Qızılağac Milli Parkı: zəngin
təbii landşaft, nadir bioresurslar
Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət
daşıyan təbiət komplekslərinin yerləşdiyi və
təbiəti mühafizə, maarifçilik, elmi, mədəni
və digər məqsədlər üçün istifadə
olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri
statusuna malik olan ərazilərdir. Qızılağac Milli
Parkı Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı
ilə Qızılağac Dövlət Təbiət
Qoruğunun balansında yaradılıb. Milli parkın
yaradılmasında əsas məqsəd flora və fauna
növlərinin qorunub saxlanılması, bərpası, təbii
komplekslərin mühafizəsinin gücləndirilməsi,
ekoloji monitorinqin həyata keçirilməsi, elmi-tədqiqatların
aparılması, turizm və istirahət üçün
şəraitin yaradılması, habelə əhalinin ekoloji cəhətdən
maarifləndirilməsinin təşkilidir.
Qızılağac Milli Parkının qeyri-adi gözəlliyi
qarşısında heyrətini gizlədə bilməyən
dünya şöhrətli çex alimi, Karlovo Universitetinin
professoru Miroslav Şvatora söhbət zamanı deyib: "Biz
hardayıq?! Nağıllar aləmində, yoxsa təbiətin
qoynunda? Bura, sanki, təbii konservatoriyadır".
M.Şvatoranın bildirdiyinə görə, o, bu parkdakı
nadir təbiət incilərinin bəzi növlərini
dünyanın heç yerində görməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildirilib ki, hələ XX əsrin əvvəllərində Azərbaycanın
ərazisində Xəzər dənizi boyu su-bataqlıq
quşlarının Cənub istiqamətində miqrasiyası
müəyyənləşdirilib. Qızılağac körfəzi
miqrasiya edən quşların qışlaması
üçün mühüm əhəmiyyət
daşıyır. Bax elə buna görə də
sözügedən dövrdən etibarən həmin ərazinin
qorunması zərurəti yaranıb, 1913-1914-cü illərdən
sonra Qızılağac körfəzi xüsusi qorunan ərazi
kimi mühafizə olunub. Həmin əraziyə yasaqlıq
statusu isə 1926-cı ildə verilib, bununla da
ovçuluğa məhdudiyyət qoyulub. 1929-cu ildə
Qızılağac körfəzi Xəzər dənizinin ətraf
sahil zolağı ilə birlikdə qoruq elan edilib. Bu ərazidə
hər cür təsərrüfat fəaliyyətinə də
qadağa qoyulub. Qoruqda əvvəl flora və faunanın
qorunmasına diqqət yetirilib. Sonradan isə elmi-tədqiqat
işlərinin aparılmasına başlanılıb.
Qoruğa dünyanın tanınmış elm adamları,
ornitoloqlar, ixtioloqlar və hidroloqlar dəvət olunublar.
Hazırda isə Xəzər dənizinin cənub-qərbində
yerləşən və milli park statusu alan
Qızılağac Milli Parkının ərazisi Prezidentin
müvafiq sərəncamı ilə 99 min 60 hektara
çatdırılaraq, Böyük Qızılağac
körfəzini və Salyan düzünün bir hissəsini əhatə
edir. Qoruq Lənkəran, Masallı, Neftçala
rayonlarının əraziləri ilə həmsərhəddir.
Nazirliyin məlumatına görə,
Qızılağac qoruğu 1976-cı ildə YUNESKO-nun
Əsasən su quşlarının yaşama yerləri kimi
beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər
haqqında Konvensiyanı (Ramsar Konvensiyası) suətrafı və
suda üzən quşların məskunlaşması üzrə
12 beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil
edilib. Ərazisi müxtəlif təbii landşaft sahələrindən
ibarət olan milli parkın əsas hissəsini su
akvatoriyası, cəngəlliklər və quru sahələr təşkil
edir.
Milli parkda şanagülə, ağ suzanbağı,
üçyarpaq oxyarpaq, qamış, dəniz
lığvarı, ciyən, duzlaq şoğanı, iyli
yovşan, meyer yovşanı, qarağan, gəngiz, şahsevdi,
sarıbaş və s. bitkilər geniş yayılıb.
Bunlardan, 4 növü az yayılıb, həmçinin, 3
növ Qafqaz endemi - hibrid qovağı, Qrosheym topgülü və
sapvari bağayarpağı və 1 növ Azərbaycan
endemikdir.
