Aşkara
çıxan gizlinlər
Xalq yazıçısı, akademik Kamal Abdullanın
"Gizli "Dədə Qorqud" - yeni mənalar
axtarışında" monoqrafiyası haqqında qeydlər
Xalq yazıçısı, akademik Kamal Abdulla zəngin
elmi araşdırmalarında olduğu kimi, dərin qatlara malik
bədii yaradıcılığında da heç vaxt səthiliyi
sevməyib, bədii əsərlərində bir qayda olaraq
akademik təhlillərə, ciddi arqumentlərə əsaslanıb.
Təsadüfi deyil ki, onun "Gizli "Dədə Qorqud"
- yeni mənalar axtarışında" monoqrafiyası da 35
illik akademik araşdırmaların möhtəşəm nəticəsidir.
Bu monoqrafiya "Kitabi-Dədə Qorqud" fəlsəfəsinin
daha əhatəli, daha düzgün dərk olunmasına bələdçilik
edir, müasir cəmiyyətimizin bu fəlsəfənin dərin
kökləri üzərində ucaldığını
göstərir. Bu əsər bir daha təsdiq edir ki,
keçmişin uğurlu yaşam fəlsəfəsinin
yüksək dəyərləri mütləq nəzərə
alınmalıdır. Otuz beş il bir əsər üzərində
işləmək alimdən, yazıçıdan böyük
səbr və iradə tələb edir. Nəticədə təqdim
olunan material yüksək mahiyyət çəkisinə malik
olur. Müəllifin özünün də
vurğuladığı kimi "...cəmiyyətin həyatında
gedən dərin inkişaf meyllərini dərk edən və
bu meyllərin genişlənməsi üçün bilavasitə
konkret fəaliyyət göstərən Dədə Qorqud
yalnız ozan, yalnız hadisələri birləşdirib
düzən şair, sənətkar deyil. Əlbəttə
deyil! Mif aləmi, mif təsəvvürləri ilə yeni
yaranmaqda olan Yazı mədəniyyəti arasındakı
oxşar və fərqli cəhətləri görən və
qaibdən dürlü xəbərlər söyləyən
Oğuz peyğəmbərinin bir çox Dastançı hərəkətləri
onun uzaqgörənliyini, müdrikliyini bir daha, bu dəfə
yeni "faktlar" əsasında təsdiq və tədbiri
caizsə "ifşa" edir".
O, haqlı olaraq gizli və sirr içində olan Dədə
Qorqud dünyasının bu gün də bizləri heyran etməkdən
yorulmadığını vurğulayır: "O bizə bu
gün də özümüzü daha yaxından
tanımağımız üçün yeni-yeni açarlar
verir. Sadəcə, bu açarları uyğun kilidlərə
salmaq lazımdır. Bir də o lazımdır ki, bu kilidlər
açılarkən, o bağlı qapıların
arxasında yatmış gözəl dəyərləri
toplayaraq bir yerə yığıb əsrlərin yuxusundan
oyadaq, onları bugünkü qürurumuza və təvazökarlığımıza,
bugünkü arzumuza və reallığımıza,
iddiamıza və imkanlarımıza düzgün surətdə
və düzgün tənasübdə əlavə edə bilək".
Əslində bu fikirlərlə müəllif oxucunu
xalqın uzaq keçmişinin zəngin adət və ənənələrindən
bəhrələnməyə dəvət edir.
"Söz mifoloji dünyada, konkret desək, "Dədə
Qorqud" məkanında adi dəyər deyil, Söz Mifin real
təzahürüdür" deyən müəllifin qənaətincə,
"Sözün kultu öz-özünə gətirib Mifin
kultuna çıxarmalıdır. Eyni zamanda Söz
bütövlükdə cəmiyyəti simvolizə edir. Cəmiyyət
də Söz kimi daxili bütövlüyə və
tamlığa malik olmalıdır..."
Kamal Abdulla qeyd edir ki, Mif öz yasaqları ilə
Oğuz aləminin üzvlərini "nə etmək
olmaz?" prinsipinə uyğun silahlandırmaq istəyir.
