XATİRƏLƏŞMİŞ
DALĞALARIN BİTMƏZ UÇUŞLARI
Təzə əsr, XX yüzillik başlananda Bakı
İçərişəhərdən qırağa xeyli
böyümüşdü. Ayrı-ayrı şəxsi
mülklər, mehmanxanalar, restoranlar, müəssisələr
bir-bir artırdı. Neft Bakısı getdikcə daha şox
beynəlmiləlləşir, vaxt ötdükcə
İçərişəhərdən çölə milli
tərkib də kənardangəlmələr hesabına daha
çox dəyişirdi.
Bunun XIX yüzilin sonları, XX əsrin əvvəllərində
şəhərin mədəniyyət və təhsil həyatına
da birbaşa təsiri vardı. 1885-ci ildə Moskva
Konservatoriyasını bitirib Bakıya gələn Antonina
Yermolayevanın açdığı ilk şəxsi musiqi məktəbində
xeyli müddət nə bircə nəfər azərbaycanlı
müəllim vardı, nə də bircə azərbaycanlı
şagird. Hələ təzə əsr gəlməmişdən
Çar imperiyası Bakıda Rus Musiqi Cəmiyyətinin
ayrıca şöbəsini təsis etməyi lazım
bilmişdisə, o çağlar bizim özümüzün hələ
belə birliyimiz yoxdusa və həmin şöbə də nəzdində
bir neçə musiqi sinifləri yaratmışdısa, bunun
özü də Bayır şəhərdəki mədəni
həyatın milli məzmunu haqda çox şey deyir. O illərin
rusdilli "Bakinskiy listok", "Bakinskiye izvestiya",
"Kaspi" qəzetlərini açırsan - teatr
tamaşalarından, konsertlərdən soraqlar, daimi fəaliyyət
göstərən yaddilli truppaların bolluğu haqda xəbərlər
üstünlük təşkil edir. İçərişəhərdən
fərqli olaraq, Bayır şəhərdə rus dili də
gündəlik danışıqda tədricən daha sabit yer
tutmağa başlayır. 1920-ci illər Bakısındakı
musiqi gerçəkliyinin salnaməsini vərəqləyirsən
- danılmaz tarix nisbəti aydın göstərir: şəhərdəki
səhnələrin mütləq əksəriyyətində
nisbət rusdilliliyin, milli olmayanın xeyrinədir.
1901-ci ildə Filarmoniyadakı ilk Şərq konsertləri,
bölgələrdən gəlmiş xanəndə,
aşıq və çalğıçıların
ifaları ona görə hədsiz maraq və ciddi əks-səda
doğurmuşdu ki, ümumi mənzərədə
üstünlük Qərbə mailliyin tərəfində idi.
XXI yüzilin ilk onillərindən XX əsrin əvvəlinci
onilliklərində yeni zamana girən Bakını seyr edərkən
müşahidə edilən bu tablonun ardında mədəniyyətdən
daha çox siyasətin dayandığını görməmək
mümkün deyil.
Və yolunun əvvəlindən radionun ən
mühüm milli xidmətlərindən birincisi bu oldu ki,
xeyrimizə olmayan nisbətlərlə sürətlə dəyişən
(bəlkə də daha dəqiqi - dəyişdirilən)
Bakı mədəni mühitində dilimizi və sənətimizi
önə çıxarmağa,
solğunlaşdırılmaqdan, küncə sıxılmaqdan
xilas etməyə, get-gedə daha artıq parlatmağa müvəffəq
oldu.
Ona görə də Azərbaycan Radiosunda ilk ədəbi
verilişlərin və musiqi proqramlarının təşkilatçıları
və hərəkətverici qüvvətləri olmuş Məmməd
Səid Ordubadi, Müslüm Maqomayev, Üzeyir və
Zülfüqar Hacıbəyovlar bu gedişatda musiqi kollektivlərini
təşkil etmək, qabil ifaçıları müntəzəm
efirə çıxarmaq, tanınmış aktyorların təsirli
səsləri və istedadlı təqdimatlarında ana dilində
məşhur bədii əsərləri xalqa mütəmadi
çatdırmaqla əslində mürəkkəb, həm də
həlledici tarix dönəmində mahiyyətcə milli
varlığımızı qoruyur, hələ yüksək
qiyməti gərəyincə verilməmiş ali vətəndaşlıq
missiyasını yerinə yetirirdilər.
Hələ İtaliyaya, Milan Konservatoriyasında təhsilini
davam etdirməyə yola düşməzdən əvvəl
radionun xalqla ilk görüşlərinin
başladığı 1926-1927-ci illərdə Bülbül məlahətli
avazında xalq nəğmələri, muğam
parçaları, təsniflər, bəstəkar
mahnıları xalqa yetişən müğənnilərin əvvəlincilərindən
olmuşdu. Tara, muğama, milli papağa, çadraya
keçmişin imtina edilməli qalıqları kimi
baxıldığı və bunun bir siyasət olaraq
yürüdüldüyü dönəmdə, elə radionun
həmin ilk səsləniş dövründə hər
gün efirdən Cabbar Qaryağdıoğlunun, Ələsgər
Abdullayevin (1866-1929), Keçəçi oğlu Məhəmmədin
(1864-1940), Hüseynqulu Sarabskinin, Seyid Şuşinskinin, Yavər
Kələntərlinin, Hüseynağa Hacıbababəyovun,
Cahan Talışinskayanın (1909-1967) avazları
havalanırdısa, tarzən Qurban Pirimovun, qarmonçalan Əhəd
Əliyevin (1893-1942) şirin çalğıları
eşidilirdisə, bunlar bütün basqılara qarşı
sözsüz və nəticəli qəti etirazların əyani
ifadəsi idi.
