Qələmin
gücüylə danışan vicdan
BÖYÜK ŞAİR VƏ DRAMATURQ HÜSEYN
CAVİDİN PUBLİSİSTİK İRSİNƏ BİR
BAXIŞ
Azərbaycan mətbuatı öz tarixi boyu milli
oyanış və maarifçilik hərəkatının əsas
sütunlarından biri olub. Xüsusilə, XIX əsrin sonları və XX əsrin
əvvəllərində fəaliyyət göstərmiş
"Əkinçi", "İqbal", "Açıq
söz" kimi qəzetlər yalnız xəbər vasitələri
deyil, həm də cəmiyyətin maariflənməsinə,
ictimai-siyasi fikrin formalaşmasına və milli
özünüdərkin inkişafına xidmət edən
publisistik tribunalar idi.
Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi Hüseyn Cavidin
yaradıcılığı təkcə bədii irs
deyil, həm də milli-mənəvi dəyərlərin
daşıyıcısı kimi mətbuatda geniş təmsil
və təqdim olunub. Hüseyn Cavidin publisistik yazıları əsasən
milli istiqlal, azərbaycançılıq, təhsil və mədəniyyət
məsələlərinə həsr edilib. O, qəzet və
jurnallarda çıxışları ilə xalq arasında
maarifçilik işi aparıb, sosial ədalət və bərabərlik
ideyalarını təbliğ edib.
Cavidin məqalələri həm sənətkar, həm
də vətəndaş mövqeyindən yazılıb, gənc
nəsli maariflənməyə çağırıb. Dahi ədibin
yalnız dramaturgiya və poeziyadakı xidmətləri deyil, həm
də publisistika sahəsindəki fəaliyyəti Azərbaycan
ictimai fikrinin inkişafında mühüm yer tutur. Hüseyn
Cavid tənviri-əfkar, yəni maarifçilik
ideyasının təbliğatçılarından olub. Bu
ideyanın əsas qayəsi zehni aydınlamanı təmin etmək,
maarifləndirmə yolu ilə tərəqqiyə nail olmaq idi.
Onun XX əsrin əvvəllərində çıxış
etdiyi "İqbal", "Şərqi-rus", "Həyat",
"Açıq söz" kimi mətbu orqanlar milli
maarifçilik və ideya mübarizəsinin əsas
tribunasına çevrilmişdi. Dahi dramaturq əsasən milli
azadlıq, mənəvi yüksəliş, Şərq-müsəlman
dünyasında oyanış, düşüncə mədəniyyəti
kimi məsələləri müdafiə edərək
zülmü, istibdadı tənqid edirdi. Cavidin publisistikası
ilə yaxından tanış olduqca humanizm, sülhsevərlik,
dostluq, sədaqət və vətənpərvərlik kimi əxlaqi
keyfiyyətlərin əsas motivlər olduğunu
görürük. Dahi ədibin ilk çıxış etdiyi
nəşrlərdən biri "İqbal"idi. Burada
Hüseyn Cavid əsasən poetik və məqalə
formasında çıxış edərək milli oyanışın
zəruriliyini vurğulayırdı. Cavidin bu dövr məqalələrinə
nəzər yetirdikcə görürük ki, istibdada
qarşı maarifçilik yoluyla mübarizəni əsas
çıxış yolu hesab edib. "Həqiqət"qəzetində
1910-cu ildə nəşr olunan yazısında millətin
formalaşmasında dilin vacibliyini vurğulayıb. Hüseyn
Cavidin publisistik əsərləri arasında milli
şüurun yüksəldilməsi, milli dəyərlərin
qorunması və inkişaf etdirilməsi mövzuları da
geniş yer tutur. Onun məqalələrində azərbaycançılıq
ideyası, dilimizin və mədəniyyətimizin qorunmasının
zəruriliyi vurğulanır. Məqalələrində o, həmçinin
maarifçilik və təhsilin xalqın tərəqqisində
əsas amil olduğunu dəfələrlə qeyd edib: "Bir
millətin tərəqqi və tədənnisini bilmək
için o millətin məktəbini, daha doğrusu, ibtidai məktəblərini
görmək kifayət edər". Bu yazıda Hüseyn Cavid
təkcə bir ədəbiyyat adamı kimi deyil, həm də
maarif və dövlətçiliyə dair işıqlı
fikirləri ilə çıxış edən bir ziyalı
mövqeyi ortaya qoymağı bacarıb.
Hüseyn Cavid publisistikası açıq-aşkar
göstərir ki, o, millətin öz kökünə
bağlı olmasının vacibliyini təbliğ edib. Cavidə
görə, hər bir millətin mütləq lisan (dil) müəllimi
olmalıdır, çünki lisan müəlliminin yoxluğu
nəticəsində bir çox şagirdlər özlərini
unudurlar. Özünü-sözünü bilməyən kimsə
isə nəticə etibarilə tarixindən, kökündən
xəbərsiz qalır. Bu amil isə bir millət
üçün böyük qəflətdir. Hüseyn Cavid
düşüncəsinə əsasən, millətin
nicatı maarif və mənəviyyatdadır. Publisistikada bu
formada açıq, qorxmaz, cəsarətli fikirləri sayəsində
o, dövrünün ictimai-siyasi həyatına fəal müdaxilə
edən, ideoloji və əxlaqi məsələlərdə
açıq mövqe bildirən bir intellektual obrazı
formalaşdırmışdı. Onun qələmində
publisistika yalnız informasiya yox, həm də mənəvi təbliğ
vasitəsinə çevrilmişdi. Cavid peşəkar jurnalist
deyildi, lakin yazdığı məqalələr, seçdiyi
mövzular və yazı üslubu onu dövrünün
maarifçi publisistləri ilə eyni sıraya qoyur. O,
publisistik yazılarında ədəbi üslubla fəlsəfi
dərinliyi, sosial məsuliyyətlə poetik duyumu vəhdət
halında təqdim edir. Bu isə onu
publisistika tarixində fərqli və seçilən bir
yerə yüksəldir. Cavid üçün mətbuat milli
ruh, mənəviyyat, azadlıq düşüncəsini yaymaq
üçün bir tribuna idi. O, maarifçilik
ideyalarını yalnız publisistika ilə məhdudlaşdırmayıb,
həm də dramaturgiya və poeziya vasitəsilə xalqı
maarifləndirməyə çalışıb.
Nübar MƏMMƏDOVA
Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşı
525-ci qəzet .- 2025.- 23 iyul(№127).- S.10.