Zəhmətlə məsuliyyətin
vəhdəti
Yazanda kiminsə mükafatlarını, medal və
ordenlərini, fəxri adlarını, kitablarını
sadalamağı sevmirəm... Niyəsini də bilmirəm...
Sadəcə, insanları duymaq, hiss etmək istəyirəm. Dəyərmi
yazmağa, buna layiqdimi yazımın qəhrəmanı?
Allah tərəfi Elnarə Akimovanın da maşallah,
medalları, təltifləri, fəxri adları bir deyil, iki
deyil... Hələ onlarla elmi məqalələrini,
kitablarını demirəm. Hələ demirəm ki, Milli Məclisin
üzvü, neçə-neçə qurumlarda komissiya
üzvü, neçə-neçə qurumlarda ekspertdir. Zamana
uymaq, vaxt çatırmaq hər baba igidin işi deyil. Ancaq
Elnarə xanım həm zamana uyur, həm də vaxt
çatdırır...
Hər insanın doğulduğu,
böyüdüyü ev böyük və əvəzsiz
akademiyadır, universitetdir. Hər şey oradan başlayır.
Gələcək addımların təməli orada qoyulur.
Duyduğun ilk sevgi, nəfəsinə toxunan ilk nəfəs,
ilk əlindən tutan əlin istiliyi,
doğmalığı...
Yıxılanda səni ayağa qaldıran ilk
insanlardan başlayır hamıya və hər şeyə
sevgi. İlk sözü, ilk hərfi, danışmağı sənə
öyrədən yerdən başlayır insanın həyatı.
Nəyin düzgün olub-olmadığını, həyata,
insanlara baxışı məhz bu akademiya verir insana. İlk
xatirələrinin, duyğularının, sevginin
başlandığı əvəzsiz yer. Bu yerdə
içində hansı gülləri, hansı ağacları əkirlərsə,
onun çiçəyi açacaq, onun meyvəsi dəriləcək
insanın gələcək həyatında...
"Hər qız atasının əsəridir"
fikrimə Elnarə xanım da şərik çıxdı.
Atalar möhkəm olanda, doğru yolla gedəndə, ailədə
yerini biləndə övladlarının tərbiyəsinə
çox şey qatırlar. Özlərinə bənzədirər
övladlarını, xüsusilə də
qızlarını. Mənim kimi, Elnarə kimi...
Kitab...
Kitab barəsində o qədər söz demək olar
ki! Kitablarca. Sətirlərin sayı-hesabı olmaz.
Dünyadakı sözlər yetməz kitabların vacibliyini, cəmiyyətə
faydasını anlatmağa. Bütün bilgilərin mənbəyi,
daşıyıcısı, nəsildən-nəslə
ötürücüsü kitablardı. Tarixlər, ədəbiyyatlar,
mədəniyyət, bir sözlə, bütün elmlər,
xalqların adət-ənənəsi, yaşadığı həyat
tərzi kitablar vasitəsilə dünyaya
çatdırılır, öyrədilir. İnsan tərbiyəsində,
təhsildəki önəmini də saymaqla bitməz. Tək
bircə kitab sənin dünyagörüşünü, həyata
baxışını, seçdiyin yolunu dəyşə,
müəyyənləşdirə bilər. Bunu həmişə
yazıram, kitabın insana verdiklərini,
formalaşmasındakı rolunu universitetlərdə verilmir,
öyrədilmir.
Onun da həyata baxışı, gələcəyə
addımlayacağı yol kitblarla başladı. Arzuları,
istəkləri elə orda cücərdi, ordan qanadlandı.
Gözünü dünyaya açandan, ağlı kəsəndən
evlərində gördüyü kitablar onu çox
düşündürdü, çox tərəflərə
yönəltdi. Atası Sədulla kişinin illərcə
aldığı, səliqəylə evində özünə
kitabxana düzəltməyi qızının gözündən
qaçmadı.
Dünya klassiklərinin, Azərbaycan
yazıçılarının əsərləri vardı bu
evin kitabxanasında. Bu kitablar onu sehr dünyasına saldı.
Niyə yazılıb, necə yazılıb, nədən
yazılıb bu kitablar? Kimə lazımdı, ya da lazım
deyil...
Suallar, düşüncələr,
maraqlar bir-birini əvəz etdi və heç zaman onu tərk
etmədi. Bu sualların cavabını tapmaq üçün
oxudu, araşdırdı. Hələ də oxuyur, hələ
də araşdırır... Yazılanların mahiyyətini
oxuculara çatdırmağa çalışır. Ev
akademiyasından başlanan maraqlar böyüyür,
qanadlanır, çiçəklənir...
