havaları oxuyacağını musiqi rəhbərinə
deyirmiş, o da bir parça kağızda bunları qeyd
edirmiş və sonra da müğənni mikrofon
qarşısına gəlib mahnının adını
özü elan edərək oxuyurmuş. Müslüm bəy
musiqi nömrələrini müəyyən bədii mətnlə
müşayiət etmək prinsipinə keçir. Hətta
musiqi nömrələri səslənən başqa
verilişlərə də müdaxilə edir: "Tərtibcə
"Radio qəzeti" də heç yaxşı halda deyildi.
Bütün "qəzetlər"sə təsadüfi, necə
gəldi seçilən musiqi nömrələri ilə bəzədilirdi.
Burada musiqi nömrələrinin efirə verilişi
üçün proqram tərtib olunmadığından təxminən
belə hallar yaranırdı; tutalım ki, tikinti cəbhəsindəki
uğurlardan, fədakar, səmimi zəhmətə
çağırışdan söhbət gedir və s. Birdən
bu söhbətdən sonra "Səndən mənə yar
olmaz" mahnısı səslənirdi".
Müslüm bəyin zövqü, səliqəsi,
inadı bu sahədə də işləri qaydaya salır.
O, muğamı sevirdi, yaxşı bilirdi, ona
qayğıyla yanaşırdı. Bunu Müslüm bəyin
indi çoxlarına bəlli olmayan təxəllüsü -
"Çahargah" da təsdiq edir.
Müslüm bəyin muğama dərindən
aşinalığını Üzeyir bəy də təsdiqləyir.
Ancaq radioda işlədiyi illərdə Maqomayevin muğam səslənişi
ilə bağlı gördüyü tədbirlər sanki əksini
deyir. Yeni musiqi rəhbəri 40-50 dəqiqə ifa olunan
muğamın 5-8 dəqiqəyədək
qısaldılmasında təkid edir. Muğama bu münasibət,
köhnə bazara təzə nırx qoyulması
ifaçılara qəribə gəlir: "Yox, Maqomayev daha
ağını çıxartdı!"
1933-cü il fevralın 3-də Müslüm bəy
Radio Mərkəzi sədrinə ərizə yazıb işdən
çıxır. Bu gedişin bir yığın səbəbi
vardı ki, onların cərgəsində
axırıncılardan olmayan, bu gedişi yetişdirib
gerçəklədən vacib cəhətlərdən biri
Müslümün muğamla bağlı tədbirlərinin
doğru qavranılmaması və hərdən də onun
özünün bu yoldakı ifratçılığı
idi.
Özü ilə dərdləşmələrində,
gündəliklərində Müslüm bəy radiodakı
musiqi mənzərəsini belə cızırdı:
"Verilişlərimizin doxsan faizi muğamat üstündə
qurulub və proqramda səslənən eyni muğamlardır.
Ancaq bu vaxt ərzində (1929-1933 - R.H.) biz Müdafiə evində
50 açıq, Şaumyan rayonundakı mədəniyyət və
istirahət parkında daha 50 konsert, studiyadan 500 bədii
veriliş vermişik. Təsəvvür etmək çətin
deyil ki, bu nömrələrin hər biri nə qədər təkrarlanır.
Bizim eyni nömrəni gah bu, gah o müğənni, gah tar, gah
kamança, gah qarmonda ifa etdirməklə müəyyən rəngarənglik
yaratmaq cəhdlərimiz yeknəsəqliyi azaltmadı. Əlbəttə,
kim ifa etsə də, nədə ifa etsə də, necə ifa
etsə də, "Segah" elə "Segah",
"Çahargah" elə "Çahargah" olaraq
qalır".
Müslüm bəy bu vəziyyəti aradan
qaldırmaq üçün yollar göstərmişdi. Təklif
etmişdi ki, Azərbaycan mövzularında simfonik əsərlər,
təzə həyatı, yeni quruculuğu əks etdirən, qələbələrə
çağıran mahnılar yaransın, Azərbaycan dinləyicisini
SSRİ və dünya xalqlarının musiqisi ilə
tanış etmək üçün xüsusi konsertlər səsləndirilsin.
SSRİ xalqlarının mahnılarından ibarət radio
axşamları keçirilsin.