Müəllifə görə, Mifin yasaqlarını iki
böyük qrupa ayırmaq mümkündür. Bunlardan biri
hüquqi yasaqlar, digəri etik yasaqlar şəklində müəyyənləşdirilə
bilər. Dastanda izləri bu və ya digər şəkildə
qalmış hüquqi yasaqlar təxminən belə
sıralanır:
- Qan qohumluğunun qarşısını alan yasaqlar;
- Mifə, başqa sözlə, mövcud ənənəvi
qanun-qaydaya qarşı mübarizəyə imkan verməyən
yasaqlar;
- Cəmiyyət üzvünün öldürülməsi
yasağı;
- Tayfadaxili nifaq yasağı;
- Şəxsi mənafeyi cəmiyyət mənafeyindəın
üstün tutmaq yasağı;
- Mərkəzi hakimiyyətə qarşı üsyan
yasağı... və s.
14 əsrə yaxın keçmişdə qoyulmuş
bu yasaqların bir çoxu Qərbdə 2-3 əsr əvvəl
həyata keçirilməyə başlayıb. Əslində
bu məhdudiyyətlər əcdadlarımızın
yaratdıqları böyük mahiyyətin kiçik bir hissəsidir.
Təsadüfi deyil ki, bir müddət öncə
yaxın qan qohumlarının bir-biri ilə evlənmələrini
yasaq edən qanun qəbul olundu. Bu qanun xalqın sağlam nəslinin
formalaşmasını nəzərdə tutur ki, bunu da əcdadlarımız
"Dədə Qorqud" vasitəsi ilə bizə
çatdırmışdı. Yaxud da bizim bütöv xalq,
xalq-dövlət birliyimizin sayəsində 3 əsrlik ədalətsizliyə
son qoyulması "tayfadaxili nifaq yasağının" məna
yükünü göstərmirmi?
Müəllif "Dədə Qorqud" aysberqinin
görünməyən tərəfi ilə görünən
tərəfi arasında ciddi bir sədd durduğunu və Dədə
Qorqudun böyük sirrinin bu səddin yaratdığı təzadın
içində gizləndiyini deyir: "Nədən ibarətdir
bu sirr? Bu sualın cavabı Dastanın bir-birilə əlaqəli
və əlaqəsiz hissələrindən, ən dərin məzmun
qatlarında Dədə Qorqudun özünün iştirak
etdiyi və bəzən də iştirak etmədiyi nöqtələrdən
gəlir.
Bu sirlər kələfini ehtiyatla və hətta belə
deyək, ehtiramla açmaq lazımdır. Çünki Dədə
Qorqud kultu yatmış pələngi xatırladır. Onun
bütün mahiyyətinə işıq salıb diqqətlə
öyrənmək istəyi nə qədər xeyirxah və nəcib
bir istək olsa da, yuxudan ayıla biləcək pələngin
instinktlərini də unutmaq lazım deyil".
Keçmişin sirlərlə zəngin xəzinəsinə
akademik ehtiram yanaşması budur. Dastanın dərin qatlarına
daxil ola bilən, onun fəlsəfi tamlığına zərər
gətirmədən sirlərini açan, müasir
sivilizasiyanın anlaya biləcəyi şəkildə şərh
edən Kamal Abdullanın keçmişin dəyərli mənbəyinə
verdiyi yüksək qiymət budur.
Monoqrafiyada "Dədə Qorqud" dastanında demokratiya
və antidemokratiyanın mahiyyətinin məna
çalarlarının məntiqə söykənən şərhi
isə belə verilir: "Daha məqsədəuyğun və
həqiqətə uyğun olan odur ki, biz öz qədim
Dastanımızla bağlı, doğrudan da bəzən
açıq-aşkar və bəzən də gizli şəkildə
əksini tapan ədalət və ədalətsizlikdən
danışaq. Xalq hakimiyyətinin əsas funksiyası olan ədalət
prinsipi cəmiyyətin idarəolunma formasından asılı
olmadan da öz mövcudluğunu hifz etmə
bacarığına və ya çox zaman mövcudsuzluğu
ilə də özünə qarşı diqqət və
marağı çəkmək imkanına malikdir. Deməli,
"demokratiya" yox - məhz ədalət, "antidemokratiya
yox - məhz ədalətsizlik Oğuz cəmiyyətindəki
ictimai prosesləri obyektiv şəkildə, tarixi təkamül
dövrlərinə uyğun olaraq izləmək
üçün əsl açar ola bilər".
