Sözün gələcəyi
Gələcəyin ədəbiyyatı necə olacaq?
Bəlkə də, bu sualın cavabı hələ
doğulmamış bir cümlədə gizlidir. Hələ
yazılmamış bir hekayənin ilk nöqtəsində, vərəqlənməmiş
bir kitabın son abzasındadır... Gələcəyin ədəbiyyatı
bəlkə də bunların heç biri deyil, amma
şübhəsiz ki, özündə hamısının izlərini
daşıyacaq.
Ədəbiyyat əsrlər boyu insanın həm
qürurunu, həm də zəifliyini sözlə
danışdırmaq cəhdi olub. Qaya divarına
cızılmış ilk nişandan tutmuş, minarədən
oxunan ilk səsə, qələmin sonsuz bir təzimlə
kağıza həkk etdiyi o ilk kəlməyə qədər
- bütün yol insanın içindən qopan sükutla
başlayıb. Amma o sükut çoxdan pozulub. İndi
hamı danışır. Hamı yazır. Hər kəsin bir
fikri, bir hekayəsi, bir yarası, demək istədiyi bir
sözü var. Hər kəs onu "bölüşmək"
istəyir. Bu yaxşıdırmı? Ola bilər. Amma bəs
o sözün içi necə, doludurmu?
Əvvəllər yazmaq qəlbini, özünü
dinləmək idi. Yazıçı gündəliklərini
başqasına oxutmayan bir adam idi. Yazı utanılacaq qədər
şəxsi, etiraf qədər səmimi bir cəhd idi.
İndi isə yazmaq paylaşmaq, görünmək, təsdiqlənmək
deməkdir. Söz bəzən təkcə ifadə yox,
performansa çevrilir. Oxucu təkcə oxuyub anlayan yox, həm
də bəyənən olur. Daha doğrusu, çox zaman
yalnızca bəyənən.
Bir vaxtlar bir kitabı tapmaq üçün bir şəhərdən
başqa şəhərə gedən insanlar vardı.Onlar
üçün söz ov idi. İndi isə söz
özü ovçusunun "ayağına gəlir". PDF
şəklində, elektron formada, zəhmətsizcə, səssizcə.
Amma onu da etiraf edək ki, bu səssizlik heç də
mübarək deyil: yalqızlıqdandır, sevgidən yox.
Artıq sözün ritmi də dəyişib. İndi
insanlar qısa, kəsik, lakonik, ritmik cümlələr istəyirlər.
Çünki ekranlardakı uzunluq daha heç yormur da, sadəcə
keçib gedir. O cümlələrdə dayanan, dayanmağa cəhd
edən isə çox azdır. Halbuki ədəbiyyat
dayanmaqdır, düşünmək, hiss eləmək,
susmaqdır. Biz indi sözləri bircə barmağımızın
hərəkəti ilə sürüşdürürük, o
isə bizi ovutmağa çalışır.
Daha söz də ləng gəzə bilmir. O da bu həyatın
sürətinə tabe olub. Amma əsl sual budur ki, hisslər
sürətlə yaşana bilərmi?
Bu sürət, bir-birinin bəhsinə,
acığına, ya da sadəcə görünmək xətrinə
sosial şəbəkələrdə boyaboy yazılanlar,
paylaşılanlar azmış ki, indi artıq süni intellekt
də yazır. Hətta bəzən bizdən daha
yaxşı. Düzgün, qafiyəli, tematik. Bəs bu, bizi
qorxutmalıdırmı?
Qorxmalı olan şey süni intellektin şeir
yazması deyil, insanın bunu hiss edə bilməməsidir. Hər
kəsin "şair" olduğu bir çağda bəlkə
də əsl şair heç nə yazmayan biridir.
İçində şeir daşıyan, amma susan, onu sadəcə
öz qəlbində yaşadan o naməlum kimsə...
Çünki yazmaq təkcə sözləri düzmək
deyil. Yazmaq nəfəs verməkdir. Bir ağrını bədii
formaya salmaqdır. Maşın, ya da başqa sözlə desək,
robot bunu bacarmaz. Kodlaşdırılmış ritm qəlbi
qırılmış bir insanı ifadə edə bilməz.
Gələk, yazının əvvəlindəki suala.
