Biz xərabət əhliyik,
çün çayxanalardan çıxmışıq
("Bazar... Ağdam
bazarı"nın davamı)
(Əvvəli ötən sayımızda)
...İndi "Misli" bunu leqal şəraitdə
oynayır, bəzi adamlar evlərini, maşınlarını
satıb "Misli"nin keçirdiyi mərc oyunlarına
qoşulur, uduzanda isə havalanan və intihar edənlər də
olur...
Amma Qaragözün keçirdiyi bu mərc oyununda
uzaqbaşı udanla Qaragöz arasında xırda
söz-söhbət, bəzən də dava olurdu. O da pul
üstə, Qaragözün çox faiz tutmasıyla.
Bir dəfə nə olmuşdusa, elə kinonun
qabağında milislərlə əlbəyaxa davaya
girmişdi. Dörd-beş milis işçisi onu maşına
oturda bilmirdilər. Kim yaxınlaşırdısa,
götürüb top kimi atırdı qırağa. Camaat da
yığışıb baxırdı. Bu vaxt Fazil müəllim
yaxınlaşdı, milisləri sakitləşdirdi və
Qaragözə bir şillə vurub dedi ki, otur maşına.
Gözünü qan tutmuş Qaragöz Fazil müəllimi
eşitdi. Milislər də doluşdu maşına, Fazil müəllim
də onlarla getdi şöbəyə.
Aradan bir yarım saat keçmiş Fazil müəllim
Qaragözlə qayıtdı.
Soruşdular:
- Nə oldu?
- Heç, Qaragözün dədəsi Astork
İbrahimə beş yüz manat borcum vardı, verdim rəisə,
məsələ bitdi.
Kinoteatrın yerləşdiyi bulvar əslində Mədəniyyət
və İstirahət Parkı idi. Deyilənə görə,
vaxtilə axşamlar camaat arvad-uşağını da
götürüb bu bulvara istirahətə gəlirmiş. Biz
Ağdama köçəndən sonra mən bunu görmədim.
Adamların mədəni səviyyəsinin yüksəldiyindən
daha arvad-uşağını
bulvara çıxarmırdı, heç qadınlarını
kinoya da buraxmırdılar.
Leninin yubileyi vaxtı raykomun
büro iclası gedir, Fazil müəllimi də
çağırıblar. Katibin də Fazil müəllimdən
heç xoşu gəlmir, onu cəzalandırmaq
üçün bəhanə axtarır.
- Fazil müəllim, Leninlə bağlı filmlər
göstərirsənmi?
- Əlbəttə, amma Müəllimlər Evindəki
kino zalında.
- Nə qədər adam gəlir?
- Cəmi iki nəfər, Xankişi İsmayılov və
bir də arvadı.
- Niyə camaatı təşkil etmirsən, xüsusilə
də qadınları, heç kinoya gəlmirlər.
- Yoldaş katib, mən kimə deyə bilərəm
ki, arvadlarınızı niyə kinoya buraxmırsınız?
Vurub başımı yararlar. Bu, təbliğat işidir,
bununla da rayon Partiya komitəsinin şöbəsi məşğul
olmalıdır. Ya da büronun bir qərarını
çıxarın ki, Ağdamda qadınları milliləşdirib
səlahiyyətlərini də veririk Fazil Qasımova. Hər
gün zala üç yüzdən çox qadın
yığım.
Katib əsəbləşir:
- Boş-boş danışma, otur yerində. O Müəllimlər
evinin direktorunu da çağırın, ona bir töhmət
verək.
Təzə film gələndə, xüsusilə də
hind filmi, pullu adamlar öz ailəsi üçün həyətlərində
göstərdərdilər, məhlədəki arvad-uşaq da
gəlib pulsuz kinoya baxardılar.
Əvvəllər kəndlərə nadir hallarda kino gətirirdilər. Səs
yayılırdı ki, bəs axşam kino olacaq. Kənd də
axışıb gedirdi uçub dağılmaqda olan Mədəniyyət
evində kinoya.
İndi də xəbər yayılırdı ki, Zərgər
Mamedin həyətində bu axşam kino göstərəcəklər,
özü də hind filmi.
Film başlamamış Zərgər Mamed deyərdi
ki, kimdə dəsmal yoxdursa, bizim arvaddan istəsin.
Fazil müəllimin kinoteatrında siqaret çəkmək
qəti qadağanıydı. Özü hərdən
düşürdü zala, gəzirdi, vay odu kiminsə siqaret
çəkdiyini görərdi. Dərhal filmi dayandırıb
həmin adama futboldakı kimi, qırmızı kart göstərib
zaldan qovardı. Və bir ay onu kinoya buraxmazdı, bu da ən
ağır cəzaydı.