Asta-asta camaat radio ilə elə isinişibmiş ki,
artıq onun işinin ürəklərinə yatan tərzdə
qurulmasından ötrü müdaxilələrini də
edirmişlər. Diktor Soltan Nəcəfov həmin xoş təmasları
belə yada salırdı: "Konsert proqramlarının
hazırlanması əsasən diktorlara həvalə
olunardı. Proqram bəzən musiqi redaktoru tərəfindən
tərtib olunsa da, sonradan ifaçıların təkidiylə
yenə də dəyişərdi. Belə hallar da olurdu ki,
konsertin gedişi zamanı dinləyicilərin studiyaya zəng
vurub arzu etdikləri musiqini radioda səsləndirərdik.
Saatlarla davam edən belə konsertlərin fasilələrində
isə 10-15 dəqiqəlik radio-qəzet oxunar, satirik əsərlərdən
ibarət ədəbi verilişlər proqrama daxil edilərdi.
Belə verilişlərdə şair Əliağa Vahid, Həsən
Səyyar, səhnəmizin komik aktyorlarından Mirzağa
Əliyev, Əhməd Anatollu, Məmmədli Vəlixanov və
Dadaş Şaraplı tez-tez çıxış edərdilər.
Canlı konsertlərdən əlavə, bəzən patefonla
da konsertlərimiz olardı. Diktor musiqi nömrəsini elan
etdikdən sonra patefonu da özü idarə edərdi.
Çox vaxt belə konsertləri iki diktor aparmalı olurdu.
Fondumuzda patefon vallarının azlığı maraqlı
konsert proqramları vermək üçün çətinlik
törədirdi. Odur ki, bu barədə ayrı-ayrı vətəndaşlara
müraciət etməyə məcbur olardıq.
Tanıdığımız yaxın adamlardan patefon
vallarını alıb radioda səsləndirər, sonra yenə
də özlərinə qaytarardıq. Bu işdə
Hüseynqulu Sarabski, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram
Mansurov, Nəcəfqulu Musaxanlı radioya yaxından kömək
edirdilər".
Bəhram Mansurovun atası Məşədi Süleyman
(1872-1955) musiqi aşiqi idi, yaxşı tar da
çalırdı və onun adını musiqi tarixçilərimiz
sırasına da daxil etməyin yeri var. Çünki köhnə
Bakının, bütövlükdə Abşeronun musiqi
dünəni ilə bağlı bir çox maraqlı səhifələr
onun əlyazmaları sayəsində tarixləşib,
unuduluşdan qurtarıb. Məşədi Süleyman atası
Məşədi Məliyin (1845-1909) adətini davam etdirərək
İçəri şəhərdəki evində daimi musiqi məclisləri
təşkil edərmiş. Canlı çalıb-oxumaqlardan
savayı orada patefonda ayrı-ayrı mahir xanəndə və
sazəndələrin nadir ifalarını da həvəslə
dinlərmişlər.
Bunlar Bəhram ustadın mənə dönə-dönə
danışdığı uşaqlıq xatirələridir və
bunu da nağıl edirdi ki, 1920-1930-cu illərdə evlərində
qalan və göz bəbəyi kimi qoruduğu həmin vallardan
neçəsini - Cabbarın, Ələsgərin, Seyidlərin:
həm bakılı Seyidin - Mirtağı Mirbabayevin (1867-1953),
həm də qarabağlı Seyidin - Mir Möhsün ağa
Mir İbrahim oğlu Şuşunskinin (1889-1965), həmçinin
İslam Abdullayevin (1876-1964), Məcid Behbudovun (1873-1945) və
digər xanəndələrinkiləri vaxtaşırı
radioya aparırmış, səsləndiriləndən sonra
geri qaytarırmış. Bunu da əlavə edirdi ki, hətta
öz vallarımın xatirinə cibimdən pul verib
radiodakı patefon üçün tez-tez iynələr
alırdım ki, ardıcıl fırlatmalar ucbatından
vallarım köhnəlməsin, xışıltıları
artmasın.
Soltan Nəcəfov bunu da xatırlayırdı ki, səsləndirmələr
üçün vallar gətirməyə dinləyicilərin
marağı artsın deyə bununçün maliyyə də
ayrılıbmış və xüsusi qonorar fondu
varmış. Ancaq yalnız Bəhram Mansurov, Hüseynqulu
Sarabski və radio ilə bilavasitə bağlı olanlar deyil,
köhnə vallarını gətirən sıravi dinləyicilər
də bunun əvəzində pul almaqdan imtina edər,
"savabdır, qoy hamı eşitsin" deyərmişlər.
Yolunu təzə başladığı dövrdən
radionun xalqa daha bir töhfəsi olmuşdu. Nəinki
rayonlardan, heç Bakı kəndlərindən hər musiqi,
teatr sevənin hər könlü istəyəndə şəhərə
gələrək "Leyli və Məcnun"a, "Şah
İsmayıl"a, "Aşıq Qərib"ə ...baxmaq
imkanı yoxdu. Üstəlik gəlməyin getməyi də
vardı, nəqliyyat çətinlikləri də az deyildi.
