Yorulmazlığa örnək və
təbiilik
Önümdə bir kitab var. Sadə tərtibatlı
bir kitab... "Şeirdən başlanan möhtəşəm
yol" adlanır. Elə də böyük deyil, 10 çap vərəqi
həcmindədir. 2024-cü ildə "Elm və təhsil"
nəşriyyatı tərəfindən buraxılıb.
Birnəfəsə oxudum onu. Olduqca xoş ovqat bəxş
etdi mənə. Səbəbləri çox idi. Birincisi, təcrübəli
qələm əhli tərəfindən
yazılmışdı. Müəllifin, yəni filologiya elmləri
doktoru, professor Akif İmanlının jurnalistlik və
publisistik məharəti, istedadı özünü qabarıq
şəkildə göstərmişdi bu kitabda. İkincisi,
yazar da və onun böyük zövqlə qələmə
alıb oxuculara təqdim etdiyi surətlər
qalereyasındakılar da dörd illik ali məktəb həyatının
daşıyıcıları - tələbəlik dostları,
doğmaları idi.
Kitabın araya-ərsəyə gəlməsi, o
dövrün görünən, bilinən və bilinməyən
tərəflərinin qeyd edilib xatırlanması bizi bizdən
alıb gəncliyimizə çəkdi, şirin, duyğusal
anların, pozitiv hisslərin əhatəsində
yaşayırmış kimi olduq.
Kitab həm də böyük bir şəxsiyyətə,
görkəmli Azərbaycan ədəbiyyatşünasına həsr
edilmişdir: İsa Həbibbəyliyə!
Söhbət akademik, AMEA-nın prezidenti vəzifəsində
çalışan İsa Əkbər oğlu Həbibbəylidən
gedir. Təbii ki, titullarını, mükafatlarını, elmi
uğurlarını sadalamaq fikrində deyiləm. Ancaq bu qədər
vətənə, xalqa xidmət yolunda zirvələrin qəddini
qatlayaraq şöhrətlənmiş elm fədaisi elə o qədər
də sadə, xeyirxah və kövrəkdir. El sözü ilə
qiymətləndirsək, uşaqla uşaq, böyüklə
böyükdür. Dost üçün, insanlar
üçün ürəyi də açıqdır,
çalışdığı vəzifələrin
qapısı da.
Fikirlərimə bir qədər işıq tutub
aydınlıq gətirmək istəyirəm. İsa Həbibbəyli
də, onun barəsində gözəl kitabı qələmə
alan Akif İmanlı da, elə mən özüm də bir
fakültənin, bir qrupun tələbələri olmuşuq.
Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan
Filialının ilk qəbulçuları, ilk məzunlarıyıq.
1967-1971-ci illər ömrümüzün tələbəlik
illərinə daxildir. Bizə o vaxtlar "filial
uşaqları" da deyərdilər.
Filialçıların təxminən 50-si Azərbaycan dili və
ədəbiyyatda, 25-i tarixdə, 25-i də riyaziyyatda təhsil
almışdır. İsa Həbibbəyli Azərbaycan dili və
ədəbiyyatda "B" qrupunun sinif nümayəndəsi
olmuşdur. İlk kursdan sonadək bu titulu obyektiv və ədalətli
şəkildə daşımışdı. Naxçıvan
Filialı Tələbə elmi cəmiyyətinə də sədrlik
edirdi. O həm də çox istiqanlı, qaynar gənc idi. Təkcə
qrupumuzda yox, bütün fakültədə, filialda,
Naxçıvanda ad çıxarmışdı.
Açıq ürəkliliyi, sağlam düşüncəsi,
zəkası, zəhməti, mütaliəsi, mühakiməsi
ona hər tələbə və müəllimlə, filiala gələn
qonaqlarla qısa zaman kəsiyində ünsiyyət qurmağa
yardımçı olmuşdur.