Kiçik olanda Elnarə atasının kitablarına
maraqla baxırdı. Atasının boş vaxtlarında
mütaliəsi qızının gözündən
qaçmırdı. Hər dəfə Sədulla kişini
mütaliə edən görəndə fikirlşirdi ki, nə
zaman hərifləri öyrənəcək. Yaxşı
bilirdi ki, hərfləri öyrənən kimi bir-bir
gözünə görünən əsərləri oxuya biləcək.
Bəlkə də Sədulla kişi qızının istəyində
özünün həyata keçirə bilmədiklərinin
həyata keçəcəyini anlayırdı o zaman. Onun
peşə seçiminə qarışmasa da...
Akimova Elnarə 1978-ci ildə Sumqayıt şəhərində
dünyaya göz açdı. Həmin kitabxananın
içində, Sədulla kişinin evində. Həmin ev
akademiyasında. O kitabların içində özünü
itirən, dünya ədəbiyyatına, Azərbaycan ədəbiyyatına
maraqlarını günü-gündən artıran Elnarə
Akimova özünü Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsində tapdı...
Bax, budur kitabın gücü, ədəbiyyatın
sehri. O sehrə düşərsənsə,
əlindən tutar, arzularına aparar səni. Heç zaman da
o sehrdən çıxa bilməzsən...
Universitet illərində Elanərə Akimova ədəbiyyatın,
ədəbiyyat tarixinin sirlərini daha dərindən öyrənməyə
səy göstərdi. Hər zaman deyilənləri diqqətlə
dinlədi və yaddaşına həkk etdi. Ən çox da ədəbiyyatşunas
alim Yaşar Qarayevin dedikləri onun üçün əvəzedilməz
oldu. Özünün dediklərindən; "Mənim
üçün Yaşar Qarayevin sözləri, onunla
ünsiyyət, yazdıqları, bir ədəbiytşunas kimi
içindəki şövq məni ədəbiyyat tənqidçisi
kimi püxtələşməyimdə böyük köməyi
oldu. Asan yolla getmək istəməmişəm. Mən hər
zaman tədqiqatçı kimi irəliləməyə
üstünlük vermişəm. Axtarmaq, yazılan bir
şeiri, bir əsəri oxuyub, təhlil etməkdən
zövq alıram hər zaman. Necə deyərlər, bu sahədə
suda balıq kimi hiss edirəm özümü. Çətindir,
doğrudur... Bütün işlər iş yerində bitir.
Ancaq bizim işimiz bitmir. Oxuduğun bir əsərin qəhrəmanı,
obrazı beynində daim səni düşündürür, məşğul
edir. Zaman tapan kimi bilgisayarın qarşısına keçib,
müstəviylə üz-üzə qalırsan..."
Elnarə Akimova Bakı Dövlət Universitetinin
filologiya fakültəsində 1995-1999-cu illərdə bakalavr,
1999-2001-ci illərdə magistr təhsili alıb.
2001-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun aspiranturasında təhsilini davam etdirib.
2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda
ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik,
2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan
poeziyası müasir ədəbi təmayüllər
kontekstində" mövzusunda doktorluq dissertasiyası
müdafiə edib. Hazırda filologiya elmləri doktoru, dosent,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
"Uşaq ədəbiyyatı" şöbəsinin və
"Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq
şöbəsinin müdiridir.
Desəydilər ən məsuliyyətli, tələbkar
insan kimdir? Deyərdim, qızım Aysel. Bir işin son nöqtəsini
də dəfələrcə yoxlamasa əl çəkməz.
Onun dərslərinə, işinə yanaşması məni həmişə
heyran edir. Hətta, çox vaxt ona hirslənirəm, bu qədər
də olmaz, deyirəm. Ancaq indi öyrəndim ki, ikinci belə
bir məsuliyyətli insan da var - Elnarə xanım...
Bilirsiniz, bütün bunlar zəhməti sevməkdən,
səbrli olmaqdan və gözləməyi bacarmaqdan irəli gəlir.
Zəhmətlə səbr birləşəndə xarüqələr
yaradır insan. Hər adamın işi deyil, vaxt tapan kimi kitab
oxusun, onu günlərlə xəyalında canlandırsın.