Bir dəfə Futbolist Adil Fazil müəllimə dedi:
- Qasımov, bu nədi ey, afişaya yazırsan bu film
Stalindən bəhs edir, bu kinoda Rac Kapurun qardaşı
oğlu oynuyur, bu kinoda Racendra Kumarın ayağını kəsəcəklər.
Bir qonaqlıq ver, sənə elə bir söz deyim yaz
afişaya, oxuyanlar hamısı kinoya girəcək.
Fazil müəllim:
- De, xoşuma gəlsə, sən öl, qonaqlıq məndə.
- Fazil müəllim, yaz ki, ay afişanı oxuyub kinoya
girməyən, sənin var-yoxunu...
Fazil müəllim başını bulayıb dedi:
- Nadirov, son zamanlar yaman skleroz olmuşam.
Futbolist Adil:
- Fazil müəllim, sklerozun üç növü
var, səndə hansınandı?
- Say görüm.
- Birincisi odur ki, burdan durub tərpənirsən şəhərə,
bir gözəl xanım tapıb aparırsan qastincaya, gözəl
də çimizdirib oturub yeyib-içirsən. Səhər
durub Ağdama qayıdanda yadına düşür ki, gecə
piyan olmusan, qadınla yatmamısan.
- Boş şeydi, səhər bir də qayıdaram
şəhərə. Bəs ikincisi?
- Qasımov, arvad deyir get bazara, ət al, bibər al,
pamidor al, badımcan al, axşam badımcan dolması bişirəcəm. Bazarlıq edib
qayıdırsan evə, məlum olur ki, badımcan almamısan.
- Bu da boş şeydi, şoferi göndərərəm
gedib alıb gətirər. Bəs üçüncüsü
nədi?
- Qasımov, gedirsən tualetə, ləzzətlə özünü boşaldırsan,
duranda məlum olur ki, şalvarı çıxarmamısan.
Zarafat Fazil müəllimin xoşuna gəlmədi.
Hidayəti çağırdı:
- Nadirovu bir ay kinoya buraxma.
Futbolist Adil:
- Eybi yox, mən də bir ay qoymaram səni İmarətə
buraxsınlar, futbola həsrət qalarsan, yaxud da barıdan
hoppanarsan.
- Barıdan hoppanmağı sən yaxşı
bacarırsan.
"Qarabağ" səfər oyununda 2:1 uduzur. Gecə
saat ikiyə qalmış gəlib çıxırlar
Ağdama. Futbolist Adil evlərinə gələndə
görür darvaza bağlıdı. Döyür, içəridən
kiçik qardaşı Ərşad soruşur ki, kimsən?
- Qaqa, mənəm, aç.
- De görüm udmusuz, yoxsa uduzmusuz?
- Ə, it kimi yorulmuşam, qapını aç,
danışarıq.-
De görüm udmusuz, yoxsa uduzmusuz?
- Ə, qapını aç girim, deyərəm dana.
- De görüm udmusuz, yoxsa uduzmusuz?
- Uduzmuşuq.
- Onda barıdan keç.
Futbolist Adil məcbur olub barıdan keçəndə
ayağı sərpir, xeyli vaxt oyuna çıxa bilmir.
İndi Fazil müəllim "barıdan hoppanmağı sən
yaxşı bacarırsan" sözünü ona görə
deyirdi.
Fazil müəllim:
- Yaxşı, bu dəfə sənə sarı kart
göstərirəm, çalış ikincini alma.
Çayxanaya adətən ziyalılar və məmurlar
yığışırdı. Burda əsas mübahisələr
tez-tez futbol və xokkey üstə düşürdü.
Xokkeyin ən dəbdə olan vaxtıydı. Hamı SSRİ-yə
azarkeşlik edirdi. Vay o gündən ki SSRİ uduzaydı, elə
bil çayxanaya matəm düşürdü.
Kinoteatrın Hidayət adlı bir
qapıçısı vardı, adamlar onun əlinə bir
abbası basıb biletsiz keçirdilər içəri.
SSRİ yenə uduzub, Fazil müəllim girir
çayxanaya, görür yenə xokkey davasıdı.
Başını yırğalayıb deyir:
- Ə, ya eseserinin qapıçısı Sidelnikov, ya
da bizim Hidayət. Gələnə deyir keç içəri.
