İdeoloji
oxudan mədəni sorğuya doğru: tarix, təfəkkür
və türkün intellektual keçidi
Fazil Mustafanın "Azərbaycan: Qaranlıq
keçmişdən aydınlıq tarixə" kitabı
üzərinə bir neçə söz
Millət vəkili, Milli Məclisin İctimai birliklər
və dini qurumlar komitəsinin sədri, hüquqşünas, fəlsəfə
doktoru Fazil Mustafanın yeni kitabı - "Azərbaycan:
Qaranlıq keçmişdən aydınlıq tarixə" -
bir düşüncə toplusu olmaqla yanaşı, həm də
milli-ideoloji durumun, tarix bilincinin və dini-təfəkkür vərdişlərinin
köklü sorğulanmasıdır. Belə sorğulama kimimizə
xoş gələr, kimimizə xoş gəlməz - bu da
normal hal sayılmalıdır. Biz bir fikir adamının
kitabında bizi qane etməyən məqamları top-tüfənglə
qarşılamamalıyıq. Adıkeçən kitabın
redaktoru olmaq surətiylə ilk dəfəydi Fazil bəylə
belə dərin yaradıcı fikir alış-verişində
bulunurduq; məmnuniyyət və qədirşünaslıqla
vurğulamalıyam ki, mənim redaktor olaraq irad, tənqid və
önərilərimdən bir çoxunu qəbul etdi və qəbul
etmədiklərinə də müəllif
özünüsavunma modunda deyil, təmkin və
anlayışla yanaşdı. Ona görə, belə hesab edirəm,
oxucuların bir sıra polemik məqamları olan bu kitaba dair
konstruktiv fikirləri ümumi işin xeyrinə ola bilər.
Kitab çağdaş Azərbaycan
türklüyünün nəyi itirib, nəyi mənimsədiyini,
nəyə sarılıb, nəyi yanlış davam etdirdiyini
cəsarətli şəkildə düşüncə
dartışmasına çıxarır. Tərifdən
çox mədəni-diaqnoz, tərənnümdən çox
tənqidi metodologiya ilə... Oxucu da bu kitabın mövzusu
üzrə rutin dəyişikliyinə xor yox, xoş baxmaqla
heç nə itirməz.
Ritorik suallar fonunda tarix fəlsəfəsi
Kitabın əsas fəlsəfi konstruksiyası beş
ritorik sual çevrəsində qurulub. "Ey Türk!"
xitabı ilə açılan bu suallar müəllifin
düşüncə polemikası üçün
açdığı meydandır. Bu suallar nə qədər
ritorikdirsə, o qədər də radikal seçim tələb
edir:
"bilgisiz inanc, yoxsa bilginin dəyişkən inancı?",
"ideoloji məmnunluq, yoxsa faydalı niyyət?"...
Fazil Mustafa "türk" deyərkən yalnız
etnik etalonu yox, mədəni məsuliyyət daşıyan,
ictimai faydası olan subyekti nəzərdə tutur.
Əsər boyunca müəllifin başlıca tənqidi
mövqeyi budur: türkün tarixi şüuru təhrif olunub
- o, əsasən mifə, xurafata, dini və ideoloji qəliblərə
söykənir. Bu isə milli bərpa sürəcini gecikdirir
- nəinki gecikdirir, hətta yönsüzləşdirir.
Tarixə münasibət: keçmişə yox, gələcəyə
köklənmiş baxış
Kitabın əsas iddialarından biri də budur ki, biz
- Azərbaycan türkləri - XIX yüzildən bəri bioloji
keçmişdən mədəni tarixə addım
atmış xalqıq; amma bu keçid baş verməklə
yetinmir; keçidi dərk etməyin və bilincləndirməyin
gərəkliliyi önə çıxarılır. Müəllifə
görə, bizim milli yaddaşımız "fövqəltarixi"
və "mifoloji" xarakter daşıyır. Bu isə
gerçəkçi tarixi, yəni tərəqqi doğuran
keçmişi, təkrarçı keçmişlə əvəzləyir.
