Akademik Zərifə Əliyevanın
irsi ingilis dilində
Azərbaycan oftalmologiya elmi məktəbinin
yaradıcısı, akademik Zərifə Əliyevanın təbabət
elminə gətirdiyi yeniliklər, uğurla tətbiq etdiyi
innovativ müalicə üsulları, irəli
sürdüyü elmi ideyalar bu görkəmli elm xadiminin
sağlığında ölkəmizdə olduğu kimi, Vətənimizin
hüdudlarından kənarda da böyük əks-səda
doğurmuşdur. Görmə orqanının peşə
patologiyası sahəsində apardığı tədqiqatlar
akademik Zərifə xanım Əliyevanı beynəlxalq aləmdə
görmə orqanı üzrə yeni elmi istiqamət açan
novator alim kimi tanıtmışdır. 1977-ci ildə
Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin
plenumunun akademik Zərifə Əliyevanın təşəbbüsü
və rəhbərliyi ilə Bakıda keçirilməsi Azərbaycan
aliminin elmi ideyalarının təbabət elmində
böyük əks-səda doğurduğunu əyani şəkildə
nümayiş etdirir.
Müxtəlif ölkələri təmsil edən
görkəmli elm xadimlərinin Zərifə xanım
Əliyevanın elmi tədqiqatları haqqındakı yüksək
fikirlərini bəyan etmələri onun dünya oftalmoloqları
cəmiyyəsində qəbul olunan tanınmış alim-həkim
olduğunu göstərir. Nəhayət, 1983-cü ildə
akademik Zərifə Əliyevanın Sovetlər
İttifaqında oftalmologiya üzrə görkəmli alimlər
- akademik Larisa Konstantinovna Moşetova və tibb elmləri
doktoru, professor Nina Borisovna Şupina ilə birlikdə ərsəyə
gətirdikləri "Oftalmologiyanın aktual problemləri"
monoqrafiyasının rus dilində nəşr olunması və
geniş elmi dairələrdə rəğbətlə
qarşılanması da Azərbaycan elm xadiminin oftalmologiya sahəsində
yerini və mövqeyini təsəvvür etməyə imkan
yaradır. Xüsusən, oftalmologiya elminin inkişafında
mühüm xidmətləri olan Sosialist Əməyi Qəhrəmanı,
akademik Nina Puçkovskayanın rəyi ilə nəşr
olunmuş bu monoqrafiyaya təkcə keçmiş SSRİ-də
yox, Avropa və Asiya təbabət məkanında da ciddi maraq
göstərilməsi və əsərin yüksək dəyərləndirilməsi
Zərifə Əliyevanın irsinin daha geniş dairədə
yayılmasına olan real tələbatı meydana qoymuşdur.
Bütün bunlar nəzərə alınaraq, Azərbaycan
Milli Elmlər Akademiyasının akademik Zərifə
Əliyevanın anadan olmasının 100 illiyinin qeyd
olunmasına dair tədbirlər planına əsasən digər
məsələlərlə yanaşı, görkəmli Azərbaycan
oftalmoloqunun xidmətlərinin beynəlxalq aləmdə
müstəqillik idealları işığında
tanıdılması və əsərlərinin ingilis dilinə
tərcümə edilərək nəşr edilməsi istiqamətində
də mühüm addımlar atılmışdır.
Əlamətdardır ki, AMEA Biologiya və Tibb Elmləri
Bölməsinin ingilis dilində nəşr olunan "Həyat
elmləri və biotibb" jurnalının 2023-cü ildəki
2-ci sayı akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin
əsas istiqamətlərinə həsr edilmişdir.
Jurnalın həmin sayı ölkəmizdən kənarda da
yayılmış, müxtəlif nüfuzlu xarici elmi təşkilatların
ünvanına göndərilmişdir. Qeyd edilən nəşrin
doğurduğu rəylərdə akademik Zərifə
Əliyevanın elmi irsinin ingilis dilində səsləndirilməsinə
olan maraq və ehtiyac bir daha diqqət mərkəzinə
çəkilmişdir.
Beləliklə, Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti vaxtilə akademik Zərifə
Əliyevanın akademik Larisa Konstantinovna Moşetova və Nina
Borisovna Şulpina ilə birlikdə çap etdirdikləri
"Oftalmologiyanın aktual problemləri"
monoqrafiyasının ingilis dilinə tərcümə edilməsini
zəruri hesab edərək, 2023-2025-ci illərdə bu istiqamətdə
məqsədyönlü iş aparmışdır. Professional
səviyyədə tərcümə və redaktə edilən
qiymətli monoqrafiya 2025-ci ildə ingilis dilində
akademiyanın "Elm" nəşriyyatında işıq
üzü görmüşdür. Kitabın elmi
redaktorları AMEA-nın vitse-prezidenti, akademik İradə
Hüseynova və akademik Zərifə Əliyeva adına Azərbaycan
Milli Oftalmologiya Mərkəzinin direktoru, müxbir üzv Elmar
Qasımov nəşrin yüksək elmi-texniki və nümunəvi
poliqrafik səviyyədə çap olunması
üçün zəruri elmi və təşkilati tədbirləri
həyata keçirmişlər. Nəticədə Zərifə
Əliyevanın həmmüəllif olduğu kollektiv
monoqrafiya elmi ictimaiyyətə təqdim olunmuşdur.