Bir stolun arxasında Pota Alikin və Qacar nəslindən
olan Müəllim Asifin dostları əyləşirdi. Bu
uşaqlar ildə iki dəfə Leninqrada gəzməyə
gedirdilər.
Bir dəfə Pota Alikdən soruşdum:
- Alik, mən sizdən çox maaş alıram, amma
Allahın Tiflisinə gedə bilmirəm. Nətər olur ki,
siz ildə iki dəfə Leninqrada gedirsiz?
- Çox sadə. Nə qədər ki, Sovet hökumətinin
iqtisadiyyatını yevreylər və ermənilər idarə
edir biz kef edəcəyik. Məsələn, Ağcabədinin
Hindarx kəndinə beş yüz qış ayaqqabısı
göndəriblər. Azərbaycanda qış elə sərt
keçmir ki, o ayaqqabılara ehtiyac ola. Biri qırx beş
manatdı, qalıb univermağın müdirinin üstündə.
Yazıq birini otuz manatdan satır ki, canını bu
ayaqqabılardan qurtarsın. Asiflə gedirik Hindarxa otuz manatdan
otuz-qırx dənə alırıq uçuruq Leninqrada.
Aeraportdan çıxan kimi bizi gözləyənlər var.
Bir yerdən yüz manata satırıq. Bir həftə
Leninqradda kef edirik. Leninqradda nə tiklas plaş geyinən var,
nə də tiklas kostyum. Mağazalar ağzınacan doludu, alan
yoxdu. Tiklas plaşın biri doxsan manat, kostyumun da biri yüz
otuz manatdı. Gələnə yaxın adama bir on-on beş
plaş, bir on-on beş də kostyum alırıq. Ağdamda
plaş iki yüz əlli-üç yüz manatdı, kostyum
da üç yüz manat. Day nə istəyirsən? Həm
kef edirik Leninqradda, həm də adama üç-dörd min
manat irəli düşürük. Bəzi uşaqlar da gedib
Sibirdən su qiymətinə taxta-şalban vurub gətirirlər
Ağdama, sonra da od qiymətinə
bütün Qarabağa satırlar. Mən sənə alverin
bütün sirlərini öyrətmək istəmirəm,
yoxsa qələmi atıb qoşularsan bizə.
Sonra Müəllim Asifi göstərib deyir:
- Bir dəfə Leninqraddayıq, Qacarın bu törəməsi
bir ukraynalı qızı gətirib otelə, qışın
da oğlan çağıdı. Bu da rus dilini bilmir, qıza
onu mən bişirmişəm. Gecə saat bir, ikiyə işləyib
məzələnmək üçün durdum keçdim
bunların otağına. Qacarın törəməsi
qızı qucaqlayıb mışıl-mışıl
yatır. Dümsüklədim ki, Asif dur, Asif dur. Durdu ki, nə
olub? Dedim, tez geyin. Bu da tez geyindi, elə bildi ki, davaya-zada
gedirik. Paltonu da geydirdim, şərfini boynuna doladım,
papağını da basdım başına, eyvanın
qapısını açıb çıxartdım eyvana ki,
Asif bax. Bu da yarıyuxulu deyir ki, nəyə baxım? Bax də,
baax, deyəsən, bu Leninqrad bizim Ağdamdan bir az
böyük olar. Az qalmışdı məni eyvandan ata. Buna tərcüməçilik
etməkdən yorulmuşam. O gün deyirəm ki, ə, sən
nə istəyirsən azərbaycanca yaz, mən qabağına
rusca yazım, öyrən də. Dədən Ərşad məni
sənə tərcüməçi tutmayıb ha. O da
yazıb gətirib. - dedi və dəftəri açdı,
üzünü hamıya tutub dedi: - Mən ölüm, bunun
yazdığı ilk cümlələrə fikir verin, gecə
qalacaqsınız, neçəyə verirsiniz?
Hamını gülmək tutdu.
Bu vaxt Müəllim Asifin ipə-sapa yatmayan
qardaşı Əkrəm gəldi çayxanaya, baxdı ki,
boş stol yoxdu. Yaxınlaşdı özü kimi cavanlar
oturan stola. Cavanların birinin altındakı stulu çəkdi,
oğlan dal üstə yerə düşdü, çay
dağıldı üstünə və Əkrəm dedi:
- Qaqa, bu stul boşdu?
Hamı quruyub qaldı. Əkrəm isə heç nə
olmamış kimi gedib curlarıyla oturdu.
Bunu görən Müəllim Asif də qalxıb
öz stulunu verdi yıxılan oğlana, sonra da
yaxınlaşdı qardaşına və çəkib stulu
onun altından çıxartdı. Bu dəfə Əkrəm
dal üstə düşdü yerə, çay
dağıldı üstünə.
