Azər Turan: Ədəbiyyatın və
tariximizin iziylə
"QƏBULƏ XANIM VƏ I PYOTR" KİTABI
VƏ MÜƏLLİFİN YARADICILIQ YOLU HAQQINDA
DÜŞÜNCƏLƏR
"Ədəbiyyat" qəzetinin baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru Azər Turanın
yeni nəşr olunmuş "Qəbulə xanım və I
Pyotr" kitabını böyük maraq və diqqətlə
oxudum. Bu əsər yalnız tarixi faktları sadalamaqla kifayətlənmir,
həm də Azərbaycan xalqının işğal və
imperiya təzyiqlərinə qarşı göstərdiyi dirənişi
bədii faktlarla təcəssüm etdirir. Kitabın mərkəzində
dayanan Qəbulə xanım obrazı təkcə
keçmişin bir siması deyil, milli iradənin, qadın
müdrikliyinin və liderlik ruhunun bədii əksidir.
Qəbulə xanımın formalaşdığı
tarixi və sosial mühit, Salyan bölgəsi əsrlər boyu cəsur, iradəli
və siyasi təfəkkürlü insanları ilə
tanınıb. Bu torpaqlar yalnız əməksevərliyi ilə
deyil, həm də dövlətçilik ənənələrinə
sədaqəti və milli dəyərlərə
bağlılığı ilə seçilib (Türk Dünyasının
ən böyük ideoloqlarından biri olan Əli bəy
Hüseynzadənin əslən bu bölgədən olması
da təsadüfi deyil). Qəbulə xanım məhz belə
bir mühitdə yetişmiş, dövrünün çətinlikləri
qarşısında sarsılmamış, əksinə, siyasi
uzaqgörənliyi və lider keyfiyyətləri ilə fərqlənmişdir.
Qeyd etmək yerinə düşər ki, rus
işğalına qarşı ilk üsyan məhz Salyanda
baş verib. Bu həm də xalqımızın azadlıq və
əsarətə barışmazlığının
simvoludur.
Əsərdə təsvir olunan hadisələr XVIII əsrin
əvvəllərində baş verir. Rus imperiyasının Cənubi
Azərbaycana doğru genişlənmək planları fonunda,
1724-cü ildə Salyanı ələ keçirmək istəyən
500 nəfərlik rus hərbi birliyinin Qəbulə
xanımın başçılığı ilə məhv
edilməsi sadəcə bir toqquşma deyil, tariximizdə ilk
antiimperialist müqavimət aktlarından biri kimi təqdim
olunur. Bu fakt təkcə hərbi mübarizənin deyil, həm
də milli ruhun, siyasi iradənin və qadın liderliyinin
açıq manifestidir.
Qəbulə xanım Salyan Sultanlığının
naibi Həsən bəyin həyat yoldaşı idi. O,
dövrünün mürəkkəb siyasi mühitində
yalnız ictimai şəxs kimi deyil, həm də siyasi lider
olaraq çıxış etmişdir. Rus çarı I
Pyotrun sevimli sərkərdəsi Matyuşinə
yazdığı məktubda Qəbulə xanım barədə
ifadə etdiyi fikirlər: "Salyan hakiməsi Qəbulə
xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı
olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin".
Bu fikirlər Azərbaycan türkü olan xanımın
düşmən tərəfindən belə nə qədər
ciddi qəbul olunduğunun bariz sübutudur.
Azər Turan bu tarixi faktları təqdim etməklə
kifayətlənmir. O, Qəbulə xanımı həm də
çağdaş oxucu üçün dəyərli bir
örnəyə çevirir. Yazıçı bu obrazı
yalnız bir qəhrəman kimi yox, həm də milli
kimliyimizin simvolu kimi təqdim edir. Bu yanaşma həm ədəbi,
həm də vətəndaşlıq baxımından
mühüm əhəmiyyət daşıyır.
Azər Turan müasir Azərbaycan ədəbiyyatında
dərin düşüncə, milli ideya və tarixi məsuliyyət
daşıyan müəlliflərdən biridir. Onun ədəbi
kimliyi ustad yazıçı İmamverdi Əbilovun ədəbi
məktəbində formalaşıb. Azər Turan bu məktəbi
davam etdirməklə yanaşı, onu zənginləşdirərək
yeni məzmun və forma ilə müasir dövrün düşüncə
sisteminə uyğunlaşdırır.
Onun publisistik və bədii yazılarında milli ruh,
analitik baxış və estetik dəyərlər bir araya gəlir.
Bu yazılar oxucunu həm düşündürür, həm
də milli şüurun dirçəlişinə təkan
verir. Xüsusilə Hüseyn Cavid
yaradıcılığına həsr etdiyi məqalələrdə
bu xüsusiyyətlər daha qabarıq hiss olunur. Azər Turan
Cavidin poetikasını yalnız ədəbi deyil, həm də
ideoloji kontekstdə araşdırır, onu müasir oxucu
üçün yenidən aktual edir və milli romantizmin
davamlılığını göstərir.
"Qəbulə xanım və I Pyotr" əsəri
həm də sübut edir ki, ədəbiyyat tarixin yalnız
bir təsviri yox, onun dərk və dirçəldilmə vasitəsidir.
Bu əsər tarixi gerçəkliklərin ədəbi
düşüncə ilə işıqlanması
baxımından monoqrafik roman, sənədli-publisistik mətn
və eyni zamanda milli yaddaş üçün
çağırışdır. Azər Turan burada yalnız
rəsmi tarixi xronologiya təqdim etmir, onu bədii təhlil
süzgəcindən keçirərək oxucuya yeni mənzərə
təqdim edir.
Onun publisistikası və ədəbi
araşdırmaları Azərbaycan ədəbiyyatında
milli-siyasi məsuliyyət daşıyan yazı nümunələridir.
Bu yazılar estetik axtarışlarla yanaşı, milli kimliyi
qorumağa və inkişaf etdirməyə yönəlib. Azər
Turan təkcə ədəbi fikrin
daşıyıcısı deyil, həm də milli
şüurun formalaşmasında rol oynayan ziyalı
mövqeyinin daimi təmsilçisidir.
Sonda qeyd etməyə dəyər bir həqiqət
var: Azər Turanın yaradıcılığı yalnız
keçmişi xatırlatmaq deyil, həm də gələcəyə
dair yol xəritəsi təqdim etmək missiyası
daşıyır. "Qəbulə xanım və I Pyotr"
kitabı isə bu xəritədə xüsusi önəm
daşıyan, qadın iradəsi, milli müqavimət və
ziyalı qələmi ilə yoğrulmuş mühüm bir
zirvədir.
Samir ƏSƏDLİ
525-ci qəzet .- 2025.- 25 iyul(№129).- S.10.