Ona görə də artıq otuzuncu illərdən etibarən
ayda bir, ya iki dəfə Azərbaycan Dövlət Opera və
Balet Teatrından ayrı-ayrı tamaşalar translyasiya edilərdi.
Əvvəlcə Opera teatrı rəhbərliyində
yüngülvari bir nigaranlıq yaranıbmışsa da ki
birbaşa yayımlara görə
tamaşaçılarımız azalar, zal boş qalar, tezliklə
anlayıblarmış ki, təlaş əbəsdir.
Buna şahidlik Soltan Nəcəfovun xatirə səsində
qalmaqdadır: "Translyasiya günü teatr binası
tamaşaçılarla dolu olurdı. O vaxt onları
tamaşadan daha çox səhnədə qoyulan mikrofonlar və
radio aparatının işi maraqlandırırdı.
Tamaşaçıların bu marağını görən
Müslüm Maqomayev tezliklə mədəniyyət
saraylarında, parklarda və Azərbaycan Dövlət
Filarmoniyasında radionun bədii kollektivlərinin
iştirakı ilə açıq konsertlər vermək qərarına
gəldi. Konsertlərimiz böyük müvəffəqiyyətlə
keçirdi. Açıq konsertlərin tamaşaçılar
tərəfindən rəğbətlə
qarşılandığını nəzərə alaraq
konsert repertuarlarını daha da canlandırmaq məqsədilə
radioda xüsusi vokal qrupu yarandı. Bu qrupun tərkibinə
görkəmli müğənnilərdən Hüseynqulu
Sarabski, Hüseynağa Hacıbababəyov, Zülfi
Adıgözəlov, Yavər Kələntərli,
Haşım Kələntərli (1899-1987 - R.H.), Əlövsət
Sadıxov (1906-1970 - R.H.) və Zülfüqar Sarıyev
(1883-1969 - R.H.) daxil edildi".
Respublika Radiosu işə başlayandan lap az sonra -
1928-ci ilin mayında Azərbaycan aşıqlarının
Birinci qurultayı keçirilmiş və tanınmış
saz-söz ustalarından bir neçəsi Üzeyir bəyin təşəbbüsü
ilə ilk dəfə mikrofon qarşısında
dayanmışdı. Radiodan birinci kərə aşıq
ifaları eşidilmişdi.
Sonrakı bir neçə ildə radiomuzdan muğam,
xalq mahnıları, yeni bəstələnmiş bəstəkar
nəğmələri, eləcə də simfonik musiqi hər
gün-günaşırı eşidilməkdə idisə də,
sayı getdikcə artan reproduktorlardan saz sədası gəlmirdi.
Bunu ciddi kəsir hesab edən Radio Mərkəzi
ayrıca əmri ilə 1932-ci il iyunun 19-da Zülfüqar
Hacıbəyovu aşıq musiqisinin verilişi ilə əlaqədar
boşluğu aradan qaldırmaqçün müvafiq tədbirlər
görülməsi məqsədilə rayonlara ezamiyyətə
göndərir və iyulun əvvəllərində artıq
ad-sanı Azərbaycan boyunca olan Aşıq Əsəd
(1874-1950), Aşıq Mirzə (1888-1960), Aşıq İslam
(1893-1968), Aşıq Qara (1894-?) Bakıdaydılar və Bəhram
Mansurov onların arasında şirvanlı sənətkar Mirzə
Bilalın (1872-1937) olduğunu da deyirdi. Bunu da o səbəbdən
vurğulayırdı ki, Mirzə Bilalın radioya gəlib
çıxış etdiyi gün geniş söhbətləri
olubmuş və ustad aşıq ona böyük Şirvan xanəndəsi
və şairi Mirzə Məhəmmədhəsən
(1851-1917) haqqında xeyli əhvalatları söyləyibmiş.
Soltan Nəcəfov da aşıqların həmin gəlişinin
başqa bir diqqətəlayiq təfərrüatını xəbər
verirdi: "Yaxşı yadımdadır, Müslüm Maqomayev
aşıqları çox səmimi qarşıladı.
Onlarla mehribancasına söhbət etdi. Aşıq
yaradıcılığı onu çox
maraqlandırırdı. Hətta o, Aşıq Əsəddən
sazda bir melodiya çalmasını xahiş etdi. Aşıq
çaldıqca bəstəkar da həmin melodiyanı
fortepianoda təkrar edir, əlindəki karandaşla not dəftərçəsinə
köçürürdü. Sonralar mən o melodiyaların
ruhunu bəstəkarın yazdığı "Karvan"
rapsodiyasında və xüsusən "Nərgiz"
operasında hiss etdim".
Azərbaycan radiosunun ahəstə-ahəstə öz
cazibədar çöhrəsini tapmaq səmtində hər
gün, hər saat çalışdığı
çağlarda Müslüm bəyin beləcə istər-istəməz
hiss edilən izi və ruhu hər addımda vardı.
Həmin nəcibliklərdən biri də bənzərsiz
səsi olan gənc müğənni Cəvahir Firidunbəylini
(1912-1989) üzə çıxarması, səhnəyə və
radioya gətirməsi idi. Ancaq nə heyif ki, o qədər
gözəl, duyğuyla daşan avazı olan, o dövrdəki
musiqimizdə olan xanım müğənnilərin heç
birinə bənzəməyən Cəvahir xanım
ifaçılığımızda elə şimşək
kimi çaxıb keçmişdi. Elə həmin 1930-cu illərin
əvvəllərində tale onu gələcəyin məşhur
neft mühəndisi, iki dəfə Stalin mükafatı
laureatı olacaq Yusif Səfərovla (1907-1963) rast
salmışdı, 1933-cü ildə qovuşmuşdular və
hamını məftun edən oxularından biri də vala, lentə
yazılmadan Cəvahir sənəti ailəyə qurban
vermiş, oxumaq eşqini ürəyindəcə
söndürmüşdü.