Müəllim Asif:
- Hə, qaqa, nətərdi, xoşuna gəldi?
Əkrəm dilxor-dilxor qalxdı və dedi:
- Nə böyük qardaş olmaya, salasan təpiyin
altına?!
Və pərt halda çıxıb getdi...
...Gün gələcəkdi Əkrəm
İsmayılov öz puluyla aldığı silahı
götürüb gedəcəkdi Qarabağ uğrunda
döyüşə, şəhid olacaqdı və "Azərbaycan
Bayrağı" Ordeni ilə təltif ediləcəkdi...
Amma onun altından stulunu çəkdiyi oğlan
Bakıda öz kefində olacaqdı və adı it dəftərinə
belə düşməyəcəkdi...
...Müəllim Asif:
- Eybi yox, Pota, qalsın qulluğunda. Bir də
Leninqradda sənin şotunu versəm, Allah babam Qacara lənət
eləsin.
Bu vaxt Fəxrəddin Hacıbəyli gəlir.
Pota Alik soruşur:- Faxı, otağınızın
remontunu qutardınız?
- Yox əşi, Bakıda yaxşı aboy tapa bilmədim,
dedilər get Ağdam bazarından taparsan. Gəldim bazarda
italyanski aboy tapdım. Axşam qatarla qayıdacam.
Fəxrəddindən soruşuram:
- Faxı, evini təmir elətdirirsən?
Pota Alik gülür:
- Yox əşi, bizim qiyabiçi uşaqlar həmişə
Novoyevropada qalırlar. Getdim görüşməyə,
çıxdım Faxıynan Tofiq Qarayevin qaldığı
otağa, gördüm iki usta vurhavur aboyları sökür.
Dedim aboyları niyə sökürsüz? Faxı
qayıtdı ki, köhnədilər, xoşumuza gəlmir,
üstündə də o qədər ditdili
öldürüblər ki, ləkə-ləkədi. Bura
qız gələndə adam utanır, ona görə
aboyları dəyişdirdirik. Belə
lağlağıdılar hamısı.
Çayxananın daimi müştərilərindən
biri də Surxay Əlibəyli idi. Əslində Mədəniyyət
evinin direktoru olduğundan bulvar da Mədəniyyət və
İstirahət Parkı sayıldığından onun
tabeliyindəydi. Bulvarın aşağısında Bakıdan
böyük bir karusel gətirdib qurdurmuşdu. Karuselin lap
üst qatında olanda bütün Ağdam əl içi kimi
görünürdü. Bu karusel gündə 12-14 saat işləyirdi.
Arif müəllim zarafatla deyirdi:
- Bu karusel deyil ey, Surxayın pul makinasıdı.
Bütün günü Surxay üçün pul kəsir.
Arif müəllim sovxoz direktoruydu, çox savadlı,
ziyalı bir adamıydı. Surxayın da ən yaxın dostu
sayılırdı. Şit də zarafatları var, tez-tez
Surxayı sancırdı. Surxay da onun atmacalarına cavab verə
bilməyəndə söyüş söyürdü.
Bir dəfə havanın çiskin vaxtında gecə saat 12-də
maşını sürür Surxaygilə. Surxay deyir ki, bu gecə
vaxtı xeyir ola?
- İşdən indi çıxmışam,
axırıncı üzüm maşınını zavoda təhvil
verib gəlirəm. Dedim bir az maşında gəzək, dərdləşək,
əsəblərim sakitləşsin.
Surxay:
- Ayağımda şəpit var, qoy gedim dəyişim.
- Ə, neynirsən dəyişib, maşında
oturursan da.
Otururlar maşına. Zarafatlaşa-zarafatlaşa,
söhbət edə-edə şəhərdən çıxırlar Küllük təpənin
yanına, Arif müəllim deyir:
- Surxay, düş bir qəlyanın suyunu dəyişək,
həm də təmiz hava alaq.
Maşından düşürlər, Surxay bir az
aralanan kimi Arif müəllim qaçıb oturur maşına
və sürüb çıxıb gedir.
Surxay da Arif müəllimə söyə-söyə
üç-dörd kilometr yolu piyada gəlir evlərinə.
Arif müəllimin atası rəhmətə gedib,
Surxay və üç-dörd dost getmişik yasa. Surxayın
atası Xasay dayı və mənim atam da yasdadı. Həm
Arif müəllimin atasıyla dost olublar, həm də Arif
müəllimlə iş yoldaşıdırlar. Mağar da
ağzınacan doludu.