Saydığım və saya bilmədiyim müsbət
mənalı fərqli keyfiyyətlərinə rəğmən,
biz onu həqiqətən çox istəyir, hörmət və
ehtiram göstərirdik. Təbii ki, bunlar elə İsa Həbibbəylinin
özünün bizə qarşı verdiyi dəyərin real
qarşılığı idi. Həm də tələbəlik
dostumuzu sevdirən səbəb o idi ki, o, hansı bir yüksək
vəzifə postunu tutmuş olurdusa, fəxri adlara, titullara
sahiblənirdisə, bizlərlə yaxınlığına
kölgə düşməyə imkan yaratmırdı.
Bir nüansı da dilə gətirmək fikrindəyəm.
Biz, tələbə dostları, xüsusilə "B"
qrupunun uşaqları onu yaxşı tanıyırıq. Amma
açıq söyləyim ki, alim qardaşım Akif
İmanlının "Şeirdən başlanan möhtəşəm
yol" kitabını diqqətlə mütaliə edib
bitirdikdən sonra sanki akademik dostumuzu yenidən kəşf
etdim. Demə, bilmədiklərim, unutduqlarım çox
şeylər də var imiş. Akif İmanlı ilə İsa
Həbibbəyli yataqxanada dörd il bir otaqda qaldığı
üçün o, daha çox müşahidə edə
bilib. Aydınlaşdı ki, o, elə uşaqlıq, yeniyetməlik
çağlarından, necə deyərlər, boş-bekar
dayanmayıb. Yəni ədəbiyyata, elmə, incəsənətə
yönəlik fikri və düşüncələrinin
gerçəkləşməsi uğrunda əsl fədailik
edib, mübarizlik göstərib. Və bu dərin
tanışlıqdan, ətraflı bilgilərin ardından
AMEA-nın rəhbəri olan İsa Həbibbəyli ilə,
yeniyetmə və yaxud tələbə İsanın
arasındakı sıx bağlılığı görməmək
mümkün deyildir. Tələbəlik illərində də
tez-tez iclaslarda, radio və televiziyada yaddaqalan
çıxışlar edən, şeirlər və məqalələr
yazıb çap etdirən, tələbə futbol
komandasının kapitanı olan İsa Həbibbəyli
böyük həvəslə, yorulmadan
çalışırdı.
Doğrudan da bu gün ölkənin ali elm məbədinin
prezidenti olmaq zirvəsinə çatan İsa Həbibbəyli
təsadüflərin yox, zərurətlərin, təbii
ardıcıllıqların işığı altında irəliləmiş,
zəhməti, alın təri axıtmaq kimi şərtləri
özünün seçdiyi həyat yolundan qətiyyən
sapdırmamışdır.
Akademiyanın Rəyasət Heyətinin yerləşdiyi
məşhur tarixi binada - İsa Həbibbəyliyə məxsus
inzibati kabinetdə məlum kitab barədə xeyli söhbət
getdi. Akif İmanlının yazdığı kitabı
çox bəyənmişdi. Bunu söhbət əsnasında
dəfələrlə vurğuladı və sonra
Naxçıvan filialına, tələbə
dostlarımıza aid daha geniş bir kitab yazmaq lazımdır
- dedi, - kim istəsə, xatirələrini, ürək
sözlərini qələmə ala bilər. Mənə də
məxsusi müraciət etdi: - Sən mütləq yaz. Qələminə
bələdəm, yaxşı olacaq...
Sözsüz ki, bu, ürəyimcə edilən bir təklif
və ya müraciət idi. Ona görə də
düşünüb-daşınmağa, daha doğrusu, tərəddüd
etməyə ehtiyac qalmadı.
- Yazaram! - deyə fikrimə nöqtə atdım. Hər
şeyi xatırlamağa, gözlərim önünə gətirməyə
çalışdım. Filial dövrü, sonrakı illər,
elə bu günlərin özündə baş verənlər
kino lentinə çevrilib bir-birini əvəzlədi. Ədəbiyyatda
oxuyan filialçılar çox mehriban olmuşlar.
Tarixçilər, riyaziyyatçılar da həmçinin. Bu
ənənə həyatımız boyu davam etməkdədir.