Cəvahir xanımın səhnədə, mikrofon
qarşısında olduğu çağlar mənim
doğumumdan onillər əvvələ təsadüf edirsə
və onun heç bir səs yazısı da
qalmamışdısa, bəs o xanımın səsinin
oxşarsız lətafətindən niyə belə əminliklə
bəhs edə bilirəm? Qismət! Və səbəb də
yenə elə radio oldu. Köhnə sənətkarlardan
aldığım müsahibələrdən birində Cəvahir
xanımın adı keçmişdi, haqqında əlavə
məlumatlar arayıb tapmayanda "bəlkə
tanıdı" ehtimalı ilə onun barəsində Bəhram
Mansurovdan soruşmuşdum, o da bu səsi tərifləmişdi,
sənətdən erkən ayrılmasına təəssüflənmişdi
və qayıtmışdı ki, onun haqqında nəsə
öyrənməkçün dağa-daşa düşməyinə
lüzum yoxdur, Anar onu hamıdan yaxşı tanıyır.
"Hardan?" marağı ilə heyrətlənmişdim və
bəlli olmuşdu ki, sən demə, Cəvahir xanım Anar
müəllimin qayınanası imiş.
(Cəvahir xanımın yarımçıq
qırılan musiqiyə bağlanmaq sevdasını
musiqişünas qızları - heyiflər ki, vaxtsız
itirdiyimiz Əməkdar incəsənət xadimi, professor Elmira
Səfərova (1934-1997) və Əməkdar elm xadimi, akademik
Zemfira Səfərova (1937) davam etdirdilər).
1983-cü ildə, həmin söhbətdən bir
neçə gün sonra Anar müəllim, Zemfira xanım və
"əsərin qəhrəmanı" Cəvahir xanım
artıq Bəhram ustadın qonaqpərvər mənzilində
idik. Şam edib çay süfrəsinə keçəndən
sonra Bəhram müəllim həmişə kökdə olan
tarını götürüb asta-asta gəzişməyə
başladı və ayaq verib qanrıldı Cəvahir
xanıma sarı. Yəni o cürə adətən səhnədə,
məclisdə tarçılar oxuyana baxırlar ki, mən ayaq
verdim, indi sən buyur. Belə məlum oldu ki, elə Bəhram
müəllimin daimi kökdə saxladığı tarı
kimi, Cəvahir xanımın səsi də uzaq 1920-30-cu illərdən
bəri kökdə imiş və başladı oxumağa.
Hamımız valeh olmuş, həm də mat
qalmışdıq.
Çox da anası idi, heç Zemfira xanım da Cəvahir
xanımın belə oxusunu o günəcən eşitməmişdi.
Qarşımızdakı yaşlı bir qadın idi,
amma bu səs gənc bir qızın oxusu idi. Məəttəl
qalmamaq da mümkün deyildi.
Bir neçə gün sonra artıq Azərnəşrin
binasında növbəti məşqinə
toplaşmış "Humayun" ansamblının
müşayiəti ilə ilk dəfə Cəvahir
xanımın oxusunu eşidən Əlibaba Məmmədovun
(1930-2022) təəccübü bizimkindən də artıq
oldu.
Çox keçmədən "Axşam
görüşləri" verilişinin Cəvahir xanım
haqqında hazırlayacağım ayrıca
buraxılışı üçün onun hamıda xoş
bir şaşqınlıq yaradan ifasında bir silsilə xalq
mahnısını və geniş müsahibəsini Radionun Səsyazma
Evində lentə aldıq.
Cəvahir xanımı indi, illər
ayrılığından sonra bu radio tarixçələri
içərisində xatırlamağıma səbəb ilk
diktorlarımızdan olmuş, 1930-cu illərin lap
başlanğıcında, Mərkəzi poçtampda yerləşmiş
Radio Mərkəzinin səsyazma studiyasında, həmkarları
ilə çəkdirdiyi fotonun arxasındakı qeydində
ömrünün bu parçasını "səadətli
radio illəri" adlandırmış Hüseyn Natiqin
(1912-1941) arxivində tapdığım bir şeir oldu.
Şeir "Kənddə bahar" adlanır və həsr
olunub Cəvahir Firidunbəyliyə.
Şən üfüqlər yaqut kimidir,
hər tərəf gözəl, hər yan
gülür çiçəklə
Al-qırmızı lalə-qərənfil naz edər,
oynar, sevişər kələbəklə.
Zümrüd dağlar
Sevər yazı,
Saf bulaqlar
Çalar sazı.
Bax təbiət şən, quşlar
ötüşür,
Kəndin qızları hey deyib-gülüşür.
Kənddə bahar sevimlidir, dadlıdır,
Baharın qəlbində nəş`ə
çağlayır.
Şeh düşərkən yaşıl çəmənə
sanki
almazdır, göz qırpar düzlərə,
Şəfəq rəngli qözəl qızlar gül
toplar, öpər, şeh damlar bəyaz üzlərə.
Coşar könül,
Qanı qaynar
Söylər hər gül:
"Bahar, bahar".