Bir az oturandan sonra Surxay mənə və dostlara
yavaşca dedi:- Ə, nə qədər çay içmək
olar, gecə yerinizə işiyəssiz. Durun gedək Batumun
pavilyonuna, sizə yemək-içmək alım vuraq, sizi
yasdan çıxarım.
Qalxdıq. Hamı Arif müəllimlə
görüşüb başsağlığı verir,
növbə Surxaya çatanda əlini uzadıb
başsağlığı vermək istəyəndə əli
havada qaldı. Arif müəllim sağ əlini Surxayın
başına çəkib dedi:
- Sağ əlim başına, qardaş.
Hamını gülmək tutdu, Xasay dayı da
dilxor-dilxor başını buladı.
Surxay dostları götürüb gəldi Batumun
pavilyonuna:
- Batum, mən ölüm, arağın geydirmə
döyülkü?
- Şair, sən öl, yox. Axşam özüm
bağlamışam, bir yüz də vurmuşam, bal kimidi.
Surxay Batumun axşam bağladığı bal kimi
araqdan süzüb dedi:
- Xəbəriniz var, Dorik müəllimə
İtaliyadan erməni dostları bir tula göndəriblər.
Qədir gedib Dorik müəllimgilə tulagördüsünə,
sonra dəli olub. Tulanın bir pasportu varmış, yeddi nəslinin
adı varmış, yəni şəcərəsi. Qədir də
qayıdıb gəlib evə, pasportunu cırıb atıb ki,
itin pasportunda yeddi babasının adı var, bizim pasportlarda
bircə atamızın. Allahın tulası qədər də
yoxuq.
Sonra durduq gəldik Surxaygilə, nərd taxta
oynamağa. Bu oyunu heç sevməsəm də, Surxayla həmişə
oynayırdıq, özü də kitabdan. Yaxşı
kitabxanası vardı, nadir kitabları da olurdu. Həmişə
mən udurdum, üst-üstə bəlkə beş-altı
yüz kitabını
yığıb aparmışdım.
Yenə də bir otuz kitabını uddum. Axırda
Surxay hirslənib dedi:
- Qaqa, dur get evinizə də, işin-gücün
yoxdu? Səni mənim kitablarıma qənim göndəriblər?..
...Qaçqınçılıqdan
üç-dörd il keçmişdi. Surxayla dəniz kənarında
bir çayxanada oturub dərdləşirdik, nə qədər
dərdləşsək də, dərdimiz qurtarmırdı.
Surxay:
- Qaqa, məni nə dağılan evim yandırır,
nə də həyət-bacam. O cür kitabxana düzəltmişdim,
o kitablara heyfim gəlir. Allah erməninin
tifaqını dağıtsın. Bilsəydim o vaxt
kitabların hamısını sənə uduzardım.
- Nə axmaq-axmaq danışırsan, mənə
uduzsan nə olacaqdı ki? Ya sənin evində yandı, ya
bizim.
- Həə, onu da düz deyirsən. Amma ağlın
olaydı da, vaxtında kitablarını gətirərdin
Bakıya, indi böyük bir xəzinən olardı...
...Surxay mavi gözlü, sarıbəniz bir oğlanıydı.
İldə də bir neçə dəfə səsi əvvəllər
Soçidən, sonra da Klaypedadan gəlirdi. Və qayıdanda
da deyirdi ki, ə, nə Leninqrad? Pribaltikada qızlar var, mələkdilər
ey.
Deyirlər indi də Klaypedada Surxaya oxşayan
oğlanlar çoxdu.
Arif müəllimin atasının yeddisinin səhəri
yenə də çayxanadayıq. Bir stol arxasında
oturmuşuq. Yenə zarafat başladı və Arif müəllim Surxayı necə cırnatdısa,
Surxay özünü saxlaya bilməyib həmişəki kimi
atasına ağır bir söyüş elədi. Çayxana
bir anlıq dondu, Surxay da nə qələt elədiyini
anlayıb stəkanı yerə çırpıb getdi.
Çayxanadakılar üzlərini Arif müəllimə
tutub deyirdilər:
- Arif müəllim, bilmədi, bağışla.
- Əşi, yüz ilin dostusuz, bir qələtdi elədi.
- Sən də Surxayın atası öləndə ona
söyərsən.
Bir az keçmiş Surxay mızıldana-mızıldana,
hirsli-hirsli geri qayıtdı. Gəldi durdu Arif müəllimin
qarşısında, yenidən müəllimin atasının
goruna nə var söydü, söydü və bu dəfə
çayniki yerə çırpıb getdi. Hamı da məəttəl
qaldı.