Təhlil etsin. Ancaq bir nəticəyə gəldikdən sonra
öz fikirlərini yaza bilsin. Kitaba, ədəbiyyata sevgi bir
başqadı, dedim. Oxumağı elə Yücə
Allahın Hira dağında endirdiyi, sevgili Peyğəmbərimizin
aracılığıyla bizə çatdırılan həyat
kitabımız, qanunlarımızın,
kitablarımızın şah əsəri olan"Quranı-Kərim"də
tövsiyə edilir. Cahil olmamaq üçün yol göstərir.
Oxumaq başqa sevgidir, başqa tutqudur. Və
oxumağı sevənlər xoşbəxt insanlardır.
İnsan həyatına, dünyagörüşünə o qədər
şeylər qatır ki... Deyərdim, yuxularını
çin eləyir. Elnarə xanım kimi.
Onunla "Xocalı şikəstəsi"
romanımın təqdimatında tanış olmuşduq.
Mehribanlığı, sadəliyi, savadlı olması ona
hörmətimi artırdı. Hətta kitab barəsində
geniş məqalə də
yazmışdı...
Bu günlərdə dostuna-tanışına bir əsərini
oxutmaq üçün az qala yalvarasan. Bəhanələr,
zaman çatışmazlıqları, daha nələrdən
şikayətlər başlanır. Dediyinə belə
peşman olursan. Lakin Elnarə xanım dedikləri məni
heyran etdi: "Elə istəyirəm ki, boş vaxtım ola,
kitabların arasında itib-batam. Oxuyam, sonra da yazam. Heç
kim, heç nə mənə mane olmaya. Fikirlərimi, diqqətimi
dağıtmaya". Hər ədəbiyyatçıda da bu həvəs,
bu sevgi ola bilməz. Oxumaq, mütaliə başqa bir həvəsdir,
başqa bir sevgidir...
Öyrənmək, yazarın fikirlərinin dərinliyinə
baş vurmaq, onu oxucuya, ədəbi mühitə
çatdırmaq çox çətindir. Elə adamlar var ki,
şablon sözləriylə, başdan getdi oxularıyla
yanlış fikirlər yürüdürlər. Mən əsərlərimi
olduğu kimi, yazıçının ideyasını anlayan tənqidçiləri
çox sevirəm.
Elnarə Akimiova şablonlardan qaçan, ədəbi
tənqidə nəsə qatmağa can atan ədəbiyyatşünasdır.
Zəhmətkeş, məsuliyyətli tənqidçidir...
Hə, onun işlərinə daha bir məsuliyyət də
əlavə edilib. Yeni Azərbaycan Partiyasının VII
qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin
üzvü seçilmib. Elnarə Akimova 2024-cü il növbədənkənar
parlament seçkilərində 46 saylı Sumqayıt
beşinci seçki dairəsindən Yeni Azərbaycan
Partiyasının üzvü kimi seçkiyə
qatılıb. Qələbə qazanaraq Azərbaycan
Respublikasının Milli Məclisinin VII çağırış
deputatı seçilib.
Milli Məclisin "Elm və təhsil" komitəsi
və "Mədəniyyət" komitəsinin
üzvüdür.
Onun bir deputat kimi nə iş gördüyünü
soruşanda dedi:
- Seciçilərlə ünsiyyətdə olmaq mənə
zövq verir. Secicilərın bir probleminin həll
olunduğunu görəndə onlardan çox sevinirəm.
Doğrudur, mən bunu tək etmirəm. Müxtəlif
qurumlarla edirik. Və bu işıqlı missiyanı,
körpü olmaq missiyasını ləyaqətlə yerinə
yetirməyi canla-başla edirəm. Allahın verdiyi bu
ömür payında üzərimə düşən nə
varsa sədaqətlə, can yanğısıyla yerinə
yetirirəm. Heç nəyə başdan sovdu
yanaşmıram...
Mən də deyirəm ki, bir ləyaqətli evdən,
bir ev akademiyasından çıxan insandan ancaq bu sözləri
gözləmək olardı...
Vətən üçün, xalq üçün
heç nəyi əsirgəməyən bir Türk
qadını, bir Azərbaycan xanımı. Məhz belə
qadınlar, belə övladlar öz xalqının, öz Vətəninin
çiçəklənməsində böyük işlər
görə bilirlər. Sizinlə fəxr edirik,
uğurlarınız bitib-tükənməsin, Elnarə
xanım!
Ulduz QASIM
Yazıçı-publisist, Moskva
525-ci qəzet .- 2025.- 24 iyul(№128).- S.14.