İşığa çevrilən söz - "Əkinçi"

 

Esse

 

İyulun 22-də milli mətbuatımız yaranmasının 150-ci ildönümünü qeyd etdi. Ötən dövr ərzində keçdiyi tarixi yolda zilləti çox oldu, ancaq milləti zamanla ayaqlaşmağa doğru irəli dartan gücü tükənsə də, ümidi üzülmədi, səbri tükənmədi. Onun hər dirənişində minilliklərdən boylanan söz yaddaşımız təzələndi, zehnimizdəki buxovlar qırıq-qırıq oldu. Təəssüflər olsun ki, gələcəyə doğru işıq sürəti ilə getmək istəyimizin qarşısını bəzən "Oxutmuram, əl çəkin"lər də kəsdi.

Dözdü, sözümüz. Əlində kitab gördüyü uşağın, gəncin məhz söz adlı zirehi geyindikdən, söz adlı səngərə sığındıqdan sonra onun çəkdiklərini çəkməyəcəyinə, onun dözdüklərinə dözməyəcəyinə, üsyankar, azad bir ruhla yetişəcəyinə əmin olan Həsən bəy Zərdabilərin maarifçilik missiyası  günümüzə qədər o əzmlə davam etdi.

Ötən əsrdə söz sahibi ola bilməyəcəyini anlayan imperiya zəncirlədiyi xalqların azadlığının başbuğu olan SÖZÜN önünü kəsməyə cəhd etsə də, o, müqəddəs yaradılmış insanları yumruq kimi birləşdirib azadlıq bəxş etdi. İmperiyanın süqutu ilə bir daha sübut olundu ki, hürr söz azad, demokratik cəmiyyətin məhsuludur. Onu yetişdirmək üçün illərin xış ağzı nəsillərin yaddaşının altını üstünə çevirməlidir. Necə ki, biz bunu gördük, şahidlik etdik. Yaddaşın təzələnməsi gözəldir, ancaq keçmişi unutmamaq şərti ilə...

Vətən müharibəsindən sonra ünümüz kimi, sözümüz də dünyanı tutdu. Bu gün sözümüzün aşmadığı sərhəd yoxdur. Və bizimlə ona görə hesablaşırlar ki, heç bir kimsənin qarşısında bizi aciz duruma salmayan haqq sözün sahibiyik. Bütün yalanların üstündən bircə sözlə xətt çəkmək olar. Çəkdik də. "Qarabağ Azərbaycandır", - dedik və etdik. İndi bütün dünya bunu deyir. Suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda 30 il boyunca mübarizə apardıq. Nəticə olmayanda isə sözümüzü bir yerə qoyub, dəmir yumruğumuzu düşmənin başına endirdik. Verdiyimiz sözü isə altındakı imzamız daha möhtəşəm edir. Məsələn, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu sözü kimi: "Qarabağ Azərbaycandır! Nida!"...

Uzun illər xidmətində durduğum sözün qoruqçusuna çevrilən, yaşı əsri haqlayan "Polis" qəzetinin də mətbuatımızın bu xoş günündə deməyə sözü var. Səhifələrində Azərbaycan Polisinin ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə fədakar xidmətini dünən olduğu kimi, bu gün də işıqlandıran bu qəzet indi həm abunə yolu ilə yayılır, həm də müasirliyin ona verdiyi imkanlardan yararlanır.

Müharibənin odundan-alovundan çıxmış gənclərə, həmçinin xidmətdə uğur əldə edən həmkarlarımıza geniş yer ayırırıq. Dünəni - veteranlarımızı da unutmuruq.

"Unutmadıq"larımızın sırasında bizim "Əsgər"imiz də var. 1992-ci ildən bu yana sığındığı səngərin mübariz keşiyindədir. Bu qəzet İkinci Qarabağ savaşında da səngərlərdə əl-əl gəzdi, neçə-neçə gəncin ruhuna qol-qanad verdi. Otuz illik həsrətə son qoyan 44 günlük müharibənin qələbə xəbərini manşetinə çıxardı.

Bu gün harada, hansı sahədə inkişaf, tərəqqi varsa, oradan "Əkinçi" boylanır. Uğurlarımız sözlə tarixə yazılır, arzularımız hədəfimizə çevrilir. Ən əsası, "Əkinçi"nin davamçılarının rifah halı günü-gündən yaxşılaşır, onlar dövlətimizin ali diqqət və qayğısı ilə əhatə olunurlar. Hətta sağlamlıqları ilə sınağa çəkilənlər sağlamlıqlarına qovuşması üçün ən böyük dəstəyi də sözün, jurnalistlərin dostu cənab Prezidentdən görürlər. Odur ki, bizlərin - qələmə, sözə söykək ömür yaşayanların əsas amalı sabiranə yazmaq, torpağımızın sahibi kimi, sözümüzün də sahibi olmağımızı dünyanın ən ali kürsülərindən səsləndirməkdir.

 

Hafiz TƏMİROV

Polis polkovniki

525-ci qəzet .- 2025.- 24 iyul(№128).- S.8.