Arif müəllim gülüb dedi:
- Hə, dostlar, bu da Surxayın üzr istəməyiydi.
Gəldi, üzr istədi, getdi.
Bu vaxt çayxanaya Həmidoğlu Çingiz gəlir.
Hamı durub onunla öpüşüb-görüşür,
hamıyla hal-əhval tutur. Çingiz uzun illərdi Daşkənddə
yaşayır, özüyçün orda hər bir şərait
yaradıb, obyektləri-filan, hətta qardaşlarını,
qohum-əqrəbalarını da yığıb Daşkəndə.
Dostlar yığışır başına, başlayır
Daşkənd nağılları danışmağa, neçə
obyekti var, ayda nə qədər pul qazanır, nə hörməti
var.
Sonra da deyir:
- Daşkəndin obaxeyisi bir yaxşı
oğlandı, özü də ağdamlıdı, onun
hesabına Daşkənddə mənim sözümün
qabağına söz çıxaran yoxdu.
Sonra başlayır səfərlərini
danışmağa:
- Bir ay bundan qabaq üç min manat pul
götürüb özümü verdim Leninqrada. Bir həftə
rus qızlarıyla kef edib bir min manat xərclədim, sonra
uçdum Moskvaya. Bir min manat da Moskvada ora-bura xərclədim,
ordan uçdum Tallinə. Tallin də gözəl şəhər,
bir həftə də burda qalıb min manat da burda xərclədim,
ordan da uçdum Kiyevə.
Bu vaxt Pota Alik hesablayır ki, üç min manat
qurtarıb, gülüb deyir:
- Həmidoğlu, Kiyevdə aeroportda bir tanış
tap, qırx manat borc al qayıt Daşkəndə.
Həmidoğlu da başa düşür ki, dediyi pul
doğrudan qurtarıb, söz altda qalmır:
- Alik, narahat olma, elə sən deyən kimi elədim.
Bulvarın ərazisi çox böyük idi. Gedib
Murad Rzayevin Pionerlər Evində bitirdi. Pionerlər Evindən
sağ tərəfdə Allahverdi Bağırovun ikimərtəbəli
restoranıydı.
Allahverdi Bağırov bu restoranın qabağında
rayon milis idarəsinin rəis müavinini hansısa axmaq, səhv
bir hərəkətinə görə
çığnamışdı. Müavini Təcili
Yardımla xəstəxanaya aparmışdılar. Bir on-on
beş gün xəstəxanada yatandan sonra gəlib Allahverdidən
üzr istəmişdi, sonra da iş yerini başqa rayona dəyişmişdi...
...Sonra müharibə olacaqdı,
xocalılıların sağ qalanları Ağdama pənah gətirəcəkdi.
Mərdliyi və igidliyi ilə Qarabağda ad
çıxarmış Qəssab Temirin oğlu Qəssab
Allahverdi əsirlikdə olan mindən çox
xocalılını da azad elətdirib Ağdama gətirmişdi.
Və gündə də restoranda xocalılılara
üç dəfə pulsuz yemək-içmək verərdi...
...Restoranın birinci mərtəbəsində
çayxana vardı, bu çayxanaya da Allahverdinin dostları
yığışardı və bir də çayçı
Kotya Sabirin zarafatlarına, atmacalarına, yumoruna
alışmış adamlar. Bilirdilər ki, Kotya Sabir çay
paylaya-paylaya nəsə bir maraqlı söhbət edəcək,
ya da kiməsə söz soxacaq.
- Kotya, mən ölüm, çay təzə dəmdimi?
- Hə, sən öl, dünən axşam dəmləmişəm.
- Kotya, çox isti deyil ki?
Onda Kotya şəhadət barmağını salırdı stəkana deyirdi:
- İçməlidi, iç.
Mən də hərdən Kotyanın söhbətlərinə qulaq asmaq
üçün mütləq həmin çayxanaya gedirdim.
Kotya universitetin tarix fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdi və tarixi alimlərdən
yaxşı bilirdi. Və bəzən tarixdən elə
danışırdı ki, onu hardan oxuduğunu soruşanda da dəqiq
mənbəyini deyirdi.
Bir dəfə Futbolist Adil soruşdu:
- Sabir, elə olub ki, söz altda qalmısan?
- Cəmi bircə dəfə. Çayxananın xadiməsi
var ey, onun üstünə hirslənib dedim, itin qızı, nə
sənin qanını içərəm. O da gülüb dedi
ki, Kotya, ayın axırında xəbər edərəm. Bax, ona söz tapıb cavab verə
bilmədim.