Qızılağac Milli Parkının zəngin təbii
landşaftı və iqliminin mülayimliyi dünyanın
müxtəlif yerlərindən quşların bura gəlməsinə
səbəb olub. Uraldan, Tundradan, uzaq Sibirdən, Avropadan və
başqa yerlərdən uçub gələn
qırmızıdöş qaz, ağ durna, qu quşu,
qızılquş, qızılqaz və s. ərazidə
qışlayır. Misir, İraq, Sudan, Yeni Zelandiya və digər
yerlərdən də bura yazda yuvalamaq üçün əsrindimdiklər,
sarı və böyük Misir vağları,
qırıldaqlar uçub gəlirlər. Eyni zamanda, burada
sultan toyuğuna, turaca, dovdağa, ulara, qızılboğaz vəhşi
qaza, çöl qartalına da rast gəlmək olur. Parkın
ərazisində 270 növ quş məskunlaşır. Bu
quşların 25 növü nadir quşlar kimi
"Qırmızı kitab"a daxil edilib.
Qoruqda məməlilərin, sürünənlərin,
suda-quruda yaşayanların və həşəratların bir
çox növü yaşayır. Ərazidə məməli
heyvan növlərindən çaqqal, dovşan, çöl
donuzu, canavar, qamış pişiyi, çöl pişiyi,
tülkü və s. rast gəlinir. Su hövzəsində isə
54 növdən çox balıq (siyənək, çəki,
kütüm, kefal və s.), eyni zamanda, Xəzər suitisi məskunlaşıb:
"Qızılağacın nadir bioresurslarından
danışarkən, qızılquşlar fəsiləsindən
olan bəzi quşlara da diqqət yetirmək yerinə
düşərdi. Bunun aktuallığı bir də onunla
bağlıdır ki, son vaxtlar bəzi xarici turistlər həmin
quşlara xüsusi maraq göstərir, onları müxtəlif
yolla ələ keçirmək istəyirlər. Yolverilməz
olan bu işdə yerli işbazlar onlara dəstək olaraq
xüsusi canfəşanlıq göstərirlər. Təbiətimizin
əvəzsiz zənginliyini şəxsi maraqlarına dəyişirlər.
Ona görə də qeyd edilən məsələ ciddi nəzarətdə
saxlanılmalıdır. Yeri gəlmişkən, adı
"Qırmızı kitab"a daxil edilib, təbiətin əvəzsiz
incilərindən sayılan qızılquşlar (şahin) da
parkda məskunlaşıb. Talış dağlarının
meşə qurşağında, qayalarda və ağaclarda yuva
quran qızılquşlar Qızılağac körfəzində,
Ağ göldə, Azərbaycanın digər ərazilərində
qışlayır, göyərçin, ördək və
zağalarla qidalanırlar".
Məlumata görə, ölkə ərazisində
qızılquşların bir neçə növü var.
Aranda, dağlarda, Qızılağac Milli Parkında bəzən
daimi, bəzən isə müvəqqəti məskən salan
şahinlər "quşların cəngavərləri, igidləri"
adlandırılır. Onların qorunmasına, nəslinin kəsilməsinin
qarşısının alınmasına xüsusi diqqət
yetirilməlidir. Yeri gəlmişkən, Ovçuluq Təsərrüfatlarının
İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə
Dövlət Nəzarəti Xidmətinin əməkdaşları
Qızılağac Milli Parkının ekosisteminin qorunması
üçün ciddi iş rejimində işləyirlər:
"İnsanlar kimi, heyvanlar və quşlar da diqqəti, nəvazişi
sevirlər. Onlar insanlardan mehriban ünsiyyət görəndə
yaşadıqları yerlərə daha möhkəm
bağlanır, qayğı hiss etdikləri insanlardan
uzaqlaşmırlar. Bu həqiqəti xatırlatmağım təsadüfi
deyil. Belə ki, qu quşları əvvəllər
Qızılağac Parkından uçub gedərək, yay
dövrünü başqa ölkələrdə
keçirirdilər. Son illərdə isə vəziyyət dəyişib.
Maraqlıdır ki, həmin quşlar indi Qızılağacda
həmişəlik məskən salıblar. Əlbəttə,
bu, son vaxtlar Qızılağac Milli Parkında quşların
mühafizəsi, artırılması, normal qaydada yemlənməsi,
bir sözlə, hər cür qayğı ilə əhatə
olunmasının məntiqi nəticəsidir: "Hazırda
parkda əsas diqqət balıqların kürü
töküb nəsil artırılması üçün əlverişli
şəraitin yaradılmasına yönəldilib. Bu məqsədlə
qoruğun ərazisində mövcud olan şirin su kanalları
təmizlənir, balıqların rahat kürü tökməsi
üçün əlverişli şərait yaradılır.
