Bir həyat hekayəti
(Əvvəli ötən cümə sayımızda)
İlğım
Uşaq anasının cavab verməməsindən pərt
olmadı. Kol-kosdan cızılmış, bir neçə yerdən
yara tökən ayaqlarını taxta pilləkənin
qarşısında qoyulmuş balaca vannaya saldı. Tələsik
əyilib, guya ayaqlarını yuyurmuş kimi əlini
görünür, çoxdan dəyişdirilmədiyinə
görə lillənmiş suda isladıb bir neçə dəfə
dizlərindən aşağı çəkdi. Sonra islaq əllərini nimdaş,
çirkli donuna sürtdü. Əvvəl pilləkəndə,
sonra eyvanın döşəməsində ləpir sala-sala
anasına yaxınlaşdı. Əyilib qabdakı pomidorlardan
birini götürdü və onu ağzına aparıb
dişləməzdən əvvəl bir də, amma bu dəfə
bir az saymazyana dedi:
- Mama, mənə gilas vermədilər...
Başına dəyən şapalaq son dərəcə
gözlənilməz oldu. Uşaq ilan çalan kimi diksinib
içini çəkdi:
- Ay Allah, dilim!.. - Hələ dişləməyə
macal tapmadığı pomidoru yerə atıb hər iki əli
ilə ağzını qamarladı. Qəfil zərbədən
dişlədiyi dilini çölə çıxarıb inildədi:
- Ay Allah, öldüm... Ay mama!
- Sənə deməmişdim get, arxadan su gətir?!
Demişdim, deməmişdim?! Gözünün qarasını
sıxma mənə!
- Gətirəcəkdim də... - uşaq inildəməyinə
ara verib, handan-hana dilləndi. - Qoydular ki! Vedrəni
götürüb apardılar ki, gilas yığacağıq.
- Kim apardı, hara apardı, ay itin qarnından
çıxan?!
- Fəhiynən Sahib da. Dedilər, gilas
yığacağıq.
- Görüm Fərhad zəlil olsun! Görüm onun
qarnına şiş batsın! Adamdır o? Deməli, yenə
heyvanı atıb gəlib qarın otarır! - Qadın
danışığına ara verdi, sonra başını
yüngülcə qaldırıb az qala var səsi ilə
qışqırdı:
- Fərhad, ay Fərhad!..
Oğlunun gəlib arxa tərəfdən eyvana dirsəkləndiyindən
xəbəri yox idi deyə, gəlin üzünü həyətin
aşağı başına tutmuşdu.
Anasının iki addımlığında
dayandığı halda adının bu qədər
hündürdən və qəzəblə səslənməsi
uşağı qətiyyən hürkütmədi, heç nə
olmamış kimi sakitcə, hətta bir az kişi ədası
ilə dedi:
- Az, burdayam, qışqırıb boğasını
yorma.
Anasını çevrilib əlindəki pomidoru
oğluna tərəf vızıldatmaqdan allah bilir, nə
saxladı.
- Ə, hanı qoyunlar? Harda qoyub gəlmisən, ay zəlil
olmamış?
Ötən il onların quruqlarından yağ daman
üç qoyunu bir dəqiqənin içindəcə
ilim-ilim itmişdi, heç qığını da
gördüm deyən olmamışdı. Kənddə
günü düşdükləri adam yox idi, bilmirdilər kimdən şübhələnsinlər.
3-4 yerdə kitab açdırdılar, bir şey
çıxmadı. O vaxtdan bəri səksəkədə
idilər, qorxurdular ki, kəndə tülüngü
dadanmış ola, girəvələyib bir-bir camaatın
heyvanlarının axırına çıxa.
- Qoyunlar söyüdlükdə bala-bala
yatışırlar. Bu istidə də qoyun otlayar? Bir də mənim
üstümə niyə qışqırırsan ki?
Bugünkü novbat kimindir, onun da üstünə
qışqır da.