Müəllifin dastandakı vədlər və əməllər
şərhi də olduqca dəqiq və
düşündürücüdür. Müasir dilimizdəki
"kişi sözü"nün mahiyyəti bu şərhdə
öz təsdiqini belə tapır: "Vəd verilmişdirsə,
bu o deməkdir ki, Söz artıq deyilmişdi. Sözə
xilaf çıxmaq, onunla oynamaq isə Dastanda yasaqdır. Belə
hərəkət edənlər cəzasız qalmır. Cəza
mətn daxilində verilir və onun böyük təsir dairəsi,
başqalarına örnək olma pretenziyası var...
...Hökmən qeyd etmək lazımdır ki, vəd
Oğuz içi bir adama, özü də sədaqət rəmzi
kimi çıxış edən bir adama veriləndə əməl
də yerinə yetirilir. Salur Qazan onunla bir yerdə düşmən
üstünə gedən Qaraca Çobana vəd verir:
"Allah mənim evimi qurtaracaq olarsa, səni əmiraxur eliyəyin".
Deyir və boyun sonunda vədinə əməl edir".
Müəllif bu təhlili ilə müasir insanları
"sözünün ağası olmağa", vədə
xilaf çıxmamağa çağırır:
Bacarmadığın heç nəyi vəd vermə, vəd
verdinsə əməl et, sözünün ağası ol. Vəd
və əməl uyğunluğu şəxsiyyətin dəyər
ölçüsünü müəyyənləşdirir.
Monoqrafiyada "utanc" məqamının
Dastanın dərin və gizli qatlarına enmək
üçün geniş imkanlar verdiyi qeyd olunur. Müəllifin
qənaətincə, o dərin qatlarda verilmiş
"utanc" məqamları ilə indiki "utanc"
anlayışı arasında ciddi fərqlər mövcuddur.
Sivilizasiyanın müasir dövründə "utanc"
mahiyyətinin çoxşaxəli çalarları var və
onların keçmişlə uzlaşmayan məqamlarının
şərhində olduqca ehtiyatlı olmaq lazımdır:
"...Mifsiz dünya nələr itirdiyini birdən-birə
anlamadı. Dədə Qorqud aləminin
bütövlüyü və sahmanı, ləyaqəti və
gözəlliyi, saflığı və təmizliyi qədim
yunan aləmində olduğu kimi birdən-birə qeybə
çəkildi. Bu aləmin bütövlüyü və
sahmanı qırıldı. Sonrakı insan nəsilləri
beyinlərində o dünyadan çox az şey saxladılar.
O qədim dünya ilə bizim dünyamız arasında
semantik bir boşluq yarandı...
...Hanı Dədə Qorqud dediyi Oğuz zadəganları,
bəy ərənlər, dünya mənim deyənlər?!
"Gəlimli-gedimli dünya onları nə tez unutdu?!"
Və sonra Dədə Qorqud obrazının cəmiyyət
üçün nə qədər dəyərli olduğuna
toxunulur: "Qədim cəmiyyətlərdə insanların
içindən onların işinə qiymət verib bu işi
təşviq edən adamlar çıxırdı. Bu adamlar
eyni zamanda gənc nəslin tərbiyəsi ilə məşğul
olurdu. Onlar gənclərə həyat dərsi verirdilər.
Bir növ, cəmiyyətin müəllimi kimi özlərini
göstərirdilər. Məsələn, deyə bilərik
ki, Dastanın Müqəddiməsi, əslində, Dədə
Qorqudun oğuz cəmiyyətinə verdiyi həyat dərsləridir.