Repertuar problemindəki axsamlardan can qurtarmaq
üçün radioda repertuar tərtibi ilə məşğul
olacaq yaradıcılıq kabinetinin təşkil edilməsini,
bu kabinetə istedadlı cavan bəstəkarların işə
götürülməsini zəruri sayırdı.
1983-cü ildə Müslüm dövründə
radioda işləmiş müğənnilərdən biri -
Bikə Səmədzadə ilə görüşdüm. O
zamanlar radio xətti ilə tez-tez Qaraşəhərdə,
Sabunçuda, Zabratda keçirilən konsertlərdən,
Müslüm bəyin təşəbbüskarlığından
danışırdı. Bikə xanım çoxdan yaddan
çıxmış, həm də mahiyyətcə köhnəlmiş,
ancaq vaxtına görə yeni, təzə olan "Mazut
ordusu", "Zərbəçi yoldaşım",
"May", "Bizim kənd" mahnılarından
yadında qalan kupletləri oxuyurdu.
Yazmışam, hamısı radionun səs xəzinəsində
qalır.
Şübhəsiz, Müslüm bəy o illərdə
aşkar hiss edirdi ki, günlə, siyasi ovqatla, təsərrüfat
həyatı ilə bağlı və ictimai sifarişlə
yaranan belə mahnıların 3-5, uzağı 10-15 il
ömrü var - bəlkə də daha az.
Fəqət özü də yazırdı, belə
mahnılar bəstələməyi başqalarına da
tapşırırdı. Çünki bütün bunlara
müasirlik axtarışları yolunda vasitə, ümumi
işə kömək edən amil kimi baxırdı.
Və indinin hündürlüyündən baxarkən
bu qənaətə gəlirəm ki, radioda o vaxt həyata
keçirə bildiyi və icrasına gücü çatmasa
da, hər halda təklif etdiyi bütün tədbirləri ilə
o, dərindən-dərinə haqlıymış.
Gördüyü işləri görür - bu onu
sevindirir; amma hələ görmədiyi işlər, bu
işləri həyata keçirmək yolunda yaradılan
saysız-hesabsız süni maneələr, qondarma sədlər,
nəhayət, onu haldan çıxarır. Xalq maarif
komissarı Məmməd Cuvarlinskiyə (1902-1937) ərizə
yazır: "Musiqi rəhbəri işlərin indiki gedişi
ilə musiqi verilişlərinin məzmununda real dəyişikliklər
edə bilməz və əvvəl-axır
günahlandırılacaq. Gələcəkdə nöqsanlara
görə layiq olmadığım zərbələri öz
üstümə götürməmək üçün məni
işdən azad etməyinizi xahiş edirəm. Mən
heç vaxt işdən qorxmamış, işləməkdən
qaçmamışam. Ancaq başqalarının təqsiri
üzündən yoluna qoya bilməyəcəyimi tam dərk
etdiyim işə rəhbərlik etmək mənim xarakterimə
yaddır".
Bəlkə də onu həmin ərizəni
yazdığı günə qədər gördüyü
işlər üçün tərifləyəcəkdilər,
görə bilmədiyi işlərdən ötrü
günahlandırmayacaqdılar. Ancaq
düşündüyü, nəzərdə tutduğu,
gerçəkləşməsini istədiyi işlərin
yalnız arzu olaraq qalması Müslüm bəyi təmin
etmirdi.
Olsun ki, başqaları günahlandırmayacaqdı,
ancaq Maqomayev başqalarının təqsiri üzündən
də olsa görə bilmədiyi işlərə görə
özünü həmişə suçlu sayacaqdı.
İşləməkdə davam etsəydi, gərək ürəyi
istəyən kimi işləyəydi, gözünə
çarpan bütün əyər-əskiklərin yox edilməsinə
nail olaydı, bunu bacarmırsa, demək, getməlidir.
Və gedir. Ərizəsinə razılıq dərkənarı
qoyulur və o, işdən azad edilir.
