"Qısqanclıq
o kəslərdə olur ki, heç nəylə məşğul
deyillər"
Aktyor Vüqar Hacıyev: "Toylara gedirəm, amma
heç vaxt bayağı musiqi ifa eləmirəm"
Müsahibimiz Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının və Yuğ Teatrının aktyoru
Vüqar Hacıyevdir. "Bankir adaxlı", "Volqalı
canan", "Əlin cibində olsun", "Bəydullanın
möhtəşəm toyu", "Bir günlük siğə",
"Arşın mal alan", "O olmasın, bu olsun",
"Unudulmaz Əfəndi", "Toy dəsgahı",
"21:15 qatarı", "Vəs-vəsə", "Nəsimi",
"Müəmmalı qətlin üç versiyası"
kimi tamaşalarda rol alan aktyor "Küçələrə
su səpmişəm", "Yalan", "Döngələr",
"Vicdan haqqı", "Mən qayıdacağam...",
"Köhnə çamadanlar" kimi film və seriallarda da
çəkilib.
Aktyor Vüqar Hacıyev ilə söhbəti təqdim
edirik.
- Vüqar bəy, siz iki teatrın aktyorusunuz. Teatr
aktyorları kino aktyorlarına nisbətdə daha az populyar
olurlar. Bu sizi narahat etmir ki?
- Niyə narahat eləsin ki? Əslində mən həm
teatr aktyoruyam, həm də kino aktyoru. Düzdür, digər
ölkələrdə teatr və kino universitetləri
ayrı-ayrı olur. Kinonun prinsipləri, xassəsi
başqadır, teatrda isə tamam başqadır. Teatrda olan bir
şey kinoda yararlı olmaya bilir. Teatrın gözəlliyi
ondadır ki, orada hər an yenilənə bilirsən, kinoda bir
dəfə çəkilirsən və bitir. Amma təbii ki,
elə bir qısqanclığım yoxdur və ola da bilməz.
Gerçək olan bir peşəylə məşğulam və
tam populyar olmasam da, filmlərə çəkilirəm.
"Solğun çiçəklər", "Pərvanələrin
rəqsi" kimi seriallara çəkildiyim də olub.
İnşallah, bu yaxınlarda yeni bir layihəm də olacaq. Belə
deyək də, qısqanclıq o kəslərdə olur ki,
onlar heç nəylə məşğul deyillər. O zaman
natamamlıq sindromu baş qaldırır.
Düşünürəm ki, sənəti ilə
dürüst məşğul olan insan çəkilməsə
belə, o natamamlıq sindromundan əzab çəkməməlidir.
Mən populyarlıq dalınca qaçmıram.
- Yuğ Teatrına gəlişinizdən
danışaq.
- Yuğ Teatrına gəlişim 2014-cü ilə təsadüf
edir. O vaxt Vidadi Həsənov Azərbaycan Dövlət Dram
Teatrının nəzdində bir studiya açdı və
xahiş elədi ki, mən də orda iştirak edim. Həmin
studiyada azyaşlı uşaqlar, universitet tələbləri
var idi, mən də onlara qoşuldum. Orada kiçik bir
tamaşa hazırladıq. Daha sonra Vidadi müəllim Yuğ
Teatrına məni təqdim etdi. Beləcə, 2014-cü ildən Yuğ
Teatrındayam.
- Vaqif İbrahimoğludan dərs
almamısınız? Yuğ Teatrı deyəndə ilk ağıla
onun adı gəlir.
- Vaqif İbrahimoğludan mənim tələbə
yoldaşlarım dərs alıblar. Amma onun dərslərində,
kurslarında az da olsa iştirak etmişəm. Belə deyim, bu
gün dünyada məşhur olan istər aktyorlar, istər
ifaçılar fərq etmir, onlar sənin gerçək
müəllimin olmasa belə, üzbəüz sənə dərs
keçməsələr belə, düşünürəm
ki, onlar səndə bir iz qoyurlar. Vaqif müəllim hər
birimiz üçün bir poetika qoyub gedib və hamımız
ondan bəhrələnirik, o, bizim mənəvi
ustadımızdır. Şərt deyil ki, biz ondan dərs alaq.