Eyni zamanda, həmin kanalların dəniz ilə birbaşa əlaqəsinin
bərpası diqqətdə saxlanılır. Bütün
bunlarla bərabər, brakonyerlərlə ciddi şəkildə
mübarizə aparılması əsas fəaliyyət
meyarı kimi qəbul edilib. Bu məqsədlə ekoloji maarifləndirmə
tədbirlərindən maksimum şəkildə istifadə
olunur".
Nazirlikdən qeyd olunub ki, Qızılağacın
nadir bioresurslarından danışarkən
qızılquşlar fəsiləsindən olan bəzi
quşalara da diqqət yetirmək lazımdır. Bunun
aktuallığı bir də onunla bağlıdır ki, son
vaxtlar bəzi xarici turistlər bu quşlara xüsusi maraq
göstərir, onları müxtəlif yollarla ələ
keçirmək istəyirlər. Bu isə qətiyyən
yolverilməzdir. Bu işdə bəzi işbazlar onlara dəstək
olaraq xüsusi canfəşanlıq göstərirlər. Təbiətimizin
əvəzsiz zənginliyini şəxsi maraqlarına dəyişirlər.
Qızılquşların ovlanması nəticəsində yəqin
ki, vaxt gələr onlar da nəsli kəsilmiş digər
canlıların siyahısına əlavə olunacaq. Hamı
bu məsələlərdə çox diqqətli olmalı,
ekoloqlara yaxından kömək göstərməlidir. Qeyd edək
ki, adi qızılquş (Şahin) gözəlliyinə,
nadirliyinə və "bacarığına" görə
brakonyerlərin diqqətindən yayınmır. Halbuki adı
"Qırmızı Kitab"a düşən bu quşlar təbiətimizin
əvəzsiz inicisidir. Talış dağlarının
meşə qurşağında, qayalarda və ağaclarda yuva
quran bu quşlar Qızılağac körfəzində,
Ağ göldə, Azərbaycanın digər ərazilərində
qışlayır. Göyərçinlərlə, ördəklərlə,
zağalarla qidalanır.
Ölkəmizin ərazisində şahinlərin bir
neçə növü vardır. Aranda, dağlarda,
Qızılağac Milli Parkında bəzən daimi, bəzən
müvəqqəti məskən salan bu şahinlər
quşların cəngavərləri sayılırlar. Təbii
ki, onları qorumaq, nəslinin kəsilməsinin
qarşısını almaq son dərəcə vacibdir. Onda
Qızılağac Milli Parkında quşlar içərisində
sanki Koroğlu nərəsini eşidirik. Qoy Qoç
Koroğlunun nərəsi keçəl həmzələrin
yalvarışlarının qurbanı olmasın. Bu baxımdan
ovçulardan, təbiətsevərlərdən çox
şey asılıdır. Milli Parkın ekosistemini qorumaq
hamımızın ümumi işidir. Bunu qabartmaqda məqsədimiz
odur ki, son vaxtlar Respublika ərazisində bu cür bir neçə
xoşagəlməz faktın qarşısı
ekoloqlarımız tərəfindən
alınmışdır. Ona görə də Ekologiya və Təbii
Sərvətlər Nazirliyi nadir quşların mühafizəsi,
brokonerlik hallarının qarşısının
alınması və bu sahədə nəzarətin həyata
keçirilməsi məqsədi ilə ciddi tədbirlər
planı hazırlamış və həyata keçirməkdədir.
Sözsüz ki, bu sahədə ekoloji maarifləndirmənin
gücləndirilməsi böyük önəm
daşıyır. Ekoloji mədəniyyəti hələ də
qənaətbəxş olmayan əksər insanlar
inanırıq ki, yaxın gələcəkdə təbiətimizin
qayğısına qalacaqlar. Sadəcə bəzi məqamları
yada salmaq lazımdır. Bəzən təbiətə
qarşı qaddarlıqlar bilərəkdən yox,
naşılığdan yaranır. Təbiətə sevgi hər
bir insanın həyat devizinə çevrilməlidir. Ətraf
mühitin mühafizəsinə diqqətli olsaq, bu sevgi
payını təbiətimizə bəxş etsək, insanlar
üçün həyat daha da gözəlləşər.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 24 iyul(№128).- S.15.