Dostları, yaxınları hər zaman arayıb
axtarmışıq. İsa Həbibbəylinin 1996-cı ildə
Naxçıvan Dövlət Universitetinin rektoru təyin
olunandan sonra filialda təhsil almış tələbələrin
- məzunların ilk böyük görüşünü
keçirməsi və bu kimi tədbirləri ənənə
halına çevirməsi tələbə
dostlarımızın daha sıx birləşməsinə,
geniş mənada yaxınlığımıza yeni bir təkan
oldu.
Söhbət tələbəlik illərinin, tələbə
yoldaşlarının üstünə gələndə ilk
yada düşən, xatırlanan İsa müəllim olur. Ona
görə yox ki, o, uzun illər təhsil aldığı ali
məktəbin prorektoru, rektoru işləyib, yaxud AMEA-nın
vitse-prezidenti, prezidenti kimi yüksək vəzifələr
daşıyıb və haliyyədə daşıyır.
Əsla yox! Həqiqət budur ki, onun nüfuz
qazanmasının, sevilməsinin, ürəklərə yol
tapmasının başlıca səbəbi sadəliyi,
humanizmi, xeyirxah əməllərə son dərəcə
sadiqliyidir. Mən əminliklə deyə bilərəm ki,
filial uşaqları və ya sonrakı illərin tələbələri
bu və digər iş üçün ona müraciət
etdikdə hər dəfə məmnun qalıb, seviniblər.
Bu kimi hallara az rast gəlməmişəm və az da eşitməmişəm.
Onu da birmənalı şəkildə hiss etmişəm ki,
İsa müəllim hər hansı bir şəxsin problemini
həll edəndə, kiməsə azacıq belə
yaxşılığı keçəndə sonsuz dərəcədə
şadlanır, sözün əsl mənasında mənəvi
rahatlıq tapır.
Bir sözlə, tələbə dostlarına və elə
əslində hamıya, hər kəsə isti münasibət,
dar məqamda gücsüzə, çətinlikdə qalana həyan
olmaq, əl tutmaq bizim fəxr etdiyimiz dostumuzun əsl mənada
həyat kredosudur.
30 aprel 2013-cü il tarixi filialın ilk dil-ədəbiyyatçı
məzunları üçün unudulmayacaq bir günə
çevrildi. Məhz həmin gün ürək dostları, tələbə
bacı-qardaşları İsa Həbibbəyli ilə vida
görüşünə gəlmişdilər. Axı onu Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə
irəli çəkmişdilər. Bakı, yeni iş yeri,
yeni yüksək vəzifə kürsüsü onu gözləyirdi.
Sevinirdik buna, ürəkdən sevinirdik. Təbii ki, qəlbimizi
kövrək, həyəcanlı notlar da
bürümüşdü. Ayrılmaq, uzaqlaşmaq həsrəti
bizimlə idi. Hiss olunurdu ki, tələbə dostumuz İsa
müəllim də bu hisslərdən kənar deyil.
Xüsusilə muxtar respublikamızın qaynar ictimai-siyasi, ədəbi,
mədəni həyatının önündə dayanan,
bayraqdar rolunu oynamış bir şəxsiyyət
üçün ayrılıq heç də asan məsələ
deyildi. Amma nə etmək olar. Həyat
mübarizə və yüksəliş yoludur. Dostumuzun pillə-pillə
yüksəlişi, uğurları onunla fəxr etmək,
qürurlanmaq kimi təbii hisslərimizi daha da qabartmış,
digərlərini kölgədə qoymuşdur.
Səhv düşünməmişdik. Sonrakı illər
sübut etdi ki, İsa müəllim tələbə
dostları və başqa yaxınları üçün sadəliyini,
əlçatanlığını hər bir vaxt qoruyub
saxlamağı bacarır. Vaxtı ilə Naxçıvan MR
Ali Məclisinin, sonra isə ard-arda, Azərbaycan Milli Məclisinin
deputatı, Elm və təhsil komitəsinin sədri,
Akademiyanın vitse-prezidenti və prezidenti olaraq, ölkə,
eləcə də beynəlxalq miqyaslı nüfuzlu təşkilatların
aparıcı iştirakçılarından və təşkilatçılarından
biri kimi fəaliyyət göstərən tələbə dostumuzun
keçmiş yoldaşlarına yenə də vaxt tapıb
diqqət ayırması, qayğıları ilə
maraqlanması onun həssas, həm də böyük ürək
sahibi olmasının, saflığının, səmimiliyinin
bariz təcəssümü kimi qiymətləndirilməlidir.
