Qadınlar həyatı
bəzədiyi kimi, tarixdə də fərqlənmişlər
(Əvvəli ötən şənbə
sayımızda)
Oktavian Romaya gələndə, çariça Misirə
qayıtmaq qərarına gəldi. Bu vaxt o, Sezardan ikinci
uşağına hamilə idi, lakin uşağın itirilməsi
ilə hamiləlik sona çatdı.
Kleopatra özünə yeni dayaq axtarmalı idi. Mark
Antoni ilə görüşəndə, onu Misirə dəvət
etdi, çünki b.e.ə. 41-ci ildə artıq o, Tarsusda
Antoni ilə yaxınlıq etmişdi. Misirə gələn
Antoni burada çox dəbdəbəli saray həyatı
sürürdü. Plutarx bu dövrü kiçik detallarla təsvir
edir.
B.e.ə. 38-ci ildə Kilikya Kleopatranın nəzarətinə
keçdi. O, Antoniyə Suriya yürüşü
üçün 200 gəmi verdi. Kleopatra Antonidən ekiz
uşaq - Helos adlı oğul və Selena adlı qız
doğdu.
Antoninin Romada Oktaviaya evlənməsi Kleopatraya pis təsir
göstərdi və Antoni Kleopatranı Antioxa
çağırdı və qadın 3 yaşlı ekizlərini
oraya gətirdikdə, ataları onları ilk dəfə
gördü. B.e.ə. 35-ci ildə Antoni Kleopatranı Parfiya
imperiyasına yaxın olan əraziyə gətirdi. Sonra
qadın Misirə qayıtdı, çünki artıq ikinci dəfə
yenə hamilə idi. B.e.ə. 36-cı ilin yayında o, Antonidən
Ptolomey Filadelfus adlanan ikinci oğlunu doğdu.
Antoni b.e.ə. 35-ci ildə Parfiyaya qarşı ikinci
yürüşə hazırlaşırdı. Bu vaxt Oktavia
Afinaya səyahət etdi, o, özü ilə 2 min nəfərlik
qoşun gətirmişdi. Lakin Antoni döyüşdə itkilərə
məruz qaldı. Kleopatra ilə birlikdə o, Antioxa gəldi və
Oktavia Romaya qayıtmalı oldu. Oktaviana bu, öz
bacısının Antoninin qurduğu tələnin qurban
olması tək acı bir təsir göstərdi.
B.e.ə. 34-cü ildə Antoni və Oktavian
qızğın təbliğat müharibəsinə
başladılar və bu mübarizə sonrakı illərdə
də davam etdi. 33-cü ildə Oktavian Antonini Roma ərazisini
Kleopatraya verməkdə ittiham etdi. Həmin ili Antoni Sezarionu
Sezarın hüquqi varisi elan etdi. Bu vaxt 200 senator Antonini dəstəkləyirdi
və Romadan qaçıb, onun tərəfinə keçdi.
Kleopatra döyüşmək üçün Antoniyə
800 gəmidən ibarət olan öz donanmasından 200-nü
verəcəyini vəd etdi və Antonini məcbur etdi ki,
Oktavianı boşama barədə Romaya xəbər göndərsin.
Bu iki rəqib arasında təbliğat müharibəsini daha
da gücləndirdi. Oktavianınkı ilə müqayisədə
Antoninin donanması daha böyük idi. Kleopatra ilə birlikdə
o, müttəfiq çarlardan da kömək
almışdı.
B.e.ə. 31-ci ilin 2 sentyabrında Aktsium dəniz
döyüşündə Oktavianın donanması ilə
Antoni və Kleopatranın qüvvələri üz-üzə
gəldi. Kleopatra öz flaqman gəmisində idi, lakin tezliklə
döyüş yerindən qaçdı, Antonini
qorxaqcasına tək qoydu. Antoni də döyüşməyi
davam etdirməyi unudub, Kleopatranın dalınca getdi.
Sentyabrın 3-də Antoni məğlub oldu, onun
qoşunları da Oktavianın tərəfinə keçdi.