- Kimin novbatıdır ki, bu gün?
- Onu sevimli oğlun Sahibdən soruş...
Kənd sakinlərinin qoyunlarını hər gün
qoyun sahiblərindən biri otarırdı. On beş gündən
bir onların növbəsi idi - ayın ortasında Fərhad,
axırında isə Sahib gedirdi novbata. Bu gün ayın
axırı idi, amma dünən axşam iki qardaş öz
aralarında xısınlaşıb belə qarara gəlmişdilər
ki, sabahkı novbatı da Fərhad yola versin. Hansı şərtlə
bunu eləmişdilər, yalnız özləri bilirdilər.
Bayaqdan eyvanın o biri başında eyni ilə
qardaşı kimi dirsəklərinə dayaqlanıb baş verənləri
kirimişcə izləyən Sahib adını eşidən
kimi qıpqırmızı qızardı, hiss elədi ki bayaq
qardaşını zəhərlənməsinin,
sancmasının haqqını verəcək. Fərhadın
ürəyini yumşaltmaq üçün qollarını havada oynadıb
him-cimlə qardaşını çağırdı, sonra
sol əlini dodaqlarına aparıb sağ əli ilə
hulqumunun altından yapışıb boğaz çəkdi
ki, sən mənim canım, sus. Amma iş işdən
keçmişdi. Fərhad əlinə düşən
fürsəti buraxmaq fikrində deyildi. Tələsmək lazım idi.
- Nə var, yenə nə
Sahib, Sahib salmısan? - yenə də yetkin xoruz rolunu oynamaq istəyən
beçə görkəmi, yenə də həmin kal səs.
- Nə olacaq? Sənin
yerinə qoyun güdürəm, axırda da üzüm
danlanır, - Fərhad dedi. - Ala bir manatını, get
qoyunları özün otar - bunları deyib ciblərini eşələməyə
başladı.
Fərhad deyəsən, baltanı lap dibindən
vurmuşdu. Dünən Şuru kişinin gəlini dörd
manat göndərmişdi ki, Sahib atasının və
anasının ruhuna bir Yasin oxusun.
Sahib da o pulu aparıb paltar şkafında paltosunun cibinə
qoymaq əvəzinə iki manatıni Fərhada verib növbəsini
ona satmışdı.
Fərhad sidq ürəkdən istəyirdi ki, anası
Sahibə çımxırsın, bir-iki yağlı söz
desin. İki manatın bir manatından ona görə belə
asanlıqla keçirdi ki (qalan bir manatı qaytarmaq barədə
söhbət gedə bilməzdi - gün artıq yarı
olmuşdu), bayaq bağda yekə kişilər kimi ona ədəb-ərkan
dərsi keçən qardaşının heç də
anasının fikirləşdiyi kimi ağıllı,
kamallı uşaq olmadığını sübut etsin, onu
hörmətdən salsın.
Anasının dərindən nəfəs alıb sinəsinə
çəkdiyi hava, o havanın qanadlarında çölə
püskürəcək
dadlı-dadlı sözlər gərilmiş dodaqlarında ilişib qaldı.
Qadın körük kimi fısıldadı və
üzünü böyük oğluna tərəf çevirib
gözlərini doğrudan-doğruya ağartdı
- Ə, adam kişi olar ey! - Sahib xoruzlandı. - Nə
oldu, ovcuna qızıl qoydular?
- Sənin kimi kişi olmaqdansa...
- Uuuuy, canım çürüdü mənim. Uuuuy,
allah canınızı çürütməsin, yazıqsınız - qadın
canavar ulamasına bənzər bir səslə elə inildədi ki, deyirdin içindəki
hirs-hikkə qarası hələ yerinə gəlməmiş
gözlərini deşib çölə püskürəcək.
- Tez qayıt qoyunların
yanına. Tez elə, ay zəlil olmamış.