Bax, gələcəyin ədəbiyyatında bu fərqlər
bulanıqlaşır. Onda maşınlar yazacaq, insanlar sadəcə
təqdim edəcək. Bəlkə də bir gün bir robotun
romanı bestseller olacaq. Oxucu oxuyacaq, bəyənəcək.
oxuduğu mətnin arxasındakı "müəllifi"
heç zaman tanımayacaq. Heç kimi kim tanıya bilər
ki? Yox, bu, unudulan ədəbiyyat deyil, bu, kimsəsiz mətnin,
necə deyərlər, yetim sözlərin dövrüdür.
Gələcəyin oxucusu necə olacaq? Bəlkə də
xüsusi hazırlanmış bir gözlük taxacaq və
kitabı "virtual reallıqda" yaşayacaq. Artıq onu
oxumayacaq, hiss edəcək. Hekayəni seçəcək,
sonluğu dəyişəcək, öz istədiyi, öz
arzuladığı tərzdə yazacaq, ya da "görəcək".
Kitab artıq müəllifin deyil, oxucunun təcrübəsinə
çevriləcək.
Bu demokratiyadırmı? Yoxsa ədəbiyyatın fərdi
toxunuşunu itirməsidir? Əvvəllər oxucu
yazıçının arxasınca gedərdi, onun dediyini,
düşündüyünü, yazmaq istədiyini anlamağa
çalışardı. İndi isə yazıçı
oxucunun nəyə "bəyən" düyməsi
basdığını izləyir və ona uyğun yazır.
Artıq o, alqoritmin ardınca qaçır.
Ədəbiyyatın bəlkə də ən
böyük təhlükəsi budur: zövqə
uyğunlaşmaq. Çünki zövq zamanla dəyişir,
amma sənət zamanla sınanır.
Bəlkə gələcəyin
yazıçısı bir az proqramçı olacaq. Bəlkə
yazdığı romanın sətirləri arasında kodlar
gizlənəcək. Bəlkə personajlar interaktiv olacaq. Bəlkə
hekayələr bir kitabda yox, bir "oyunda" baş verəcək.
Amma bu yeniliklər arasında itən bir şey var: nəfəs.
Sözün nəfəsi... Bədii mətnin
içində bir pauza olur. Səssiz bir yer. Orada oxucu
özü ilə rastlaşır. Orada müəllif
özünü gizlədir. O sükut sözün nəfəsi,
ədəbiyyatın məbədidir. Əminliklə deyə
bilərəm ki, süni intellekt ora girməyi bacarmaz.
Çünki sözün oradakı nəfəsini hiss etmək
üçün canlı olmaq lazımdır. O sükutda deyilənləri
anlamaq üçün yaşanmışlıqlar
lazımdır.
Bəs bu qədər narahatlığın içində
ümid varmı? Əlbəttə var. İnsan hələ də
sevir. Hələ də itirir. Hələ də gözləyir.
Və bu gözləmə hissi bütün ədəbiyyatların
anasıdır. Hələ də kiminsə "səni
anlayıram" deməyini istəyirik. Bu cümlə
deyildiyi, yazıldığı müddətcə, ədəbiyyat
ölən deyil.
Ədəbiyyat forma dəyişə bilər. Amma
ehtiyac dəyişmir. İnsanın hələ də
özünü başqasının sözündə tapmaq
ehtiyacı var. Bəzən bir şeirdə, bəzən bir
romanın son cümləsində, bəzən də sadəcə
bir sətirdə hələ də özümüzü axtara
biliriksə, deməli, ümid var.
Bəlkə də gələcəyin ədəbiyyatı
daha qısa, daha sürətli, daha texnoloji olacaq. Amma əgər
o, hələ də kiminsə qəlbinə toxunacaqsa, deməli,
ədəbiyyat olaraq qalacaq. Yəqin ki, kağız olmayacaq,
kağız qoxusu zamanla unudulacaq, kitabxanalar binalardan
kompüterlərimizə, telefonlarımıza yerləşəcək.
Amma haradasa bir yerdə, bir divarın kölgəsində bir gənc
"həyatımı dəyişdirən kitab"dan
danışacaq. Bax, o kitab gələcəyin deyil, əbədiyyətin
ədəbiyyatıdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 26 iyul(№130).-S.16.