"Şeirdən başlanan möhtəşəm
yol" kitabı bütünlüklə İsa müəllimə
həsr edilib. Baş qəhrəman da elə onun
özüdür, baxın, həm kitaba istinad etsək, həm
də gördüklərimizi, bildiklərimizi yada salsaq,
aydın olar ki, adi, sıradan bir tələbə İsa ilə,
sonradan rektor və AMEA-nın prezidenti olmuş İsa Həbibbəyli
hər cəhətdən eynidir. Elə tələbə
dostlarına münasibəti də dəyişilməz
qalıb. Bu, təbii bir təkamül prosesinin nəticəsidir.
Tələbəlik illərinin dostlarından filologiya
elmləri doktoru, professor Akif İmanlını, filologiya elmləri
doktoru, professor Ləzifə xanım Qasımovanı ayrıca
qeyd etmək yerinə düşər. Hər ikisi indiyədək
olub keçən görüşlərin ən fəal təşkilatçıları
kimi tanınıb, ad çıxarıblar. Paytaxt
Bakımızda yaşayan və çalışan bu dəyərli
alim dostlarımız 4 illik tələbəlik həyatında
formalaşan müsbət keyfiyyətləri, gözəl ənənələri
yaşadır, hamıya qarşı dost münasibətlərini
davam etdirirlər.
2024-cü ilin oktyabrında Akif İmanlı ilə
Akademiyanın Ədəbiyyat İnstitutunda - onun iş yerində
görüşdük. Görüşümüzdən hər
ikimiz çox məmnun qaldıq. O illəri, tələbə
yoldaşlarımızı, müəllimlərimizi
xatırladıq. Sözsüz ki, İsa Həbibbəyli haqda
geniş söhbət getdi. İş elə gətirdi ki, həmin
günlərdə akademik dostumuzun 75 illik yubileyi tamam
olmuşdu.
- İsa müəllimlə görüşə bilsəydik,
necə yaxşı olardı, - deyə Akif müəllimə
müraciət etdim.
Ani pauzadan sonra Akif dilləndi: - Başı çox
qarışıq olur... Xaricdən də çox qonaqları
gəlir. Amma yenə bir zəng çalım, imkanı olsa,
mütləq açacaq telefonunu.
Bəlkə də bizim şansımız idi: Zəng etməyi
ilə cavablanmağı bir oldu.
- Salam, İsa müəllim,
Naxçıvandan tələbəlik dostumuz gəlib. Fərəc
müəllim... Sizinlə görüşmək istəyir...
Bir qədər sonra telefonu söndürən Akif
müəllim gülə-gülə dilləndi: -
Alındı işimiz. Sabah saat 11 üçün bizi
gözləyəcəyini bildirdi - gedib üzbəsurət
görüşərik, - dedi.
Ertəsi gün Akif İmanlı ilə birgə deyilən
vaxtda, deyilən məkanda olduq. İlk dəfə idi ki,
Akademiya prezidentinin kabinetinə daxil olurdum. Qəribə hisslər
keçirirdim. Ağlıma gəldi ki, bu məşhur
İsmailiyyə binasında, xüsusən bu geniş otaqda nə
qədər şöhrətli alimlər, dahi şəxsiyyətlər
fəaliyyət göstərib, xalqımız
üçün, Azərbaycanımız üçün
çalışıblar, can qoyublar. Elə bu ara yadıma
ad-sanı, şöhrəti dünyaca məşhur olan
görkəmli fizik Həsən Abdullayev düşdü. Bizim
Culfa rayonundakı Yaycı kəndinin yetirməsidir. Uzun illər
Akademiyanın prezidenti olub. Yenilikçi rəhbər kimi
tanınıb. Təbii ki, digər prezidentlər də
yaddaşımdan kənarda qalmadı. Hamısı ilə
qürurlanmağa, fəxr etməyə dəyərdi. Və həm
də xüsusi olaraq fəxr etdim ki, hazırda bu möhtəşəm
zirvədə əziz tələbəlik dostumuz İsa Həbibbəyli
dayanır, fəaliyyətini uğurla davam etdirir.