Şair Böyükkişi Heydərli eşidir ki,
Ağdamda Kotya Sabir adında bir çayçı var, ona
söz çatdırmaq olmur. Ərinmir, durub Bakıdan gəlir
Ağdama, Kotyanın çayxanasına. Kotya hər bunun yanından keçəndə
ona şeirlə bir söz atır, Kotya da şeirlə cavab
verir. Camaat da maraqla qulaq asır. Bir dəfə, iki dəfə,
üç dəfə, dörd dəfə... Şair nə
deyirsə, artıqlamasıyla cavabını alır.
Axırda şair yenə bir qəliz şeir deyir. Kotya gəlir
çayniki qoyur stolun üstünə, əllərini dirijor
kimi qaldırır yuxarı və deyir:
- Şair, indi də hərəkətə musiqiylə başla. Sağ ayağını
sağ tərəfə, sol ayağını sol tərəfə
at, gör cərcənəg vəziyyətdə yeriyə
bilirsən?
Şair durub onu qucaqlayır, deyir mən pəs, deyilən
kimi varsan.
Əvvəllər bulvarın girişində bir dərzi
atelyesi vardı, ikimərtəbəli bir binaydı. O vaxtlar
bulvar dəmir məhəccərlə hasarlanmışdı,
iki qapısı vardı. Dərzilərdən biri
bulvardakı ayaq yoluna getmək istəyir, amma ərinir gedib
qapıdan keçsin, hasardan atlanmağa
çalışır. Əlində də aftafa, ayağı
sürüşür keçir məhəccərlərin nizələrinin
birinə və ölür. Bundan sonra rayonun katibi Nadir Abbasov hasarı tərtəmiz
sökdürür.
Sadıq Murtuzayev Ağdama katib gələndən sonra
həmin atelyeni sökdürüb yerində gözəl bir
"Üzümçülər sarayı" tikdirmişdi və
bir də Nizami küçəsinin kinoteatrın
qabağından keçən hissəsini bağladıb mərmər
döşətdirmişdi. Beləliklə, Fazil müəllimin
respublikasının ərazisini bir qədər də
genişləndirmişdi.
Bir gün Xallı Şahin sarayın qabağından
keçəndə görür ki, böyük bir afişa
asılıb: "Tarix, poeziya və muğam. İştirak
edirlər: Tarixçi Əbülfəz Əliyev, şair
Zakir Fəxri və xanəndə Şahmalı
Kürdoğlu".
Xallı Şahin gülüb deyir:
- Bu boyda afişa nəyə lazımdı, elə
qısaca yazsınlar ki, turemşiklərlə
görüş.
Xallı Şahinin bu atmacasına baxmayaraq, bu
görüşə o qədər adam gəlmişdi ki, zal
tutmamışdı, yüzdən çox adam da
qalmışdı çöldə. Ona görə məcbur
olub küçəyə də dinamiklər qoymuşdular ki,
hamı bu maraqlı görüşü izləyə bilsin.
Xallı Şahinin özü birinci sırada
oturmuşdu, sonra da hamıya tərifləyirdi ki, indiyədək
belə bir tədbir görməyib.
Əvvəl yazdığım kimi, şəhərdə
böyük çayxanalar çox idi.
Üçünü
"Bazar" yazısında qeyd etmişəm, biri təzə
raykomun binasının arxasındakı bağdaydı. Bura adətən
prokurorluğun, məhkəmənin, notariusun, raykomun, bir də
"Lenin yolu" qəzetinin əməkdaşları
yığışardılar.
Biri də təzə tikilmiş mehmanxananın
qarşısındakı "Lenin" bağındaydı.
Burada mehmanxanada qalanlar, teatrın aktyorları, bir də 1
nömrəli məktəbin yuxarı sinifinin dəcəl
uşaqları yığışırdı.
Süleyman müəllim bu çayxanadan da katibə
giley eləmişdi ki, bağlayın oranı, mənim
şagirdlərimin tərbiyəsi pozulu.
Katib də əsəbləşib demişdi:
- Süleyman müəllim, gah deyirsən bazarı
köçürt, indi də deyirsən çayxananı
bağla, uşaqların tərbiyəsi pozulur. Sən öz
şagirdlərinə yiyəlik edə bilmirsən, indi biz neyləyək...