Əgər onun ənənəsi yaşayırsa, o ustaddan bəhrələniriksə,
dediyi sözü deyiriksə, ondan bir nəticə
çıxarıb yol gedə biliriksə,
düşünürəm ki, həmin insan mənim əsl
müəllimimdir.
- Fəaliyyət göstərdiyiniz iki teatrdan birinin səhnəsi
böyük, digərininki isə kiçikdir. Hətta
binası belə yoxdur.
- Bizim əvvəlki teatr binamız Dram Teatrının
arxasında balaca bir bina idi. 200-dən çox yaşı olan
həmin binanı Vaqif İbrahimoğlu istəmişdi. Deyilənə
görə, köhnə bir hamam olub. Orada düzəldilən
teatrda hər bir tərəfdə tamaşaçı var idi.
Biz ortada oynayırdıq, dörd tərəfimiz
tamaşaçı idi. Bizdə kulis anlayışı
olmayıb. Bu bina söküləndən sonra biz Kukla
Teatrında məskunlaşdıq. Təbii ki, bizim səhnəmiz
onların məşq zalıdır. Bu, bizim üçün
çox çətindir. Məkan balaca, işıqlandırma
sistemi zəif, havalandırma yox. Çətinlik çəkirik,
amma buna baxmayaraq, Yuğ Teatrı yaşayır, yeni
tamaşalar hazırlayır. Bu yaxınlarda da bizim yeni
tamaşamız oldu. Mikayıl Mikayılovun quruluşunda
"Mən - Dədə Qorqud" tamaşası sentyabrda
ictimaiyyətə təqdim olunacaq. Çətinliyə
baxmayaraq, biz bu işə sevgiylə yanaşırıq. Bu,
bir növ iki gəncin sevgisinə bənzəyir. Birinci dəfə
əlinə toxunanda hansı hissləri yaşayırsansa,
teatrda da həmin hissləri yaşamalısan. Yaşamasan, bu
peşəylə məşğul olma. Bu, təkcə
aktyorluq peşəsinə yox, digərlərinə də aiddir.
Sənin üçün peşə anlayışı
artıq həyat tərzinə keçir, orada
özünü ifadə edirsən. O zaman bu, peşə olmur,
sənin həyat anlamın, yolun olur. Bu həyat yolunu
özümüz seçdiyimizə görə oradakı əzaba
yox, formalaşdırdığımız sevgiyə
fokuslanırıq. Amma təbii, texniki məsələlər
problem yaradır. Bina yox, aktyorların özünəməxsus
geyim otağı yox. Ümid edirik ki, bizə yeni bina verəcəklər,
gözlənilir.
- Yuğ Teatrının tamaşaları digər
teatrların tamaşalarından fərqlənir. İnsanı
dərindən düşünməyə daha çox sövq
edir. Olubmu ki, aktyorlar ssenarini oxuyarkən əsərin
çatdırmaq istədiyi mənanı tapmaqda çətinlik
çəksinlər?
- Təbii ki, olur. Bizim tamaşalar Vaqif
İbrahimoğlunun yaratdığı poetikanın əsasında
qurulur, adlanır ruhun hikmətləri. Yuğ Teatrına gələn
hər bir tamaşaçının bu teatr haqqında bir
anlayışı olmalıdır. Yuğ nə deməkdir, qədim
türk ritualı nədən ibarət olub? Bunları
araşdırmaq tamaşaçıya faydalıdır.
