"Göyün
cazibə qüvvəsi" sözün cazibə qüvvəsi
ilə görüşərsə...
Yazıçı-publisist Bahəddin Həzi ədəbiyyat
aləminin sözə böyük ehtiramla, həssaslıqla
yanaşan insanlarından biridir... Onu oxuyarkən gah rəssama,
gah musiqiçiyə, gah da duyğuların
görüntüsünü ustalıqla yaradan bir sənətkara
bənzədirəm.
Onun yaradıcılığı rənglidir və o rənglər
insanı düşündürür, insan təxəyyülündə
canlanan tabloya həssas çalarlarla toxunuşlar edir, nəticədə
gözlərimizin önündə sözün ən əsrarəngiz,
ən füsunkar tablosu yaranır.
Onun yaradıcılığını oxuyarkən
qulaqlarımızda, arxa fonda dünyanın güclü bəstəkarlarının
yaratdığı simfoniyalar, mədəniyyətimizə zərif
toxunuşlar edən muğam səsi, insanı özündən
qoparıb sehrli bir məkanda yalnız özüylə
baş-başa qoyan və ən xoş duyğuların
saçlarını tumarlayan həzin musiqilər səslənir..."
Göyün cazibə qüvvəsi" insanı özünə
cəzb edərək sözün cazibə qüvvəsinə
təslim olur.
Bu təslimiyyət onun da dediyi kimi, cəmiyyətdən
yorulanda gedib təbiətdə durulub yenidən
qayıtmağa bənzəyir. Gözəl sözə
qayıtmaq, sözdə dincəlmək, sətirlərdə
coşan ilhamını dördnala çapdırıb xoş
bir yorğunluqla masa arxasında duyğularının əlini
sıxmaq kimi...
Onun da dediyi kimi, başqa sözlə, "biz
Allahın yaradıcı gücüyük və insan Allaha
inandığı kimi, Allah da insana inanıb". Və
söz adamlarının gücü də beyninin ən həssas
nöqtələrindən süzülüb gələrək
barmaqlarının ucunda birləşmişdir...
"Göyün cazibə qüvvəsinin" təsiri ilə
insanın ən ali, ən içdən duyğularını
kainata yüksək enerji ilə göndərən
yazıçı, ən güclü fikirlərini
barmaqlarının ucunda toplayan kunq-fu ustası kimi bir zərbə
ilə dəmiri deşmək bacarığına sahib
olduğutək, İlahi vergi sayılan bədii enerjisi ilə,
ən güclü duyğuları ilə oxucu, insan ruhuna, qəlbinə,
hisslərinə yol tapır.
Bahəddin Həzinin
yaradıcılığını oxuyanda bəzən sətirlər
içində sözün yaxşı mənasında itib
batıram, sonra isə ən yaxşı formada
özümü tapıb ayağa qalxıram, onun fikirləri əllərini
uzadıb insanı yerdən qaldırır, yenidən möhkəm
addımlarla irəliləməyə kömək edir... Burada
yenidən düşüncənin və sözün
gücü özünü ən gözəl şəkildə
isbat edir. İllər öncə yazdığım "Yoxluğunun
cazibə qüvvəsi" kitabımı xatırlayıram,
illər sonra o yazdığım şeirin cavabını və
ən gözəl izahını "Göyün cazibə
qüvvəsində" görürəm... Onun
yazdığı yazılarda özümü tapan həssas
bir oxucu kimi ruh doğmalığının da şahidi oluram.
Duyğuların reinkarnasiyası "Göyün cazibə
qüvvəsində" kamilləşir.
Yazıçı hisslərinin müəyyən bir
hissəsi ruhən yerdəyişmə edərək bizdə -
onların zərrələrində təkrar ədəbi
qayıdış edir..
Özü dediyi kimi, mesaj O-ndan gəlir, əlbət!
Bahəddin bəyin düşündüyü kimi, nə
zamansa bizlər - ədəbiyyat insanları fikrən, ruhən
haradasa qarşılaşmışıq və o
düşüncənin gücü barmaqlarımıza nə
zamansa eyni anda eyni insan halını yazmaq əmri
vermişdir...
"Ayrılıq - birlikdəliyin çatlarına -
birlikdə olan insanların arasına sızan zamanın
adıdır" - deyir Bahəddin Həzi, "Ölüm isə
insanın həmişəlik ayrılıq
ehtiyacıdır".
Yer üzündə əbədi yaşayacaq olan isə
gözəl sözdür, o söz ki, tarix boyu doğru
deyildiyi zaman möcüzəvi gözəlliklərinin
yaranmasına səbəb olub, ağızdan yanlış
çıxdığı zaman isə bəzən
bütün doğruların əzilməsinə, böyük
yanlışlıqlara səbəb olmuşdur.
Sözünüz kəsərli olsun, ilhamınız
tükənməsin! Mesaj O-ndan gəlib! Yazın-yaradın!
Aysel XANLARQIZI SƏFƏRLİ
525-ci qəzet .- 2025.- 25 iyul(№129).- S.10.