...Gün gələcəkdi Süleyman müəllimin
sevmədiyi bu çayxana uşaqları, bazar uşaqları,
bu davakar uşaqlar silaha sarılıb ana-bacılarının
qeyrətini qorumaq üçün ermənilərlə
dör-dör döyüşüb şəhid olacaqdılar.
Hələ o günə vardı...
...Sonralar məscidin qabağındakı bağda da
Xudu Məmmədovun memarlığı və təşəbbüsü
ilə üçmərtəbəli, Çin üslubunda bir
çayxana tikmişdilər. Ağdama gələn qonaqları
dostlar aparırdı o çayxananın
üçüncü mərtəbəsinə, ordan şəhərə
tamaşa edirdilər.
Şəhər işğal olunandan xeyli sonra
Quzanlı kəndində həmin üçmərtəbəli
çayxananı Çin üslubunda yenidən tikdilər,
amma "kitayski"
alındı.
Bayaq dediyim kimi, ən böyük çayxana Fazil müəllimin
kinoteatrının arxasındakıydı.
Biz şəhərə təzə gələndə
bulvarda kiçik bir futbol meydançası vardı. Bu
meydançada aşağı siniflərdə oxuyan məhlə
uşaqlarının çempionatı keçirilirdi. Bir dəfə
mən də məhləmizin uşaqlarını
yığdım, getdik çempionata. Elə
biabırcasına uduzduq ki, day ikinci oyuna getməyə utandıq.
Sonralar həmin meydançanın yarısını
satdılar Cəfərə, Cəfər də orda dəmirdən
gümbəzli bir çayxana tikdi. Meydançanın qalan hissəsində
də Surxay bilyard stolları qoydurdu, cavanlar da
yığışırdı burda bilyard oynamağa,
özü də pulnan.
Deyirdilər əvvəllər cavanlar bulvarda kartla da
qumar oynayırmışlar, sonra "Şkit"
respublikasının prezidenti Fazil müəllim bu qumarı
qadağan edib.
Azad olunandan sonra Ağdama ilk səfərimdə getdim
bulvara.
İşğal vaxtı televiziya müsahibələrimin
birində soruşdular ki, yaxşı pulun olsa, xaricdə
yaşaya bilərsən?
- Qətiyyən. Hətta qardaş Türkiyədə
üç-dörd gündən çox qalanda Bakı
üçün darıxıram, dostlarım burda. Lap on milyon
pulum olsun, Vaşinqtonda neyləyəcəm? Kimlə
söyüşə-söyüşə domino oynayacam,
şahmat oynayacam? Vaşinqtonda torpağımızın, millətimizin
ətrini kimdən alacam?
- Deputatsınız, amma hələ də Jiqulidə gəzirsiniz...
- Düzü, bunu mənə övladlarım da deyir,
amma maşın mənim üçün cah-cəlal deyil, məni
A nöqtəsindən Z nöqtəsinə aparan bir vasitədir.
Onu Jiquli ilə də gedə bilərsən, Mersedeslə də.
Amma Ağdam işğal altda olmasaydı, mütləq bir Mersedes alıb sürərdim
Ağdama, Zeynalın çayxanasının qabağında
saxlayıb forsla düşərdim. Forsla girərdim
çayxanaya, hamı da durub mənlə görüşərdi
ki, Aqil müəllim gəlib. İndi nə Zeynalın
çayxanası var, nə də o çayxanadakı adamlar.
Hə, Ağdama ilk səfərimdə getdim bulvara.
Bulvar yoxuydu, bütün ağaclar kəsilmişdi,
kinoteatrın da bir pilləkanları qalmışdı, təxminən
yarım metr də hörgüsü. Cəfərin gümbəz
çayxanasını elə sökmüşdülər ki,
hətta məşhur arxeoloq Rəşid Göyüşov
dirilib gəlsəydi də, haçansa burda çayxanada
olduğunu sübut edə bilməzdi. Surxay Əlibəylinin
pulkəsən maşınını da söküb
aparmışdılar, indi hansısa Aşot üçün
pul kəsirdi.
Keçdim kinoteatrın arxasına, Zeynalın olmayan
çayxanasına, bir sal daşın üstündə xeyli
oturdum. Amma nə "xoş gəldin" deyən oldu, nə
çay gətirən, nə də bahalı maşınla gəlməyimə
baxmayaraq, fors eləyə də bilmədim. Çünki fors
eləməyə bir adam tapmadım. Ya müharibədə
şəhid olmuşdular, ya da qaçqınçılıqda
atam kimi çərləyib ölmüşdülər.
Aqil ABBAS
525-ci qəzet .- 2025.- 25 iyul(¹129).- S.12-13.