Oktavian Afinanı işğal etdi; Antoni və Kleopatra
isə Misirə döndülər. Kleopatra qorxurdu ki, Aktsium məğlubiyyəti
xəbəri Aleksandriyada qiyam qalxmasına səbəb ola bilər.
O, taxt-tacını oğlu Sezariona verməyə
hazırlaşırdı. 30-cu ilin yazında Oktavian
Aleksandriyaya tələsdi. Antoninin donanması da, süvari dəstəsi
də Oktaviana təslim oldu. Oktavian Aleksandriyada sarayı da
işğal etdi və Kleopatranın üç
uşağını əsir götürdü. O,
Kleopatranı da Romadakı triumfdan keçirməyi
planlaşdırırdı.
Kleopatraya dedilər ki, Oktavian onu və
uşaqlarını Romaya aparacaqdır. Bu vaxt Antoni
özünü intihar etmişdi. Misir isə artıq
Romanın əyalətinə çevrilmişdi. Kleopatra
triumfda nümayiş etdirilmək kimi təhqirdən xilas olmaq
yollarını arayırdı. Öz sərdabəsində
gizlənən Kleopatra ilanın sancması ilə
özünü öldürdü. O, öləndən sonra
Antonidən olan uşaqları Romaya gətirildi və
onları alicənablıq göstərən Oktavia
böyütdü. Sezarionu isə Orktavian özünə rəqib
hesab etdiyindən, öldürtmüşdü.
Kleopatra sonuncu Misir çariçası olmaqla,
dövlətçilik müstəqilliyi naminə hər vasitəyə
əl atmışdı, lakin niyyəti baş tutmadıqda,
intihar yolu itlə həyatdan getmişdi.
Çin imperatriçəsi
Bu qadının şəxsi adı U Jao idi, bizim
eranın 660-705-ci illərində Çinin imperatriçəsi
olmuşdu. Əvvəlki dövrlərdə digərləri ilə
birlikdə, sonra isə dövləti təkbaşına idarə
etmişdi. Onun əri taxt-tacda olanda, imperatriçə-arvad
kimi fəaliyyət göstərmişdi. 660-690-cı illərdə
oğlanları imperator olanda, o, dul qadın fəaliyyəti ilə
məşğul olmuş, 660-705-ci illərdə əslində
birbaşa Çini idarə etmişdi. O, Çin tarixində
yeganə hökmdar idi ki, onun legitimliyi geniş surətdə
tanınırdı. Hökmdarlıq etdiyi 45 il ərzində
Çin dünyada böyük qüdrətə yiyələnmişdi,
burada mədəniyyət və iqtisadiyyat geniş inkişaf
etmişdi. Həm də saraydakı korrupsiya xeyli
azalmışdı.
Lakin onu dövlət çevrilişi ilə taxt-tacdan
götürdülər və bundan bir neçə ay sonra o,
öldü.
Erkən ömrü vaxtı U imperator Taconqun kənizi
olmuşdu. Həmin imperator öldükdən sonra onun
doqquzuncu və həm də varisi olan oğluna ərə
getdi. U imperatriçə-arvad olmaqla, qadınlar arasında ən
yüksək rütbəyə yiyələnmişdi. Onun
hakimiyyəti imperatora xas olandan fərqli idi və saraya nəzarət
etməyə başladı.
İmperator 660-cı ildə ürək zərbəsinə
məruz qaldıqda, U sarayın inzibatçısına
çevrildi. 683-cü ilə kimi imperator səlahiyyətlərinə
yiyələndi. 683-cü ildə isə imperator oldu. Varisin 17
yaşı olana qədər qadın hökmranlıq edə
bilərdi. U isə ənənəni pozub, imperatorun
oğlanlarını idarəçiliyə yaxın qoymamaqla,
tam hakimiyyəti ələ keçirdi. O, ölkənin Tan
adını da Cou ilə əvəz etdi, özünün
royal adını da Li-dən U-ya dəyişdirdi. Həm də
o, özünə imperator kimi rəsmi mərasim keçirdi.