Düşünürəm ki, bütün teatrların
ağıllı tamaşaçıya hər zaman ehtiyacı
var. Bizim teatrın tamaşalarına tamaşaçılarımız
bir neçə dəfə baxdıqdan sonra bir çox məqamları
anlaya bilirlər. Çünki bizdə struktur başqadır,
götürdüyümüz mövzunu ənənəvi
şəkildə təqdim etmirik. Əgər bir əsəri
olduğu kimi təqdim edirsənsə, nə mənası
qaldı. Elə gedib kitabdan oxuyaram da. Belə tamaşa olmur,
böyük mənada yazıçı da, aktyor da, rejissorda
müəlliflərdir. Heç kim heç kimin qulu deyil. Bizim
tamaşalarda da hər aktyorun öz müəlliflik prinsipi
ortaya çıxır. Təbii ki, hamımızın gedəcəyi
yol eynidir. Hamı sözü əzbərləyib səhnəyə
çıxa bilər, amma onda bu, sənət olmur. Gerçək
peşəmiz bizə bunu diktə etmir. Ona görə də
tamaşamçılarımız ilk dəfədən
anlamırlar. Biz onlara tapmaca təqdim eləmirik, bu, onlara
hörmətsizlikdir. Sadəcə yanaşma üsulu fərqlidir.
Hər rejissorun öz yolu var. Rejissoru, teatrı tanımaq
lazımdır. Düşünürəm ki, bu gün
teatrların əksəriyyəti ənənəvi
düşüncəsindən çıxmalıdır. Biz
çox vaxt asan olanından yapışırıq. Məsələn,
bir rejissor çox vaxt eyni aktyorla işləyir. Çünki
onunla işləmək asandır. O, eyni şeyi deyəcək,
o da edəcək. Amma hər dəfə eyni şeyi etmək
olmur, ruh halın, yanaşman dəyişir. Bir tamaşanı
100 dəfə oynasaq, hər dəfə fərqli şəkildə
ortaya çıxacaq, çünki hər dəfə eyni
halda olmursan. Buna görə bizim teatra gələn hər bir
tamaşaçının Yuğ Teatrı haqqında bir
anlayışı olmalıdır. Düşünürəm
ki, bizim tamaşaçılarımız da
tamaşalarımızda sevərək iştirak edirlər. Mən
hər zaman tamaşaçı təbliği aparıram. Həmişə
bu teatrda olmayan insanları cəlb etməyə
çalışıram. Sovet vaxtında belə bir
düşüncə var idi ki, teatr hamı
üçündür. Böyük mənada teatr hamı
üçün deyil. Şekspir "Hamlet" əsərində
aktyorları, sənət adamlarını göstərir və
deyir ki, onlardan muğayat olun, onlar zəmanəmizin inciləridirlər.
Teatra gəlib orada nəsə yeyə-yeyə tamaşaya baxan
insan hələ teatr nədir bilmir.
- Vüqar bəy, toylara oxumağa gedirsiniz?
525-ci qəzet .- 2025.- 26 iyul(№130).-S.17.
- Bəli.
- Amma bir çox aktyorlar öz həmkarlarının
toylarda iştirakına müsbət yanaşmır.
- Mənim maddi vəziyyətim toyun hesabına maliyyələşir.
Buna görə də teatr və kinoda işlərimi sevərək
və rahatlıqla görürəm. Toya getsəm belə,
orada heç bir bayağı musiqi oxumuram. Vasif Adıgözəlovun,
Tofiq Quliyevin, Rauf Hacıyevin, Cövdət Hacıyevin, Ələkbər
Tağıyevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Fikrət
Əmirovun mahnılarını oxuyuram. Mən bayağı
mahnıları qəti oxumuram. Kimsə sifariş etmək istəyəndə
də deyirəm inciməyin, mən onu bilmirəm.
Düzdür, pul hamıya lazımdır. Amma o, mənim mənəviyyatımdan,
şəxsiyyətimdən üstün deyil. Toydan
çıxanda tanımadığım nə qədər
insan mənə yaxınlaşıb deyir ki, mən tez gedəcəkdim,
amma sizə görə getmədim, nə gözəl
mahnılardır. Yapon fəlsəfəsində belə bir
fikir var, fəlsəfəni məişətə endirməyin,
məişəti fəlsəfəyə qaldırın.
Düşünürəm ki, görəcəyin bir iş səni
yüksəyə qaldırmalıdır.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 26 iyul(№130).-S.17.