Oftalmologiya elminin ən aktual problemlərinə həsr
edilmiş əsərdə görmə orqanının
patologiyası, diaqnostikası və müalicəsi ilə əlaqədar
aparılmış araşdırmaların mühüm nəticələri
yer almışdır. İlk nəşrdə olduğu kimi,
akademik Zərifə Əliyevanın yazdığı "Həkimlərin
mənəvi tərbiyəsi, tibbi etika və əxlaqın
dientoloji məsələləri" adlı bölmə ilə
açılan monoqrafiyada gözün biomikroskopiyasına dair
bəhslər professor Nina Şulpinanın, görmə
orqanının zədələnməsi haqqındakı tədqiqatlar
akademik Larisa Moşetovanın araşdırmaları ilə təqdim
olunur. Beş bölmədən ibarət olan
"Oftalmologiyanın aktual problemləri" monoqrafiyasında
digər fəsillərdə də oftalmoloq həmkarları ilə
həmmüəllif kimi çıxış edən Zərifə
Əliyeva xüsusi elmi yeniliyə malik olan şin və yod
istehsalı müəssisələrində göz xəstəliklərinin
baş vermə səbəbləri, laborator analizləri,
diaqnostika və müalicə metodlarına həsr edilmiş
bölmələrin əsas müəllifidir. İstehsalat
proseslərində göz xəstəliklərinin müalicəsinin
elmi əsaslarından ibarət olan nəzəriyyə akademik
Zərifə Əliyevanın adı ilə bağlı olan
mükəmməl elmi-təcrübi təlimdir. Vaxtilə rus
dili vasitəsilə əsasən keçmiş SSRİ-də
yayılan Zərifə Əliyevanın bu təlimi yaxın və
uzaq xaricdə özünəməxsus əks-səda
doğursa da, ilk dəfə indi, 2025-ci ildə tam halda beynəlxalq
tibb ictimaiyyətinə, dünya oftalmoloqlarına təqdim
olunur. Monoqrafiyanın bu nəşrinə Rusiya Fasiləsiz
Peşəkarlıq Təhsili Tibb Akademiyasının prezidenti
akademik Larisa Moşetovanın müəlliflər adından
yazdığı ön sözdə kitabın müasir
dövrdə də oftalmoloqlar üçün gərəkli
və faydalı olmasını göstərməsi ilə bərabər,
akademik Zərifə Əliyevanın peşə xəstəliklərinə
həsr olunmuş tədqiqatlarının elmi yeniliyi və
mühüm əhəmiyyəti xüsusi olaraq yüksək
ehtiramla qeyd edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası akademik Zərifə
Əziz qızı Əliyeva, akademik Larisa Konstantinovna
Moşetova və professor Nina Borisovna Şulpinanın
"Oftalmologiyanın aktual problemləri"
monoqrafiyasını ingilis dilində nəşr etməklə
göz xəstəliklərinə dair müasir dövrdə də
elmi cəhətdən əhəmiyyətli və aktual olan tədqiqatların
beynəlxalq tibb ictimaiyyətinə təqdim olunmasını
təmin etmişdir. Hesab edirik ki, bu nəşr eyni zamanda Azərbaycan
oftalmologiya elminin nailiyyətlərinin, beynəlxalq aləmə
akademik Zərifə Əliyevanın elmi təliminin
çatdırılması və tanıdılması
baxımından da əhəmiyyətlidir. İnanırıq
ki, yeni tarixi inkişaf yolunda olan ölkəmizin xarici dillərdə
təhsil almış həkim oftalmoloqları, həmçinin
dünyanın aparıcı tibb universitetlərinin müvafiq
ixtisaslı tələbələri də bu qiymətli əsərdən
böyük effektivliklə yararlanacaqlar. Bütün bunlar
görkəmli elm xadimi akademik Zərifə Əliyevanın zəngin
və qiymətli elmi irsinin ədəbiyaşarlığını,
yeni tarixi dövrdə müstəqil dövlətçiliyimizdə
tibb elminin inkişafına xidmət etdiyini göstərir.
20 iyul 2025-ci il
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik
525-ci qəzet .- 2025.- 24 iyul(№128).- S.8.