Böyük Qayıdış üzrə quruculuq işlərinin əhatə dairəsi sürətlə genişlənir

 

Füzuli şəhərində növbəti iki yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Füzuli şəhərində ilk yaşayış kompleksində hazırda 850 ailə yaşayır. Növbəti iki yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşmaq üzrədir və hazırda dövlət ekspertiza mərhələsindədir. Sentyabr-oktyabr aylarında dövlət satınalmalar proseduru çərçivəsində tenderə çıxarılması gözlənilir: "Bunun da nəticəsində biz ilin sonuna qədər Füzuli şəhərində növbəti yaşayış kompleksinin tikintisinə başlayacağıq".

Emin Hüseynov qeyd edib ki, Azərbaycan dövləti heç bir xarici maliyyə yardımı olmadan öz gücünə arxalanıb işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi layihələrin dünyada analoqu yoxdur: "Ağdam və Füzuli rayonları sovet dövründən bölgənin iqtisadi fəallığı baxımından həm əhalinin sıx məskunlaşdığı, həm də regionda inkişafı etmiş bir mərkəzlər formasında fəaliyyət göstəriblər. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi beş məntiqi mərhələ üzrə həyata keçirilir. Bunlardan ən vacibi və birincisi baş planların hazırlanmasıdır. Azərbaycan dövləti heç bir xarici maliyyə yardımı olmadan öz gücünə arxalanıb həyata keçirdiyi bu layihələrin dünyada analoqu yoxdur. Bu addımlarla Azərbaycan unikal bir təcrübə qazanıb. Bu proseslərin necə baş verməsi Azərbaycanda var".

Qeyd edək ki, vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək, viran qoyulub. Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa müddətdə Füzuli şəhərinin Baş Planı hazırlanıb, Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və 2021-ci ildə ictimaiyyətə təqdim edilib. Böyük nəqliyyat-logistika potensialına malik olan Füzuli Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Füzuli şəhərinin ümumi sahəsi təxminən 1942 hektardır. Baş plana əsasən, 2040-cı ilə qədər şəhərdə 50 min nəfərin yaşaması nəzərdə tutulur.

Füzulidə İşğal və Zəfər muzeylərini əhatə edəcək Füzuli Memorial Kompleksi yaradılacaq, Kurmanqazı adına Yaradıcılıq Mərkəzi inşa olunub, şəhər xəstəxanası tikilir, Şəhər Parkı salınacaq, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllıq işləri həyata keçiriləcək. Baş plana əsasən, uşaq bağçaları və məktəblər kimi sosial infrastruktur obyektləri müvafiq olaraq 300 və 500 metrlik məsafədə yerləşəcək.

Görüləcək işlər nəticəsində müasir standartlara və memarlıq özəlliklərinə uyğun inşa olunacaq Füzuli şəhəri azad edilmiş ərazilərdə iri şəhərlərdən birinə çevriləcək. Burada "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq. Füzuli şəhərinin 12 hektardan çox olan ərazini əhatə edəcək inzibati mərkəzi isə 3 hissəyə bölünəcək.

Millət vəkili Cavanşir Feyziyev deyir ki, Füzulidə, eləcə də digər şəhər və kəndlərimizdə həyata keçirilən layihələrin dünya miqyasında şəhərsalma prinsiplərinin ən yeni standartları əsasında hazırlanıb: "Füzuli şəhəri azad olunan zaman bütün dünya erməni vandalizminin bariz nümunəsi ilə üzləşdi. Şəhər viran edilmiş və bir dənə də salamat bina qalmamışdı. Qısa müddət ərzində görülən işlər nəticəsində hazırda orada yüzlərlə insan məskunlaşıb. Bərpa olunan ərazilərimizdə yaşayış üçün ən gözəl şərait yaradıldığını qeyd edən Prezident bəyan etdi ki, 2026-cı ilin sonunadək bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Ölkə başçısı bildirib ki, bütün layihələri icra edərkən, həmin ərazilərə qayıdan əhalinin məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Şəhər və kənd əhalisi üçün müvafiq məşğulluq layihələri həyata keçiriləcək. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin lazımi texnika və avadanlıqlarla, güzəştli kreditlərlə təmin olunması məsələsi həll edilir. Bərpa olunmuş ərazilərə köçmüş vətəndaşların özünüməşğulluq proqramları bütövlükdə regionda hamının işlə təmin olunmasına şərait yaradır.  Nəzərdə tutulan bütün layihələrin həyata keçirilməsi bütövlükdə Qarabağ və Şərqi Zəngəzur rayonlarının iqtisadi potensialının ümumi iqtisadi dövriyyəyə cəlb olunmasına şərait yaradacaq".