...Müslüm Maqomayev ilk simfonik əsərini -
"Azərbaycan çöllərində"
rapsodiyasını yazanda hələ radioda işləmirdi. Bu,
1928-ci ildə olmuşdu və gərək ki, bizdə bəstələnmiş
ilk simfonik əsər idi. Radioda
çalışdığı illərdə Müslüm bəy
bu sahədə gücünü daha artıq sınamağa
başladı, bir-birinin ardınca "Pionerlər
marşı"nı, "Çahargah pişdəramədi"
fantaziyasını, "Şəlalə" simfonik pyesini,
"Ceyran" rapsodiyasını... yazdı. O dövrdə -
1930-cu illərin başlanğıcında bu əsərlər
Azərbaycan radiosunda vaxtaşırı səslənirmiş.
Elə 1980-1990-cı illərdə, hətta bir az 2000-ci illərin
əvvəllərində də -
nə qədər ki radioda köhnə radioçulardan
qalanlar vardı, hərdən radionun konsert proqramlarında,
ayrı-ayrı simfonik konsertlərdə bu əsərlər
eşidilirdi. Lakin Müslüm bəyin o vaxt bəstələdiyi
daha bir simfonik əsər digər yazdıqlarının
hamısından məşhurdu, hamısından da daha
çox - elə hər gün səslənirdi. Müslüm
bəyin vaxtilə dillər əzbəri olmuş, elə indi
də çoxlarının yaddaşında
daşıdığı həmin melodiyaya - "Radio
marşı"na Maqomayevin bu Baş Səs
Ünvanımızın quruculuğu yolundakı
yaddançıxmaz əməklərinə ehtiramın ifadəsi
olaraq yeni həyat verməyi qət etdik - söz yazdıq.
Bununla da əslində o solmaz musiqi lövhəsi sadəcə
marş olmaqdan çıxaraq doğma radiomuzun himninə
çevrilir:
Sənsən Vətən, millət rəmzi,
Sənsən yurdun, xalqın səsi.
Danışan dili Vətənimin,
Sərhədlər bilməz səsin sənin.
Müjdə verən zəfərlərdən,
Yurdun vuran qəlbi sənsən.
Dalğaların hara çatsa,
Elim orda, dilim orda.
Səs xəzinəm, xatirə dünyam,
Gecə-gündüz yaşanan bayram.
Sabaha körpü, yollar açan.
Sən xalqa könül dostu, hayan.
Dalğası ürək-ürək uçan,
uçan.
Sənin səsin - sözü xalqın,
Sənin sözün - səsi haqqın.
Danış Bakı, Azərbaycan!
Qulaq assın bütün cahan!
...Həm radioda, həm də operada
çalışdığı vaxtlarda - 1930-cu illərin əvvəllərində
Maqomayevin tutduğu əsas xətlərdən biri də bu idi
ki, öz qınına qapılıb qalmaq olmaz. Milli musiqimizi
daha artıq yaymaq və irəlilətməklə
yanaşı, xalqımızın musiqi dünyagörüşünü
genişləndirmək üçün başqa xalqların
da dəyərli musiqi incilərini vaxtaşırı səsləndirməli,
təbliğ etməliyik.
Mən günəşin nurundan zərrin qanad
alınca
Qanadlanıb uçuram bir yenilik dalınca.
Müslüm bəy, doğrudan da, beləydi - yenilik
arzusu, müasirlik istəyi onu həmişə arxasınca
çəkirdi. "Yenilik dalınca uçuşları"
ucbatından bəzən latayır sözlərə hədəf
olsa da, əsassız tənqid yağmurlarına uğrasa da,
düzlüyünə inandığı yoldan sapmır, məqsəddən
yan sovuşmurdu. Hələ 1924-cü ildə "Şah
İsmayıl"ı sayalıqdan uzaqlaşdırmaq cəhdləri
qınananda, yenilik axtarışları pislənəndə
Müslüm bəy gördüyü işin həmin yersiz tənqidlərdən
ucada durduğunu düşünürdü və yolundan
ayrılmır, irəliçi amallarından
aralanmırdı. O vaxt "Tənqidçi" imzalı
müəllif "Kommunist" qəzetinin 5 dekabr tarixli
nömrəsində yazırdı: "Ayın 3-də
Dövlət türk teatrosunda opera mövsümü
"Şah İsmayıl" ilə başlandı.