Bizimlə çox səmimi görüşdü
İsa müəllim. Hal-əhval tutdu, uşaqları
soruşdu. Maraqlandığı sahələrə aid suallar
verdi. Söhbət getdikcə şirinləşdi, xatirələr
dilə gəldi... Orada olduğumuz zaman çərçivəsi
sanki ömrümün ən unudulmaz, qızıl vaxtına
çevrildi.
Ayrılarkən foto çəkdirdik.
Uzun müddət o
görüşün xoş təsiri altında qaldım. Onun
bütün dostlarına, eləcə də mənə
göstərdiyi xeyirxahlıqlar gözlərim önündə
dayandı. Bəzilərini söyləyim sizlərə.
2002-ci ildə doğulduğum Yaycı kəndində (Culfa
rayonu) erməni Andronikin quldur dəstələrinin törətdiyi
fəlakətlərdən (1918-ci il) bəhs edən
"Yaycı soyqırımı" kitabını qələmə
alıb "Əcəmi" nəşriyyatında
(Naxçıvan) çap etdirdim. Nə gizlədim, nəşriyyata
borclu qalmışdım. O zaman NDU-nun rektoru işləyən
dostumuzu ümid yeri bilib, müraciət etdim. Məsələnin
nə yerdə olduğunu bilən rektor kitabların xeyli hissəsini
götürdü: - Tələbələrimizə
paylayarıq... Qoy oxuyub öyrənsinlər. Bu, vacib
mövzudur, - dedi. Və verdiyi vəsaitlə də nəşriyyatın
borcundan xilas ola bildim.
İsa müəllim hər kəsin, xüsusilə də
tələbə dostlarının uğurlarına daim sevinib.
Mən ikinci çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinə ilk dəfə deputat
seçilərkən bunun şahidi oldum. Mənim millət vəkili
olmağıma öz uğuru, öz nailiyyəti kimi sevinməsi
heç vaxt yaddaşımdan silinmir.
Tələbə dostlarının
yaradıcılığı da İsa müəllimin diqqətindən
kənarda qalmayıb. Sən demə, o, hər bir tanıdığı
müəllifin dərc olunan şeir, hekayə və publisistik
yazılarını oxuyurmuş. Onlar barədə yeri
düşdükcə fikir söyləyir, bəzən də
məqalələr yazıb alim sözünü, alim fikrini
ortaya qoyurdu.
Mənim yaradıcılığıma da yaxından bələd
olduğunu hiss etmişdim. Xüsusilə mərkəzi ədəbi
orqanlarda dərc edilmiş yazılarımı oxumamış
deyildi. Onun bu marağını əminliklə bildiyimdən
son bir neçə kitabımı Akademiyada
çalışan yaxın iş yoldaşına verdim və
ona çatdırmasını xahiş etdim.
Üstündən aylar keçmişdir. Akademik
İsa Həbibbəylinin 70 illik yubiley tədbirləri çərçivəsində
muxtar respublikamızda maraqlı görüşlər
keçirildi. Tədbirlərin biri Naxçıvan Dövlət
Universitetinin Elektron kitabxanasında baş tutdu.
Yığıncaq başlanmazdan əvvəl İsa müəllimlə
görüşdük. Bir qədər ayaq saxladı,
qısaca söhbətləşdi. Sonra diqqətlə
üzümə baxıb: - Borcluyam sənə... - deyə təbəssümlə
dilləndi. Və məmnunluqla ayrılıb onun
üçün nəzərdə tutulmuş yerinə
keçdi.