Millət vəkili Naqif Həmzəyevin dediyinə görə, Qarabağa qayıdış konsepsiyasının həyata keçirilməsi ilə əlaqədar bütün dövlət qurumları müəyyən öhdəliklər götürüb: "Aidiyyəti qurumlar da bu şərəfli missiyanı yerinə yetirmək üçün Prezidentin birbaşa nəzarəti altında mərhələli şəkildə bu işi təşkil etdi. Biz işğaldan azad olunmuş bir çox ərazilərə keçmiş məcburi köçkünlərin geri dönüşünün şahidi olmuşuq. Bu gün də köç prosesi uğurla davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə həmin ərazilərdə görüşür. Eyni zamanda, yaşayış üçün istifadə olunan bir çox kəndlər və rayon mərkəzləri var ki, oraya da mərhələli şəkildə məcburi köçkünlər qayıdır. Ən qısa zamanda bu proses yekunlaşacaq".

Millət vəkili bildirib ki, yalnız məcburi köçkünlərin dədə-baba yurdlarına qayıdış məsələsi öz həllini tapmır, eyni zamanda onların məşğulluq məsələləri də gündəmdədir: "Həmin vətəndaşların icma fəaliyyətinin təşkili ilə əlaqədar qeyri-hökumət təşkilatları və aidiyyəti qurumlar tərəfindən layihələr həyata keçirilir. Ərazilərə adaptasiya prosesləri mütəmadi olaraq araşdırılır. Daimi yaşayışın təmin edilməsi və insanların ərazilərə uyğunlaşması üçün xüsusi işlər görülür. Unutmamalıyıq ki, vaxtilə həmin ərazilərdən çıxan məcburi köçkünlərin əksəriyyəti gənc idilərsə, indi yaşlanıblar. O insanların övladlarının çoxu Qarabağ bölgəsində olmayıblar. Oraya köçən insanların daha faydalı olmaları üçün xüsusi layihələr həyata keçirilir, ərazilərin potensialına uyğun yeni ixtisaslara yiyələnilməsi məsələləri öz həllini tapır. Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə əlaqədar qarşımıza qoyduğumuz bütün məqsədləri mərhələli şəkildə həyata keçirir".

Millət vəkili Elçin Mirzəbəyli bildirib ki, işğaldan azad edilən Azərbaycan ərazilərinə qayıdış dövlətin prioritet hesab etdiyi vəzifələrdəndir: "İşğaldan azad etdiyimiz torpaqlarımıza, Qarabağa, Şərqi Zəngəzura qayıdışla bağlı tam təsəvvürə malik olmaq üçün isə qənaətimə görə, bu ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin miqyasına nəzər salmaq yetərlidir. Həm də nəzərə almaq lazımdır ki, bu ərazilərdə həyata keçirilən layihələrin prioritetlərindən biri və bəlkə də birincisi, bu torpaqlarda azərbaycanlıların əbədiyyətə qədər təhlükəsiz və firavan yaşamaları üçündür. Bu baxımdan, həyata keçirilən hər bir layihə özündə bir neçə komponenti birləşdirir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun dediyinə görə, Azərbaycanın yaratdığı reallıq fonunda Qarabağın və Şərqi Zəngəzurun bərpası önümüzdə duran məsələlərdəndir: "Artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz yurduna qayıdıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində işləyir. 2025-ci ilin hədəfləri sırasında isə Qarabağa və Şərqi Zəngəzura  qayıdacaq vətəndaşların sayının daha da artırılmasıdır. Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış Proqramının icra edilməsi  prioritet məsələ olacaq".

Millət vəkili Tahir Rzayev qeyd edib ki, Qarabağda aparılan yenidənqurma, quruculuq işlərinin əhatə dairəsi gündən-günə genişləndirilir: "Hazırda Böyük Qayıdış planına uyğun olaraq yolların tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, Beynəlxalq Hava Limanlarının inşası, yeni elektrik stansiyalarının istifadəyə verilməsi, ağıllı kəndlərin qurulması prosesi sürətlə gedir. Bu isə onu deməyə əsas verir ki, keçmiş məcburi köçkünlər tez biz zamanda, nəzərdə tutulduğundan əvvəl öz ata-baba yurdlarına qayıda biləcəklər. Artıq Qarabağın, eləcə də Şərqi Zəngəzurun bərpası ilə bağlı çoxsaylı yaddaqalan layihələrə imza atılıb".

Millət vəkili vurğulayıb ki, Azərbaycan hökuməti öz ata-baba yurdlarına qayıdacaq insanların məşğulluq məsələsinə həssaslıqla yanaşır: "Bu gün Azərbaycanın suveren ərazisi rəşadətli ordumuz tərəfindən yüksək səviyyədə qorunmaqdadır. Bu da təbii ki, köçürüləcək insanların təhlükəsi ilə bağlı olan narahatlıqları aradan qaldırır. Digər tərəfdən köçürüləcək insanlarla bağlı dövlət tərəfindən proqram qəbul edilib. Həmin proqrama əsasən, iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən aqrar sahə inkişaf etdiriləcək. Bununla bağlı artıq yeni, ilkin mərhələdə olan işlər görülüb. Yəni azad olunan ərazilərdə həm kənd təsərrüfatının, həm sənayenin, həm turizmin inkişafı, eyni zamanda, aqroparkların salınması ilə bağlı ciddi işlər görülür. Bütün bunlar keçmiş məcburi köçkünlərin həm məşğuliyyət problemini həll edəcək".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2025.- 25 iyul(№129).- S.15.