Kitab bu anlamda, necə deyərlər, postkolonial bir
manifestdir: Rusiya işğalının nəticəsində
formalaşan "avropalaşma zəmini" bir şans olaraq təqdim
edilir. Bu yanaşma müəyyən ziddiyyətlər
doğura bilər - işğalı tərəqqiyə aparan
yol kimi görmək milli təfəkkürdə kontrast
doğurur; amma müəllifin vurğusu ideallaşdırmaya
deyil, məcburi çağdaşlaşdırma ortamında
formalaşan milli özünüdərkin gerçəkliyinə
yönəlir.
Dinə yanaşma: tənqid və sekulyarizm
çağırışı
Fazil Mustafanın tənqid vektorunun mərkəzində
İslamın yanlış təfsirinə və ideoloji din
modelinə baxış dayanır. O, fərqli dönəmlərdə
dini təlimlərin əslində düşüncəni yox,
itaəti təşviq etdiyini göstərir. Din - təfəkkürə
yox, qoruyucu davranış modelinə çevrildikdə, toplum
passivləşir. Bu baxış mədəniyyətin fəlsəfi
xəritəsində çox önəmli yer tutur.
Müəllifin əsas arqumenti odur ki, İslamın
qabaqcıl irsi (Mötəzili gələnək) davam etdirilsəydi,
biz bu gün dini yaşamı zehni sekulyarizm müstəvisində
yaşayardıq. Məsələ dinə qarşı
çıxmaq deyil, əlbəttə - bir növ onu zehni dənətimdən
çıxarmaqdır - bu, toplumun düşüncə
enerjisini azad edir. Bu fikir, özəlliklə Doğu
toplumlarında dinin siyasi alətə çevrildiyi tarixi
kontekstdə daha da önəmlidir.
Simvolların tənqidi: kultun de (konstruksiyası)
Əsərin ən bariz və tənqidi cəhətlərindən
biri də tarixi simvolların funksional baxışla yenidən
qiymətləndirilməsidir. Dövlətçiliyimizin
imperiya irsinin bu qədər sərt və açıq şəkildə
tənqid olunması bəlkə ideoloji doqmaların qəlibini
sındırmaqdır, bəlkə də bir başqa dəyərləndirməni
haqq edir. Ümumiyyətlə,
ideallaşdırılmış keçmiş qəhrəmanları
bu kitabda sanki "funksional yoxlama"dan keçir.
Fazil Mustafaya görə, Səfəvilər Azərbaycan
dövlətçiliyinin əsası yox, İran İslam
Respublikası ideologiyasının mirasçısıdır.
Bu fikrə razılaşmaq da olar, etiraz etmək... Mən
şəxsən belə fikirləşmirəm - hesab edirəm,
Qacarlar vaxtı Azərbaycan parçalanmasaydı, yaxud daha
öncəki dönəmdə Nadir Şah sui-qəsdə
uğramasaydı, milli və imperiya coğrafiyamızın qədəri
tamam başqa cür olacaqdı. Əlbəttə, bizim
coğrafiyadan və mədəniyyət iqlimindən, ruhi
gücdən ən azı bir neçə qabaqcıl şəxsiyyət
doğacaqdı və dünyəvi dövlətə
keçid edəcəkdi. Bu, bizim xalqın fitrətindədir
- Çar Rusiyasından Sovetlərə keçid
aralığında Xalq Cümhuriyyəti qurmağa macal tapan
zehniyyətin bənzəri ya Nadir Afşardan Qacarlara qismən
və Qacarlardan bir başqa Azərbaycan dövlətinə
daha böyük ölçüdə dünyəvi
keçid edəcəkdi. 1925-ci ildən bəri - Şah
İranı, yaxud İslam Cümhuriyyəti İranı olsun
- yüzillik boyunca çoxsaylı soydaşımızın
öldürülüb, asılıb-kəsilib, həbs edilməsinə,
əl-qolunun bağlanmasına və didərgin
salınmasına baxmayaraq, yenə bir çox İLKi İrana
soydaşlarımız yaşadıb; ən
başlıcası, məktəbsiz, kitab-dəftərsiz
buraxılmasına - taleyin umuduna buraxılmasına baxmayaraq,
milli ruh ölməyib. Arazın bu tayı - Azərbaycanın
Quzeyi də işğaldan, ayrı-seçkilikdən,
repressiyadan, iki Dünya müharibəsindən "nəsib"ini
alıb. Buna baxmayaraq, yaradıb, İLKlərə imza
atıb, qurub-yaradıb... Yalnız bir məqama diqqət edək:
1941-45-ci il müharibəsində 3 milyon əhalisi olan
respublikamızın ən azı 600 min başıpapaq, əli
silah tutan insanı ön cəbhəyə göndərilib;
onların yarısı həlak olub, hələ
ömürlük şikəst qalanları demirəm. - Təsəvvür
edin, Azərbaycan parçalanmamış olsaydı, belə
böyük sayda soydaşımızın enerjisi, fəaliyyəti
elmin, mədəniyyətin, dövlətçiliyin
inkişafında necə xidmətlərlə müşahidə
olunardı - elə deyilmi?