Sular çağlar, kənd də olar şad,
Həm qızlar şad, qəmlərdən azad.
Kənddə bahar, bir baxınız çox şəndir,
Hər yan gülür, şux təbiət
gülşəndir.
Hamısı cavanmış, hamısı arzuyla,
ümidlə, sabaha inamla doluymuş, hamısı hər yeni
günü təzə nələrsə yaratmaq
şövqü ilə başlayırmış,
hamısının içərisində bahar
gülürmüş və hamısının könlündə,
elə bu şeirdə deyilən kimi, nəş`ə
çağlayırmış.
Təzəcə yola çıxmış radioya ən
çox baş çəkənlərdən olan, elə
onlarla tay-tuş olan Süleyman Rüstəm də məşhur
şeirinin sərlövhəsini səbəbsiz yerə
"Ələmdən nəş`əyə"
qoymamışdı. Bu cavanlarçün üfüqləri
geniş yeni zaman başlanırdı və
rastlaşdıqları yüz cür çətinliklərə
məhəl qoymadan onlar özlərini gərəkliliklərini
duyaraq xoşbəxt sayırdılar.
Kim ki bizim günlərdə hərdən-hərdən
bəzilərinin sovetlər dövrünü xiffətlə
anmasını qəddar və çürük daxili aləmi
insanlara yaxşı bəlli olan Sovetlər Birliyindən, o
çağın siyasətindən ötrü darıxmaq, həmin
günlərin qayıtmasını arzulamaq kimi qavrayırsa,
çox yanılır.
İnsanların qəribsədiyi, bazar
iqtisadiyyatından əvvəlki dönəmin
yaxşı-yaman sosial bərabərliyi, hüdudları indi
aydın görünən imkanlı-imkansız təbəqələşməsinin
o vaxtlar olmaması, kimlərinsə kənar rəylərə
məhəl belə qoyulmadan qəfil və yetərincə də
layiqli olmayan irəliyə itələmələrlə deyil, əksəriyyətin
istedadı, çalışqanlığı, üstün fərdi
keyfiyyətləri ilə yüksəlməsinə və
nailiyyətlər qazanmasına fürsətlərin
açıq olduğu, sözün birbaşa və
dolayısı anlamında insanların bir-birinin
kitabını oxumağa maraq göstərdiyi, ümidin də,
inamın da, lap elə bütün yasaqlara rəğmən
imanın da bol, həyat şərtinə döndüyü
günlərdən sarıdır.
O dövrün adamları XXI əsrə indi həmin əsrə
gəlib çatmış və bu yeni minilliyi yaşayan
insanlardan daha çox inanır və ümidlər
bağlayırmışlar.
Gənc Azərbaycan radiosu da həmin hisslərin
ürək-ürək, düşüncə-düşüncə
yayılmasına çox kömək edirmiş...
1927-ci ildə Bakıda Azərnəşr "Radionun
gələcəyi" adlı kitab buraxıb. Bu, 2 il öncə
Moskvada P.Rımkeviç və B.Smirenin adlı qoşa müəllifin
rusca nəşr edilmiş "Radio zavtra" kitabının
tərcüməsi idi. Radio Sovet İttifaqında da, Azərbaycanda
da ilk addımlarını atdığı çağlarda
yazılmış həmin kitab keçmişə deyil, sabaha
baxırdı və radionun cəmiyyət həyatındakı
25 il sonrakı yerini təsəvvür etməyə
çalışırdı: "25 illik bir vaxt çoxmu, ya
azmıdır? Üzərində yaşadığımız
Yerə nisbətən bu müddət çox uzun buir
vaxtdır. Bu müddət ərzində bir çox şeylər
dəyişə bilər. Yerin yaranmasından on milyonlarca illər
keçmişdir. O halda əsrin dörddəbir hissəsi kimi
az bir vaxt olduqca bir şey deyilmi? Bu müddət Yerin
varlığı tarixində bir qum, ya bütün Kainatın
həyatında isə bir saniyədən də azdır. Bizim
məqsədimiz gələcək yaxın 25 il ərzində
radiotexnikanın göstərəcəyi tərəqqini qeyd
etməkdir.
...1950-ci ildə yaşayacaq radio aləmi bu kitabın
saralmış yarpaqlarını oxuyub xəyalat qüvvəmizin
nə qədər dar və məhdud olduğuna güləcəkdir.
Texnikanın tərəqqisi ən qüvvətli
romançıların xəyalından daha sürətlə
irəli gedir".
O kitabda yaxın 25 ildə artıq qəzetin
ömrünü başa vuracağı, indiki təsəvvürlə
deyəcək olsaq, bütünlüklə elektron
daşıyıcılara keçiləcəyi bəyan
edilirdi.
O kitabda düşünüldüyü kimi, bunlara
insanlar artıq 1950-ci ildə şahid olmasalar da, indi, 2025-ci
ildə həmin öncəgörmənin qarşıdakı
25 ildə adi həyat həqiqəti olacağı əsla
şübhə doğurmur - göz önündəki
gedişat buna doğrudur.