Bu qədər canfəşanlıqdan sonra
planının baş tutmaması Fərhadı pərtləşdirdi:
- Məndən nə istəyirsiniz e? Mən adam-zad
deyiləm? Mən də acıb çörək yemək istəyirəm
də. Qoyunlar məndən artıqdır? - səsi titrəyirdi.
- Bir dəfə də buna deyin də! - başı ilə
qardaşını göstərdi. -
Göydən zənbilnən düşüb bəyəm?
- Ə, tez elə!
Fərhad daha dinmədi, dönüb həyətin
ayağından uzanan dar cığıra çıxdı -
bağın çəpərindən söyüdlüyə
yol vardı - və hələ alça, nar
ağaclarının arasında yoxa
çıxmamışdı ki, arxadan
qardaşının kal səsi
eşidildi:
- Yaxşı, nadürüs! Darıxma...
- Sən də başından böyük qələt
eləmə. Keç günorta namazını qıl, - bunu da anası dedi
lll
Bayaq dilini dişləmiş qızcığaz
eyvanın sütununa söykənib burnunu qurdalayırdı. Nəzərləri
tabaqda qalaqlanmış pomidorlarda idi. Ürəyindən
keçirdi ki, irəli yeriyib bir pomidor da götürsün,
amma anasını yenidən hirsləndirəcəyindən, təzə
qapaz yeyəcəyindən ehtiyat elədiyinə görə
yerindən tərpənmirdi.
Anası əllərini dizlərinin üstünə
qoyub kürəyini sütuna söykəmiş, başını azca əyib
gözlərini yummuşdu. Elə bil yüz ilin yuxusuna
getmişdi və o dəm bu qadının təkcə
günün altında yanıb-qaraldığına görə
yox, vaxtı-vaxtında su, sabun görmədiyindən, kremlənib
sığallanmadığından boğulub öz rəngini
itirmiş sifətində məsum bir ifadə vardı. Onun bir
az bundan əvvəlki vurhavurun iştirakçısı
olduğuna inanmazdın. Bayaqkı əsəbiliyin, gərginliyin
əlamətləri çəkilib gedəndən,
canını o vurçatlasının içindən
dartıb çıxarandan sonra mürgü döyən gəlinin
üz-gözünün təbii cizgiləri qayıdıb
öz yerini almışdı və bu cizgilər haqqında
yalnız indi doğru-dürüst fikir söyləmək
olardı. Yalnız indi görmək olardı ki, bayaq bir-birinə
sıxılmaqdan az qala rəngi qaçmış dodaqları
açıq qalanda, əsəbləşəndə qarası
qaçan gözləri rahat-rahat dincələndə,
ümumiyyətlə, bu qadın həmin o əzablı gərginliyin
məngərəsindən qurtulanda çöhrəsinə elə
bir işıq düşür ki, həyət-baca işlərində
vaxtından əvvəl kobudlaşmış,
toz-torpağı canına hopdurmuş vücudunun əyər-əskiklikləri
o işığın içində əriyib yox olur, hətta
o işıq bu qadını bir az göyçəkləşdirir
də.
Qadın qəfildən köks dolusu nəfəs
aldı, sonra sinəsindən yüngül bir inilti qopdu və
xəfif xorultu səsi eyvana çökmüş sakitliyi
pozdu...
Qızcığaz başa düşdü ki, anası
yuxulayıb və nə qədər ki, beləcə kəsik-kəsik
xoruldayır (burnunda ət vardı: bunu ona anası demişdi.