"Şah İsmayıl"da ən çox gözə
çarpan bəzi cəhətlər var ki, bu dəfə ancaq
onları qeyd etmək istəriz. Əvvələn, Aslan
şah ilə Şah İsmayıl səhnədə
böyük bir təzad yaradırlar. Məsələn, Aslan
şah simfonik orkestro üzərinə Avropa üsulu ilə,
Şah İsmayıl isə tar üzərinə Şərq
üsuliylə oxuyur. Bu surətlə ata avropalı, oğul isə
iranlı olaraq özünü göstərir. Saniyən, opera
adlandığı halda yarımənzum, yarımənsur yazılmışdır
və mənsur hissəsi səhnədə adi
danışıq ilə gedir. Danışıqlarını zərb
və musiqi ahənginə uyğun bir surətdə belə
keçirməyirlər. Digər tərəfdən, əsərin
musiqisi Şərq muğamatının
avropalılaşdırılması əsası üzərinə
bəstələnmiş, fəqət bir yandan Şərq muğamatının
Avropa temperasiyasına sığışmaması və o biri
yandan bəstəkarın bu uğurundakı səyləri
kamil olmadığından əksəriyyən musiqi nömrələri
nə Şərq musiqisi həzzi verir, nə də Qərb. Bəlkə
gələcəkdə musiqi tərtibatı kamilləşdirildikdə
əsər istənilən təsiri verə biləcəkdir,
lakin hələlik verməyir. Bir də bəzi havalar yerində
deyildir. Məsələn, Gülüzar atasının nəşi
üzərində ağlarkən bizdə adətən qəbr
üstündə və yaxud nəş üzərində
sövt ilə ağlamaya "ağı", bəzən
"oxşamaq" deyirlər, haman "ağı" adi
bayatı üstündə oxunur. Burada isə
"Bayatı-Şiraz" ahənginə uydurulmuş bir ahəng
ilə bəstələnmişdir. Halbuki
"Bayatı-Şiraz" ahəngi "ağı" deyil,
sevgi (müaşiqə) üçün daha müvafiq gəlir.
Belə qüsurun həpsi ilə bərabər böylə
ağır bir əsər hazırlıqsız olaraq (ancaq iki
məşq ilə) oynanmışdır. Bu gecə Şah
İsmayıl ilə Gülüzar arasında böyuk
uyğunsuzluq var idi. Böylə ki, Sarabskinin səsi zilsiz
tenor, Xurşid xanımın səsi isə təmiz sopranodur.
Digər tərəfdən, Sarabski Şərq ahəngi,
Xurşid xanım isə biləks, zili yaxşı oxuyur, bəmi
yetirəmir. Bu sürətlə də aşiq ilə məşuq
arasında bir musiqi uçurumu hasil olur. Bunların həpsi ilə
bərabər əsərin 3-cü və 5-ci pərdələri
çox gözəl hazırlanmışdı və
ümumiyyətlə, istər oyun və istərsə musiqi tərəfi
çox yaxşıdır. Xüsusən beşinci məclisdə
musiqi Aslan şahın bütün həyəcan və cəlyanını
anlatmaya müvəffəq olur".
Sözsüz ki, "Tənqidçi"nin qeydlərində
haqsız nöqtələr olduğu kimi, haqlı məqamlar
da var. Eləcə də buna da şübhə yoxdur ki,
Müslüm Maqomayevin yenilikçilik meyilləri bəyənimli,
təqdir olunmalı cəhətləriylə yanaşı
sapmalardan, qüsurlardan, səhvlərdən də azad deyildi.
Bu, Müslüm bəyin muğam operası, Avropa operaları
tipi və muğam operalarımızın Avropa nümunələrinə
yaxınlaşdırılması meyilləri məsələsinə
münasibətində özünü daha qabarıq göstərirdi.
Qanadlanıb uçuram bir yenilik dalınca.