Bir elmi fantastika nümunəsi olan həmin əsərdə
əsrin yaxın dörddəbiri ərzində radionun
ağlasığmaz sürətli inkişafda nail olduğu
xariqələr də, o vaxtlar hələ hansı sözlə
adlanacağı belə bəlli olmayan televiziyanın artıq
dünyanın hər yerində həyatın ayrılmaz
müşayiətçisi olması da, biliyin cəmiyyətə
məhz bu ötürücülər vasitəsilə
inanılmaz yeyinlikdə sirayət edərək
düşüncələri çox-çox irəlilərə
aparması da təsvir edilir, bu nağılvari uğurlara
yetişmənin başlıca səbəblərindən biri
kimi də radionun elm yayıcılığı və
dünyagörüşü genişləndiriciliyinə
verdiyi töhfələr göstərilirdi.
Vladimir Leninin məşhur ifadəsiylə
"kağızsız və məsafəsiz qəzet"
adlandırılan radioda fəhlə-kəndli universiteti ilk dəfə
1928-ci ildə Moskva efirində eşidilmişdi. Növbəti
ildə artıq bu təcrübə Azərbaycan radiosunda da
müvəffəqiyyətlə tətbiq edilməyə
başlandı.
1920-ci illərin sonlarına doğru yeni-yeni irəliləyən
Azərbaycan radiosunda da, elə gündəlik həyatda da qəzetin
yeri çox mühüm idi. İnsanlar nəşr edilən qəzetləri
də həvəslə oxuyurdular, Azərbaycan radiosunda da
bir-birinin ardınca yaranan şifahi Radioqəzetləri,
Radiojurnalları, Radiomühazirələri, Fəhlə Radiouniversitetlərini
maraqla dinləyirdilər.
Başqa sözlə, öyrədicilik, maarifçilik
get-gedə Azərbaycan radiosunun ana xəttinə
çevrilirdi.
1929-cu ilin sonlarında artıq Azərbaycan
radiosundakı radioqəzet və radiouniversitetlərin sayı
20-ni keçirdi və bu verilişlər saat etibarilə
konsertlər və musiqili verilişləri də
ötmüşdü. Çoxalan radio qəzetlərinin yeknəsəqlik
yarada biləcəyini nəzərə alaraq işi daha sistemli
qurmaqçün ayrı-ayrı redaksiyalar yaratmaq qərara
alınır.
Radiomuzdakı ilklərdən olan "Elm-təhsil",
"Təbliğat" redaksiyalarında o çağlar gənc
olan, çox keçmədən Azərbaycanın elmi və
ictimai-siyasi həyatında əhəmiyyətli yerlər
tutacaq Məmməd Arif, Qubad Qasımov, Camal Paşayev, Əli
Aslanov, Əsəd Zeynalov, Ruqiyyə Şirəlizadə,
Qılman Musayev, Əbdül Əzimov, Qulam Məmmədli kimi
qabiliyyətli qələm sahibləri və düşüncə
adamları çalışırdı.
Lap əvvəldən radionun gənc nəslin tərbiyəsində
oynaya biləcəyi rola xüsusi diqqət yetirilirdi və həm
Azərbaycan radiosunun, həm də 1956-cı ildən onun
çiyindaşına çevrilən Milli
Televiziyamızın bu sahədə ən yüksək təqdirlərlə
xatırlanmalı əməkləri olub.
Artıq 1930-cu illərdən etibarən uşaqlar
üçün hazırlanan bir sıra verilişlər
yalnız balacaların deyil, elə bütöv ailələrin
də sevimlisinə çevrilmişdi. O vaxtlardan başlayaraq
ta sonrakı 70 ilədək uzun müddət boyunca da uşaq
redaksiyası Azərbaycan radiosunda aparıcı mövqedə
oldu, həmin redaksiya xətti ilə hazırlanan bir sıra
verilişlər və onların aparıcıları
ümumxalq sevgisi qazandılar, Azərbaycan
uşaqlarının bir çox nəsillərinin
savadının artmasına, zövqünün yüksəlməsinə,
milli dəyərlərə yiyələnərək sağlam
mənəviyyatla böyüməsinə yardımçı
oldular. Azərbaycan radiosunun müxtəlif illərinin
şuxluq saçan Xoruz babası, dili nağıllı Piri
babası, Biləyən nəvəsi ilə birgə
sütül beyinləri mütəmadi bilik məşqləri
və daha çox oxuyub-öyrənmək
yarışlarına səsləyən Savalan babası, gur
işığı məktəbimizin maarif şəfəqini
artırmağa yönəlmiş "Ulduz" radio
jurnalının millət quruculuğundakı böyük xidmətləri
unudulmazdır.