"Nə ata evində bir gün gördüm, nə də ər
evində. Bir çimdik ət nədir ki, əlində yesir
qalmışam. Heç arvad xeylağı da xoruldayar?"), hər
xırda şeyə görə yuxudan ayılmayacaq. Qız
bunu yaxşı bilirdi, amma indi nəinki bu qız, ümumiyyətlə,
dünyada heç kim bilmirdi ki, bütün bədəni ilə
yaşadığı gerçəklikdən - həyətdə
ocaq, təndir qalamağın, dirrikdən pomidor, xiyar
yığmağın, arxdan su daşımağın,
ocağın üstündə su qızdırıb paltar
yumağın yorğunluğundan can qurtaran bu qadın öz
yuxusunda indiyə qədər yaşamadığı və
bundan sonra da yaşamayacağı ən xoş, ən bəxtiyar
anların, həmişə həsrətində olduğu ləzzətli
bir rahatlığın içində üzür. Orada
qadının əynində ağ don vardı, saçları
səliqə ilə daranmışdı, qulaqlarında,
boynunda zinət əşyaları parlayırdı, özü
kimi səliqə ilə geyinmiş qızının əlindən
tutub qürurla yeriyirdi, yox, yerimirdi - sanki buludların
üstündə asta-asta uçurdu...
Başmaqçıxan tərəfdəki otaqdan - əvvəllər
aynabənd idi, sonralar söküb otaq eləmişdilər -
qardaşının səsi gəldi: günorta namazı
üçün azan deyirdi:
- Allahu əkbər, Allahu əkbər...
Qız səs salmamaq üçün
barmaqlarının ucunda anası tərəfə gəldi,
ehmalca əyilib pomidorlardan birini götürdü və dikəlib
buradan uzaqlaşmağa macal tapmamışdı ki, arxa tərəfdən
- babasıgilin otağından qalxan qıyya səsinə
diksinib dik atıldı:
- Ölə bilməyən yazıq canım, vay! Ay
camaat, qoymayın, boğacaqlar, öldürəcəklər!
Vay canım, vay, vay!!!
Anası yüngülcə tərpəndi,
dodaqlarının altında nəsə mızıldandı,
amma deyəsən, bədənini o rahatlığın
içindən dartıb çıxarmağa qüvvəsi
çatmadı. Qayınanası yalnız ikinci dəfə
qıyya çəkəndə səksəkə içində
"həəəə" deyib gözlərini
açdı və elə o andaca bayaqkı əsəbiliyin,
dilxorluğun, narahatlığın yuxulamamışdan əvvəl
ürəyinin başında düyünləndiyi nöqtədən
bədəninin bütün əzalarına bir yorğunluq seli
axdı. Bayaqkı ağrılı ifadə - elə bil indiyədək
yaşadığı və bundan sonra da yaşayacağı
ömrün fərəhsizliyinin əzabını çəkirdi,
xəyallarının dumanlığında tamam itib-bata
düşmüş ümidlərin, arzuların həsrətini
yaşayırdı - yenidən qadının gözlərinə
qondu, dodaqları yenidən bir-birinə sıxıldı.
- Həyyə əssəla, həyyə əssəla...
- oğlu kəllə otaqda öz işi ilə məşğul
idi.
Qızcığaz tələsik eyvandan
düşdü, yalın ayaqlarını torpaq üstündə
şappıldada-şappıldada bağa tərəf getdi ki,
vedrəni götürüb su dalınca qaçsın.
Qadın isə dərindən bir "ah" çəkdi,
sonra əllərini yerə dayaqlayıb qalxdı,
tabağı qaldırıb sağ əli ilə böyrünə
sıxdı, balaca qazançanı da o biri əlinə
götürüb eyvanın qurtaracağındakı mətbəx
tərəfə addımladı.
- Vay! Vay! Ay Allah, ay camaat!
Qonşu otaqdan gələn səslər əcaib idi.
Qaynanasının səsi xoda salınıb qazı
artırılmış maşının mühərriki kimi
astadan başlayıb nəfəsinin, boğazının imkan
verdiyi ən zil nöqtələrdə qurtarırdı.
- Bismillahir-rəhmanir-rəhim, əlhəmdü
lillahi rəbbil-aləmin, ər-rəhmanir-rəhim... -
oğlu artıq namaza başlamışdı.
(Ardı var)
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2025.- 25 iyul(¹129).- S.14.