Yaradıcı ziyalıların da iştirak etdiyi
böyük görüş tədbirində geniş və əhatəli
çıxış edən İsa müəllim bir nasir,
yazıçı kimi mənim də adımı çəkdi,
ünvanıma xoş sözlər söylədi. Təbii ki,
ölkənin bir nömrəli ədəbiyyatşünas
aliminin "Borcluyam" deməsi və elmi təhlilli
çıxışında adımı müsbət
yönümdə geniş hallandırması məni
qürurlandırmaya bilməzdi. Uzun müddət İsa müəllimin
çıxışının təsirində qaldım,
pozitiv arzu və istəklər qəlbimi çuğladı.
Nəticə etibarı ilə bir yazar kimi özümə olan
inamım xeyli artdı.
Çox çəkmədi ki, Akademiyadan
tapşırıq aldım: - Bütün kitablarını
göndər, yaradıcılığınızla
bağlı monoqrafiya yazmaq qərara alınıb, - dedilər.
Və elə bu anda İsa müəllimin Naxçıvanda
"Borcluyam" deməsinin mahiyyətinin gerçək
üzünü anladım.
Budur, artıq hər şey
qarşımızdadır. AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu Elmi Şurasının 9 dekabr
2020-ci il tarixli iclasının qərarı ilə "Fərəc
Fərəcov yaradıcılığının
problematikası, janr müxtəlifliyi və bədii
xüsusiyyətləri" adlı 164 səhifəlik kitab
2021-ci ildə hazırlanıb "Qanun" nəşriyyatında
çap edilmişdir. Böyük səy və diqqətlə
hasilə gətirilən monoqrafiyanın elmi məsləhətçisi
və ön sözün müəllifi bizim dəyərli
dostumuz, akademik İsa Həbibbəyli idi.
AMEA-nın müxbir üzvü Tehran Mustafayev
kitabın hazırlanmasında rəyçi, filologiya üzrə
fəlsəfə doktoru Mehman Həsənli isə elmi redaktor
kimi iştirak etmişlər.
Kitabın müəllifi isə filologiya elmləri
doktoru Salidə Şərifovadır. Sözü gedən
monoqrafiyada müəllif Salidə xanım böyük zəhmətə
qatlaşaraq Fərəc Fərəcovun həm bədii və
elmi publisistikasının, həm də nəzm və nəsr əsərlərinin
problematikasını, janr müxtəlifliyini, bədii
xüsusiyyətlərini yüksək elmi siyasətlə təhlil
edib oxuculara təqdim etmişdir. Kitabda həyatımın
ayrı-ayrı fraqmentlərini də əks etdirmək
unudulmamışdır.
Yeri gəlmişkən, qeyd edim ki, Akademiyanın
öncül alimlərindən sayılan Salidə Şərifova
mənim yaradıcılığımla bağlı bir
neçə sanballı məqalənin də müəllifidir.
Onun 2013-cü ildə "Azərbaycan" jurnalının
12-ci sayında dərc edilmiş "Dərd" adlı hekayəmə
verdiyi qiyməti indi də fəxrlə xatırlayıram.
Söylədiklərimə aydınlıq olsun deyə bildirim
ki, Akademiyanın Ədəbiyyat İnstitutunun
tapşırığına əsasən, 2013-cü ildə
ölkənin ədəbi orqanlarında dərc edilmiş nəsr
əsərlərinin təhlil edilməsi və qiymətləndirilməsi
məqsədilə geniş yazı hazırlamaq
tapşırılır.
Salidə Şərifova hazırladığı məqaləsində
yazmışdır: "2013-cü ildə çap olunmuş
hekayələr arasında Anarın "Bir sən, bir mən,
bir ölüm" və Fərəc Fərəcovun "Dərd"
əsərləri xüsusi yer tutur". Və sonra müəllif
"Dərd" hekayəsinə dair müsbət
yönümlü fikirlərini bir necə cümlə ilə
açıqlayır.
O vaxt tanımadığım bir ədəbiyyatşünas
alimin hekayəmə verdiyi qiymət mənim üçün
heç şübhəsiz, sevindirici uğur idi.
Salidə xanım monoqrafiyayadək bəzi
kitablarım barədə də geniş elmi məqalə
yazıb mətbuatda və Akademiyanın nəşrlərində
dərc etdirmişdi.