Təməllərsə 1930-cu illərdə qoyulurdu və
həmin başvermişlərin canlı şahidi və səliqəli
salnaməçisi Soltan Nəcəfov yada salırdı ki, Azərbaycan
Radiosunda ilk uşaq şöbəsinin redaktoru gənc jurnalist
Ruqiyyə Şirəlizadə olub və şöbədə əməkdaşların
azlığı səbəbindən qələmli diktorlar da
bu işə cəlb edilirmiş, daha sonra isə
bacarıqlı cavan jurnalistlərin gəlişi ilə hər
şey sahmana düşür: "İlk illərdə
"Pioner" radio qəzeti ilə yanaşı həftədə
bir və ya iki dəfə Azərbaycan və rus dillərində
"Canlı radio qəzeti" adı ilə verilişimiz
olurdu ki, bu da hər dəfə bir məktəbin pioner təşkilatı
tərəfindən hazırlanırdı. Bu verilişlərdə
Azərbaycan pionerlərinin fəaliyyətindən bəhs
olunurdu. İllər keçdikcə radioda uşaq verilişlərinin
sayı artır, formaları da dəyişirdi. Təxminən
1933-cü ildə "Pioner" radio qəzeti "Səməd
əminin söhbəti" verilişi ilə əvəz
edildi. Bu veriliş rus dilində də "Kostya dayının
söhbətləri" adı ilə efirə gedirdi. Səməd
əmi rolunda əsasən respublikanın xalq artisti Mustafa Mərdanov
çıxış edərdi. Çox vaxt radio
işçiləri onu zarafatla "Səməd əmi"
deyə çağırardılar. Verilişin mətnini Qulam
Məmmədli yazardı. Rus dilində verilişi isə
müəllim Aprişko aparırdı. Hər iki veriliş məktəblilərin
ən çox sevdiyi və maraqla dinlədiyi verilişlərdən
idi. Burada dərs əlaçılarının işindən
bəhs olunar, elmin müxtəlif sahələrinə aid məlumatlar
verilər, bədii əsərlərdən parçalar
oxunardı. Bu veriliş haqqında məktəblilərdən
çoxlu məktub alardıq. Adlarını çəkdiyim
radio verilişlərindən əlavə uşaqlar
üçün müntəzəm olaraq müxtəlif
mövzularda nağıllar, kiçik hekayələr,
şeirlər, poemalar verilər, radio səhnəcikləri və
məktəblərdə açıq konsertlər təşkil
olunardı".
Teatr tariximizin misilsiz bilicisi olan Qulam Məmmədli
xatırlayırdı ki, belə verilişlərin təqdimində,
xüsusən uşaqlarçün radiosəhnəciklərin
ifasında diktorlar Leyla Terequlova, Hüseyn Natiq, Səməd Səmədov,
Soltan Nəcəfov, Əsgər Məsumzadə, Hacıbaba
Hacıyev və digərləri xüsusən can yandırar, mikrofon
qarşısında əsl aktyorlara çevrilərdilər.
Efirə canlı gedən həmin səsləndirmələri
dinləmişlərin, xatirə söyləyə biləcəklərin
hamısının artıq həyatdan getmiş olduğu
indiki çağlarda o günləri bugünə gətirə
bilən körpülər tək-tək də olsa, hər
halda var. O verilişlərdən bir qisminin əlyazmalarını
Soltan Nəcəfov götürüb saxlamışdı,
uşaqlar üçün hazırlanmış bir sıra
radiosəhnəciklərin, başqa dillərdən şeir və
nağıl tərcümələrinin mətnləri isə
radionun ilk diktorlarından və bu qəbil proqramların
hazırlanmasının fəal
iştirakçılarından Hüseyn Natiqin Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
qorunan arxivində saxlanmaqdadır. Həmin salamat qalmış
və o çağlarkı Azərbaycan radiosunun səslər
dünyasını indiyə çatdıran yadigar yazılar
bu istiqamətdə işləmişlərin hər birinin necə
ürəklə, necə məsuliyyətlə, bu verilişlərin
xalqın sabahından ötrü yüksək mənasını
necə vətənpərvərcə duyaraq
çalışmalarının əyani göstəricisidir.
O dövrün mətbuatı, radiosu Azərbaycanın
bir şəhərində, kəndində, qəsəbəsində
baş verən sevindirici hadisəni bütün
respublikanınkı, Sovet İttifaqının həyatından
keçən hansısa əlamətdar xəbəri o
çağlarda ortaq ölkə sayılan nəhəng məkanda
ən qısa müddətə hamınınkı etməyi
bacarırdı.
Hətta Hüseyn Cavid kimi müasir mövzulardan
qaçan ustad belə yeri gələndə ümumi ruh
yüksəkliyinin ifadəsi olan mətləblərdən yan
keçmirdi. Cavid də Bakı işçisinə həsr
etdiyi "Çəlik qollar" şeirində
çelyuskinçiləri rəğbətlə
anırdı:
Ey şanlı əmək ordusu, ey şanlı
mübariz!
Çoqlar səni zənn etsə də aciz,
Sən yüksələcək, parlayacaq,
parladacaqsın,
Hər qütbə şətarət qatacaqsın.
1934-cü ildə professor Otto Şmidtin (1891-1956) rəhbərliyi
ilə "Çelyuskin" gəmisi ilə Şimal
qütbündə araşdırmalar aparmaq, yük gəmilərinin
şimal dəniz yolu ilə keçməsinin
mümkünlüyünü öyrənmək məqsədilə
kəşfiyyata gedən xüsusi ekspedisiya həyatla
ölüm arasında qalır. Gəmi qəzaya
uğrayır və elmi ekspedisiyanın üzvləri bir
neçə ay boyunca buzlaqlar üzərində çadır
quraraq yaşamağa məcbur olurlar. Onların ardınca
Şimal qütbünə yola düşən və darda
qalanları xilas edən "Krasin" buzqıran gəmisi heyətinin
də, çelyuskinçilərin də qəhrəmanlığı
o dövrdə sovet mətbuatı və ədəbiyyatının
diqqətindən düşməyən mövzu imiş.
Həmin hadisələrdən 45 il ötəndən
sonra - 1979-cu ildə dünya artıq başqa idi və o
mövzuya hər hansı maraq lap çoxdan itib-getmişdi.