İmperatriçə U Çinin ən böyük
imperatorlarından biri sayılır. O, hər şeydən əvvəl,
möhkəm liderliyi və səmərəli idarəetməsi
ilə seçilirdi. Bunlar Çini dünyanın ən
qüdrətli millətlərindən birinə çevirdi.
Çin imperiyasının ərazisi xeyli genişləndi, Mərkəzi
Asiyanın dərinliklərinə qədər uzandı. O,
Koreya yarımadasında müharibələr apardı, yeni ərazilər
işğal etdi. Çin cəmiyyətində sosial siniflərin
nüfuzunu zəiflətdi, lakin ölkədə təhsil və
ədəbiyyat inkişaf etdirildi.
U islahatların açarı rolunu oynayırdı,
imperial imtahan sistemi yaratmışdı. Bu sistem Çində
meritokratiyanın təşəkkül tapmasında
mühüm rol oynadı. Yaradılan rəqabət sistemi məmur
dəstəsinə istedadlı adamların daxil olmasını
asanlaşdırdı. O, həm də çox sayda tikililər
inşa etdirirdi. Bütün bunlarla yanaşı, onun əsl
karyerası siyasi liderlik idi.
U həmçinin fəal ailə həyatı
yaşayırdı, onun dörd oğlu var idi. Nəvələri
isə sonralar mühüm vəzifələr tutdular.
Çin tarixində U bir sıra titullarla
tanınır. Uşaq vaxtı, valideynləri onu kitab
oxumağa həvəsləndirmişdi, öz təhsili ilə
dövrə xas olmayan bir qaydada məşğul olurdu. O,
musiqiyə, kalliqrafiyaya, ədəbiyyata, tarixə, siyasi xadimlərə
və digər idarəçilik işlərinə
böyük maraq göstərirdi. 14 yaşında o, artıq
imperial sarayda kəniz idi, onun buradakı vəzifəsi katibə
tipində idi. Saraya yollananda, ondan ayrıldığına
görə ağlayan anasına belə cavab verdi: "Sən
hardan biləsən ki, bu, Göylər oğlu ilə
görüşmək üçün mənim xoşbəxt
taleyim deyildirmi". Anası qızının
ambisiyasını anladı və ağlamağını kəsdi.
U sarayda imperatorun xoşuna gəldi və onunla bir dəfə
intim yaxınlıq etdi. Bununla da o, imperatora güclü təsir
göstərmək imkanına yiyələndi. İmperator
649-cu ildə öləndə, taxt-tacda onu kiçik oğlu əvəz
etdi. Hələ atasının sağlığında, onun U
ilə yaxın əlaqəsi olmuşdu.
650-ci ildə arvad olan U imperatorun kənizi kimi
böyük rütbəli titula malik idi və tədricən
möhkəm nüfuz qazandı. Qəbul edilən qərarların
çoxuna o, nəzarət edirdi. Ancaq rəhmsiz bir qadın
kimi tanınırdı, hətta öz uşaqlarını
öldürməkdən də çəkinməmişdi. Qədim
Çin inamını qəbul etməli idi ki, qadın,
imperator hakimiyyətinə yiyələnə bilməz.
650-655-ci illərdə o, imperial arvada çevrildi.
İmperator 21 yaşında taxt-taca gəlmişdi, taca onun
özündən böyük olan iki qardaşı deyil, məhz
onun özü yüksəlmişdi.
Lakin onun öz arvadından xoşu gəlmirdi. 652-ci ildə
U-nun imperatordan ilk uşağı oldu. Bir il sonra o, digər
oğlunu doğdu, sonra bir qız uşağı doğuldu.
Lakin körpə tezliklə öldü. İmperatorun
yaxını Uanı qətlə yetirməkdə U ittiham
edildi və o, özünü təmizə çıxara bilmədi.