Lakin onu da danmayaq ki, burada müəllifin əsas məqsədi,
milli kimlik kontekstində "kimi miras bilmək", "kimin
dəyərini daşımaq" suallarını
çılpaq və cavabsız buraxmamaqdır. Yaxşı
ki, müəllif məhz Dədə Qorqud irsinə
üstünlük verir və Nadir Şahın qabaqcıl dini
baxışlarını təqdirlə vurğulayır.
Zəkanın yönü: intellektual aristokratiya və
elmi təfəkkür
Kitabın geniş fəlsəfi və kulturoloji incələmə
müstəvisi düşüncə aristokratiyası ilə
xalq kütləsi arasındakı boşluğu
araşdırır. Burada Baltacıoğlu, Orteqa y Qasset və
Ziya Göyalp kimi düşüncə ustadlarının
ideyaları əsasında sual qoyulur: aydınlar xalqdan
qıraqda qalmalı, yoxsa xalqın içində dərinləşməlidir?
Bu, eyni zamanda aydınların məsuliyyətinə,
funksionallığına və faydasına təxirəsalınmaz
çağırışdır. Tənqid aydınların vətəndaş
qarşısında, tarix qarşısında
daşımalı olduğu intellektual və mənəvi
borcun ifadəsidir. - Müəllifin qənaəti belə
ümumiləşdirilə bilər.
Azərbaycançılıq və
türkçülük:
coğrafi, yoxsa mədəni seçim?
Kitabda Azərbaycan kimliyi ilə türk kimliyi
arasında müəyyən qədər gerilimli dinamika
müşahidə olunur. Müəllif "azərbaycanlı"
kimliyini formal-identik kateqoriya, "türk" kimliyini isə mədəni-mental
özək kimi görür. Bu yanaşma təkcə etnik
kimlik yox, həm də mədəni yönəliş məsələsidir:
biz hansı dəyərləri daşıyırıq və
hansı yönə baxırıq?
Müəllifə görə, bu seçimdə əsas
şərt - millilik yox, yenilənmə ruhudur. Bu ideya, klassik
etnosentrik yanaşmadan fərqli olaraq, mədəni dinamizmi
önə çıxarır.
Tənqidi şüurun mədəni platforması
Fazil Mustafanın bu əsəri tarixə, dinə,
kimliyə, milli yaddaşa və
çağdaşlığın anlamına yalnız ideoloji
deyil, həm də kulturoloji-fəlsəfi baxışla
yanaşmanın örnəyidir. Kitabın elmi gücü -
onun retrospektiv incələmədən çox perspektiv təfəkkürə
yönəlməsindədir. O, keçmişə boylanaraq,
bugünü təftiş edib, gələcəyə
düşüncə yolu çəkmə cəhdidir.
Əsərin ən dəyərli cəhəti isə
susqunluğun tabu olduğu sahələrdə
düşüncə qapılarını açması, rutin
dəyişiminə çalışmaqdır - tənqidə
cəsarət, çağdaşlığa iradə, kimliyə
yenidən baxış ehtiyacı...
Bu səbəbdən də "Azərbaycan:
Qaranlıq keçmişdən aydınlıq tarixə" -
müəllifin fərdi
çağırışlarının yanıbaşında,
bütövlükdə çağdaş türk
düşüncəsinin aydınlıq
çağırışı kimi yorumlana bilər.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
525-ci qəzet .- 2025.- 25 iyul(№129).- S.11.