Ancaq həmin ilin oktyabrında radioda hazırladığım
və daimi mətn oxuyucuları Ramiz Mustafayevlə Züleyxa
Hacıyeva olan "Axşam görüşləri"nin
Cavidin növbəti ildönümünə həsr etdiyim
guşəsindəki şeirlərin ifasından ötrü
Soltan Nəcəfovu ayrıca
çağırmışdım və seçdiyim
parçalar arasında böyük şairin heç də
bir sıra bədxah müasirlərinin iddia etdiyi kimi
axarında olduğu həyata, müasir mövzulara biganə
qalmadığını göstərməkçün həmin
"Çəlik qollar" şeiri də vardı.
Cavidin o şeirini oxuyanda doluxsunan kimi olmuşdu, səsindən
qəhər keçmişdi, operatordan yazılışı
dayandırmasını xahiş edərək həmin hissəni
bir də təkrar ifa etmişdi. Studiyadan çıxanda isə
söyləmişdi ki, Cavid əfəndinin bu şeiri məni
çox uzaqlara, cavanlığıma apardı. 45 il əvvəl
mən "Qəhrəman çelyuskinçilər"
adlı radiooçerk yazmış, mətni də efirdə
özüm oxumuşdum, o veriliş efirdə 1934-cü il
aprelin 5-də səslənmişdi.
Soruşmuşdum ki, bu şeir, çelyuskinçilər
məsələsi indi təsadüfən qarşınıza
çıxdı, bəs verilişin tarixi necə olub ki, belə
dəqiqliklə yadınızdadır?
Soltan müəllim qayıtmışdı ki, bu,
radioda gedən ilk müstəqil bədii oçerkim idi, ona
görə doğum tarixim kimi yaddaşıma həkk olunub.
Ancaq Soltan müəllim ömrünün bir başqa
hadisəsini də elə həmin cür dəqiqliklə hafizəsində
daşıyırdı.
Hekayət edirdi ki, 1934-cü ildə Aleksandr
Puşkinin "Çar Soltan haqqında
nağıl"ını Mustafa Mərdanov və Hüseyn
Natiq uşaqlar üçün səhnələşdiribmişlər.
Əsərə radionun simfonik orkestri gözəl musiqi tərtibatı
veribmiş, aparıcının sözlərini Leyla Terequlova
oxuyurmuş və Çar Soltan rolu da diktor Soltana
tapşırılıbnış.
Radiotamaşanı hamı bəyənibmiş, Soltan
müəllim rolunu çox yaxşı ifa edibmiş və məktublar
yazan dinləyicilərin arzusu ilə sonralar bu səhnələşdirmə
bir neçə dəfə də təkrarlanıbmış.
Soltan müəllim qat kəsmiş həmin köhnə
dinləyici məktublarını da mənə göstərmişdi,
bunu da onillərdən bəri soyumayan iftixarını gizlətmədən
danışırdı ki, orkestrin ovaxtkı üzvlərindən
bəziləri xeyli sonralar da onu görərkən zarafatla
"Çar Soltan" çağırarmışlar.
1930-cu illərin əvvəllərindən etibarən
radioya ünvanlanan məktubların qalaq-qalaq olmasına səbəb
dalğaların çatdığı əhatənin günbəgün
genişlənməsi idi. 1930-cu ildə Azərbaycan boyu 269
radioyayım məntəqəsi vardısa və bu, vur-tut 4
yaşı olan Radiomuz üçün gününə
görə böyük nailiyyət sayılırdısa,
1932-ci ilin bitəcəyində respublika ərazisindəki
radiotranslyasiya məntəqələrinin sayı 20.409-a
çatmışdı. Artıq yalnız Bakıda deyil, bir
çox rayon mərkəzləri və kəndlərdə də
evlərə radio xətti çəkilməsinə
başlanmışdı. Fəhlə klublarında, kolxozlarda
insanların reproduktorlar ətrafına yığılaraq hər
gün daha artıq millətinkiləşən radionu dinləmələri
adətə dönürdü.
Uşaqlıq illərimdən yadımda radionun Azərbaycan
mühitinə yeni sirayət etdiyi illərin bir söhbəti
də qalıb. Elə həmin 1930-cu illərin söhbətidir.
Əhvalat vaqe olur Kürdəmir rayonunun Muradxan kəndində,
o qadının adını da deyirdilər, indi yadımda deyil
və ola bilsin, bənzər hadisələr başqa yerlərdə
də baş verirmiş.
Pambıq yığımının qızğın
vaxtları imiş, həmin qadının qabaqcıllardan
sayılan istəkli qızı da səhərdən
tarladaymış və adətən də toplanan pambıq
günün axırında hər kəsdən ayrıca
çəkilib təhvil alındığından xeyli vaxt
aparırmış, qız-gəlin evə qaş qaralandan
çox sonra gəlib çatırmış.
Axşamüstü imiş, radioda növbəti konsert
başlanır, həmin qadın da tez uşaqları səsləyir
ki, a bala, radionu bağlayın, qızın xoşu gələn
havaları verirlər, o, tarladan qayıdanda açarsız ki,
eşitsin, yorğunluğu çıxsın.
Radionun üfüq-üfüq uçan cilovsuz
dalğalarını düymə basmaqla saxlamaq nə o vaxt
mümkün idi, nə indi. Radio zaman çayı kimi durmadan
axıb gedir, uçub gedir. Amma insan yaddaşı daha
etibarlıdır və ən əski günlərin də xatirəyə
dönmüş dalğalarını öz
mücrüsündə sədaqətlə qoruyub saxlayır,
könül istəyən hər anda o dalğalar dərhal
canlanaraq yeni bitməz uçuşunu davam etdirir.
16 iyul 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 26 iyul(№130).-S.14-15;28.