U imperatriçə olanda çoxlarını, o
cümlədən öz ailə üzvlərini hədəf
götürmüşdü. 684-cü ildə o, 12 nəfəri
edam etdirdi, onların hamısı imperial ailənin qanına məxsus
idi.
U-nun tədbirlərinin çoxu populyar olmaları ilə
seçilirdi və bu, onun hökmranlığına köməklik
göstərirdi. O, öz mövqeyini möhkəmləndirmək
üçün hərbi və diplomatik bacarığından
geniş istifadə edirdi. Onun ən yüksək
islahatlarından biri imperial imtahan sistemini inkişaf etdirmək
idi. Meritokratiyanın tərkib hissəsi olan bu sistem bizim eradan
əvvəl, Xan sülaləsi vaxtı meydana gəlmişdi.
Bu sistemə görə daha yaxşı təhsil almış
iddiaçı hökumət xidmətinə
götürülməli idi. Dövlət işinin nəzəriyyəsi
və praktikası rolunu oynayan bu sistemin imtahanlarında
yalnız kişi cinsinə məxsus olanlar iştirak edə
bilərdi. Belə seçim hökumət bürokratiyasını
xeyli dərəcədə inkişaf etdirirdi. İmtahan sistemi
idarəetmədə başlıca dəyişiklikləri əmələ
gətirdi. Hökumət vəzifələrinə əvvəllər
yaxın düşə bilməyən və əyalətdən
olan adamlar irəli çəkilirdi. Seçimdə ləyaqət
prinsipi, meritokratiyanın tələbləri vacib
sayılırdı, protektsionizm hallarına yol verilmirdi.
U-nun sarayı ədəbi
yaradıcılığın fokusu rolunu oynayırdı.
İmperatriçənin özünün yazdığı 46
poema Tan poemaları külliyyatında toplanmışdı.
Onlardan çoxu siyasi nəticələrə xidmət etmək
üçün yazılmışdı. U həm də
sarayın digər yaradıcı adamlarına da himayəçilik
edirdi.
Janna d`Ark - Fransanın milli qəhrəmanı
Janna d`Ark 1412-ci ildə Fransanın şimal-şərqindəki
Domremi kəndində anadan olmuşdur. 1431-ci ilin mayında
ölmüşdür. O, Müqəddəslər
siyahısına salınmışdı, axı o, Fransanın
həm də milli qəhrəmanı hesab olunurdu.
Kəndli qızı olan Janna inanırdı ki, o, ilahi
qüvvələrin təsiri altında hərəkət edir.
Fransız ordusuna başçılıq edərək, Orleanda
möhtəşəm qələbə qazandı. İngilislərin
Yüz illik müharibədə Fransanı bütünlüklə
işğal etmək cəhdini isə ilk dəfə olaraq dəf
etməyə müvəffəq olmuşdu. Sonrakı ildə
o, əsir götürülmüş, ingilislər və
onların kalloboranatları tərəfindən tonqalda
yandırılmışdı. Bu qız öz müasirləri
arasında ən böyük milli qəhrəmana çevrilmişdi
və onun uğuru fransızların sonrakı milli mübarizəsini
oyadaraq, ona güclü təkan vermişdi.
II Dünya müharibəsində Fransa müqavimət
hərəkatının lideri general Şarl de Qoll ingilislər
onun təşəbbüs xarakterli təklifini başa
düşməyəndə demişdi ki, mən Janna d`Arkam,
vaxtilə ingilislər onu tonqalda yandırmışdılar,
indi mənimlə də belə rəftar edə bilərsiniz.
Janna Domremidəki fransız fermerinin qızı idi, bu
kənd Lotaringiyanın sərhədində yerləşirdi.
İngilisləri dəf etmək ideyasını ona yol göstərən
böyük mələk Müqəddəs Mixail, Aleksandriyadan
olan Müqəddəs Marqaret təlqin etmişdi. Janna həm
ruhi, həm də fiziki igidliyə malik idi, sağlam
düşüncədə möhkəm olmaqla yanaşı,
digər xarakterik atributlara da sahib idi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 26 iyul(№130).- S.22.