İndi isə qayıdaq Akademiya xətti ilə
işıq üzü görən monoqrafiyaya.
Açığını deyim ki, məni mənə daha
yaxından tanıdan, yaradıcılığıma obyektiv, səmimi
qiymət verən monoqrafiyadakı ön sözün müəllifi,
nəşrin məsləhətçisi akademik İsa Həbibbəyli
olmuşdur. İsa müəllim monoqrafiyanın
çapından əvvəl öz müqəddimə məqaləsini
ölkə yazarlarının sevimli mətbu orqanı
sayılan "Ədəbiyyat qəzeti"ndə dərc
etdirmişdir.
İsa müəllimin "Əməldə və əsərlərində
özünüifadə nümunəsi"
adlandırdığı ön söz yazısını
çox qürur hissi ilə, həm də detallarına diqqət
kəsilməklə oxudum. Özümü sanki yenidən kəşf
etdim. Elə bil mənə qaranlıq qalan, görə bilmədiyim
tərəflərin də üzərinə işıq
tutuldu. Yaradıcılıq yolumun üzərində cövlan
edən toz-duman çəkilmiş kimi göründü mənə.
Qəlbimi sıxan tənhalıq qeybə çəkildi.
Əl-qolum açıldı. İçimdə üzəri
suvanmış arzu-istəklər silkinib baş
qaldırdı, biz də varıq, - dedilər.
Bir zamanlar istedadlı filial tələbəsi olan, bu
gün isə Azərbaycanın qaynar həyatının ən
uca zirvələrində şəstlə addımlayan İsa
Həbibbəylini də əslində bir də yenidən
tanıdım. Çox böyük və həm də sadə
qəlbə malik, xamırı insanlara xeyirxahlıqla
yoğrulmuş, zəhmətdən doymayan əsl insan kimi.
"Ön söz"də zirvədə dayanan ədəbiyyatşünas
alimin hər cümləsi, hər sözü, hər fikri məni
razı salmaya, qane etməyə bilməzdi. Axı onun qiyməti
mənim özümün özümə verdiyim qiymətdən
qat-qat yaxşı və real idi. Bir dəfə akademiklə
telefon əlaqəsi saxladığım vaxtda o mənə: -
Fərəc, sən ölkədə çoxlarından
yaxşı yazırsan. Ümidini itirmə, yaz-yarat, səndə
alınır, - demişdi.
Onun sözlərini təbii ki, unutmamağa
çalışıram.
Onu da unutmaq olmaz ki, İsa müəllimin qiymətində,
ümumən monoqrafiyanın hazırlanmasına təşəbbüs
göstərilməsində uzun illərdən bəri
tanıdığı, bələd olduğu dostuna içindən
qaynaqlanan mənəvi borc amili də öz
"hökmünü" göstərməmiş deyildi.
Elə gəlin birlikdə "Ön sözün"
qurtaracağındakı abzasa nəzər yetirək: "Tələbəlik
dostum və yorulmaz qələm sahibi Fərəc Fərəcova
bundan sonra da daha uzun illər səssiz-küysüz, məsuliyyətli
vətəndaşlıq mövqeyi ilə
yazıb-yaratmağı uğurla davam etdirməsini
arzulayıram. Yəqin ki, bu məqaləni də
oxucularımız, həm də uzun illərdən bəri
haqqında söz
açılıb-açılmayacağının fərqində
olmadan yazıb-yaratmaqda davam edən tələbəlik dostum
qarşısında mənəvi borcumun ifadəsi kimi də təbii
qəbul edəcəklər".
lll
Açığını deyim ki, İsa Həbibbəyli
haqqında danışdıqca sözlər bitmək, tükənmək
bilmir. Fikirlərimi açıqladıqca,
bölüşdükcə ardı kəsilmir.
Qarşımı kəsən isə hazırlayacağım
yazıda yığcamlığın gözlənilməsi
amilidir. Ona görə də sonda ürəyimdən keçən
ən ümdə məqamları bir neçə qısa
cümlə ilə nəzərinizə çatdırmaq qənaətindəyəm.