Dədə Qorqud eyni zamanda oğuz cəmiyyətinin mənəvi
lideri, kahini, şamanı idi. Bu isə o demək idi ki, cəmiyyətin
tapındığı totemlərlə əlaqə məhz
onun vasitəsilə həyata keçirilirdi. Gənclərin
dünyaya baxışını o formalaşdırır,
Qalın Oğuz daxilində münaqişələri o həll
edirdi. Sözünün təsirli və sirli olması
üçün o bu funksiyalarını çox zaman sazın
müşayiəti ilə həyata keçirirdi. Saz
yavaş-yavaş onun əsas hakimiyyət orqanına - sehirli
vasitəyə çevrilirdi. Şaman ozana dönürdü.
Ozan Dədə Qorqud artıq Dastanın yaradıcısı
olmaq missiyasını da öz üzərinə
götürmüş sayıla bilər. Buradan isə Şair
olmaq funksiyasına artıq bir addım qaldı deyə bilərik.
Şaman-mənəvi başçı öz
funksiyasını mağara içində verdiyi dərslər
vasitəsilə həyata keçirir. Daha sonrakı məqam -
ozan olmaq, müəllif olmaq məqamıdır. Dədə
Qorqud, Dastandan görürük ki, hər üç
missiyanı yerinə yetirir. O həm şamandır, adət-ənənəni
qoruyan ritualları həyata keçirən mənəvi
başçıdır. O həm də müəllimdir. Və
oğuzlara Dastan boyu həyat dərsi verir. Dədə Qorqud həm
də müəllifdir - Dastanın yaradıcısı, eyni
zamanda qoruyucusudur, nəsildən nəsilə ötürəndir".
Müəllifin Dədə Qorqud şəxsiyyətinə
verdiyi böyük dəyər əslində cəmiyyətə
"yumşaldılmış" mesajdır. Bu mesajın
mahiyyətində o durur ki, istənilən dövr
üçün mənəvi liderin, həyat dərsi verə
bilən müəllimin olması vacibdir. Belə olmadıqda cəmiyyət
öz dəyərli keçmişindən ayrı
düşür, unutqan olur, müqəddəs sayıla bilən
adət-ənənələri itirir, vətənə, xalqa
sevgi azalır, bəzən də tamam yox olur.
1969-cu ildən başlayan Ulu öndər liderliyi,
2003-cü ildən başlayan İlham Əliyev liderliyi ilə
dövlətimizin və xalqımızın bənzərsiz
uğurlara imza atması mənəvi liderin, həyat dərsi
verən öndərin nə qədər önəmli
olduğunu göstərir. Dövlətimizin tam suverenlik
qazanması məhz ali liderlik keyfiyyətlərinə malik iki
müdrik insanın uğurlu siyasətinin nəticəsidir.
Monoqrafiyada ən önəmli nüanslardan biri də
odur ki. Kamal Abdulla hər zamankı kimi sadəliyində
qalır, "bütün sirləri açdım" demir, gələcək
tədqiqatçılara çağırış edir:
"Və nəhayət! Biz öz sözümüzü
dedik, bizdən əvvəl və bizdən sonra deyənlərə
salam olsun!"
Bu qeydlərin sonunda isə mənim seimli Xalq
yazıçımıza - xalqını və türk
dünyasını ürəkdən sevən, şərəf
tariximizin çoxçalarlı sirlərinin
açılmasında əvəzsiz xidmətlər göstərən
hörmətli akademikimizdən bir ricam var:
Çox hörmətli Kamal müəllim! Bu xalq
üçün, türk dünyası üçün, bəşəriyyət
üçün yazıb-yaratmaqda davam edin! Ziyalı
sözünün mahiyyət təcəssümü olan
müdrikliyinizlə insanlığa bundan sonra da töhfələr
verin, nəsillərin yolunu nurlandırın! Allah Sizi qorusun!
Vaqif ABBASOV
Akademik
525-ci qəzet .- 2025.- 24 iyul(№128).- S.10.