Bu misra Müslüm bəyə çox bənzəyir
və bu sətir onun radio illərində bəstələdiklərindən
birindəndir - sözlərini Ordubadinin qələmə
aldığı "Aprel" mahnısından. Maqomayev
mahnı yaradıcılığıyla ən çox 1930-cu
illərin başlanğıcında, radioda
çalışdığı vaxtlarda məşğul olub
və məqsəd də boşluğu doldurmaq, yeni həyatı,
təzə günləri vəsf edən mahnılar
qıtlığını nisbətən azaltmaq, həm də
başqa bəstəkarları da eyni işi görməyə
həvəsləndirməkdi. Özünün dəqiq
göstərdiyi yazılma tarixləri həm də bu
mahnıların Azərbaycan radiosunda ilk dəfə eşidildiyi
ili, ayı, günü nişan verməkdədir:
"Bahar" (1931), "Neft", "May",
"Yarış", "Bizim kənd", "Zərbəçi
yoldaşım", "Zərbəçinin nəğməsi"
(1932), "Tarla" (15.III.1933), "Mazut ordusu" (22.IV.1933),
"Aprel" (6.V.1933), "Kolxozçular marşı"
(1933).
Radioda yanaşıydılar və eyni gürzlə
eyni hədəfə vururdular: həmin mahnıların
hamısının sözləri Məmməd Səid
Ordubadininki idi. "Zavod", "Orman", "Yazın səhəri",
"Şəhər və kənd". Bu şeirlər də
Ordubadinindir və əlyazmaları Maqomayev arxivində
qalır. Yəqin, hazırlaşırmış, bu şeirləri
də mahnıya çevirmək barədə
düşünürmüş. Ya bəlkə bu
mahnıları da yazıb, hələ rastımıza
çıxmayıb.
...1932-ci ilin oktyabrı. Azərbaycan radiosunda Ordubadinin
növbəti pyesi gedir, yenə, həmişəki kimi, musiqi
tərtibatını Maqomayev verib. Dinləyicilər
aktyorların ifasında pyesi dinləyir, radiotamaşanı
müşayiət edən musiqini dinləyir və kimsənin
xəbəri yoxdur ki, bəstəkar Müslüm Maqomayevin
içərisində bu mövzunu gələcəkdə
operaya çevirmək eşqi oyanıb. Hər halda azı bir
nəfər bilir. Müslüm bəy beynində ilkin cücərtiləri
yaranan gələcək opera barədə ilk dəfə
oğluna yazdığı məktubda xəbər verir, hətta
gələcək operanın dəqiq adını da
açır: "Nərgiz".
"Mən Müslüm bəyin yetişdirməsiyəm"
deyən və ömrü boyu onu minnətdarlıqla
xatırlayan tarzən Bəhram Mansurov (1911- 1985) söyləyirdi
ki, səhər gəlirdim radioya, bir də evə axşam
gedib çıxırdım, çox vaxt elə yeməyi də
orada bişirib yeyərdik, radioya yetişən kimi pitini
asardım, günorta ətri götürərdi ətrafı.
Radio bizə evimiz kimi idi.
Bəhram ustad Maqomayevin radiodakı nahar ərəfələrindən
birində etdiyi zarafatı da unutmurdu. Deyibmiş ki, Bəhram,
adam var ki, lap ən yaxşı ətdən nə
bişirir-bişirsin, nə qədər ədviyyat vurur-vursun,
belə ətir olmur, ancaq sənin pitinin ətri iştah
açır, elə gendən gəl məni ye deyir. Musiqi də
ruhun iştahını açandır, radio da xalqın
ovqatını tənzimləyəndir, gərək burada hər
işimizi elə quraq, verdiyimiz musiqi elə gözəl
çatdırılsın ki, ilk dəfə eşidənin də,
yüz dəfə dinləyənin də ruhu
açılsın. Şəxsən bura mənimçün
məktəbdir. Orada həm şagirdəm, həm müəllim.
Yol təzəcə başlanırdı. Azərbaycan
maarifçiliyinin bir xətti də yenicə doğulmuş
milli radiodan keçirdi və hamınınkı olan bu əziz
məkanın əzəldən bəxtinin gətirməsinin,
avand gələcəyinin ümdə səbəbi də o idi
ki, ilk addımlardan, müqəddimədən sükan
arxasında Müslüm bəy kimi həm şagird, həm
müəllim olmağı bacaran, öyrənə-öyrənə
öyrədən fədakarlar dayanmışdı!
14 iyul 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 23 iyul(№127).- S.12-13;16.