Bildiyiniz kimi, biz 1967-ci ildən APİ-nin
Naxçıvan Filialının tələbələri
sayılmışıq. 1971-ci ildə isə 4 illik təhsil
həyatı arxada qalmış oldu. Hərə bir ünvana
qanadlandı. Hər kəs öz taleyini yaşadı. Amma nə
xoş ki, harada olmuşuqsa, necə yaşamışıqsa,
bizi birliyə çağıran, görüşlərə
səsləyən gözəl bir ünvan vardı: APİ-nin
Naxçıvan Filialı!
Artıq 1967-1971-ci illərin filial dövrü tarixin
uzaq bir dönəmindədir. Təəssüf ki,
filialçıların da bir çoxu bu gün həyatda
deyil. İsa Həbibbəylinin təşəbbüsü ilə
2017-ci ildə Bakıda, Akademiyada "Əlli ildən sonra
görüş" məclisində
sıralarımızın seyrəldiyini dərindən hiss
etdik. Nə edəsən ki, amansız əcəl bəzilərimizi
yaşının məqamını nəzərə almadan
yaxalayıb. Sıralarımızı əbədi tərk edənlərə
Allahdan rəhmət diləyir, yerləri behiştlik olsun
deyirik. Həyat davam edir. Qalib Azərbaycanımız gözəl
günlərini yaşayır. Daha gözəl, firavan həyat
üçünsə möhkəm təməllər
atılır. Biz filialçılar indinin özündə də
bir-birimizi arayıb axtarır, görüşməyə,
xatirələrimizi dönə-dönə çözələməyə
can atırıq. Həyat hər yaşda gözəl və mənalıdır.
Sevimli tələbə dostumuz İsa Həbibbəylinin
Naxçıvan Dövlət Universitetinin rektoru olarkən təməlini
qoyduğu ilk məzunlarla rəsmi və qeyri-rəsmi
görüş ənənələri bugünkü həyatımızda
da davam etdirilir, könlümüzü, ruhumuzu
qidalandırır, mənən yüksəldir. Akif İmanlı,
Xeyrulla Abbasov, Hüseyn Lazımov, Zakir Məsiyev, Həsən
Ənnağıyev, Miryasin Seyidov, Vaqif Babayev, Əsəd
Əsədov, Abbas Hacıyev, Tağı Fərəcov və
digərləri daha çox əlaqə
saxladığımız, görüşdüyümüz tələbə
dostlarımızdır.
Hər dəfə Bakıda, Naxçıvanda, yaxud
başqa ünvanlarda bir araya gələndə, hamını
ayrı-arılıqda yada salırıq. Sözsüz ki,
İsa Həbibbəylini də qətiyyən unutmuruq. İsa
müəllimdən söz düşəndə onun saya gəlməz
xeyirxah əməllərini, ali təhsil dövründəki
qaynar fəaliyyətini də dilə gətirir,
özümüzü pozitiv enerji ilə zənginləşdiririk.
İsa Həbibbəylini davam edən yorulmazlığa və
təbiiliyə örnək göstərmək olar. Həyatda
sayılıb-seçilən insan kimi yaşamaq, bildiklərimizi,
öyrəndiklərimizi cavanlara, bizdən sonrakılara
aşılamaq hissləri qəlbimizə hakim kəsilir...
Özümüzü mənən borclu hesab edirik. Sual yarana
bilər, kimə borclu olmalıyıq? Cavab sadədir: - cəmiyyətimizə,
ailəmizə, elimizə, obamıza. Bir də ən əsası,
xalqımızı, dövlətimizi müzəffər edən,
bizi möhtəşəm tarixi qələbəyə
çatdıran, şəhidlərimizə, qazilərimizə,
silah tutan bütün əsgərlərimizə və bir də
ən çox dirijor çubuğu ilə dövlət idarəçilik
məktəbinin başında şahanə dayanan qalib
Prezidentimizə - Ali Baş Komandanımıza!
Naxçıvan, Culfa.
8 iyul, 2025
Fərəc FƏRƏCOV
525-ci qəzet .- 2025.- 26 iyul(№130).- S.18-19.